S.P.Letunovun sınağı. Bu sınaq idmançının orqanizminin sürətli və dözümlülük tələb edən işə uyğunlaşmasını qiymətləndirmək üçün tətbiq edilir.
Sınaq ilk dəfə 1937-ci ildə prof. S.P.Letunov tərəfindən təklif edilmişdir. Sınaq həmçinin uçanlı sınaq adlanır. Sınaq zamanı idmançı üç müxtəlif xarakterli yük icra edir: 1-ci yük – 30 san. müddətində 20 dəfə çöməlmə, 2-ci yük – 15 san. müddətində yerində maksimal sürətlə qaçmaq, 3-cü yük yerində 3 dəq. müddətində 180 addım sürətlə qaçmaqdır. Hər yük icra edildikdən sonra nəbzin dəqiqəlik sayı və arterial qan təzyiqi qeyd edilir.
S.P.Letunovun sınağının nəticəsi meydana çıxan reaksiya tiplərinə görə qiymətləndirilir.
Normotonik reaksiya çox vaxt məşq etmiş idmançılarda müşahidə olunur. Bu zaman hər bir yükün təsiri altında nəbzin tezləşməsi müxtəlif dərəcədə ifadə olunur. Belə ki, 1-ci yükdən sonra ilk 10 san. müddətdə nəbz vurğularının sayı təqribən 100 vurğu/dəq qədər sürətlənir. 2-ci və 3-cü yükdən sonra isə dəqiqədə 125-140 vurğuya çatır. Maksimal arterial qan təzyiqi yüksəlir, minimal qan təzyiqi isə enir. Bərpa dövrünün 1-ci dəqiqəsində maksimal arterial qan təzyiqi 160-180 mm Hb sütununa qədər yüksəlir, minimal isə 50-60 mm Hb sütununa çatır. Normotonik reaksiyanın mühüm göstəricisi ürək vurğularının sayının və arterial qan təzyiqinin əvvəlki vəziyyətə tezliklə qayıtmasıdır. Bərpa prosesi uzandıqda idmançının fiziki hazırlığının zəifliyini üzə çıxarır.
Hipertonik tipli reaksiyada maksimal arterial qan təzyiqinin 180-220 mm Hb sütununa qədər yüksəlməsi xarakterikdir. Minimal qan təzyiqi isə ya dəyişmir, ya da yüksəlir. Bu cür idmançılarda nəbzin sayı çox olur və əvvəlki vəziyyətə çatması isə gecikir.
Hipertonik reaksiya idmançılarda həddən artıq yorulma və ifrat məşqlilik vəziyyəti ilə əlaqədar müşahidə edilir.
Hipotonik tipli reaksiya maksimal arterial qan təzyiqinin çox az dəyişilməsi nəbzin sayının 2-ci və 3-cü yüklərdən sonra kəskin sürətlənməsi (170-190 vurğu/dəq) ilə xarakterizə olunur. Ürək vurğularının sayının və arterial qan təzyiqinin bərpası ləngiyir. Qanın dəqiqəlik həcminin artması, əsasən, ürək döyüntülərinin sayının sürətlənməsi hesabına yaranır. Bu reaksiya tipi xoşagəlməz hesab edilir.
Distonik reaksiya tipi əsasən, minimal qan təzyiqinin azalması ilə həcminin 2-ci və 3-cü yüklərdən sonra hətta sıfıra qədər enməsi ilə xarakterizə olunur («Sonsuz ton» fenomeni). Maksimal qan təzyiqi belə hallarda 180-200 mm Hb sütununa qədər yüksəlir.
Maksimal arterial qan təzyiqinin pilləvari yüksəlməsi ilə müşayiət edilən reaksiya tipində o, 2-ci, 3-cü dəqiqələrdə bərpa dövrünün 1-ci dəqiqəsi ilə müqayisədə artmış olur. Bu cür reaksiya, adətən 15 san. ərzində yerində maksimal sürətlə qaçışdan sonra müşahidə olunur və idmançının orqanizminin funksional vəziyyətinin pisləşməsini göstərir.
Sınaq zamanı alınan nəticələr idmançıların məşqlilik vəziyyətinin qiymətləndirilməsində yarış dövründə daha böyük əhəmiyyətə malik olur, çünki meydana çıxan atipik reaksiyalar məşq rejiminin pozulması və ya onun düzgün təşkil edilməməsi ilə bağlı ola bilir. Hazırlıq dövrünün əvvəlində idmançının funksional vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədar atipik reaksiyalar daha tez-tez baş verir.
Dostları ilə paylaş: |