İmmuniteti necə möhkəmləndirmək olar?
Əlbəttə ki, qəti şəkildə - “bütün xəstəliklərin səbəbi immunitetin zəif olması ilə əlaqədardır” – demək düzgün deyil. Xəstəliklərin əksəriyyəti müxtəlif səbəblərin toplanması nəticəsində baş verir, bu səbəblər arasında immunitet olmaya da bilər. Eyni zamanda bir çox müxtəlif xəstəliklər (həmçinin ağır və təhlükəli xəstəliklər) də vardır ki, onlar öz inkişafına məhz immunitetin zəiflənməsi zamanı başlayırlar. Buna görə immun sistemini hər zaman “döyüşə” tam hazır vəziyyətdə saxlamaq çox-çox vacibdir. Bəs bunun üçün nə etmək lazımdır?
Gəlin bir anlığa bədənlərindəki əzələ kütləsini aramsız olaraq artırmaqla məşğul olan kultiristlərə nəzər yetirək. Hər bir kultirist yaxşı bilir ki, o öz bədənindəki əzələləri nə qədər çox məşq etdirərsə (əlbəttə ki, müəyyən bir həddə qədər), nəticə də daha yaxşı olacaq: əzələlərin kütləsi daha çox “şişirdilmiş” olacaqdır. Yəni əzələ kütləsini artırmaq üçün müəyyən dərəcədə olmaqla daimi fiziki gərginlik tələb olunur. Əgər əzələlərin məşq etdirilməsi dayandırılarsa, əzələ kütləsi azalmağa başlayacaq və bir müddət keçdikdən sonra həmin adamın əvvəllər qaldıra bildiyi çəkilərə (və ya həmin fiziki yüklənməyə) gücü çatmayacaqdır. Digər tərəfdən, əgər trenajorlarda əldən düşənə qədər məşq edilərsə, əlbəttə ki, bu da heç bir yaxşı nəticə verməz və orqanizm bir müddətdən sonra sadəcə olaraq zəifləyəcəkdir.
İndi isə gəlin, bizim immun sistemi barədə olan söhbətə qayıdaq. Əzələlər kimi bu sistemin orqanlarını da “məşq etdirmək” lazımdır. Əgər bu edilməzsə, immun sistemi orqanlarının funksiyası zəifləyir. Bu isə onların vəzifə fəaliyyətinin də (orqanizm üçün “yad” hesab olunanların hamısına qarşı tez və adekvat şəkildə cavab vermək) zəifləməsinə səbəb olur. Bu səbəbdən də insanlar tez-tez soyuqlayır, infeksion xəstəliklərə tutulurlar və s.
Bəs immun sistemi orqanlarını necə “məşq etdirmək” olar? Axı onlar əzələ deyil. Ancaq bunu etmək mümkündür.
Misal üçün, müşahidələrə görə, hər cür vasitələrlə valideynləri tərəfindən hava cərəyanından (“skvoznyak”) qorunan, daim isti geyindirən, cüzi soyuq olduqda təmiz havaya çıxarılmayan və s. üsullar vasitəsilə “qorunan” uşaqlar daha tez-tez və daha ağır xəstələnirlər. Bu, eyni qaydada böyüklərə də aiddir.
Beləliklə, yaxşı sağlamlığın və yaxşı immunitetin əsası – sağlam (təbii) həyat tərzidir. Əfsuslar olsun ki, müasir insanlar bundan get-gedə daha da uzaqlaşırlar.
Dostları ilə paylaş: |