3.Şirvanşahlar və Eldənizlər dövləti
Səlcuqlar Azərbaycanda ənənəvi dövlətçiliyi tam ləğv etmədilər. Şirvanşah I Fəribürz (1063-1096) səlcuqlardan asılı olsa da, daxili müstəqilliyini qoruyub saxladı. Səlcuq imperiyası dağılandan sonra Şirvanşahlar yenidən dirçəlməyə başladı.
XI əsrin sonu XII əsrin əvvəllərində Gürcüstanın Şirvanşahlarla yaxınlaşmasının əsas səbəbi onunla birləşib səlcuq türklərinə qarşı mübarizə aparmaq idi. Bu məqsədlə gürcü çarı IV David Şirvanşahlarla yaxınlaşmağa cəhd edirdi. Bu məqsədlə öz qızı Tamarı Şirvanşah III Mənuçöhrə ərə verdi. Onun burada məqsədi Şirvanşahlardan səlcuqlara qarşı yardım almaq və Azərbaycanın qərb torpaqlarını gələcəkdə ələ keçirmək, ümumiyyətlə, müsəlman-türk amilini Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq idi. IV David eyni zamanda Bizans və qıpçaqları da öz tərəfinə çəkdi. Qızını Bizans imperatorunun oğluna verdi, özü isə qıpçaq hökmdarının qızı ilə evləndi. Səlcuqlara qarşı mübarizədə istifadə etmək üçün 45 min qıpçaq türkünü Gürcüstan ərazisində yerləşdirdi. 1121-ci ildə IV David Didqori döyüşündə Avropa səlibçiləri, qıpçaq türkləri və alanların köməyi ilə səlcuqları məğlub etdi. Bu döyüşdən sonra Tiflis müsəlman əmirliyi ləğv edildi (1122) , Tiflis gürcülərin əlinə keçdi.
Gürcülərin qüvvətlənməsi ilə III Mənuçöhr (1120-1160) səlcuqlardan üz döndərdi və onlarla səlcuqlara qarşı ittifaq bağladı. Şirvanşah III Mənuçöhrün səlcuq türkləri ilə ənənəvi əlaqəni pozub gürcülərlə yaxınlaşması onun xarici siyasətində səhv addım idi. Buna cavab olaraq, 1123-cü ildə İraq səlcuq sultanı Mahmud Şirvana hücum etdi. Lakin birləşmiş Şirvan, gürcü, qıpçaq qüvvələri tərəfindən məğlub edildi və Şirvanı tərk etdi. Şirvanşahın səlcuqlardan üz döndərməsi Azərbaycan üçün ağır nəticələr verdi. Bundan istifadə edən IV David 1123-1124-cü illərdə dəfələrlə Şirvana yürüşlər etdi. Gülüstan, Qaleybuğurd qalalarını, Şamaxını ələ keçirdi, burada gürcü qoşunlarını yerləşdirdi. Lakin IV Davidin ölümündən sonra (1125) gürcülər Şirvanı tərk etdilər.
III Mənuçöhr və I Demetre (1125-1155) arasında münasibətlər sülh şəaritində olmuşdu. XII əsrin 30-60-cı illərində Şirvanşahlar dövləti Cənubi Qafqazda ən qüdrətli dövlətə çevrilmişdi.
1160-cı ildə III Mənuçöhrün ölümündən sonra Şirvanda vəziyyət yenidən mürəkkəbləşdi. Qarışıqlıqdan istifadə edən III Mənuçöhrün arvadı Tamar bəzi əyanların köməyi ilə Şirvanşah taxtına kiçik oğlunu çıxarmaqla Şirvanı Gürcüstana birləşdirməyə cəhd etdi. Lakin Eldənizlərdən kömək alan III Mənuçöhrün böyük oğlu I Axsitan (1160-1196) onları dəf etdi və hakimiyyətini möhkəmləndirdi. Tamar gürcü əyanları ilə öz vətəninə getdi və ömrünün sonuna qədər rahibəliyə qapandı.
I Axsitan atasının səhvini düzəldərək səlcuq türkləri ilə dostluq münasibətlərini bərpa edib, ömrünün sonuna qədər Eldənizlərlə dostluq əlaqəsində oldu. Eyni zamanda gürcü çarları ilə də dostluq əlaqəsini kəsməmişdi. Gürcü çarı III Georginin bacısı qızı ilə evləndi və 1173-cü ildə gürcü əyanlarının Georgiyə qarşı üsyanlarının yatırılmasında iştirak etdi. Azərbaycanı şimal torpaqlarında siyasi sabitlik, qonşu dövlətlərlə mehriban münasibətlər yaradıldı, Dərbənd keçidi möhkəmləndirildi. I Axsitanın dövründə Dərbənd Şirvanşahlardan asılı vəziyyətə düşdü. Şirvanın müdafiə qüdrəti artdı. Ölkənin ərazisində bir sıra yeni qalalar, qüllələr tikildi, sədlər çəkildi və köhnələri bərpa olundu.
Şirvanşahlar 1175-ci ildə 73 gəmidən ibarət slavyan donanmasını Xəzər dənizində məğlub etdi. Lakin slavyanlar Kür çayı ilə Ləmbərana qədər irəlilədilər, Dərbənd və Şabran qıpçaqlar tərəfindən tutuldu. Amma I Axsitan slavyanları və qıpçaqları məğlub edərək ölkədən qovdu. Hər iki döyüşdə gürcü qoşunları ona kömək etdi. Gürcülərin arasında Bizans imperatorunun oğlu Andronik Komnin də var idi.
1192-ci ildə baş verən zəlzələ nəticəsində Şamaxı dağıldı. Şəhər əhalisinin xeyli hissəsi ,o cümlədən I Axsitanın ailəsi məhv oldu. Şirvanşahların paytaxtı Bakıya köçürüldü.
Böyük Səlcuq imperiyası dağıldıqdan sonra İraq, İran və Cənubi Qafqazın bir hissəsini, Kürdən cənubda Azərbaycan torpaqlarını əhatə edən İraq Səlcuq sultanlığı (1118-1194) yarandı. XII əsrin 30-cu illərində Kürdən cənubda Azərbaycan torpaqlarında Atabəy Eldənizlər dövləti meydana çıxdı.
Bu dövlətin əsasını Şəmsəddin Eldəniz qoymuşdu. Tarixi mənbələrə görə o, Dərbənddən qul kimi alınmış və Bağdada gətirilmiş, səlcuq sultanının vəzirinə satılmışdı. Vəzir öldükdən sonra səlcuq sultanının sarayına düşmüş və öz şəxsi bacarığı sayəsində səlcuq qoşunlarının baş komandanı vəzifəsinə yüksəlmişdi. Sultan II Toğrul ona “əmir” rütbəsi vermiş və ona oğlu Arslanşahın atabəyi (qəyyumu) təyin etmişdi. II Toğrul öldükdən sonra qardaşı Məsud (1135-1152) hakimiyyətə gəlmiş, Eldənizi qardaşının dul qalmış qadını Mömünə xatunla evləndirmiş və 1136-cı ildə Aranı iqta şəkilində ona verərək ,oranın idarəsini Eldənizə tapşırmışdı. Eldəniz Bərdəni özünə iqamətgah seçdi, Azərbaycan əyanlarını öz tərəfinə çəkərək mövqeyini möhkəmləndirdi və Atabəy (Eldənizlər) dövlətinin və Eldənizlər sülaləsinin əsasını qoydu (1136)
İqta şəklində aldığı Arandan başqa, Azərbaycanın cənub torpaqlarını, habelə Naxçıvanı müstəqil idarə etməyə və adına pul kəsdirməyə başlayan Eldəniz ( 1136-1175) 1160-cı ildə “Böyük Atabəy” titulunu aldı. Atabəyi olduğu Arslanşahı (1161-1176) İraq Səlcuq sultanlığının taxtına çıxardı. Beləliklə, bütün İraq Səlcuq sultanlığının idarəçiliyini ələ keçirdi. Ali dövlət vəzifələrini öz yaxın adamlarına tapşırdı. Böyük oğlu Məhəmməd Cahan Pəhləvanı sarayın hacibi, digər oğlu Qızıl Arslanı qoşunların ilk komandanı təyin etdi. Şirvanşahlar Eldənizlər dövlətindən asılı oldu. Dəbil daxil olmaqla Ermənistan ərazisini ələ keçirdi. Dəfələrlə Gürcüstana hərbi səfərlər etdi. Eldənizin hakimiyyətinn sonunda Eldənizlər dövləti Dərbənddən Fars körfəzinə qədər ərazini əhatə edirdi. Eldəniz mərkəzi hakimiyyəti gücləndirmiş, iqta verdiyi əmirlərin qoşunundan başqa, özü də 50 minlik nizami qoşun saxlayırdı. Eldənizlərin idarə etdiyi Atabəylər dövləti sənətkarlıq və ticarətin tərəqqisinə, kənd təsərrüfatının inkişafına, mədəni oyanışa səbəb oldu.
Eldənizin ölümündən sonra hakimiyyətə oğlu Məhəmməd Cahan Pəhləvan(1175-1186) keçdi. O, mərkəzdən qaçan feodalalrın müqavimətini qırdı və mərkəzi hakimiyyəti daha da möhkəmləndirdi. 1175-ci ildə paytaxtı Naxçıvandan Həmədana köçürdü. Təbrizi Ağsunqurilərdən aldı. Azərbaycanı idarə edilməsini qardaşı Qızıl Arslana tapşırdı və onun iqamətgahı Təbriz oldu. O, əsas vəzifələrə öz qohumlarını təyin etdi. Ölkənin qərb torpaqlarını ələ keçirməyə çalışan gürcü feodallarına böyük zərbə vurdu. Ömrünün sonunda dövlətin ərazisini oğlanları arasında böldü. Azərbaycanı idarəçiliyini Əbu Bəkrə tapşırdı.
Məhəmməd Cahan Pəhləvanın ölümündən sonra hakimiyyətə qardaşı Qızıl Arslan (1186-1191) keçdi. O, uzun müddət saray müxalifətinə və iri feodal qruplarına qarşı mübarizə aparmış, saray müxalifətini aradan qaldırmaq üçün qardaşının dul qadını İnanc Xatunla evlənmişdi. 1190-cı ildə müxalifətin başında duran sultan III Toğrulu Həmədan yaxınlığında məğlub edib əsir almışdı. Xəlifə ən-Nasirin razılığı ilə Qızıl Arslan 1191-ci ildə özünü sultan elan etdi. O, sultan tituluna layiq görülən ilk Azərbaycan Atabəyi idi. Lakin onun yaratdığı sabitlik uzun müddət davam etmədi. İri feodalalr arvadı İnanc Xatun vasitəsilə ona sui-qəsd təşkil edərək öldürdülər. Hakimiyyətə keçən qardaşı oğlu Əbu Bəkrin (1191-1210) dövründə hakimiyyət uğrunda mübarizə yenidən kəskinləşdi. Məhəmməd Cahan Pəhləvanın digər oğlanları Əmir Əmran, Qutluq İnanc, həbsdən qaçan sultan III Toğrul hakimiyyət uğrunda mübarizəyə başladılar. Qutluq İnanc Xarəzmşah Təkəşlə ittifaqa girərək III Toğrulu məğlub edib (1194) öldürdü. Təkəş bundan istifadə edib Xorasan, Rey və Həmədanı ələ keçirdi. Qutluq İnancla Təkəş arasında baş verən döyüşdə Qutluq İnanc öldürüldü (1196) . Əbu Bəkir Xarəzm qoşunları üzərində bir neçə qələbə çalsa da, qələbəsini möhkəmlədə bilmədi və Təkəş tutduğu torpaqları əlində saxladı.
Eldənizlər sarayındakı vəziyyətdən Şirvanşahlar və gürcülər istifadə etməyə cəhd etdilər. I Axsitan öz qızını Əmir Əmrana verdi. Əmir Əmran Şirvanşah və gürcülərdən kömək alaraq Şəmkir və Beyləqan ətrafında Əbu Bəkri məğlub etdi (1194). O, hiylə ilə Gəncəni ələ keçirdi, lakin gürcülər çəkilib gedən kimi əhali üsyan qaldırıb onu öldürdü, Gəncə yenidən Əbu Bəkrin hakimiyyəti altına keçdi. Əbu Bəkir sərxoşluq edir və ölkənin müdafiəsinə diqqət vermirdi. Bundan istifadə edən gürcülər 1203-cü ildə hücum edib Gəncəni qarət etdilər. Sonra isə Gürcü feoaddalrının dəstələri Azərbaycanın cənubuna hücum edib şəhər və kəndləri qarət etməyə başladılar. Təbrizi idarə edən Zahidə xatun( Məhəmməd Cahan Pəhləvanın arvadı) çoxlu pul verməklə şəhəri gürcülərin talanından qurtardı. Ölkənin müdafiəsini təşkil edə bilməyən Əbu Bəkr gürcü çarının qızı ilə evlənməklə vəziyyəti qaydaya salmaq istədi. Əbu Bəkrin ölümündən sonra hakimiyyətə gələn Özbəyin (1210-1225) dövründə Eldənizlər dövlətinin süqutu daha da sürətləndi.
IX-XII əsrlərdə Azərbaycanda müstəqil dövlətlərin yaranması iqtisadi dirçəlişə şərait yaratdı, yadelilərin təbii sərvətləri talamasının qarşısını aldı. Azərbaycan Yaxın və Orta Şərqin iqtisadi cəhətdən inkişaf etmiş ölkələrindən biri idi. XI əsrin ortalarında Səlcuq imperiyası tərkibinə daxil olan Azərbaycanın digər ölkələrlə əlaqələri daha da genişləndi. Bütün imperiyada vahid pul sisteminin tətbiqi ticarətin inkişafına şərait yaratdı. XII əsrdə Şirvanşahların müstəqillik qazanması, Elənizlər dövlətinin yaranması ölkənin təsərrüfatını canlandırdı.
IX-XII əsrlərdə cəmiyyətin əsas istehsalçıları kəndlilər idi. Kəndlilər iki yerə - uluclara və azad (icmaçı) kəndlilərə bölünürdülər. Uluclar asılı kəndli idilər. Feodal özbaşınalığından qurtarmaq üçün kəndlilər ərəb feodallaına sığınmalı olurdular, nəticədə həmin kəndlilərin torpağı həmin feodalın əlinə keçirdi. Bu ilcə (hami) torpaqları adlanırdı. Uluclar düzənlik ərazidə daha geniş yayılmışdı. Azad kəndlilər, əsasən, dağlıq ərazilərdə yaşayırdılar.
Azərbaycanda aşağıdakı torpaq mülkiyyət formaları var idi: 1. Mülk( əmlak) torpaqları; 2. Xass torpaqları; 3. Dövlət (divan) torpaqları; 4. İqta torpaqları; 5. Vəqf torpaqları; 6. Camaat (icma) torpaqları.
Böyük Səlcuq imperiyası yarandıqdan sonra bütün Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda torpaq mülkiyyət forması və vergi sistemində müəyyən dəyişiklik baş verdi. Səlcuq imperiyası dövründə Azərbaycanda iqta başlıca torpaq mülkiyyət formasına çevrildi. Səlcuq sultanları mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün ,hərbi-siyasi dayaq yaratmaq məqsədilə imperiyanın bütün ərazisini hərbi xidmət müqabilində iqta şəkilində səlcuq əmirləri arasında bölüşdürdü. Məlikşah 46 min səlcuq süvarisinə iqta vermişdi. Sonralar həmin torpaqların mülkə çevrilməsi prosesi başlandı. Səlcuqların dövündə yaranan torpaq mülkiyyət formalarından biri uc torpaqları idi. Bu torpaqlar sərhədlərin qorunması müqabilində verilən torpaqlar idi.
Əsas vergilər xərac, cizyə, xüms, zəkat( sədəqə) idi. Torpaqdan istifadə müqabilində kəndlidən xərac alınırdı. Xəracı toplamaq üçün ayrı-ayrı şəxslərə verilən icarə sənədi qəbalə adlanırdı. Xərac toplayan vergi məmuru mütəqəbbil və ya amil, maliyə müfəttişi mütəsərrif adlanırdı. Müsəlman olmayanlardan can vergisi cizyə alınırdı.
Səlcuqların dövründə ənənəvi vergilərlə yanaşı, yeni vergi növləri meydana çıxdı. Mal üs-silah (silah pulu), şərab bahası (şərab pulu), nal bahası (nal pulu) və s. Vergiləri alınırdı. Bu zaman alınan vergilərin sayı 19-a çatırdı.
IX-XII əsirlərə aid mənbələrdə Azərbaycanda kənd təsərrüfatının inkişaf etdiyi qeyd edilir. Əkinçilik əhalinin əsas məşğuliyyət sahəsi idi. Mil və Muğanda geniş suvarma şəbəkəsi vardı. Araz və Səfrud çayları boyunda, Şirvan və Şəkidə dənli bitkilər geniş yayılmışdı, Şirvan və Dərbənddə zəfəran, kətan, Lənkəran və Şəkidə çəltik, Bərdədə ipək və boya istehsal olunurdu. Əmək alətləri daha mükəmməlləşmişdi. Azərbaycanda bağçılıq və bostançılıqda inkişaf etmişdi. Təbrizdə 900 kəhriz var idi. Mal-qara qışlaq və yaylaq şəraitində bəslənirdi. Çay və dəniz sahilində yaşayan əhali balıqçılıqla məğul olurdu. Lakin feodal dağınıqlığı ,ağır vergilər kənd təsərrüfatının inkişafına mənfi təsir edirdi.
Azərbaycanda sənətkarlığın inkişafı üçün hər cür imkan olmuşdu. IX-XII əsrlərdə sənətkarlıq inkişaf edir, onun yeni-yeni sahələri yaranırdı. Müstəqil dövlətlərin yaranması bu sahənin inkişafına müsbət təsir etmişdi.
Azərbaycanın zəngin yeraltı və yerüstü sərvətləri haqda ərəb səyyahları məlumat vermişdilər. Şiz ətrafında qızıl, qurğuşun, gümüş, sarı arsen, Aran şəhərində qızıl və gümüş çıxarılırdı. Gəncə, Gədəbəy, Savalan ətrafında dəmir filizi yataqları var idi. Təbriz və Naxçıvanda daş duz, Bakı göllərində və Urmiyada yüksək keyfiyyətli duz emal edilirdi. Azərbaycanda boyaq istehsal edilir və bir hissəsi xarici ölkələrə ixrac olunurdu. Toxuculuq inkişaf etmiş sahələrdən biri idi. Sənətkarlığın inkişafı ticarətin genişlənməsinə təsir edirdi.
Sənətkarlıq və ticarətin inkişafı şəhərlərin genişlənməsinə təsir edirdi. Şəhərlər iki hissədən ibarət idi. İçəri şəhər və bayır şəhər. Zaman keçdikcə şəhərlər böyümüş qala divarlarından kənara çıxmış, bayır şəhər əmələ gəlmişdi. Şəhərin ən gur yeri bazar meydanı idi. Şəhərdə əhalinin əksəriyyətini sənətkarlar təşkil edirdi.
Azərbaycanın şimalında “Arranın anası” adlanan Bərdə daha çox inkişaf etmişdi. Xilafətin canişinlərinin iqamətgahı burada yerləşirdi. Əl-İstəxri, ibn Hövqəl ,əl-Müqəddəsi və b. Bərdədə istehsal olunan məhsullar, onun bazarı haqqında ətraflı məlumat verirlər. Lakin slavyanların hücumu zamanı şəhər dağıdılmış, qarət edilmiş, qırğınlar törədilmş və bir daha əvvəlki abadlığına qayıda bilməmişdi.
Bəhs edilən dövrdə Azərbaycanın mühüm şəhərlərindən biri də Gəncə idi. Bərdənin dağılmasından sonra Azərbaycanın şimalında birincilik Gəncəyə keçdi. Şəhərdə 500 min əhali yaşayırdı. Gəncə Cənubi Qafqazda və Yaxın Şərqdə ən böyük sənətkarlıq və ticarət mərkəzi idi. 1139-cu ildə baş verən zəlzələ nəticəsində şəhər tamam dağılmış, 300 minə qədər insan həlak olmuşdu. Kəpəz dağının başının uçması nəticəsində Göygöl gölü yaranmışdı. Bu zaman gürcülər hücum edərək şəhərin xarabalıqlarından qızıl-gümüş yığmışdılar. Onarı Səlcuq canişini Qara Sunqur buradan qovmuşdu.
Naxçıvan Səlcuqların və Eldənizlərin dövründə mühüm sənətkarlıq və ticarət mərkəzinə çevrilmişdi. Şəhər Eldənzilər dövlətinin paytaxtlarından biri idi. Şəhərdə saraylar, məqbərələr, imarətlər, məscidlər, mədrəsələr tikilmişdi.
Eldənizlər dövrünün seçilən şəhərlərindən biri də Beyləqan olmuşdu. Azərbaycanı cənubuna gedən ticarət yolları buradan keçirdi. Şəhər eyni zamanda mühüm strateji məntəqə idi. Beyləqanda 40 min əhali yaşayırdı. Burada 30 növ sənət və peşə sahəsinin olduğu qeyd edilir.
Beynəlxalq ticarət yolu üzrəində yerləşən Rəvvadilərin və Eldənizlərin paytaxtı olan Təbriz Avropa və Asiya arasında mühüm ticarət mərkəzi idi. Təbrizin nadir xalçaları, ipək parçaları və başqa toxuculuq məhsulları dünya bazarlarında şöhrət qazanmışdı. Təbriz Şərqin mühüm elm və mədəniyyət mərkəzlərindən biri idi. Eldənizlərin zərbxanalarından biri burada yerləşirdi.
Xəzər dənizi sahilində ən böyük liman şəhəri Dərbənd idi. Şəhər möhkəm qala divarları ilə əhatə olunmuşdu. Burada sənətkarlıq, xüsusi ilə dulusçuluq və toxuçuluq inkişaf etmişdi. X əsrdə şəhərdə kanalizasiya sistemi var idi.
Bakı IX-XIII əsrlərdə Dərbənddən sonra Azərbaycanın ikinci liman şəhəri olub özünün “neft buruqları” ilə məşhur idi. O sənətkarlıq və ticarət şəhəri sayılırdı. Ərəb müəlliflər burada dünyanın heç bir yerində olmayan ağ neftdən, göylərə yüksələn alovdan, vulkan püskürməsindən bəhs etmişlər.
Şabran və Şamaxı şəhərləri də mühüm ticarət və sənətkarlıq mərkəzləri idi. Şamaxıda çoxlu ipək istehsal edilirdi. XI-XIII əsrlərdə Azərbaycanın xam ipəyi Şamaxıdan şimali İtaliyaya və Fransaya ixrac olunurdu.
Aranda Dərbənd və Bərdədən sonra böyük şəhər Tiflis idi. Mənbələrdə burada suyu odsuz qaynayan hamamların olmasından bəhs edilir.
IX əsrin ortalarından başlayaraq Xilafətin süqutu nəticəsində Azərbaycanda müstəqil dövlətlər meydana gəldi, siyasi dirçəliş başladı, qədim dövlətçilik ənənəsi bərpa edildi və bütün bunlar elmin, maddi və mənəvi mədəniyyətin inkişafına əlverişli şərait yaratdı və Azərbaycan mədəniyyətində yüksəliş başladı. Xilafətdə yaranmış ümumi müsəlman mədəniyyətinə Azərbaycan xalqının nümayəndələri də mühüm töhfələr verirdilər. IX-XII əsrlərdə Azərbaycan dünya sivilizasiyasının mühüm mərkəzlərindən birinə çevrilmişdi.
Məktəb və mədrəsələr. Elm. Azərbaycanda müstəqil dövlətlərin yaranması iqtisadi inkişafla yanaşı, mədəniyyətdə də yüksəlişə şərait yaratdı. Dövrün əsas təhsil müəssisələri mədrəsələr idi. Onlar, əsasən, şəhərlərdə, ayrı-ayrı məhəllələrdə fəaliyyət göstərirdi. Tədris ərəb dilində aparılır, əsasən, Quran öyrədilir, həm də bir sıra dünyəvi elmlər haqqında məlumat verilirdi. Mədrəsələri bitirən imkanlı gənclər şərqin iri mədəniyyət mərkəzlərində öz təhsillərini davam etdirirdilər.
Azərbaycan Şərq intibahı adlanan mədəni oyanışın mərkəzlərindən biri idi. Azərbaycan alimləri ümummüsəlman elminin inkişafında böyük rol oynamışdılar. Onların arasında görkəmli filosoflar, filoloqlar, astronomlar, hüquqşünaslar, təbiblər və s var idi. Məkki ibn Əhməd əl – Bərdəi, Səid əl-Əzdi, Əbdüləziz Bərdəi islam hüququnun mahir biliciləri idilər. İbn Sinanın şagirdi olmuş Bəhmənyar ibn Mərzban şərq və yunan fəlsəfəsinin dərin bilicisi idi və bir sıra fəlsəfi əsərin müəllifidir. Onun əsərləri bir çoxdünya xalqlarının dillərinə tərcümə edilmişdi. Digər Azərbaycan filosofu Eynəlqüzzat Miyanəçi həm bir sıra fəlsəfi əsərlərin, həm də bir çox şirin rübailərin, incə lirik şerlərin müəllifidir. O, 32 yaşında rühanilər tərəfindən qətlə yetirilmişdi.
Dövrün görkəmli şəxsiyyətlərindən biri olan Xətib Təbrizi (1030-1109)ilk təhsilini Təbrizdə almış, sonra Şərq ölkələrinə səyahətə çıxmış, Bağdadın “Nizamiyyə” mədrəsəsində 40 il fəaliyyət göstərmişdir. O, bir sıra elm sahəsi ilə məşğul olmuş, daha çox filoloq kimi məşhur idi. Uzun müddət yad ölkələrdə yaşasa da, öz ana dilini unutmamışdı. XII əsrin görkəmli alim-astronomu Fazil Fəridəddin Şirvanı 30 il astronomiya ilə məşğul olmuşdu.
Ədəbiyyat. IX-XII əsrlərdə Azərbaycan ədəbiyyatında iki cərəyan: şifahi xalq yaracılığı və peşəkar ədiblərin yazdığı klassik ədəbi nümunələr mövcud idi. Şifahi xalq yaradıcılığının ən gözəl nümunəsi “Kitabi-Dədə Qorqud” dastanıdır. Xalq içərisində yaranmış bu dastan el sənətkarları- ozanların dilində el-el, oba-oba gəzir və cilalanırdı. Onun ilk orta əsrlərdə konkret bir şəxs tərəfindən yazıya alınması Azərbaycan türk dilinin qədim yazılı ədəbiyyat ənənəsinə malik olduğuna sübutdur.
Xalq ədəbiyyatından fərqli olaraq ,yazılı ədəbi nümunələr ayrı-ayrı feodal saraylarında və şəhərlərdə meydana çıxırdı. Bu dövrdə fars dli ərəb dilini üstələmişdi, fars dilində olan ədəbi nümunələr çoxluq təşkil edirdi. Bu, bir tərəfdən, Azərbaycan feodal hakimlərinin ərəb və fars dilinə üstünlük vermələrindən və sifarişlərindən, feodal saraylarında hökmranlıq edən ədəbi mühitlə bağlı idi. Digər tərəfdən, Azərbaycan şairlərinin Şərq ölkələrinin ədəbi mühiti ilə sıx əlaqədə olub ənənəyə əməl etdiklərindən irəli gəlirdi.
Tanınmış dilçi və ədəbiyyatşünas Ömər Gəncəyi bir sıra gözəl şerlərin də müəllifidir. Bütün ömrünü qürbətdə yaşamış şairin şerlərində vətən həsrəti əsas yer tutur.
Əbül Ula Gəncəvi (1096-1159) Gəncədə doğulmuş, ömrünün sonunu Şirvanşahlar sarayında keçirmiş və şirvanşah hökmdarlarına bir çox qəsidələr həsr etmişdi. Məliküşşüəra ( şairlər-şairi) titulunu almışdı. Azərbaycan intibah ədəbiyyatının görkəmli nümayəndələrindən biri Fələki Şirvani idi. Şairin taleyi uğursuz olmuş, mal-dövləti əlindən alınmış, həbsdə “Həbsiyyə” qəsidəsini yazmışdı. Onun yaradıcıllığında humanizm ideyaları güclüdür. XII əsrdə yaşamış şair İzzəddin Şirvaninin şerlərində insanla təbitə təsvirininin vəhdəti əsas yer tutur.
XII əsr ədəbiyyatında özünəmxəsus yeri olan Mücirəddin Beyləqani Eldənizlər sarayında yaşamış, ömrünü Təbrizdə başa vurmuşdu. O, Eldəniz hökmdarlarına bir sıra qəsidələr həsr etmişdi. Onun yaradıcıllığında dövrün haqsızlıqlarından bəhs edilir. Gəncədə yaşamış şair Qivami Gəncəvi, bir məlumata görə, Nizaminin qardaşı və ya əmisi oğludur. Onun şerlərində saray həyatına nifrət, sadə xalqa məhəbbət ,haqq-ədalətə rəğbət başlıca yer tutur.
Təbrizdə yaşayıb-yaratmış Qətran Təbrizi (1012-1086) Rəvvadilər və Şəddadilər sarayında yaşamış, onların hökmdarlarına çoxlu qəsidələr həsr etmişdi. Onun şerlərində dövrün tarixi hadisələrinə xeyli yer verilmişdir. 1042-ci ildə baş vermiş Təbriz zəlzələsi haqqında şer buna misaldır. Onun şerlərində təbiət təsvirlərinə geniş yer verilir. Şerlərində tez-tez Azərbaycan-türk sözlərinə təsadüf edilir.
Azərbaycan intibah dövrünün görkəmli nümayəndələrindən biri Məhsəti Gəncəvidir. Onun rübailərində real insan, onun arzuları, duyğuları, sevgi və məhəbbəti, sadə peşə adamlarının əməyi öz əksini tapmışdır.
İntibah dövrününü nurlu simalarından biri Əfzələddin Xaqani Şirvanıdır. (1126-1199). Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə poema yazan şair şerin qəsidə janrına üstünlük vermişdir. İlk təhsilini əmisindən almışdı. Kiçik yaşlarından şer yazmağa başlayan Xaqani tezliklə Şirvanşahların sarayına düşür, Xaqani təxəllüsünü də bu dövrdə götürür. Lakin tezliklə saray həyatından uzaqlaşır. O, Şirvanşah tərəfindən həbs edilir və həbsxanada “Həbsiyyə” adlı silsilə şerlərini yazır. Şair İraqa və Məkkəyə ziyarətə gedir. 1176-ci ildə Kəbə ziyarətindən qayıdarkən Təbrizə gəlir və ömrünün axırına qədər burada yaşayır. 17 min beytdən ibarət şer divanı, “Mədain xarabaları” , “Töhfətül İraqeyn” kimi iri həcmli əsərlərin müəllifidir.
Azərbaycan intibahının ən yüksək zirvəsində Nizami Gəncəvi ( 1141-1209) dayanmışdı. Nizami Gəncədə dünyaya gəlmiş və bütün ömrünü burada keçirmişdir. Nizaminin “Xəmsə” adlanan beş ölməz poeması – “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun” , “Yeddi gözəl”, “iskəndərnamə” dünya mədəniyyətinin ən gözəl incilərindəndir. O, “Sirlər xəzinəsini” (1175) səlcuq hakimi Fəxrəddin Bəhramşaha həsr etmişdi. 20 hekayətdən ibarət olan bu əsərin mövzusu həyatın müxtəlif sahələrindən alınmışdır. Müəllif bu hekayətlərində hökmdarları haqq və ədalətə çağırır, onların zülmlərini üzlərinə söyləyir. əsərdə sadə əməkçi insana yüksək münasibət bəslənilir. Onun 1181-ci ildə yazdığı “Xosrov və Şirin” əsərində əsas yeri məhəbbət mövzusu tutur. 1188-ci ildə Şirvanşah Axistanın sifarişi ilə yazılmış “Leyli və Məcnun” poemasında iki gəncin ilahi məhəbbətinin faciəsindən bəhs edlir. Şair 1197-ci ildə “Yeddi gözəl” poemasını yazır. “Xəmsə” “İskəndərnamə” poeması ilə tamamlanır. “Şərəfnamə” və “İqbalnamə” adlı iki hissədən ibarət olan əsər qiymətli tarixi salnamədir. Əsəri yazarkən Nizami müxtəlif dillərdə olan mənbələrə müraciət etmişdi. Nizami bu əsərdə insanların min illər boyu arzuladığı ədalətli cəmiyyət ideyalrını ümumiləşdirib özünün ideal cəmiyyət fəlsəfəsini əsaslandırmağa çalışmışdı.
Memarlıq və İncəsənət. IX – XII əsrlərdə Azərbaycanda memarlıq sənəti özünün ən yüksək zirvəsinə yüksəldi, bir ısra sənət əsərləri yaradıldı. Bu sahədə intibah baş verdi. Bərdə, Naxçıvan, Şamaxı, Təbriz, Bakı, Gəncə və başqa şəhərlərdə gözəl memarlıq abidələri tikildi. İntibah dövrünün ən görkəmli nümayəndəsi XII əsrdə yaşamış Əcəmi Əbu Bəkr oğlu Naxçivani idi. O, Naxçıvanda Yusif ibn Küseyir türbəsi(1162) , Mömünə xatun türbəsi(1186) , Qoşaminarə(1187), Cümə məscidi, Darül-mülk (Eldənizlərin sarayı) və başqa memarlıq nümunələrini yaratmışdır. Onların bir neçəsi (Yusif ibn Küseyir türbəsi və Möminə xatun türbəsi) dövrümüzə qədər gəlib çıxmışdır. Əcəmi özündən əvvəlki memarlıq ənənələrini daha da zənginləşdirmiş, ona bir sıra yeniliklər gətirmişdi. Əcəmi hələ sağlığında “mühəndislər şeyxi” titulunu qazanmışdı. Onun sənəti bütün Şərq memarlıq sənətinə təsir etmişdir. Naxçıvan memarlıq məktəbi üçün səciyyəvi olan üslubda XII əsrin sonunda Marağada “Göygümbəz”, Urmiyada “Üçkümbəz”, Culfa yaxınlığında sərdabələr kimi sənət abidələri tikilmişdi.
XI-XII əsrlərin abidələri içərisində qala, qüllə, müxtəlif sədlər mühüm yer tutur. Bunlar içərisində “Qız qalası” (Bakı), Gülüstan və Qaleyibuğurd qalaları (Şamaxı), Mərdəkan qalası (Abşeron) və s. diqqəti daha çox cəlb edir. “Qız qalası” XII əsrdə memar Məsud Davud oğlu tərərindən tkilmişdir.
Bəhs edilən dövrdə şəhərsalma sahəsində xeyli irəliləyiş var idi. Şəhərlər qala divarları ilə başqa müdafiə qurğuları ilə əhatə olunmuşdu. Şəhərlərin saxsı tünglər vasitəsilə təchiz olunmuş, su və kanalizasiya sistemləri var idi.
Bədii sənətkarlıq sahəsində bir sır uğurlaq qazanılmışdır. Daş üzərində oyma, naxışalma və s. intibah incəsənətinin gözəl nümunələri idi. Bədii sənət nümunəsi kimi İbrahim Osman oğlunun hazırladığı Gəncə darvazasının (1063) naxışlarını göstərə bilərik. Azərbaycanda həkkaklıq, zərbetmə, divar bəzəyi, oyma sənəti geniş yayılmışdı. Azərbaycanda toxunan xalçalar və parçalar yüksək bədii sənət nümunəsi kimi də qiymətli idi.
Dostları ilə paylaş: |