Əmək şəraiti vəziyyətinə müəssisə nəzarətinin ikinci pilləsi necə və kim tərəfindən aparılmalıdır?
Nəzarətin ikinci pilləsində sex, qurğu, xidmət rəisi həftədə bir dəfədən az olmayaraq, struktur bölmələrin daimi fəaliyyət göstərən komissiyaları hər ayda bir dəfədən az olmayaraq, Həmkarlar İttifaqı Komitəsinin sədri və ya əmək mühafizəsi komissiyanın sədri ilə birlikdə obyektlərdə, iş yerlərində əmək şəraitinin vəziyyətini, həmçinin birinci mərhələ üzrə aparılan işləri yoxlayır, aşkar edilmiş nöqsanların və pozuntuların aradan qaldırılması üçün operativ tədbirlər görürlər.
Yoxlama zamanı aşkar edilmiş nöqsanlar, çatışmazlıqlar dərhal aradan qaldırılmalıdır.Yoxlama müddətində aradan qaldırılması mümkün olmayan məsələlər “Əmək şəraitinin vəziyyətinin yoxlanılması jurnalı”nda aradan qaldırılma müddəti və icraçılar göstərilməklə yazılır. Əgər aşkar edilmiş nöqsanların, çatışmazlıqlaıın sexin, bölmənin qüvvəsi ilə aradan qaldırılması mümkün deyilsə, onda sex, bölmə rəisi həmin nöqsanlar, çatışmazlıqlar haqqında müəssisənin rəhbərliyinə məlumat verir və işləyənlərin təhlükəsizliyinin təmin olunması üçün müvafiq tədbirlər görür. Əgər aşkar edilmiş nöqsanların, çatışmazlıqlar qəza və bədbəxt hadisələrin baş verməsi üçün təhlükə yaradırsa onda sex rəisi, daimi fəaliyyət göstərən komissiyanın sədri onların aradan qaldırılmasına qədər işi dayandırır.
Yoxlamanın nəticələri haqqında, ümumiləşdirilmiş şəkildə aşkar edilmiş nöqsanların, çatışmazlıqlaıın aradan qaldırılması tədbirləri göstərilməklə akt tərtib edirlər.İstehsalatın təşkilinin sexsiz strukturunda (briqadalar, istehsalat sahələri bilavasitə müəssisə rəhbərliyinə tabe olduqda) nəzarətin ikinci mərhələsi keçirilmir.
Bu halda obyektləri, sahələri ayda bir dəfə müəssisənin əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiyası, onun köməkçi komissiyası, yaxıd müəssisənin mühəndis-texniki işçilərindən biri yoxlamalıdır.
Əmək şəraiti vəziyyətinə müəssisə nəzarətinin üçüncü pilləsi necə və kim tərəfindən aparılmalıdır?
Nəzarətin üçüncü pilləsində müəssisənin daimi fəaliyyət göstərən komissiyası, yaxud onun köməkçi komissiyası hər rübdə bir dəfədən az olmayaraq sexlərdə, qurğularda, istehsalat sahələrində, zavodlarda və s. əmək şəraitinin vəziyyətini, həmçinin birinci və ikinci mərhələlərin gördükləri işləri yoxlayır.
Müəssisənin rəhbər və mühəndis-texniki işçiləri əsas işləri dairəsində sexlərdə, qurğularda, istehsalat obyektlərində olarkən, işçilərin əmək şəraitinin vəziyyətini yoxlamalıdırlar və aşkar etdikləri nöqsanların, pozuntuların aradan qaldırılması üçün tədbirlər görməlidirlər.
Yoxlama zamanı aşkar edilmiş çatışmazlıqlar dərhal aradan qaldırılmalıdır. Yoxlama müddətində aradan qaldırılması mümkün olmayan çatışmazlıqlar haqqında “Əmək şəraitinin vəziyyətinin yoxlanılması jurnalı”nda qeydiyyat aparılmalıdır.Yoxlamanın nəticələri komissiyanın geniş iclasında müzakirə olunur, müvafiq nəticələr çıxarılır, habelə aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün təkliflər irəli sürülür. Yoxlamanın nəticələrinə dair akt tərtib olunur.