İmtahan Sualları Pedaqogika elminin təşəkkülu və inkişafı


Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri



Yüklə 53,03 Kb.
səhifə15/19
tarix02.04.2023
ölçüsü53,03 Kb.
#92592
1   ...   11   12   13   14   15   16   17   18   19
pedaqogika

Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri. Bu yaşda orqanizmin anatomik-fizioloji inkişafı yeni mərhələyə qədəm qoyur:
Kiçik məktəblilərin özlərinə məxsus psixoloji xüsusiyyətləri vardır: bu yaşda qeyri-ixtiyari diqqət, mexaniki hafizə, konkret təfəkkür üstünlük təşkil edir. Onların nitq bacarığı da zəif olur.
Bu yaşda əsas fəaliyyət növü təlimdir: təlimdə uşaq biliklərə yiyələnir, tərbiyə olunur və psixi cəhətdən inkişaf edir. Müəllim şagirdlərə öz təlim əməklərini düzgün təşkil etməyə, öyrənmənin səmərəli yollarını öyrətməyə çalışmalıdır. K.D.Uşinski bunu ibtidai təlimdə bilik verməkdən də vacib vəzifə hesab edirdi.
Kiçik məktəblilərlə təlim-tərbiyə işində bu yaşın xüsusiyyətlərini nəzərə almaq mühüm əhəmiyyət kəsb edir. Onlardan başlıcaları aşağıdakılardan ibarətdir: a) kiçik məktəblilər hər şeyi öyrənməyə can atırlar; bunu nəzərə alıb şagirdlərdə mütaliə tələbatı formalaşdırmaq lazımdır; b) uşaqlar şən, emosional təbiətə malikdirlər; müəllim və valideynlər bədii əsər və filmlərdən, canlı sözdən istifadə edib onlarda yüksək mənəvi hisslər (vətənə məhəbbət, xeyirxahlıq, qayğıkeşlik, diqqətlilik və s.) aşılamağa çalışmalıdırlar; c) kiçik məktəblilərdə ünsiyyət tələbatı güclüdür; bunu nəzərə alıb uşaqları kollektiv tədbirlərə, birgə oyuna, əməyə cəlb etmək, onlarda kollektivçilik, yoldaşlıq, dostluq, nəzakətlilik, qızlara qarşı diqqətlilik kimi keyfiyyətlər aşılamaq lazımdır;
ç) uşaqlar təsir altına tez düşür, müəllimə inanır, onun dediklərini sözsüz yerinə yetirirlər. Bundan şagirdlərin düzgün tərbiyəsi üçün istifadə edilməlidir;
d) ibtidai sinif şagirdləri müəllimin tapşırıqlarını böyük həvəs və səylə yerinə yetirirlər. Müəllim və valideynlər müəyyən tapşırıqlar sistemi tətbiq etməklə, uşaqları həvəsləndirməklə onlarda müsbət keyfiyyətlər tərbiyə etməyə nail ola bilərlər.
Yeniyetmə yaşının xüsusiyyətləri. Yeniyetməlik dövründə bir sıra anatomik-fizioloji xüsusiyyətlər özünü göstərir: boy sürətlə (ildə 6-8 sm) artır, ürək-damar sistemi isə zəif inkişaf edir, cinsi yetişmə baş verir. Nəticədə yeniyetmələr tez yorulur, bəzən də hövsələsiz və əsəbi olurlar.
Bu yaşda psixi inkişafda yeni keyfiyyət dəyişiklikləri baş verir: yeniyetmələrdə məntiqi hafizə, ixtiyari diqqət, mücərrəd təfəkkür, təxəyyül inkişaf edir. Yeniyetmə yaşında bəzi yeni psixoloji törəmələr özünü göstərir. Buraya böyüklük hissi, qızlarla oğlanların dostluğu, kollektivdə yaxşı mövqe tutmaq və məşhurlaşmaq meyli, özünüdərketmə tələbatı və s. daxildir.
Yeniyetmələr özlərini böyüklər kimi aparmağa çalışır, özlərinə qarşı böyüklər kimi münasibət tələb edirlər. Bəzən müəllim və valideynlər onların bu "böyüklük hissi" ilə razılaşmır, onlara uşaq kimi yanaşır, hər addımlarına nəzarət edir, yoldaşlarının yanında xoşagəlməz sözlər işlədirlər. Yeniyetmə oğlan və qız çox vaxt bu səbəbdən böyüklərə cavab qaytarır, bəzən mübahisə, hətta kobudluq edir. Onların bir qismi böyükləri yamsılamaqla bəzi neqativ hərəkətlərə (məktəbli formasından imtina etmək, papiros çəkmək, spirtli içki içmək və s.) yol verirlər.
Yeniyetmələrdə ünsiyyət və özünütəsdiq tələbatı güclüdür. Buna görə də məktəb və ailə onları birgə tədbirlərə, ictimai-faydalı işlərə, əmək və ünsiyyətə geniş cəlb etməklə bu əsas tələbatın ödənməsinə şərait yaratmalıdır.
Yeniyetmələr kollektivdə layiqli mövqe tutmağa can atırlar. Bu, özünütəsdiqin bir vasitəsidir. Yoldaşlarının yanında nüfuzdan düşmək, şərəf və ləyaqətini itirmək - yeniyetmə üçün ən böyük faciədir. Buna görə də yeniyetmə yoldaşlarının yanında deyilən qeyri-taktiki sözlərə, ədalətsizliyə, təhqirə dözmür, onlara kəskin reaksiya verir. Bu zəmində bəzən ciddi münaqişə yaranır.
Yeniyetmələrin həyatında kollektivin ictimai rəyi, yoldaşların fikirləri böyük təsirə malikdir. Müəllim onlar üçün əvvəlki yaşlardakı qədər nüfuz sahibi deyildir. Buna görə də tərbiyəçi sağlam kollektiv rəyin yaranmasına, təlim-tərbiyə işində ona istinad etməyə çalışmalıdır.
Bu yaşda yoldaşlıq və dostluq hissi güclənir və yeni məna kəsb edir. Yeniyetmələr dostluğa yüksək tələblər verirlər. Qızlarla oğlanların dostluğu baş qaldırır. Bu, böyüklük hissi və başqa cinsi öyrənmək tələbatı ilə bağlıdır. Belə dostluqdan qorxmaq lazım deyil; bu, sevgi yox, əsl dostluqdur, bacı-qardaş münasibətinə bənzəyir. Yeniyetmələrin açıq, kollektiv dostluğuna şərait yarat­maq lazımdır. Qızla oğlanın dostluğunu ələ salmaq, qadağan etmək olmaz. Əks halda o, xəlvəti dostluğa çevrilər və arzuolunmaz nəticələr verə bilər.
Yeniyetmələrdə hisslər güclü təzahür edir: onlarda adətən hövsələsizlik, çılğınlıq, tündxasiyyətlilik özünü göstərir. Bəzi yeniyetmələrin özlərini ələ ala bilməməsi, davranış və rəftarlarında kobudluq və kəskinlik, özünənəzarətin zəifliyi bununla bağlıdır. Yeniyetmə neqativizmi çox zaman yorğunluqdan, ədalətsizlikdən, kollektiv və yoldaşlarının mənfi münasibətindən irəli gəlir. Müəllim və valideynlər mənfi emosiyaları aradan qaldırmaqda və müsbət hisslərin möhkəmlənməsində yeniyetməyə kömək göstərməlidirlər.
Yeniyetmələrin müəyyən qismində (xüsusən oğlanlarda) təlimə maraq azalır. Bunun qarşısını almaq üçün onlarda təlimə müsbət motivlər, təlimə maraq və tələbat aşılamaq, özünütəsdiq tələbatını ödəmək, xarici və daxili stimulları gücləndirmək, onları özünənəzarətə, kiçik məktəblilərin təliminə köməyə cəlb etmək faydalıdır.
Yeniyetmələr arasında bəzən intizamsızlıq, qanunpozma halları müşahidə olunur. Bu isə, adətən, ailələrdə qeyri-normal tərbiyə şəraiti ilə, münaqişələrlə, yeniyetmə nəzarətsizliyi, onların mənfi küçə təsiri altına düşməsi ilə (xuliqanlıq, oğurluq, sərxoşluq, narkomaniya və s.) bağlıdır. Belə halların qarşısını almaq üçün yeniyetmələrin asudə vaxtını səmərəli təşkil etmək, onları idmana, incəsənətə, mütaliəyə, ictimai işlərə, sosial ünsiyyətə cəlb etmək lazımdır.
Yeniyetmə neqativizmini bəzən yaşın "böhranı" kimi səciyyələndirirlər. Əslində isə, bunu yaşın çətinlikləri kimi izah etmək daha düzgündür. Yeniyetməlik uşaqlıqdan gəncliyə keçid dövrüdür: onlarda həm uşaqlıq, həm də gənclik əlamətləri özünü göstərir. Keçid dövrü müəyyən çətinliklərlə bağlıdır. Əsas çətinlik böyüklərlə yeniyetmələrin münasibətindəki çətinlikdir. Yeniyetmələrin yaş xüsusiyyətlərini nəzərə almaqla, onların tələbatlarını ödəmək üçün şərait yaratmaqla, onlarla düzgün ünsiyyət qurmaqla, onları faydalı işlərə cəlb etməklə bu çətinlikləri aradan qaldırmaq mümkündür.

Yüklə 53,03 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin