Əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması və işçilərin təlimi işləri necə həyata keçirilməlidir ?
Dövlət müvafiq təhsil müəssisələrində ölkədə mövcud istehsalat xüsusiyyətlərini nəzərə almaqla əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasını təmin edir. İşəgötürənlər Həmkarlar ittifaqı təşkilatlarının iştirakı ilə əməyin mühafizəsi üzrə işçilərin təlim və əlavə təhsil sistemini təşkil etməli, işçilərin təliminin və əlavə təhsilinin bütün formalarında əməyin mühafizəsi üzrə təlim nəzərdə tutulmalıdır. Işəgötürən işə qəbul edilən və başqa işə keçirilən işçilərə əməyin mühafizəsi üzrə təlimatlar verməli, onlara təhlükəsiz iş üsullarından istifadə etməyin və bədbəxt hadisələrdən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsini təşkil etməlidir.
Müəssisədə əməyin mühafizəsi tədbirlərinin maliyyələşməsi üçün ayrılan vəsaitin minimum həddi nə qədər olmalıdır?
Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi tədbirlərinə ayrılan vəsaitin həcmi Kollektiv müqavilədə müəyyən edilir. Azərbaycan Respublikası Əmək məcəlləsinin 220-ci maddəsinə əsasən bu sahəyə xərclənən illik vəsaitin həcmi işçilərin əməyinin ödənilməsinə xərclənən vəsaitin məbləğinin iki faizindən az olmamalıdır.
Qanunvericiliyə əsasən əməyin mühafizəsi xidmətləri hansı hallarda yaradıla bilər?
AR-nın Əmək Məcəlləsinin 223-cü maddəsinə əsasən əməyin mühafizəsi işinin təşkili və əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi üçün müəssisələrdə işçilərin sayı 50 nəfərdən artıq olduqda əməyin mühafizəsi xidməti yaradılmalı, işçilərin sayı 500 nəfərdən artıq olduqda müəssisə rəhbərinin müavini vəzifəsi təsis olunmalı, işçilərin sayı 1000 nəfərdən artıq olduqda isə sənaye-sanitariya laboratoriyası təşkil olunmalıdır.
Müəssisələrdə əməyin mühafizəsi üzrə iş planının hazırlanması necə həyata keçirilir?
Hər il üçün Əməyin mühafizəsi üzrə iş planı müəssisələrdə, birliklərdə, trestlərdə əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidməti tərəfindən işlənib hazırlanır (panlaşdırılma ilin başlanmasından əvvəl aparılır). Planın hazırlanmasında müəssisənin, birliyin, trestin müvafiq şöbələri, xidmətləri, bölmələri iştirak etməlidirlər. Bu məqsədilə cari ilin sonunda müəssisə, birlik, trest üzrə əmr verilir və şöbələr,xidmətlər, bölmələr tərəfindən plana daxil etmək üçün təkliflərin verilməsi müddəti təyin edilir. Şöbə, xidmət və bölmələrin təyin olunmuş müddət ərzində əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidmətinə təqdim etdikləri təkliflər gələn ilin yanvarın birinədək təhlil olunur, ümumiləşdirilmiş və növbəti il üçün plan layihəsi hazırlanır. Şöbə,xidmət və bölmələrin təkliflərində onların fəaliyyətlərinin istiqamətləri üzrə əməyin mühafizəsi məsələləri əks olunmalıdır.