İqtisadi fəaliyyət hər şeydən əvvəl maddi nemətlər istehsalı fəaliyyətidir. İnsan tələbatlarını ödəyə bilən bütün maddi nemətləri iki qrupa ayırmaq olar:
Təbiətin insanlara bəxş etdiyi hazır nemətlər;
İnsan əməyinin məhsulu olan maddi nemətlər.
Birinci qrupa daxil olan maddi nemətlər (hava, torpaq, günəş işığı, dəniz suyu və s.) istehsal olunmur, onlar təbiətdə mövcuddur. Bununla əlaqədar olaraq insanlardan həmin nemətlərdən səmərəli istifadə etmək ətraf- mühitin təmizliyinin qorunub saxlanılması tələb olunur.
İkinci qrupa daxil olan maddi nemətlər öz müxtəlifliyi və keyfiyyət göstəriciləri ilə fərqlənirlər. Bu qrup maddi nemətlərin həcmi insan tələbatlarının tam ödənilməsi üçün kifayət etmir. Lakin bu qrupa daxil olan maddi nemətlər (ərzaq, geyim, mənzil və s.) istehsal olunmalı, bu istehsal daim artırılmalı və onların keyfiyyət xüsusiyyətləri yaxşılaşdırılmalıdır.
Bu o deməkdir ki, iqtisadiyyatın maddi əsasını istehsal fəaliyyəti təşkil edir. İstehsal insanın elə bir fəaliyyət növüdür ki, bu yolla onlar öz maddi tələbatlarını ödəməli olurlar. Yəni istehsal obyektiv zərurətdir. İstehsal prosesinin baş verməsi üçün isə istehsal amillərindən istifadə olunur. Bununla əlaqədar istehsal amilləri və istehsal resursları anlayışlarını bir- birindən fərqləndirmək lazımdır. İstehsal resursları istehsal amillərinə nisbətən daha geniş anlayışdır. Belə ki, istehsal resursları son məhsul və xidmətlərin istehsal edilməsində istifadə oluna bilən bütün təbii, maddi və digər sərvətlərin məcmuudur. İstehsal amilləri isə istehsal prosesinə cəlb edilmiş istehsal resurslarıdır.
İstehsal amilləri öz tərkibinə görə çox müxtəlifdir. Bütün istehsal amillərini öz iqtisadi məzmunundan asılı olaraq iki qrupa ayırmaq olar: