İdman təbabəTİ VƏ GİGİyena


VII FƏSİL İDMANÇILARIN MƏŞQLİLİK VƏ FİZİKİ İŞ QABİLİYYƏTİNİN



Yüklə 1,93 Mb.
səhifə36/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   32   33   34   35   36   37   38   39   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

VII FƏSİL

İDMANÇILARIN MƏŞQLİLİK VƏ FİZİKİ İŞ QABİLİYYƏTİNİN

DİAQNOSTİKASINDA TƏTBİQ EDİLƏN FUNKSİONAL

SINAQLAR
İdman təbabətinin əsas fəaliyyətindən biri funksional diaqnostika, yəni funksional hazırlığın, fiziki iş görmə qabiliyyətinin və orqanizmin funksional fəaliyyətinin xüsusiyyətlərinin təyin etməsidir. Odur ki, həkim və məşqçi idmançının orqanizminin məşqlilik vəziyyətini, fiziki iş görmə qabiliyyətini, mürəkkəb idman hərəkətlərini yerinə yetirmə hazırlığını, orqanizminin müxtəlif sistemlərinin funksional vəziyyətini öyrənmək üçün sadə və mürəkkəb funksional sınaqlardan istifadə etməyi bacarmalıdırlar.

Sınaqlar orqanizmin ümumi funksional vəziyyətini, yarış fəaliyyətinə hazırlığını, ümumi fiziki iş qabiliyyətini öyrənməyə imkan yaradır.

Fiziki iş qabiliyyəti orqanizmin uzun müddət və kifayət qədər intensivliklə yerinə yetirə biləcək mexaniki işin miqdarı ilə xarakterizə edilir. Uzun müddətli fiziki işin miqdarı ürək-tənəffüs sisteminin əzələlərə çatdıracağı oksigenin həcmi ilə məhdudlaşır. Odur ki, ümumi iş qabiliyyəti məfhumunun xüsusi iş qabiliyyəti ilə birlikdə işlədilməsi daha məqsədəuyğundur. Xüsusi iş qabiliyyəti idmançının idman növünə xas işin yerinə yetirilməsi ilə təyin olunur. Aydındır ki, eyni bir idmançı üçün ümumi və xüsusi iş qabiliyyətinin səviyyəsi müxtəlif olur.

Funksional sınaqların tətbiq edilməsi zamanı alınan məlumatlar digər tibbi məlumatlarla birlikdə analiz edilməlidir.

Qeyd etmək lazımdır ki, idmançıların məşqliliyi haqda tam məlumat almaq üçün tibbi müayinələrlə yanaşı pedaqoji və psixoloji müşahidələrdən alınmış məlumatların müqayisəli yolla öyrənilməsi də vacib şərtdir.

İdman təbabətində funksional sınaqlar XX əsrin əvvəllərindən tətbiq edilmişdir.

SSRİ-də ilk funksional sınaq 1925-ci ildə D.F.Şabaşov və A.P.Yeqorov tərəfindən keçirilmişdir. Bu sınaq zamanı idmançı yerində 60 dəfə tullandıqdan sonra onun ürək fəaliyyəti müəyyənləşdirilmişdir.

Keçmiş əsrin 30-cu illərindən başlayaraq çox momentli funksional sınaqlar tətbiq edilmişdir. Bu sınaqlar zamanı idmançı müxtəlif intensivlikdə və xarakterdə əzələ işi yerinə yetirirdi. Bu sınaqlardan başqa prof. S.P.Letunarın 1937-ci ildə təklif etdiyi üç anlı sınaq da geniş yer tutur.

Qeyd etmək lazımdır ki, əvvəllər funksional sınaqlar üzv və sistemlərin ayrılıqda fəaliyyət effektivliyini öyrənirdi. Məsələn, qaçış şəklində istifadə edilən fiziki yük sınaqlarında ürək qan-damar sisteminin, tənəffüsün dəyişməsilə xarici tənəffüs aparatının fəaliyyəti qiymətləndirilirdi və s. Funksional sınaqların bu məqsədlə tətbiq edilməsi indi məqsədəuyğun hesab edilmir. Məlum faktdır ki, orqanizmdə müxtəlif ağırlıqda fiziki iş icra edildikdə onun ayrı-ayrı üzv və sistemlərinin qarşılıqlı fəaliyyəti müşahidə olunur. Bunu nəzərə alaraq, sonralar sınaqlar bir çox sistemlərin kompleks fəaliyyətini öyrənmək məqsədilə tətbiq edilməyə başlanılmışdır.

İdman təbabətində sınaqların yerinə yetirilməsi zamanı bir sıra vəzifələr qoyulur:

1. Orqanizmin bu və ya digər təsirə qarşı uyğunlaşma qabiliyyətinin öyrənilməsi;

2. Fiziki yükün təsiri kəsildikdən sonra bərpa proseslərinin gedişinin öyrənilməsi.

Sınaqlar yerinə yetirildikdə əsas şərtlərdən biri fiziki yükün miqdarının düzgün təyin edilməsidir. Məsələn, əgər fiziki yük tətbiq edilirsə, onun gücü vatt, kqm/dəq və s. ilə ifadə olunur. Əgər təsir edilən fiziki yük çöməlmələrin sayı, yerində qaçarkən addımların sayı ilə və s. ifadə olunursa, təsirin gücü az inandırıcı olur. Bütün bu hallarda onun gücünü düzgün nizamlamaq olmur, çünki hoppanma zamanı ayaqların yer səthindən ayrılması, yerində qaçma zamanı dizlərin qaldırılması, idmançının boy və çəkisi nəzərə alınmır.

Orqanizmin bu və ya digər yükə təsiri ürək vurğularının və tənəffüsün sayının, arterial qan təzyiqinin dəyişkənliyi ilə qiymətləndirilir. Ürək vurğularının sayı elektrokardioqramma üsulu ilə öyrənilir, ya da 10 san. ərzində nəbzi sayaraq onun dəqiqəlik sayını hesablayırlar.

Funksional sınaqlar aparıldıqda bir neçə tələb yerinə yetirilməlidir. İlk növbədə otağın havası təmiz, temperaturu komfort dərəcədə olmalıdır, estetik təsir bağışlamalıdır. Sınaq zamanı kənar səslər, kənar adamlar olmamalıdır. Sınağın nəticəsi xüsusi dəftərdə qeyd olunmalıdır. Sınağın xüsusiyyəti haqqında idmançıya məlumat verilməlidir. Funksional sınağı məşq prosesinin bütün mərhələlərində aparmaq məqsədəuyğundur. İdmançıların funksional hazırlıqlarının dinamikası hazırlıq dövrünün əvvəlində və axırında, yarış dövrünün ortasında öyrənilməlidir. Bununla bərabər, funksional sınaqlar orqanizmin cari funksional vəziyyətinin öyrənilməsi üçün də istifadə edilə bilər. Məsələn, məşqin həftəlik mikrosiklində və ya bilavasitə bir məşq məşğələsində.

Sınaq zamanı orqanizmə müxtəlif xarakterli yüklə təsir edilə bilər: a) fiziki yük, b)fəzada bədənin vəziyyətinin dəyişilməsi, c) gücvermə, ç)qəbul edilən havanın tərkibinin dəyişilməsi, d) dərman vasitəsilə və s.

Fiziki yük istifadə edilməsi ilə həyata keçirilən sınaqlar daha geniş istifadə olunur. Bu sınaqlar müxtəlif formalarda həyata keçirilə bilir. Bir sıra sınaqlar icra edilərkən xüsusi avadanlıq tələb olunmur, məsələn, çöməlmə (Martine-Küçlevski sınağı), yerində hoppanmaq (Mərkəzi Dövlət Bədən Tərbiyəsi İnstitutunun sınağı), yerində qaçmaq (C.P.Letunovun sınağı) və s.

Hal-hazırda həcmi dozalaşdırıla bilən əzələ işində istifadə edilən sınaqlar geniş tətbiq edilir, məsələn, PWC170, Novakki, Harvard sınaqları və s.

Son vaxtlar sınaq yükü veloerqometr və ya tretbanda yerinə yetirilir.

Veloerqometr mürəkkəb texniki cihaz olub, pedallara verilən müqaviməti dəyişdirməklə istənilən həcmdə fiziki yükü təyin edə bilir.

Veloerqometrdə görülən işin gücü kqm/dəq. və ya vattlarla ifadə olunur.

Bundan başqa daha mürəkkəb texniki cihazlardan da istifadə edilir. Bu cihaz tretban, tredmil və ya «qaçan yol» adlanır.

Bu cihazın köməyi ilə təbii qaçışa oxşar hərəkət yerinə yetirilir. Yükün intensivliyi iki yolla nizama salınır: «qaçan yolun» hərəkət sürətini artırmaqla (metr/saniyə ilə ifadə olunur), ya da yolun yer səthinə nisbətən mayilliyini dəyişdirməklə.

Hər iki cihaz müxtəlif funksional sınaqların yerinə yetirilməsi üçün istifadə edilir, məsələn, oksigenin maksimal sərfinin təyin edilməsi, PWC170 sınağı vasitəsilə iş görmə qabiliyyətinin hesablanması üçün və s.

Şərti olaraq hesab olunur ki, laboratoriya şəraitində tətbiq edilən əzələ işi qeyri-spesifik təsir formasıdır (məsələn, yerində qaçış). Spesifik təsir forması isə idmançının məşq zamanı xarakter fəaliyyəti hesab olunur (məsələn, boksçuda kölgə ilə döyüş, güləşçilərdə müqəvvanı atmaq və s.). Lakin, ümumi iş qabiliyyəti təyin edilən zaman bu, əsasən şərti xarakter daşıyır. Orqanizmin visseral sistemlərinin fiziki yükə reaksiyası onun intensivliyindən daha çox asılı olur. Belə halda işin forması böyük rol oynamır. Spesifik sınaqlar isə məşq prosesində əldə edilən vərdişlərin effektliyinə və xüsusi iş qabiliyyətinin qiymətləndirilməsinə təsir göstərir.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin