İstehsal həcmi ilə heç bir əlaqəsi olmayan xərclər sabit xərclər, istehsal həcmindən asılı olan istehsal xərclər isə dəyişən istehsal xərcləri adlanır. Sabit xərclər müəssisə məhsul istehsal etmədikdə belə ödənilən xərclərdir. Sabit xərclər müəyyən mənada idarə olunmayan xərclərdir. Sabit xərclərin səviyyəsinə istehsalçı bilavasitə təsir göstərə bilmir. İcarə xərcləri, mühafizə xərcləri, avadanlığın dəyəri, kreditə görə faizlər, idarəetmə heyətinin əmək haqqı və s. bu kimi istehsal xərcləri sabit xərclərdir. Sabit istehsal xərclərindən fərqli olaraq dəyişən istehsal xərcləri bilavasitə məhsul istehsalının həcmi ilə əlaqədar olan istehsal xərcləridir. Xammal, material,yanacaq, nəqliyyat xərcləri və s. dəyişən xərcləri təşkil edir. Dəyişən istehsal xərcləri müəssisə tərəfindən idarə oluna bilən xərclərdir. Bu xərclərin öyrənilməsi və onun təhlili məhsulun maya dəyərinin aşağı salınmasında əsas rol oynayır. Sabit və dəyişən xərclərin cəmi ümumi istehsal xərclərini təşkil edir.
İstehsal xərclərinin aşağı salınmasına təsir göstərən amillər.
Təsərrüfatçılıq formalarından asılı olmayaraq, istehsal xərclərinin aşağı salınmasına təsir göstərən bütün amilləri şərti olaraq 3 qrupa ayırmaq olar:
ETT-nin nailiyyətlərinin tətbiqi ilə bağlı olan amillər;
İstehsalın, əməyin və idarəetmənin təşkilinin təkmilləşdirilməsi ilə bağlı olan amillər;
İqtisadi proseslərin dövlət tənzimlənməsi tədbirləri.
ETT istehsal xərclərinin aşağı salınmasının əsas və həlledici istiqamətidir. Müasir iqtisadiyyatın ən mühüm xarakterik xüsusiyyətlərindən biri ETT- nin nailiyyətlərinin istehsala tətbiqidir. Bu, bir tərəfdən mövcud istehsal resurslarının, xammal, material,yanacaq və s. resurslardan daha dolğun istifadə olunmasını təmin edə bilən mütərəqqi nailiyyətlərin, digər tərəfdən isə yeni və daha səmərəli maşın, avadanlıq və texnoloji proseslərin istehsala tətbiqindən ibarətdir.
İstehsal xərclərinin aşağı salınmasının ikinci əsas istiqaməti istehsalın, əməyin və idarəetmənin təşkilinin təkmilləşdirilməsi tədbirləridir. Belə tədbirlərin tətbiq edilməsi işçi qüvvəsindən istifadənin səmərəliliyinin yüksəldilməsinə imkan verir.
İstehsal xərclərinin azaldılmasının mühüm istiqamətlərindən biri istehsal xərclərinin azaldılmasına səbəb ola bilən iqtisadi proseslərin tənzimlənməsi üzrə dövlət tədbirləri sistemidir. Belə tədbirlərdən səmərəli təsərrüfatçılığı təmin edən vergi sisteminin tətbiqini, ətraf- mühitin mühafizəsini, istehsal və sosial infrastruktur sahələrin inkişafına yönəldilmiş dövlət tədbirləri göstərmək olar.