2. Tərbiyənin mahiyyətini tərbiyə olunanın ətraf mühitə, vətənə, cəmiyyətə, insanlara, canlı və cansız təbiətə, maddi və mənəvi dəyərlərə, özünə və insanlara olan münasibəti təşkil edir. Tərbiyə ikitərəfli, mürəkkəb və uzunmüddətli prosesdir. Tərbiyə milli xarakter daşıyır və milli zəmin üzərində qurulur. Tərbiyə şəxsiyyətin formalaşmasını həyata keçirən fəaliyyət sahəsidir. Görkəmli pedaqoq A.S.Makarenkonun fikrincə, “Tərbiyənin mahiyyəti ondan ibarətdir ki, daha yaşlı nəsil özünün təcrübəsini, özünün ehtiraslarını, özünün inamını böyüyən nəslə verir. Məqsəd nəticəni idealcasına qabaqcadan duymaqdır. Məqsəd subyektin fəallığına məna, onun enerjisinə stimul verir, həyatın məzmununu zənginləşdirir. Tərbiyənin məqsədi tərbiyə işini həyata keçirməzdən əvvəl tərbiyəçinin şüurda canlandırdığı xəyali nəticədir. Tərbiyənin məqsədi- tərbiyə olunanı kollektiv və ya fərdi yaradıcılıq fəaliyyəti şəraitində hərtərəfli, ahəngdar şəxsiyyət kimi formalaşdırmaqdır. Sosial-psixoloji fenomen kimi məqsədin aşağıdakı səciyyəvi əlamətləri vardır:
məqsəd mövcuddur, lakin o, əlçatmazdır, belə ki, ona doğru irəliləmə prosesində məqsədin subyekti dəyişir;
məqsəd konkret səciyyələndirmələrdən məhrumdur;
məqsəd yaranma nöqteyi-nəzərdən obyektiv xarakter daşısa da, həmişə subyektivdir. Çünki onu qarşıya qoyan və formalaşdıran subyektdir.
məqsəd onun subyektivliyini saxlayır.
Deməli, tərbiyə edən ümumi məqsəddən doğan bu cəhətləri nəzərə almalı, ləyaqətli həyat qurmağa qadir şəxsiyyət tərbiyə etməlidir. Bu müəllimin başlıca məqsədi və vəzifəsidir. Məqsəd fəaliyyətin sonunda insanın nail olmaq istədiyidir. Tərbiyənin məqsədini belə müəyyənləşdirmək mümkündür: öz soykökünə bağlı, cəmiyyətə yararlı, vətənini sevən, onun taleyi üçün narahat olan, müdafiəsində duran, ölkəmizi dünyanın ən inkişaf etmiş sivil dövlətləri səviyyəsinə çatdırmaqda marağı olan və bu yolla mübarizə aparan, nümunəvi davranışı, ən nəcib sifətləri özündə birləşdirən, demokratik dünyagörüşlü, humanist, elmi biliklərə yiyələnmiş gənc nəsil yetişdirmək. Məqsəd dedikdə, iş prosesinin nəticəsinin şüurlu surətdə əvvəlcədən xəyalən planlaşdırılmış ideal obrazı nəzərdə tutulur. Yəni məqsəd işin sonunda əldə ediləcək nəticədir. Eyni qayda ilə deyə bilərik ki, nəticə də həyata keçirilmiş məqsəddir. Müəllim nə edəcəyini və nəticədə nəyə nail olacağını, uşaqlarda hansı keyfiyyətlə yaradacağını əvvəlcədən dürüst dərk etməsə, öz pedaqoji fəaliyyətində müvəffəqiyyət qazana bilməz. Tərbiyənin məqsədi müəllim üçün əvvəlcədən aydın olduqda isə o öz işini həmin məqsədə uyğun qurur, bu məqsədə çatmaqdan ötrü daha münasib üsul və vasitələrdən istifadə edərək fəaliyyətin sonunda yaxşı nəticələrə nail olur. Tərbiyənin məqsədi cəmiyyətin obyektiv həyat şəraitindən və tələbatından doğur. Hər bir ictimai quruluşda tərbiyənin qarşısına qoyulan məqsəd və vəzifələr həmin quruluşun şərait və ehtiyacı ilə, ictimai inkişafın obyektiv qanunauyğunluqları ilə şərtləşir. Cəmiyyətin həyat şəraiti, ehtiyac və tələbləri dəyişdikdə, ona uyğun olaraq tərbiyənin məqsədi də dəyişir. Müasir şəraitdə tərbiyənin real məqsədi uşağı hərtərəfli şəkildə inkişaf etdirməkdir. Davranışla əlaqədar olan milli və ümumbəşəri mənəvi dəyərlərə gənc nəsli məqsədyönlü, planlı və mütəşəkkil yiyələndirmək yolu ilə respublikamızın dövlət müstəqilliyini, sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü qorumağa, ölkəmizi inkişaf etmiş demokratik dövlətlər səviyyəsinə qaldırmağa qadir olan vətəndaşlar yetişdirmək tərbiyənin başlıca məqsədidir. Ölkəmizin indiki durumunda tərbiyədən gözlənilən bu nəticə ümumi, qlobal, strateji səciyyə daşıyır. Tərbiyə zamanı adamlara davranışla əlaqədar aşılanan milli və ümumbəşəri mənəvi dəyərlərin məcmuu tərbiyənin məzmununu təşkil edir. Bu cür mənəvi dəyərlər isə çoxdur. Məsələn; vətənpərvərlik tərbiyəsi zamanı adamlara aşılanan mənəvi keyfiyyətlər bunlardır: Azərbaycan Respublikasının ərazisi, uca dağları, müxtəlif ağaclı meşələri, gen dərələri, allı-güllü düzənləri, məhsuldar torpağı, tükənmək bilməyən yeraltı sərvəti, qədim kənd və şəhərləri və s. haqqında biliklər: vətən sevgisi, vətən eşqi, vətənə qayğı. Vətənin daha da çiçəklənməsi üçün var qüvvəsi ilə çalışmaq, vətən naminə döyüşə hazır olmaq, lazım gələrsə vətən yolunda canından keçmək; tarixdə vətənpərvərlik nümunələri göstərmiş şəxsləri yad etmək, onları heç vaxt unutmamaq və s. vətənpərvərlik tərbiyəsinin məzmununa aiddir. Tərbiyə zamanı davranışla əlaqədar adamlara aşılanan bu cür milli və ümumbəşəri dəyərlər şəxsiyyəti səciyyələndirən digər mənəvi keyfiyyətlərdə: əməksevərlikdə, qənaətcillikdə, gözəllik hissində, dünyagörüşdə, halallıqda, səxavətlikdə, ağıllılıqda, dostluqda və yoldaşlıqda, intizamlılıqda, insanpərvərlikdə, hörmətdə və s. də kifayət qədərdir. Tərbiyənin məzmununu təşkil edən belə mənəvi keyfiyyətlər tərbiyənin tərkib hissələrinə aid olan mövzuda daha ətraflı açılır. Tərbiyə müəllimin, şəxsiyyətin sosial münasibətlərinin təşəkkülünün təbiəti ilə harmonik şəkildə bağlı olan üç əsas şərtdən ibarət olan fəaliyyət sistemidir. Bu şərtlər uşağın şəxsiyyətinin inkişafının obyektiv amilləridir. Tərbiyə olunanın şəxsiyyəti- tərbiyəvi təsir obyektidir ki, tərbiyəçinin tərbiyəvi təsiri nəticəsində o, müəyyən dəyişikliklərə məruz qalır. Tərbiyə olunanın tərbiyəçinin təsirinə münasibəti- tərbiyəvi təsirə onun reaksiyasıdır. Şəxsiyyəti formalaşdıran keyfiyyətlər- şagirdin (tələbənin) biliyi, əqidələri və bacarıqlarıdır ki, bunlar da tərbiyənin nəticəsidir. Motivlər – tərbiyənin nəticəsinin alınmasına təhrik edən daxili qüvvədir. Davranış-hərəkət və fəaliyyətin xüsusiyyətləri, canlı varlıqların ətraf mühitlə qarşılıqlı əlaqəsidir. Tərbiyə prosesinə sistemli yanaşma sistemin mühitlə qarşılıqlı təsirini mütləq öyrənməyi nəzərdə tutur. Tərbiyə prosesindəki sistemləri ayırmaq və təhlil etmək üçün çoxlu meyarlar vardır. Bеləliкlə, tərbiyə prоsеsi məqsədyönlü ictimаi fəаliyyət sаhəsi оlub, gənc nəslin əqli, еstеtiк, fiziкi və əхlаqi-mənəvi inкişаfınа хidmət еdir, оnun dаvrаnış qаydаlаrınа, dünyаgörüşünə yiyələnməsi üçün yаşlı nəsillərin əldə еtdiyi təcrübə, biliк, bаcаrıq və vərdişlərlə silаhlаnmаsını nəzərdə tutur. Tərbiyə prosesi sisteminin modeli aşağıdakı meyarlara əsasən qurulmuşdur:
məqsədlər və vəzifələr meyarı;
tərbiyə prosesinin məzmunu, prosesin baş verdiyi şərait meyarı;
tərbiyəçilərlə tərbiyə olunanların qarşılıqlı təsir meyarı;
tətbiq olunan metodlar meyarı;
tərbiyə fəaliyyətinin formaları meyarı;
zaman kəsiyində prosesin inkişaf mərhələləri meyarı və s.
Dostları ilə paylaş: |