İdman təbabəTİ VƏ GİGİyena


Xəstəliklərin daxili amilləri



Yüklə 1,93 Mb.
səhifə15/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   11   12   13   14   15   16   17   18   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

Xəstəliklərin daxili amilləri
Xəstəliklərin meydana çıxmasında və inkişafında orqanizmin xüsusiyyətləri mühüm rol oynayır. Onların bəziləri irsi xarakter daşıyır, digərləri orqanizmin xarici mühitlə qarşılıqlı əlaqəsi nəticəsində yaranır. Daxili səbəblər patologiyada müxtəlif əhəmiyyətə malikdir. Bu səbəblər bəzi hallarda xəstəliyin meydana çıxmasında əsas rol oynayır. Digər hallarda xəstəliklərin baş verməsində yaranır və ya əksinə onun inkişafına mane olur.

Daxili səbəblərə bədən quruluşu, irsiyyət, reaktivlik, immunitet və allergiya aiddir.

Konstitusiya – latın sözü olub «quruluş» deməkdir. Konstitusiya orqanizmin irsi və ya həyatda qazanılmış xüsusiyyətləri əsasında təşkil olunmuş funksional və morfoloji xüsusiyyətlərinin cəmidir. Deməli, insanın müxtəlif konstitusiya tipləri onun irsi xüsusiyyətləri (genotip) və xarici mühitin (fenotip) təsiri nəticəsində meydana çıxır. Xarici mühitin təsiri insanda yeni keyfiyyət xüsusiyyətlərinin əmələ gəlməsinə səbəb olur və bu xüsusiyyətlər gələcək nəsillərdə möhkəmlənir. Məsələn, insan uşaqlıq dövründə bir konstitusiya tipinə malik olduğu halda fiziki əmək və müntəzəm idmanla məşğul olduqda tədricən tamamilə başqa konstitusiya tipinə çevrilir.

Konstitusiya tiplərinin müxtəlif təsnifatı məlumdur. Ən çox tətbiq edilən prof. M.B.Çernorutskinin təsnifatına görə üç bədən quruluşu ayırd edilir: astenik, hiperstenik və normostenik. Bu təsnifatda orqanizmin həm morfoloji, həm də funksional xüsusiyyətləri nəzərə alınır.

Astenik tipə aid olan şəxslər uzun böyümüş, qamətli, ümumi zəif inkişaf etmiş olurlar. Onlarda bədənin uzununa ölçüləri eninə nisbətən üstünlük təşkil edir, ətraflar gövdəyə nisbətən uzun olur, döş qəfəsinin ölçüləri qarının ölçülərindən daha üstündür.

Asteniklərdə ürəyin ölçüləri kiçik, uzanmış, ağciyərlərin ölçüləri nisbətən böyük, bağırsaqlar qısa, qaraciyər və böyrəklər alçaq vəziyyətdə yerləşmiş olur, maddələr mübadiləsi sürətlənir.

Hiperstenik tipə aid edilən şəxslərdə bədən eninə inkişaf edir, çəki normadan artıq, gövdə nisbətən uzun, ayaqlar qısa olur, bədənin eninə ölçüləri uzununa ölçülərinə, qarının ölçüləri isə döş qəfəsinə görə üstünlük təşkil edir.

Ürəyin ölçüləri böyük, eninə yerləşmiş olur, ağciyərlər qısa və ölçüləri kiçik, mədənin həcmi böyük, bağırsaqlar isə uzun olur. Maddələr mübadiləsi zəif və assimilyasiya prosesləri üstünlük təşkil edir.

Normostenik tipə məxsus şəxslərdə sümük-əzələ və daxili üzvlər mütənasib inkişaf edir.

Təbiətdə klassik konstitusiya tipinə nadir hallarda rast gəlmək olur.

Xəstəliklərin meydana çıxmasında və inkişafında insanın konstitusiyası müəyyən rol oynayır. Məsələn, astenik bədən quruluşuna malik olan şəxslərdə ağciyər və mədə bağırsaq xəstəlikləri (xora xəstəliyi), hipersteniklərdə ateroskleroz, ürək-damar sisteminin və maddələr mübadiləsi xəstəlikləri (şəkərli diabet xəstəliyi, piylənmə) daha çox müşahidə olunur.

İrsiyyət – bütün orqanizmlərə xas olan əlamətlərin nəsildən nəsilə verilməsidir. İrsiyyət orqanizmin inkişaf prosesində və xarici mühitlə qarşılıqlı əlaqə nəticəsində formalaşır və müəyyən dözümlüyə malik olur. İrsi əlamətlərin nəinki xarici xüsusiyyətləri, həmçinin daxili xüsusiyyətləri (məsələn, daxili üzvlərin quruluşu, toxumaların xüsusiyyətləri, maddələr mübadiləsinin xarakteri və s.) irsən verilir.

Təbiətdə 1500-ə qədər irsi xəstəlik və inkişaf qüsurları məlumdur. Onlara çoxbarmaqlıq, albinizm, rəng korluğu (daltonizm), hemofiliya (qanın laxtalanma qabiliyyətinin pozulması), kar-lallıq, psixi xəstəliklər (şizofreniya) və s. aiddir.

Reaktivlik (latın mənşəli – «reaksiya» sözündən olub «cavab hərəkəti» deməkdir)– orqanizmin adi və xəstəlik törədici amillərə qarşı müəyyən cavab vermə xüsusiyyətidir.

Reaktivlik orqanizmin evolusiya prosesində xarici mühitə uyğunlaşmasının mühüm xüsusiyyətlərindən biridir. Reaktivliyin dəyişilməsi çox vaxt rezistenliyin dəyişilməsinə (orqanizmin xəstəlik törədici amillərə qarşı dözümlülüyünə) səbəb olur.

Orqanizmin xəstəlik törədici amillərin təsirinə müqavimətliyi onun reaktivliyi ilə bağlıdır. İnsanın orqanizminə xəstəlik törədici amilin daxil olması nəticəsində onun xəstələnməsi, gedişinin ağırlığı, fəsadların baş verməsi, sağalmanın tezliyi reaktivliyin səviyyəsi ilə əlaqədardır. Odur ki, reaktivliyin öyrənilməsi xəstəliyin inkişaf mexanizminin aydınlaşdırılmasında və xəstə orqanizmə məqsədəuyğun təsirin mümkünlüyündə böyük əhəmiyyətə malikdir.

Orqanizmin reaktivliyində mərkəzi sinir sisteminin böyük rolu vardır. Kliniki müşahidələr göstərir ki, baş beyin qabığında oyanıqlığın və ya tormozlanmanın üstünlüyü orqanizmin reaktivliyiinə və xəstəliyin gedişinə böyük təsiri vardır. Əgər beyin qabığında tormozlanma prosesləri üstünlük təşkil edirsə reaktivlik zəifləyir və ya əksinə.

Hətta insanın əhvalı orqanizmin reaktivliyinə təsir göstərir. Onurğa beyninin və vegetativ sinir sisteminin funksiyasının pozulması da reaktivliyin vəziyyətinə təsir göstərir, məsələn, qalxanvari vəzinin funksiyasının zəifləməsi (miksodema xəstəliyi) və şəkərli diabet xəstəliyində müxtəlif infeksiyalara qarşı dözümlülüyün azalması baş verir.

Orqanizmin reaktivliyi yaşla əlaqədar olaraq dəyişir. Məsələn, yaşlı şəxslərdə reaktivlik aşağı düşdüyü üçün patoloji xəstəliklər ağır keçir, yaralar və sınıqlar gec sağalır.

Xarici mühitin amilləri orqanizmə daima təsir edərək onun reaktivliyini dəyişdirir. Qidalanmanın xarakteri, xarici mühitin temperaturu, zəhərləyici maddələr, şüa enerjisi, fiziki hərəkətlərin xarakteri, idman onun dəyişikliyinə səbəb ola bilir. Qida rasionunda zülalların, vitaminlərin azlığı, bədənin dərisinin soyuması və ya qızması, spirtli içkilər, dəm qazı, qurğuşun və s. orqanizmin reaktivliyinin səviyyəsini azaldaraq müxtəlif xəstəlik törədici amillərə qarşı dözümlülüyü aşağı salır.

Ultrabənövşəyi şüalar orta dozalarda orqanizmin infeksiyaya qarşı dözümlülüyünü yüksəltdiyi halda, böyük dozaları onu azaldır.

Fiziki yük düzgün tətbiq edilərsə orqanizmin reaktivliyini və onun müqavimətliyini artırırsa, həddən artıq yorulma və gərginlik əksinə təsir göstərir.

İmmunitet-orqanizmin patogen mikroblara və onların toksinlərinə qarşı dözümlülük qabiliyyətidir. İmmunitet orqanizmin reaktivliyinin əsas göstəricilərindən biridir. Patogen mikrobların və onların zəhərlərinin təsiri nəticəsində orqanizmdə baş verən immunoloji dəyişikliklər spesifik xarakter daşıyır.

İmmunitet anadangəlmə və qazanılma olur. Anadangəlmə immunitet bu və ya digər orqanizmə məxsus olur. Məsələn, heyvanlar təbii şəraitdə difteriya, vəba, sifilis xəstəliklərinə dözümlü olur və ya insanlar bəzi heyvan mənşəli infeksiyalara məruz qalmırlar.

Qazanılma immunitet təbii və süni xarakter daşıyır. Bunlar da aktiv və passiv olur.

Təbii aktiv immunitet orqanizmdə yoluxucu xəstəliklərdən sonra (skarlatina, qızılca və s.) əmələ gəlir. Təbii passiv immunitet yeni doğulmuş uşaqlarda anadan ona qanla və südlə bəzi antitellərin keçməsi nəticəsində meydana çıxır.

Süni aktiv immunitet orqanizmə zəiflədilmiş diri və ya ölmüş mikroorqanizmlərdən və ya onların zəhərlərindən hazırlanmış vaksina yeridildikdə yaranır. Təbabətdə bir sıra xəstəliklərin qarşısının alınmasında (çiçək, qarın yatalağı, difteriya, qızılca və s.) bu cür vaksinalardan geniş istifadə edilir. Bu yolla yaradılan immunitet uzun müddət davam edir.

Süni passiv immunitet orqanizmə müəyyən yoluxucu xəstəlik keçirmiş insan və ya heyvanın qan zərdabı yeridildikdə yaranır. Qan zərdabının tərkibində müvafiq immun maddələr, yəni antitellər olduğu üçün dərhal müalicəvi təsir göstərir. Lakin bu cür zərdabların yeridilməsi nəticəsində yaradılan immunitet 2-4 həftə müddətində davam edir, çünki immun maddələr orqanizmdən tezliklə xaric olur.

İmmunitetin meydana çıxmasında bir sıra qoruyucu amillər müəyyən rol oynayır. Onlardan faqositoz, humoral amillər, orqanizmin baryer funksiyası əsas yer tutur.

Faqositoz (yunanca «faqo»-udmaq, «sitoz»-hüceyrə deməkdir) orqanizmə daxil olmuş mikrobların məhv edilməsində böyük rol oynayır.

Faqositoz prosesinin aşkar edilməsində rus alimi J.J.Meçnikovun böyük xidmətləri olmuşdur. O aşkar etmişdir ki, qanın leykositləri və faqositlər orqanizmə daxil olan yad cisimləri, o cümlədən mikrobları udaraq həzm edir.

Faqositoz qabiliyyətinə həmçinin qaraciyərin, dalağın, sümük iliyinin, limfa düyünlərinin retikula və endotal hüceyrələri malikdir.

Humoral amillərə (yunanca humor-maye deməkdir) xüsusi maddələr-antitellər aiddir. Antitellər xəstəlik keçirmiş və ya peyvənd edilmiş insanın qanında və toxuma mayelərində əmələ gəlir.

Orqanizmdə antitellər əmələ gətirmə qabiliyyətinə malik olan maddələrə antigen deyilir. Onlara mikroblar, toksinlər, orqanizm üçün yad olan zülal maddələri daxildir.

Baryer funksiyasını xarici və daxili baryerlər yerinə yetirir.

Allepgiya orqanizmin infeksion və digər amillərə qarşı yüksək həssaslıq qabiliyyətidir. Allepgiya da immunitet kimi reaktivliyin bir təzahürüdür.

Allepgiyanı əsasən orqanizm üçün yad olan zülal mənşəli maddələr törədirlər. Onlar allergen adlanır. Təbiətdə qeyri-zülal mənşəli maddələr də məlumdur. Allergen rolunu bakteriyalar, viruslar və onların toksinləri, tüklər, quş tükü, çiçək tozu, rənglər, dərmanlar oynayır. Bəzi hallarda (məsələn, bədxassəli şişlərdə) allergenlər orqanizmin daxilində əmələ gəlir və bunlar aytogenlər adlanır.

Allepgenlər orqanizmdə yüksək həssaslıq vəziyyəti, yəni sensibilizasiya yaradır. Eyni allergen orqanizmə daxil olarsa o, antitellə birləşərək şiddətli ümumi və yerli pozğunluqlar törədir. Belə vəziyyət anafilaksiya, onun çox ağır dərəcəsi isə anafilaktik şoku adlanır.

Bəzi insanlarda yüksək və dəyişkən hissiyat idiosinkraziya şəklində meydana çıxır. Bu zaman orqanizmin reaktivliyi zülal və qeyri-zülal mənşəli maddələrə qarşı dəyişikliyə uğrayır. Məsələn, qida maddələrinə (süd, çiyələk, xərçəng, yumurta, şokolad, dərman maddələrinə) yod, brom, antibiotiklər və s. qarşı həssaslıq yüksələ bilər. Bu zaman bəzi insanlarda selikli qişaların şişkinliyi, qızarması, dəridə qaşınan səpkilər, bədənin hərarətinin yüksəlməsi, qusma, hətta şok vəziyyəti müşahidə edilə bilir.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin