Sual 9 Pedaqoji proses bir sistem kimi mərhələləri və metodları Pedaqoji proses dedikdə, şəxsiyyətin tərbiyəsi, təhsili, təlimi və inkişafı ilə bağlı aparılan bütün məqsədyönlü, planlı və mütəşəkkil işlər nəzərdə tutulur.
Pedaqoji proseslər silsilə xarakteri daşıyır. Bütün pedaqoji proseslərin inkişafında eyni mərhələlər nəzərə çarpır. Mərhələlər prosesin tərkib hissələri deyil, onun inkişaf ardıcıllığıdır. Pedaqoji prosesin üç başlıca mərhələsi – hazırlıq, əsas, yekun mərhələləri vardır.
Pedaqoji prosesin hazırlıq mərhələsində prosesin nəzərdə tutulmuş istiqamətdə və sürətlə baş verməsi üçün zəruri şərait yaradılır. Bu mərhələdə aşağıdakı mühüm vəzifələr həll olunur: qarşıya məqsədin qoyulması, şəraitin diaqnostikası, nailiyyətlərin proqnozlaşdırılması, prosesin inkişafının planlaşdırılması və s. Məqsədin müəyyənləşdirilməsi və əsaslandırılması təhsil sisteminin qarşısında duran ümumi pedaqoji məqsədi konkret vəzifələrə çevirmək deməkdir. Buna pedaqoji prosesin müəyyən kəsiyində və konkret şəraitində nail olunur. Məqsəd pedaqoji prosesin konkret sistemi ilə bağlıdır. Pedaqoji prosesin bu mərhələsində ümumi pedaqoji məktəbin tələbləri ilə tədris müəssisələrinin, şagird kontingentinin konkret imkanları arasında ziddiyyətləri aşkara çıxarılır və planlaşdırılan prosesdə həmin ziddiyyətlərin həlli yolları nəzərdə tutulur. Pedaqoji prosesin əsas məqsədini və vəzifələrini diaqnostikasız müəyyən etmək mümkün deyil. Pedaqoji diaqnostika pedaqoji prosesin baş verəcəyi şərtləri və şəraiti aydınlaşdırmaq istiqamətində aparılan tədqiqatdır. Onun başlıca məqsədi nəzərdə tutulan nəticələrə nail olmağa kömək və ya mane ola biləcək səbəblər haqqında aydın təsəvvür əldə etməkdir. Diaqnostika prosesində pedaqoq və şagirdlərin real imkanları, onların əvvəlki hazırlıq səviyyəsi, prosesin baş verdiyi şərait, bir çox digər vacib şərtlər haqqında lazım olan bütün informasiyalar toplanılır. Bundan sonra pedaqoji prosesin gedişi və nəticələri proqnozlaşdırılır. Proqnozlaşdırmanın mahiyyəti ondan ibarətdir ki, burada proses başlamazdan qabaq mövcud konkret şəraitdə əldə ediləcək mümkün nəticələrə ilkin qiymət verilir. Proqnozlaşdırma mürəkkəb metodikalarla həyata keçirilir. Pedaqoqlar pedaqoji prosesin az səmərəli olacağını və ya arzuolunmaz nəticələrə gətirib çıxaracağını gözləmədən onun planlaşdırılmasına və gedişinə fəal müdaxilə etmək imkanı qazanırlar .