Şafranovski sınağı. İdmançının sakit halda və standart fiziki işdən sonra ağciyərlərinin həyat tutumu təyin edilir. İdmançı isə yerində 3 dəq. müddətində 180 addım sürətlə qaçdıqdan sonra ağciyərlərin həyat tutumu təyin edilir. Güclü məşq etmiş idmançılarda ağciyərlərin həyat tutumu +100 ml arasında dəyişir, çox vaxt azca artır. Eyni sınaq xəstələrdə və məşq etməmiş şəxslərdə təngənəfəslik verir və ağciyərlərin həyat tutumu 100-200 ml-ə qədər azalır.
VI FƏSİL
İDMANÇININ ÜRƏK QAN-DAMAR SİSTEMİNİN FUNKSİONAL XÜSUSİYYƏTLƏRİ
Ürəyin normal fəaliyyəti insan həyatının və sağlamlıq vəziyyətinin əsas şərtidir. Ürək-damar sisteminin fəaliyyəti başqa üzv və sistemlərin işi haqqında geniş məlumat verir. Əzələlərin iş qabiliyyəti ürək qan-damar sisteminin funksional vəziyyəti ilə məhdudlaşır. Bununla bərabər, ürək-damar sistemi orqanizmin müxtəlif üzv və sistemləri ilə birlikdə onun daxili mühitini, hemostazını təmin edir.
Yüksək kompensator mexanizmi hesabına, hətta çox xəstə ürək (məsələn, ürək qapaqlarının qüsuru) uzun müddət davam edən intensiv fiziki iş görmək qabiliyyətinə malik olur. Belə həcmdə işin görülməsinə baxmayaraq idmançı heç bir xoşa gəlməyən subektiv şikayətlər irəli sürmür.
Lakin orqanizmin kompensator imkanları hədsiz səviyyədə olmur və onlar tükəndikdə ürəkdə dərin dəyişikliklərin meydana çıxması ilə əlaqədar əlilliyə səbəb olar və hətta fiziki gərginliyin nəticəsində ölüm də baş verə bilər.
Bədən tərbiyəsi və idmanla məşğul olmaq nəticəsində morfoloji və funksional dəyişikliklər meydana çıxır. Bununla əlaqədar idmançının fiziki yükə ilk növbədə ürək-damar sistemində müxtəlif reaksiyalar müşahidə olunur.
Həddən artıq fiziki iş tətbiq edildikdə, həmçinin baş verən xəstəliklər lazımi səviyyədə və vaxtında müalicə olunmadıqda idmançının qan dövranında morfoloji və funksional xarakterli patoloji dəyişikliklər meydana çıxır.
Deyilənlərdən idman təbabətində ürək qan-damar sisteminin vəziyyətinin düzgün qiymətləndirilməsinin əhəmiyyəti aydınlaşır.
Ürək qan-damar sisteminin müayinəsi anamnez ilə başlanır. İlk növbədə idmançının valideynlərində və yaxın qohumlarında ürək xəstəliklərinin, xüsusilə, hipertoniya və aterosklerozun olub olmaması aydınlaşdırılır. Sonra idmançının özünün keçmişdə keçirdiyi xəstəliklər, xüsusilə angina, revmatizm haqqında məlumat toplanır, axşamlar subfebril temperaturunun olması aydınlaşdırılır. Belə temperatur müxtəlif səbəblərdən, o cümlədən, ürək əzələsində və qapaqlarında ağır dəyişikliklər törədə bilən endokardit və miokardit xəstəliklərindən asılı ola bilir. Siqaret, spirtli içkilərin qəbulu haqqında məlumatın da böyük əhəmiyyəti vardır.
Uşaqlıq dövründə ürəkdə ciddi dəyişikliklər törədə bilən difteriya, skarlatina və s. infeksion xəstəliklər dəqiqləşdirilir.
İdmançılarda təngənəfəslik, ürəkdöyünmə, ürəyin «dayanma» hissi, ürək və döş sümüyü nahiyələrində ağrılar və ya xoşagəlməz hissiyat, tez yorulma, ətraflarda şişkinlik və s. qeyd edilir. Bu cür şikayətlər ürəyin funksional və ya üzvi dəyişiklərinin olmasına sübutdur.
Ürək qan-damar sisteminin müayinəsində xarici baxış, palpasiya və auskultasiya kimi üsullar tətbiq edilir.
Xarici baxış aparıldıqda dərinin (ilk növbədə burunun ucu, qulaqlar, barmaqlar) və selikli qişaların rəngi təyin edilir. Həmin nahiyələrdə sakit halda və ya fiziki yükdən sonra rəngin göyərməsi ürək çatmamazlığının əlaməti hesab edilə bilər. Boyun damarlarının pulsasiyası, ürək nahiyəsində vurğular, təngənəfəslik, pəncə və baldırda şişkinlik ürək çatmamazlığının əlaməti kimi qiymətləndirilə bilər.
Palpasiya üsulu ilə nəbzin tezliyi və xüsusiyyətləri, ürək nahiyəsində pulsasiya, aşağı ətraflarda kiçik şişkinlik müayinə edilir.
Ürəyin perkussiyası aparıldıqda onun müxtəlif hissələrinin sərhədləri aydınlaşdırılır.
Ürəyin auskultasiyasında onun fəaliyyəti zamanı meydana çıxan səslər eşidilir. Sağlam ürəkdə iki ton eşidilir: sistolik (mədəciklərin sistolası zamanı) və diastolik (mədəciklərin diastolası zamanı).
Birinci ton mədəciklərlə qulaqcıq arasında yerləşən taylı qapaqların örtülməsi zamanı meydana çıxır. İkinci ton isə aypara qapaqların örtülməsi zamanı yaranır. Taylı və aypara qapaqlar ürəyin həm sağında, həm də solunda eyni vaxtda örtülür.
Bəzi hallarda ürəyin auskultasiyası zamanı əlavə səslər, yəni küylər eşidilir. Üzvi və funksional küylər ayırd edilir.
Üzvi küylər qapaqların zədələnməsi, dəliklərin daralması ilə bağlıdır. Üzvi küylər ürəyin qüsuru ilə bağlıdır və belə halda şəxsə idmanla məşğul olmaq qadağan edilir. Belə şəxslər ancaq həkimin ciddi nəzarəti altında bədən tərbiyəsi ilə məşğul ola bilərlər.
Funksional küylər çox vaxt tamamilə sağlam cavan şəxslərdə müşahidə edilir. Belə küylər idmançılarda 25-30% halda müşahidə edilir və ürəyin xəstəliyini sübut etmir.
İdman təbabətində nəbzin müayinəsi böyük əhəmiyyətə malikdir.
Nəbz (latınca «pulssuz»-təkan deməkdir) sol mədəciyin sistolası zamanı qanın arteriyalara daxil olması nəticəsində onun divarının ritmik titrəməsidir.
Adətən nəbz mil arteriyasında baş barmağın əsasında yoxlanılır. Bunun üçün arteriya barmaqların ucları ilə ehmalca sümüyə sıxılır. Müəyyən hallarda nəbz gicgah və ya yuxu arteriyasında da təyin edilir.
Nəbz 10,15,20,30 san. müddətində təyin edildikdən sonra, müvafiq olaraq alınan rəqəmi 6,4,3,2–yə vuraraq 1 dəqiqəlik sayı hesablanır. Nəbz funksional sınaqlar aparıldıqda 10 san., idmançıların ilk müayinəsi zamanı isə 30-60 san. müddətində təyin edilir.
Müayinə edilərkən ilk növbədə nəbzin sayı və ritmikliyi yoxlanılır.
Sağlam yaşlı şəxslərdə nəbzin bir dəqşiqəlik sayı 60-80 vurğuya bərabərdir. Uzanmış vəziyyətdə nəbzin sayı 10 vurğu azalır. Qadınlarda və uşaqlarda nəbzin sayı daha çox olur.
Nəbzin dəqiqəlik sayının 80 vurğudan çox olmasına taxikardiya, az olmasına bradikardiya deyilir.
Əksər hallarda taxikardiya sinus düyününün həddən artıq qıcıqlanması hesabına baş verir. Həyəcanlanma, həddən artıq yorulma, görülən fiziki işdən sonra natamam bərpa, ürək zəifliyi, bədən temperaturunun yüksəlməsi və ya qalxanvari vəzinin funksiyasının artması nəticəsində nəbz sürətlənir. Odur ki, idmançıda taxikardiya müşahidə edilərsə, onun meydana çıxma səbəbini aydınlaşdırmadan məşq prosesində iştirak etməsi qadağan edilir.
Bradikardiya azan sinirin qıcıqlanması nəticəsində meydana çıxır. O, fizioloji olaraq yüksək funksional vəziyyətdəki idmançılarda müşahidə olunur. Bu zaman nəbzin dəqiqəlik sayı 40 vurğuya qədər azala bilir.
Bəzi hallarda bradikardiya patoloji vəziyyətlə əlaqədar olur (üskükotu ilə zəhərlənmə, həddən artıq yorulma, beyin daxili təzyiqin yüksəlməsi, ürəyin bəzi xronik xəstəlikləri zamanı).
Nəbzin ritmikliyinin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Nəbz vurğularının arasındakı fasilə eyni vaxt ərzində davam edərsə nəbz ritmik hesab olunur. Ritmin pozulması aritmiya adlanır. Aritmiya fizioloji və patoloji xarakter daşıya bilər. Fizioloji aritmiyaya əksər hallarda cavan şəxslərdə müşahidə edilən tənəffüs aritmiyası aiddir. Bu zaman nəfəs alma aktında nəbz sürətlənir, nəfəs verdikdə isə seyrəkləşir.
Ritmin pozulması halları zamanı idmançılar diqqətlə müayinə olunmalıdırlar.
İdmançıların ürək qan-damar sisteminin müayinə üsulu arterial qan təzyiqinin ölçülməsidir. Arterial qan təzyiqi qan damarlarda hərəkət etdikdə onun hərəkətinə divarların müqavimətidir. Arterial təzyiqin dəyişkənliyi, əsasən sol mədəciyin sistolasının gücündən, hərəkət edən qanın həcmindən, tərkibindən, qanın kapilyarlara keçməsinin sürətindən, xırda qan damarlarının tonusundan asılıdır. Damar divarlarının elastikliyinin azalması maksimal qan təzyiqinin yüksəlməsinə səbəb olur. Məhz bu səbəbdən yaşlı şəxslərdə maksimal qan təzyiqi yüksəlmiş olur.
Maksimal, minimal və nəbz dalğası (nəbz təzyiqi) ayırd edilir.
Maksimal və ya sistolik qan təzyiqi ürəyin sol mədəciyinin sistolası zamanı yaranır və onun səviyyəsi sistolanın gücündən asılıdır.
Minimal və ya diastolik qan təzyiqi sol mədəciyin diastolası zamanı periferik müqavimətin səviyyəsi ilə təyin olunur və qanın arterial sistemdə axma sürətindən asılıdır.
Arterial nəbz təzyiqi maksimal və minimal qan təzyiqləri arasındakı fərq olub, sistola zamanı vurulan qanın həcmini göstərir. Nəbz təzyiqi yüksəldikcə sistola zamanı arteriyaya vurulan qanın da həcmi artır.
Arterial qan təzyiqi mm civə sütunu ilə ifadə olunur.
Sağlam cavan şəxslərin normal qan təzyiqi belədir: maksimal-100-129 mm Hb sütunu, minimal 60-90 mm Hb sütunu, nəbz təzyiqi 40-60 mm Hg sütunu.
Arterial qan təzyiqi bazu arteriyası üzərində Riva-Roççinin civəli manometri və ya tonometr ilə N.S.Korotkov üsulu ilə təyin olunur.
Maksimal qan təzyiqi 130 mm Hb sütunundan yüksək olarsa hipertoniya, maksimal qan təzyiqi 100 mm Hg sütunundan və minimal isə 60 mm Hg sütunundan aşağı olarsa hipotoniya adlanır.
İdmançılarda və bədən tərbiyəsi ilə məşğul olan şəxslərdə arteriyal qan təzyiqi aşağı səviyyələrdə olur.
Arterial qan təzyiqinin 100/90 mm Hb sütunundan aşağı enməsi idman formasında keçici vəziyyət kimi qiymətləndirilir. A.Q.Dembonun və M.Y.Levinin fikrincə bu vəziyyət yüksək məşqlilik hiptoniyasıdır.
Bəzi hallarda idmançılarda arterial qan təzyiqinin aşağı enməsinə həddən artıq yorulma, xroniki infeksiya ocağında əmələ gələn intoksikasiya səbəb ola bilir. Digər hallarda idmançılarda hipotoniya xəstəliyinin neyrosirkulator formasının əlaməti kimi meydana çıxır. Bu hallarda idmançıda baş ağrıları, zəiflik, tez yorulma və s. kimi şikayətlər aşkara çıxır.
Arterial qan təzyiqinin 130/80 mm Hb sütunundan yuxarı olması 10-15% idmançılarda müşahidə edilir. Bunun meydana çıxmasının səbəblərindən biri idmançılarda fiziki və emosional gərginlikdir. Bu vəziyyətə diqqət verilmədikdə idmançıda tədricən hipertoniya xəstəliyi inkişaf edə bilər. Məşq prosesi həkimin ciddi nəzarəti altında aparıldıqda arteriyal qan təzyiqi idmançıların əksəriyyətində normal vəziyyətə enir. Əgər qan təzyiqi normal vəziyyətə enmirsə idmançının idmanla məşğul olmasını qadağan etmək lazımdır, çünki arterial qan təzyiqinin yüksək hüdudlarda qalması hipertoniya xəstəliyinin inkişaf etməsini gətirib çıxarır.
İdmançılarda arterial qan təzyiqinin səviyyəsi idmanın növündən, məşq prosesinin təmayülündən asılıdır. Hipertonik vəziyyətin meydana çıxmasında ağırlıqqaldırma idman növü ilə məşğul olan şəxslər üstünlük təşkil edir. Arterial hipotoniya ən çox gimnastlarda, ən az isə futbolçularda və voleybolçularda müşahidə edilir.
Əldə edilən məlumatlar göstərir ki, məşq prosesinin xarakteri nəinki morfoloji dəyişkənliyə, həmçinin vegetativ sinir sisteminin funksiyalarının dəyişməsinə də təsir göstərir.
Dostları ilə paylaş: |