Kimyəvi adı karbon-monooksid (CO) olan dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül, suda pis həll olunan qazdır. Bu qaz üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının və odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir.
Dəm qazı natamam yanma məhsulu olub güclü zəhərləyici xassəyə malikdir. İnsanlar yüksək konsentrasiyalı dəm qazı olan mühitdə çox qaldıqda zəhərlənmə daha güclü, ölüm isə bir o qədər sürətli olur. Havada dəm qazının miqdarı 0,08% olduqda başağrısı, başgicəllənmə və boğulma başlayır. Dəm qazının miqdarı nəfəs aldığımız havada 0,32% olduqda 30 dəqiqə ərzində, 1,2% olduqda isə 2-3 dəqiqə ərzində (2-3 nəfəs almadan sonra) ölüm baş verir.
IV FƏSİL QƏZALARIN LƏĞVİ, MƏHDUDLAŞDIRILMASI VƏ QAZ TƏHLÜKƏLİ İŞLƏR HAQQINDA
Qəzaların ləğvi üzrə ilkin tədbirlər hansılardır?
zədələnmiş qaz kəməri sahəsinin istismarda olan qaz kəmərindən açılması;
təbii qazla qazlaşmiş (qaz toplanmış) otaqların havasının dəyişdirilməsi və mayeləşdirilmiş qaz toplanmış otaqların, partlayış təhlükəsi istisna olunan üsulla məcburi ventilyasiyası;
siqaret (papiros) çəkilməsi, kibrit yandırılması, elektrik lampasının və elektrik cihazlarının qoşulması və açılması, açıq odla istilik cihazlarından, peçlərdən, ağ neft plitələrindən istifadə edilməsi və sair bu kimi halların qadağan edilməsi;
otağa (binaya) açıq odla daxil olmamaq üçün binanın girişində xəbərdarlıq yazısı olmalıdır;
lazım olan hallarda qaz toplanmış otaqlardan sakinlərin köçürülməsi.
Qəza məlumatlarının qəbulu necə aparılmalıdır?
Qəza məlumatlarının qəbulu qəza-dispetçer xidməti tərəfindən bütün gün ərzində aparılmalı və xüsusi nömrələnmiş və möhürlənmiş jurnalda vaxt göstərilməklə qeyd olunmalıdır.
Qaz təsərrüfatında baş verən qəzalar, qaz sızmaları və qaz kəmərlərinin, armaturların, qaz cihazlarının nasazlıqları haqqında məlumatları Qaz təchizatı müəssisələrinə xəbər vermək üçün qəza-dispetçer xidmətinin telefon nömrələri, əhaliyə və digər istehlakçılara çatdırılması təmin edilməlidir.