4. Marketinq mühiti
1. Marketinq mühiti haqqında anlayış.
2. Firmanın fəaliyyət göstərdiyi mikro mühit və onun əsas amilləri.
3. Firmanın makromühiti və ona təsir edən amillər.
İnsanların və təşkilatların fəaliyyəti müxtəlif mühit amillərinin əhatəsində öz müxtəlifliyi ilə seçilir. Ayrı-ayrı mühit amillərində baş verən dəyişikliklər marketinq proqramlarında da dəyişiklik etməsini tələb edir.
Marketinq mühiti mikromühit və makromühit amilləri olaraq iki əsas qrupda fərqləndirilir:
Firma daxili mikromühit amilləri;
Firmadan kənar mikromühit amilləri;
Bazar
Tədarükçülər
Vasitəçilər
Rəqiblər
Geniş xalq kütlələri.
Fimanın fəaliyyət göstərdiyi makro mühitin əsas amilləri:
Demoqrafik amillər
İqtisadi amillər
Siyasi və qanuni amillər
Mədəni amillər
Təbii amillər
Firmanın fəaliyyət göstərdiyi mikromühit amilləri firmadaxili və firmadankənar amillər olaraq iki qrupa ayrılır. Firmadaxili mikromühit amilləri:
- Ali rəhbərlik: Firmanın əsas məqsədlərini və fəaliyyət strategiyasını müəyyən edir. Marketinq rəhbərliyi fəaliyyət sahələri ilə əlaqədar qərarlar qəbul edərkən bu məqsədlərə çatmağa xidmət etməlidirlər. Marketinq şöbəsi tərəfindən hazırlanan planlar və təkliflər ali rəhbərlik tərəfindən təsdiqlənir.
- İstehsalat şöbəsi xidmətləri: Planlaşdırılan istehsal həcminə nail olmaq üçün əldəki imkanlardan maksimum istifadə olunmalıdır. Satış məqsədlərinə çatmaq üçün müştəri sifarişlərinin vaxtında yerinə yetrilməsinə xüsusi əhəmiyyət verilir.
- Maliyyə və uçot şöbəsi xidmətləri. Bu şöbədə firmaya müxtəlif maliyyə mənbələrindən vəsait təmin etmək, qazanc və xərcləri hesablamaq, bunları qiymətləndirmək və s. işlər görülür.
- Elmi tədqiqat şöbəsi xidmətləri: yeni tərtibatda əmtəələrin istehsalı, mövcud olanların xassələrinin gücləndirilməsi məqsədi ilə marketinq rəhbərliyi bu şöbə ilə əlaqəli şəkildə işləməlidir.
Firmadankənar mikromühit amilləri:
- Bazar. Marketinq fəaliyyətinin səmərəsi fəaliyyət göstərdiyi bazarların xüsusiyyətləri haqqında topladığı informasiyanın həcmindən aslıdır. Bu səbəbdən marketinq xadimləri məqsədli bazarları daim izləməli, informasiya toplamalı və bunları təhlil edərək lazımi qərarlar qəbul etməlidir.
- Tədarükçülər. Firmaları konkret əmtəələrin və xidmətlərin istehsalı üçün zəruri olan maddi və əmək ehtiyatları ilə təmin edən işgüzar firmalar və ayrı-ayrı şəxslərdir. Tədarükçülər mühitində baş verən hadisələr firmanın marketinq fəaliyyətinə də ciddi təsir göstərir. Məsələn, materialın qiymətinin artması konkret əmtəənin maya dəyərinə də təsir edərək satış qiymətlərini də artıracaqdır. Bu və ya digər materialların çatışmaması və ya vaxtında və lazımi miqdarda təmin olunmaması, sifarişlərin yerinə yetrilməməsinə gətirib çıxaracaqdır.
- Vasitəçilər. Marketinq kompleksi fəaliyyətinə təsir edən çox sayda vasitəçi fərd və ya təşkilatlar mövcuddur. Vasitəçilər əmtəələrin bölgüsünü və paylanmasını təmin edən şəxs, ya da topdansatış, pərakəndə satış firmaları, nəqliyyat şirkətləri, anbar və s. təşkilatlardır.
- Rəqiblər. Firmalar bazar paylarını artırmaq, yaxud da mövcud payı qorumaq məqsədi ilə rəqibləri çox yaxından tanımalıdır.
- Geniş xalq kütləsi. Fimalar öz məhsullarına və fəaliyyətlərinə geniş xalq kütlələrinin necə münasibət bəslədiyini diqqətlə izləməlidir. Geniş xalq kütlələri firmaya qarşı münasibətdə təşkil olunmuş qüvvə kimi çıxış etməsə də xalqın gözündə firmanın müsbət surəti onun kommersiya fəaliyyətlərində əks olunur. Xüsusilə indiki zamanda ətraf mühiti və istehlakçıları qorumağı qarşılarına məqsəd qoyan çox sayda cəmiyyətlər fəaliyyətdədir və firmalar bu kimi təşkilatlarla sıx əlaqədə işləməlidir.
Firma və tədarükçülər, marketinq vasitəçiləri, rəqiblər, müştərilər və başqa ünsiyyət auditoriyaları firmaya yeni imkanlar yaradan yaxud da yeni təhlükələrlə qarşılaşdıran makromühit qüvvələrinin geniş əhatəsində fəaliyyət göstərirlər.
Demoqrafik amillər. Ölkənin demoqrafik amilləri əhalinin sayı, artım nisbəti, regionlarda məskunlaşması, evlilik, ölüm nisbətləri və s. marketinq kompleksi fəaliyyətlərinə bu və ya digər tərzdə təsir edir. Məsələn, əhalini sayanda gənclərin say nisbətinin artması, gənclərin ehtiyac və tələbatlarını ön plana çıxaracaq və yeni əmtəə və xidmətlərin istehsalına başlanması reaksiyasını verəcəkdir.
İqtisadi amillər. İqtisadi mühit amilləri əmtəə və xidmətlərə olan tələbin miqdarını müəyyənləşdirir. Bunun üçün də istehlakçıların alıcılıq qabiliyyətlərinin öyrənilməsi vacibdir. Alıcılıq qabiliyyətinin ümumi səviyyəsi cari gəlirlərin, qiymətlərin, əmanətlərin səviyyəsindən və kreditlərin əlverişliliyindən asılıdır. İqtisadi böhranlar, işsizliyin yüksək səviyyəsi, kredit faizlərinin artması alıcılıq qabiliyyətinə də mənfi təsir göstərir.
Siyasi və qanuni amillər. Siyasi və qanuni mühitdə baş verən hadisələr və dəyişikliklər marketinq qərarlarına güclü təsir göstərir. Bu mühit müxtəlif təşkilatlara və ayrı-ayrı şəxslərə təsir göstərən və cəmiyyətdə onların hərəkət sərbəstliyini tənzimləyən, hüquqlarını qoruyan qanunlardan, dövlət idarələrinin fəaliyyətlərindən, nüfuzlu ictimai təşkilatlardan ibarətdir.
Mədəni mühit amilləri – cəmiyyətin dəyərlərinin və rəftar normalarının formalaşmasına təsir edən qüvvədir. Marketinq qərarlarının qəbulunda aşağıdakı mədəni xüsusiyyətlərə fikir verilməlidir:
a) Əsas mədəni dəyərlərə bağlılıq .
b) Vahid mədəniyyət çərçivəsində submədəniyyət.
Bir çox dövlətlərdə müxtəlif millətlərə mənsub icmalar yaşayır və bunların özlərinə mənsub mədəniyyəti olur. Marketinq mütəxəssisləri dövlətdə yaşayan müxtəlif icmaları nəzərə almalıdır.
Elmi texniki mühit. Marketinq xadimləri elmi texniki mühitdə baş verən bütün dəyişiklikləri, yeni texnika və texnologiyadan istifadə imkanlarını yaxından öyrənməli və bunlardan insanların ehtiyac və tələbatlarını ödəməsi istiqamətində istifadə etməlidir. Bu məqsədlə elmi-texniki araşdırma mərkəzləri, tədqiqat institutları ilə sıx əlaqədə işləmək lazımdır.
Təbii mühit. Ətraf mühitin çirklənməsi sənaye tullantılarının artması, atmosferdə tarazlığın pozulması ictimaiyyətin narahatlığını da artırmışdır. Ətraf mühitdə bu cür dəyişikliklərə şərait yaradan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan bəzi firmalara dövlət nəzarəti də artmışdır.
Dostları ilə paylaş: |