Düzgün və xeyirli qidalanma
Düzgün və xeyirli qidalanma immun sisteminin normal fəaliyyəti üçün böyük əhəmiyyətə malikdir.
İnsan orqanizmi üçün gündə 3 dəfə kifayət miqdarda olmaqla (səhər yeməyi, nahar və şam yeməyi)qida qəbul edilməsi vacibdir.
Bir çox mütəxəssislər qeyd edirlər ki, gün ərzində 4-cü qida qəbulu da (2-ci səhər yeməyi və ya ilkin nahar) məsləhət görülür. Bəs onlar bunu nə üçün təklif edirlər? Məsələ ondan ibarətdir ki, orqanizm üçün daha az miqdarda olan qidaları mənimsəmək daha asandır.
Ona görə də daha tez-tez, ancaq az miqdarda olmaqla qida qəbul edilməsi, birdən həddindən artıq yeməkdən daha yaxşıdır. Normada yeyilən qidanın həcmi o qədər olmalıdır ki, yemək masasından qalxdıqdan sonra insanda azca da olsa aclıq hissiyyatı qalsın.
Tam dəyərli səhər yeməyinin qəbul edilməsi çox vacibdir. Səhər yeməyi yeyən şəxslərdə, günorta zamanı həddən artıq yemək ehtimalı daha az olur. Səhər yeməyi sizə həmçinin enerji verərək daha yaxşı fikirləşməyə, işləməyə və ya oxumağa imkan verir.
Ona görə də səhər yeməyindən imtina etmək olmaz. Səhər oyanandan sonra ilk növbədə 1 stəkan təmiz su içmək məsləhət görülür. Bu məqsədlə adi süfrə mineral sularından da (tərkibindəki qazın xaric olması axşamdan stəkana tökərək saxlamaq lazımdır) istifadə etmək olar.
Yadda saxlayın ki, səhər yeməyi bağırsaq sistemini “oyadır”. “Tam dəyərli səhər yeməyi” dedikdə həkimlər heç də 1 fincan kofe və butrebrodu deyil, normal qida qəbulunu nəzərdə tuturlar. Mütəxəssislər səhər yeməyi zamanı sıyıqlar (yulaf, qarabaşaq, darı və s.), müsli (yulaf və qarğıdalı lopalarının yoqurtla, meyvə qurularla qarışığı), pendir, kəsmik, tostlar (bir qədər qızarmış çörək) yüngül tərəvəz salatları, təzə meyvələr, meyvə şirələri və s. bu kimi qidalar qəbul etməyi məsləhət görürlər. Kəpəkli çörək, pendir, pomidor, xiyar bağırsaqların fəaliyyətini stimullaşdırır.
Yeməyi həmişə sakit şəraitdə və tələsmədən yeməyə çalışmaq lazımdır.
Qida müəyyən təyin olunmuş vaxt qəbul olunmalıdır. Şam yeməyini yatmamışdan ən azı 2 saat əvvəl qəbul etmək lazımdır. Daha gec saatlarında qidanın qəbul edilməsi orqanizmin artıq yüklənməsinə gətirib çıxarır və immunitetin möhkəmlənməsinə kömək etmir.
Yatmazdan qabaq 1 stəkan yağsız kefir və ya yoqurt, alma, banan və s. bu kimi yüngül qidalar qəbul etmək olar.
Həddindən artıq yemək qəbul edilməsi kimi, qida qəbulları arasında uzun fasilələrin verilməsi də (məsələn, bəzi insanlar ancaq səhər və axşam vaxtı qida qəbul etməyə adət edirlər) zərərli hesab edilir.
Doymaq, ancaq bu zaman həddindən artıq yeməmək üçün qidanı yavaş-yavaş və yaxşı-yaxşı çeynəmək lazımdır. Bu, qidanı daha yaxşı xırdalamaq və bunun nəticəsində mədə-bağırsaq sistemini sağlam saxlamaq üçün çox vacibdir. Bilmək lazımdır ki, mədə-bağırsaq sisteminin sağlamlığı immun sisteminin normal fəaliyyəti üçün böyük rol oynayır. Bu səbəbdən də mədə-bağırsaq sistemi xəstəliklərinin profilaktikası qaydalarına mütləq əməl edin. Bu qaydaları yadınızda saxlayın:
1. Heç bir halda yemək vaxtı su, şirə və s. içkilər içməyin. Bu, qidanın həzm edilməsi prosesində mədənin işini pozur. Yeməkdən bilavasitə sonra da maye içmək məsləhət görülmür. Bunun üçün bir qədər gözləməyiniz daha yaxşıdır.
2. Kobud qidalara nisbətən yumşaq qidalara daha çox üstünlük vermək lazımdır. Qızardılmış, kəskin, duzlu qidaları maksimal şəkildə məhdudlaşdırmaq, suda və buğda bişmiş qidalara üstünlük verməyiniz məsləhət görülür. Ədviyyatlardan da çox az miqdarda istifadə etmək tövsiyə olunur.
3. Qida və içkilər mütləq ilıq şəkildə olmalıdır, onların isti, həmçinin soyuq şəkildə qəbul edilməsi yolverilməzdir. Ona görə də hətta isti yay günlərində də içkiləri otaq temperaturunda olmaqla qəbul etmək lazımdır.
4. Faydalı olmasından savayı, qidanın təzə olması və sterli şəraitdə hazırlanması da çox vacibdir. Keyfiyyətsiz qidaların qəbul edilməsi nəticəsində tez-tez baş verən qida zəhərlənmələri nəinki mədənin, həmçinin bütün mədə-bağırsaq sistemi xəstəliklərinin bilavasitə səbəbi olur.
Qidanı bir gün ərzində qəbul edilməsi şərti ilə hazırlamaq lazımdır ki, qida hər zaman təzə olsun. Bundan əlavə qidanı tez-tez qızdırdıqda onun tərkibində olan vitamin və mikroelementlər dağılmış olur.
5. Hər zaman ev şəraitində hazırlanan qidaların qəbul edilməsinə üstünlük vermək lazımdır. Kafe və restoranlarda qida qəbul edilməsinə isə yalnız nadir hallarda yol vermək olar. Müasir kafe və restoranların əksəriyyətində qidaların xeyirli olması barədə deyil, ilk növbədə onların dadlı və xarici görünüşünün daha çox iştahgətirici olması barədə düşünürlər. Bundan əlavə, kafe və restoranların bir çoxlarında sanitar - gigiyenik normalara heç də dəqiq şəkildə riayət olunmur.
“Fast-fud” adlanan qida qəbulu müəssisələri həkimlər tərəfindən xüsusi narazılıqla qəbul edilir. Məhz burada qəbul edilən qamburgerlər, dönərlər, bulkalar. Qızardılmış pirojkilər və s. bu kimi qidalar insan orqanizminə (xüsusilə də mədə-bağırsaq sisteminə) daha çox zərər vururlar. Belə qidaları bir müddət ərzində qəbul edənlər qidanın həzm edilməsində problemlərin yaranmasından, qarında ağrıların, qabırğaaltı sahədə ağırlıq hissiyyatının olmasından, gəyirmə, qəbzlik və digər əlamətlərin meydana çıxmasından və çəkinin artmasından əziyyət çəkməyə başlayırlar.
Gündəlik qida menyusu orqanizm üçün vacib olan bütün maddələr (zülallar, yağlar, karbohidratlar, vitaminlər, mikroelementlər) üzrə mütləq daha düzgün şəkildə balanslaşdırılmalıdır. Bunun üçün daha çox çiy meyvə və tərəvəzlər yemək, ancaq bu zaman heç bir qida zülalı qidanı nəzərdən qaçırmamaq lazımdır. Qida həm heyvani zülallar (ət, toyuq, balıq, süd məhsulları), həm də bitki mənşəli zülallarla (paxlalı bitkilər, soya, qoz-fındıq) zəngin olmalıdır.
Zülallardan imtina edilməsi və ya onların kəskin şəkildə azaldılması – immunitetin zəifləməsinə səbəb olan təhlükəli bir yoldur. Bunun səbəbi isə, immun sisteminin ən vacib vasitələrindən biri olan – təbiətdə heç bir digər yerdə təsadüf edilməyən immun molekulları sinfidir ki, bunlara da tibbi dildə “immunoqlobinlər” deyilir. İmmuniqlobinləri orqanizm özü hazırlayır. Ancaq orqanizmi tam dəyərli zülallarla təmin etməklə bu işdə ona kömək etmək çox vacibdir. İmmunoqlobulinləri hazırlamaq üçün lazım olan tam dəyərli zülallar isə ətdə, balıqda, paxlalılarda (noxud, lobya və s.) qoz-fındıqda vardır.
Yağlardan tamamilə imtina edilməsi də yolverilməzdir. Təbii ki, onların qəbulunu da müəyyən dərəcədə məhdudiyyətlər qoymaq lazımdır. Yağların əhəmiyyətini göstərmək üçün belə bir çox dəyərli məlumatı bilməyiniz vacibdir: orqanizmi “düşmənlərdən” xilas edən limfosit və makrofaq hüceyrələrinin divarları lipidlərdən (yağa oxşayan maddə) ibarətdir.
Dostları ilə paylaş: |