Klassik siyasi iqtisadın ilkin müddəaları İngiltərədə yaranmış (XVII-XVIII) və inkişaf etmişdir. Bu nəzəri məktəbin baniləri Ulyam Petti (1623-1687), Adam Smit (1723-1790), David Rikardo (1772-1823), C.Styuart Mill (1806-1873), Fransa iqtisadçısı Jan-Batist Seydir (1762-1832).
Klassik siyasi iqtisadın bu nümayəndələrinin görüşlərində müəyyən fərqlərin olmasına baxmayaraq onlar kapitalizm iqtisadiyyatını, bazar münasibətlərini dərindən tədqiq edərək milli gəlirin artırılması haqqında öz təlimlərini yaratdılar. İlk dəfə olaraq sərvətin mənbəyinin əmək olduğunu göstərdilər. “Torpaq sərvətin anası, fəal prinsipi, əmək isə atasıdır” kəlamı U.Pettiyə məxsusdur.
Klassiklər azad iqtisadiyyat, tam iqtisadi azadlıq, azad rəqabətin olmasını və dövlətin iqtisadiyyata müdaxiləsinin məhdudlaşdırılmasını nəzəri olaraq əsaslandırmağa çalışırdılar.
Klassik məktəb insana öz marağı, mənafeyi olan “iqtisadi insan” kimi baxırdı. Smitə görə “görünməyən əl” iqtisadiyyatı avtomatik olaraq tənzimləyir və sistem uzunmüddətli tarazlı vəziyyətdə olur. İşsizlik, ifrat istehsal, yaxud əmtəə çatışmazlığı olmur. A.Smit və D.Rikardoya görə sərvətin ən ümumi forması əmtəə və pulda maddiləşmiş dəyərdir. Dəyərin özü isə əmtəəni istehsal edən işçilərin əməyi ilə yaradılır. A.Smitə görə yalnız əkinçi əməyi deyil, digər sahələrdəki əməklər də sərvət, nemət yaradıcısıdır. Bu məktəb əmək-dəyər nəzəriyyəsi əsasında öz təlimlərini qurmuş və kapitalizm iqtisadi sistemini hərtərəfli təhlil edərək, onun inkişafının qanunauyğunluqlarını açıb göstərmişlər. Onlar əslində bazar iqtisadi sisteminin mahiyyəti, qanunları və fəaliyyət mexanizmi haqqında daha mükəmməl nəzəriyyə yaratmışlar.
Klassik siyasi iqtisad məktəbinin son nailiyyətlərinə istinad etməklə, K.Marks və F.Engels marksizm adlanan iqtisadi təlimi yaratdılar. K.Marks bu iqtisadi təlimini özünün iqtisadi əsəri olan “Kapital”da dəyərin əməklə yaradılması nəzəriyyəsini tədqiq və şərh etmişdir. K.Marksa görə sahibkarın əldə etdiyi mənfəət fəhlələrin əməyi ilə yaradılır.
XIX əsrin ikinci yarısında marjinalizm nəzəriyyəsi meydana gəldi. Onun yaradıcıları K.Menger, F.F.Vizer, O.F.Bem-Baverk, U.Cevons və L.Valrasdır. Bu nəzəriyyədə iqtisadi hadisə və proseslərin mahiyyəti deyil, onun faydalılığı və hadisələrdə baş verən dəyişikliklər son kəmiyyətlərdən istifadə etməklə izah edilir. Burada daha çox riyazi metodlardan, modellərdən istifadə edilir.
Müasir iqtisadi fikrin əsas cərəyanları kimi neoklassisizm (əmtəə və xidmətlərin istehlakçılarının bazar davranışını öyrənir), keynsçilik (makroiqtisadi problemlərin ön plana çəkilməsi və dövlətin iqtisadi proseslərə müdaxiləsinin zəruriliyi ideyası), institusional-sosioloji (iqtisadi insanın ayrılıqda deyil, onun olduğu mühitlə birlikdə öyrənilməsi) və digərlərini göstərmək olar.
Dostları ilə paylaş: |