Fakultənin Elmi –Metodik şurasında təsdiq olunmuşdur.
Protokol №8, 14.02.2018
Bakı-2018
1.IX-XI əsrlər Azərbaycan feodal dövlətləri
Əsarət altına alınmış xalqların azadlıq mübarizəsi, daxili çəkişmələr, iri feodalların mərkəzi hakimiyyətə tabe olmaması Xilafəti zəiflətdi və onun ərazisində müstəqil dövlətlərin yaranmasına gətirib çıxartdı. İlk əvvəllər imperiyanın ucqarlarında, o cümlədən Azərbaycanda kiçik dövlətlər-əmirliklər yarandı (Bərdə, Qəbələ, Şəki və s). IX əsrin ikinci yarısından başlayaraq Azərbaycan ərazisində Şirvanşahlar –Məzyədilər, Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər dövlətləri meydana çıxdı. Onlar ərəb əsarətindən qurtarmağa cəhd edirdilər, buna görə onların yaranması müsbət hal idi. Lakin ölkənin xırda feodal dövlətlərinə parçalanması xarici düşmənlərdən qorunmağı çətinləşdirirdi.
Xilafətin dağılmasından sonra Azərbaycan ərazisində yaranan ilk feodal dövləti Şirvanşahlar idi. Şirvanşahlar Azərbaycanda ən uzun ömürlü feodal dövləti olmuşdur. Şirvanda üç sülalə : Məzyədilər (861-1027), Kəsranilər (1027-1382), Dərbəndilər (1382-1538) hökmranlıq etmişdir. Şirvanda Şirvanşah Məzyədilər ( ərəb mənşəli Məzyədilər bəzən Şeybanilər və ya Yezidlər adlanırdı) dövləti yarandı. Bu sülalənin banisi Yezid ibn Məzyəd xəlifə Harun ər-Rəşid (786-809) tərəfindən Cənubi Qafqaza vali təyin edilmişdi. Onun iqamətgahı Bərdə olub, yaratdığı dövlət Bərdə əmirliyi adlanırdı . O, 801-ci ildə vəfat etmiş və Bərdədə dəfn olunmuşdur. Onun oğlanları Əsəd, Xalid və Məhəmməd müxtəlif vaxtlarda Cənubi Qafqazda vali olmuşdur.
859-cu ildə Məhəmməd ibn Yezid iqamətgahını Gəncəyə köçürdü. Məzyədilər tezliklə yerli əhali ilə qaynayıb qarışdılar və öz etnik mənşələrini itirdilər. Bərdə Sacilərin əlinə keçdikdən sonra Məzyədilər Şirvana köçdülər. Onun ilk paytaxtı Şirvan şəhəri oldu. Şirvanşahlar dövləti əvvəllər Dərbənddən Kürə qədər ərazini əhatə edən Şirvan vilayətindən ibarət idi. Sonralar Şirvanşahların işğal etdikləri ərazilər də Şirvan adlandırıldı. Bu sülalədən olan Heysəm ibn Xalid 861-ci ildə Şirvanı müstəqil elan edib, “şirvanşah” titulunu qəbul etdi və Şirvanşahlar dövlətinin əsasını qoydu. 917-ci ildə Lahican ona birləşdirildi. 918-ci ildə Əbu Tahir paytaxtı Şamaxıya köçürdü. Bu dövrdə şəhər Yezidiyyə adlanırdı.
Şirvanşahlar tədricən ətraf əraziləri tutdular. Qəbələ ( 981-982), Bərdə (982), Dərbənd (988), sonra Xursan və Tabasaran ələ keçirildi. Ayrı-ayrı vaxtlarda Şəki və Sənariyə Şirvandan asılı olurdu. Dərbəndin Şirvana birləşdirilməsi və Dərbənd keçidinin möhkəmləndirilməsi yadelli basqınlarının qarşısını almağa imkan verdi. Şirvanşahların adına pul kəsilmiş, onun qoşun hissələri var idi.
Sacilər sülaləsinin əsasını Mərkəzi Asiya türklərindən olan, Babək üsyanın yatırılmasında iştirak etmiş Əbu Sac Divdad qoymuşdu. Xəlifə Sacilərin dövlət qarşısında xidmətlərinə görə Azərbaycanı mülk şəkilində onlara vermişdi, Sacilər sülaləsi isə burada Sacilər dövlətini yaratmışdılar. Əbu Sac Divdadın oğlanları Məhəmməd və Yusif də Xilafətdə yüksək vəzifələr tutmuşdular. 879-cu ildə Məhəmməd ibn Əbu Sac Azərbaycana vali təyin edildi. O, Azərbaycanı müstəqil idarə edir, xəlifəyə ildə 120 min dinar vergi verirdi. Məhəmməd öz adına pul kəsdirmişdi. Dövlətin paytaxtı Marağa, sonra isə Ərdəbil oldu. Məhəmməd Ermənistanı tutmuş, oğlu Divdadı ora hakim təyin etmişdi. Onun ölümündən sonra qardaşı Yusifin dövründə Sacilər daha da qüvvətlənmiş, 912-ci ildə xəlifənin xəzinəsinə vergi verməkdən imtina etmişdi. Yusif Ermənistanı, Tiflis və Kaxetiyanı tutmuş, Şirvanşahları özünə tabe etmişdi. O, Dərbənd səddinin divarlarını təmir etdirmiş, IX əsrin 80-cı illərindən X əsrin 40-cı illərinədək olan dövrdə Zəncandan Dərbəndə qədər Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirmişdi. Əsası Cənubi Azərbaycanda qoyulmuş bu dövlət Azərbaycanın şimal və cənub torpaqlarını özündə birləşdirmiş ilk vahid dövlət idi.
Sacilərin zəifləməsindən istifadə edən Deyləm hakimi Mərzban ibn Məhəmməd 941-ci ildə Ərdəbili ələ keçirdi və Salarilər dövlətinin əsasını qoydu. Mərzban ibn Məhəmməd Salar nəslindən olduğu üçün bu sülalə Salarilər sülaləsi adlandırılmışdı. Paytaxtı Ərdəbil idi. O, Ermənistanı ,Şəriq Gürcüstanı özünə tabe etdi və Dərbəndi tutdu. Şirvanşahları özündən asılı vəziyyətə saldı. Salarilər dövlətinin ərazisi şimalda Dərbəndə, Cənubda Dəclə və Fərat çaylarının yuxarlarına, şərqdə Gilan da daxil olmaqla Xəzər dənizinə qədər, qərbdə Ermənistan və Şərqi Gürcüstan daxil olmaqla geniş ərazini əhatə edirdi. Beləliklə, bütün Azərbaycan torpaqları vahid dövlətdə birləşdirilmişdi. Mərzban vergiləri qaydaya salmaq üçün qanunlar hazırlatdırdı. Salarilərin hakimiyyəti illərində Xəzərdə Azərbaycanın ticarət gəmiləri üzürdü. Onun dövründə 944-cü ildə ruslar Bərdəyə hücum edib şəhəri qarət etdilər, bu isə Salarilər dövlətinin süqutunu sürətləndirdi. 957-ci ildə Mərzbanın ölümündən sonra oğlanları və qardaşı Vəhsudanın dövründə daxili çəkişmələr gücləndi, bu isə dövlətin süqutuna (981) səbəb oldu.
Salarilərin zəifləməsindən sonra Məhəmməd in Şəddad 951-ci ildə Dəbili ( Dvini) tutdu və Dəbil əmirliyinin əsasını qoydu. 971-ci ildə isə Məhəmməd ibn Şəddadın oğlu Ləşkəri Gəncəni tutdu, Kür və Araz çayları arasında Şəddadilər dövlətinin əsasını qoydu və paytaxtı Gəncə oldu. Bərdə, Şəmkir, Beyləqan, Ermənistanın şərqi ona birləşdirildi. Fəzl ibn Məhəmmədin (985-1030) dövründə dövlət daha da gücləndi. O, ata mülkü Dəbili ələ keçirdi. Gəncə ətrafındakı xırda mülkləri ləğv etdi, erməni-gürcü feodallarına və xəzərlərə qarşı uğurlu mübarizə apardı. 1027-ci ildə Arazçayı üzərində tikilmiş ikinci Xudafərin körpüsü Azərbaycanın şimal və cənubu arasında hərbi, iqtisadi və mədəni əlaqələrin güclənməsində mühüm rol oynadı. O, Şirvanşahlar və Salarilərlə əlaqə qurmuş, Tiflis əmirliyinin hakimi Cəfər ibn Əli ilə dostluq münasibətləri yaratmışdı.
XI əsrin 30-cu illərində Şəddadilər oğuz tayfalarının hərbi qüvvələrindən Bizans-erməni-gürcülərə qarşı istifadə etdi. 1037-ci ildə Bizansın Dəbili, 1038-ci ildə Bizans və gürcülərin Tiflisi tutmasının qarşısı alındı.
Əbüləsvar Şavirin (1049-1067) dövründə Şəddadilər dövləti daha da möhkəmləndi. O, Şirvanşahlar və gürcü hakimi IV Baqratla müharibələr apardı. IV Baqrat alanlardan istifadə etmək üçün onları 1062-ci ildə Gürcüstana dəvət etdi. Şavir Gəncənin müdafiəsini möhkəmlətmək üçün onun ətrafına hasar çəkdirdi və xəndək qazdırdı. 1063-cü ildə dəmirçi İbrahim Gəncənin qala qapılarını düzəltdi. Lakin gürcülər bu qapıları qənimət kimi aparıb Gilat monastrında saxladılar. Oğuzların köməyi ilə alanların hücumlarının qarşısı alındı. Dəbil və Ani şəhərləri ,Azərbaycanın qərb torpaqları erməni-gürcü Bizans hücumlarından oğuzların köməyi ilə qorundu.
Salarilər dövlətinin zəifləməsindən istifadə edən Təbriz, Marağa və Əhər hakimi Əbülhica 981-ci ildə axırıncı Salari hökmdarı İbrahimi taxtdan saldı və Rəvvadilər dövlətinin əsasını qoydu. Rəvvadilər ərəb işğalları zamanı Azərbaycana köçmüşdülər. Sülalənin əsasını ər-Rəvvad əl-Əzdi qoymuşdu. Rəvvadilər dövləti Azərbaycanın cənub torpaqlarını öz ətrafında birləşdirmişdi. Muğanı özünə tabe etmişdi. Onların dövründə Azərbaycana oğuz türklərinin axınları baş vermişdi.
1028-ci ildə Mahmud Qəznəvi Xorasanda oğuzlara möhkəm zərbə vurdu. Bundan sonra 2000 oğuz –səlcuq ailəsi Vəhsudanın (1020-1059) razılığı ilə Azərbaycanda məskunlaşdı. Onlardan Bizans-erməni-gürcülərə qarşı mübarizədə istifadə edildi. Rəvvadilər paytaxtı Ərdəbildən Təbrizə köçürüldü və Təbriz mühüm ticarət mərkəzinə çevrildi.
Ərəb xilafətinin zəifləməsi, feodal pərakəndəliyi ,siyasi hərc-mərcilik, yadelli işğalçıların basqınları ölkənin müdafiəsini çətinləşdirirdi. IX əsrin sonlarında Azərbaycan slavyanların hücümuna məruz qaldı. Azərbaycana hücum edən Kiyev Rus dövlətinin drujinaçıları rus adlanırdı.
Slavyanların Azərbaycana IX əsrin sonunda başlamış hücumları X əsrdə daha da genişlənmişdi. 909-cu ildə slavyanlar Xəzər dənizinin cənubunda Abaskun adasını tutdular və sahil məntəqələrini qarət etdilər. Lakin yerli əhali torpaqlarının müdafiəsinə qalxdı və onları ağır məğlubiyyətə uğratdı. Sonrakı il daha çox slavyan dəstələri Sara adasında və dəniz sahilində qarətlər törətdilər. Lakin onlar Gilan hakimi tərəfindən məğlub edildi, geri qayıdan zaman Şirvanşahlar tərəfindən darmadağın olundular.
Slavyanlar 914-cü ildə hər birində 100 döyüşçü olan 500 gəmi ilə Xəzərə daxil oldular. Onlar Xəzər dənizinin cənub-şərqində Azərbaycan əyalətlərinə soxuldular, Sara və digər adalarda möhkəmləndilər və sahil məntəqələrini qarət etdilər. Onlar Xəzər xaqanının ərazisindən keçdikləri üçün qarət etdiklərinin yarısın xaqana verməli idilər. Geri qayıdarkən qarət etdiklərinin bir hissəsini xaqana göndərdilər. Müsəlman-türk döyüşçüləri slavyanların müsəlmanları qarət etdiklərini biləndə onlarla döyüşə girdilər və onları darmadağın etdilər. Bundan sonra slavyanlar 30 il Xəzər dənizi sahillərinə hücum etmədilər. Onların Azərbaycana hücumları qarətçilik və soyğunçuluq xarakteri daşıyırdı.
944-cü ildə slavyanlar Qafqazın ən böyük və zəngin şəhəri Bərdəyə hücum etdilər. Onlar Kür çayı ilə üzüb gəmilərini Mübarəki adlı yerdə qoyaraq Bərdəyə gəldilər. Salari Mərzban ibn Məhəmmədin naibi 5600 nəfərlik qüvvə ilə onlara qarşı çıxsa da, məğlub oldu, şəhər slavyanlar tərəfindən tutuldu və qarət edildi, 20 min adam öldürüldü. Mərzban ibn Məhəmməd 30 min qoşunla onları Bərdədə mühasirəyə aldı. Lakin Mosul hakiminin Azərbaycanın cənubuna hücumu onu oraya getməyə məcbur etdi. 4 min nəfərdən ibarət dəstə şəhərin mühasirəsində saxlanıldı. Xəstəliklərə tutulmuş və sayı azalmış slavyanlar Bərdəni tərk etməli oldular. Slavyanların qarətindən sonra “Aran şəhərlərinin anası” sayılan Bərdə bir daha özünü düzəldə bilmədi.
Slavyanlar Azərbaycana sonralar da hücum etmişdilər. 987-ci ildə Dərbənd hakimi Əmir Maymun ibn Əhməd yerli əyanlara qarşı slavyanlardan istifadə etmişdi. 1030-cu ildə Şəddadi hökmdarı Musa qardaşının Beyləqandakı qiyamını slavyanların köməyi ilə yatırmışdı.
1032-1033-cü illərdə alanlar, Dağıstanda yaşayan sərirlər, slavyanlar hücum edib Şirvanşahların paytaxtı Yezidiyyəni (Şamaxını) qarət etdilər. Onlar geri qayıdarkən Dərbənd hakimi Mansur ibn Maymun tərəfindən məğlub edildilər. 1033-cü ildə slavyan və alanlar Dərbəndə hücum etdilər. Lakin onların hücumları nəticəsiz qaldı və onlar azərbaycandan qovuldular.
Dostları ilə paylaş: |