XI FƏSİL
AZƏRBAYCAN SƏFƏVİLƏR DÖVLƏTİ
Plan
Azərbaycan Səfəvi dövlətinin yaranması, I Şah İsmayıl.
Azərbaycan Səfəvi dövləti Şah I Təhmasibin dövründə.
Təhmasibin ölümündən sonra Səfəvi-Osmanlı müharibələrinin ikinci mərhələsi (1578-1590).
Azərbaycan Səfəvi dövləti I Şah Abbasın dövründə.
XVI-XVII əsrlərdə Azərbaycanın ictimai – iqtisadi həyatı
XVI-XVII əsrlərdə Azərbaycan mədəniyyəti, Azərbaycan intibah mədəniyyəti yüksəliş mərhələsində
11.1.Azərbaycan Səfəvi dövlətinin yaranması, I Şah İsmayıl.
Azərbaycan Səfəvi dövlətinin yaranmasının sosial-iqtisadi və siyasi şərtləri. XV əsrin ikinci yarısında Azərbaycanda yaranmış sosial-iqtisadi və siyasi şərait mərkəzləşmiş dövlətin yaranmasını tələb edirdi. Pərakəndəlik, müharibələr və feodal özbaşınalığı kənd təsərrüfatı və sənətkarlığın, ticarətin, mədəniyyətin tənəzzülünə səbəb olur, kənd və şəhər əhalisinin vəziyyətini ağırlaşdırdı. Bütün bunlar yadelli işğalçılara qarşı mübarizəni təşkil etməyi çətinləşdirir, mərkəzləşmiş dövlət yaradılmasını zəruri edirdi.
Mərkəzləşmiş dövlət yaradılmasında sənətkarlar, əkinçiliklə məşğul olan kənd əhalisi, tacirlər, orta və xırda feodallar, şəhər əhalisi maraqlı idi. Səfəvilər geniş xalq kütlələrinə arxalanaraq birləşdirmə ideyasını həyata keçirir, əhaliyə ədalətli qaydalar vəd edirdilər. Buna inanan geniş xalq kütlələri xilas yolunu şiəlik hərəkatında görür və səfəvilərin hakimiyyət uğrunda mübarizəsinə rəğbətlə yanaşırdılar.
Dostları ilə paylaş: |