İslam səNƏTİ azər miRZƏBƏY



Yüklə 0,66 Mb.
səhifə25/31
tarix07.01.2017
ölçüsü0,66 Mb.
#4528
1   ...   21   22   23   24   25   26   27   28   ...   31

Ancaq sonradan kanalın bu hərəkətləri ingilis hökumətini narahat etməyə başladı və onun yayımı dayandırıldı. O kanalda həm də müsəlmanlara rəğbət bəsləyən bir siyasət adamına, ingilis millət vəkilinə, Corc Qəlloveyə xüsusi bir veriliş ayrılmışdı. Qəllovey bir dəfə, bir çıxışında demişdi ki, müsəlmanların içindən çıxan yeqanə qeyrətli dəstə şiələrdir. O, bununla İsrailin və Qərbin düşman hərəkətlərinə qarşı dik duran və mətinli bir mübarizə nümayiş edən İran xalqını və Livanın “Xizbullah”ını nəzərdə tuturdu. Mənə görə də bu düz sözdür. Doğrudanda, müsəlman aləmində yeqanə qeyrətli dəstə şiələrdir, yə’ni ki İran şiələri və “Xizbullah”. Sünni aləminin bütün hökumətləri isə hamısı Qərbin xeyrini güdürlər, Qərbə boyun əyir və yaltaqlanırlar.

Şah vaxtı Bakıda hava yaxşı olanda, bə’zən, İran televiziyasını tutmaq olurdu. Bir dəfə İran musiqisini verdilər. On-on beş fars mahnısını çalandan sonra, lap axırda bizim nəğməni e’lan etdilər. Səhnəyə, eybəcər, dəlisov bir qarı çıxdı və rəqs etməyə başladı. Havanın bütün sözləri isə bu idi – “Yavaş-yavaş, pendir-lavaş”. Başa düşdüm ki, kanalın rəhbərliyi bu dəlisov arvadı kamera qabağına çıxartmaqla bizim türkdilli xalqı ələ salmaq istəyirdi. Bu isə mason şah rejiminin siyasəti idi. Din düşmanı olan şah müsəlman xalqlarının arasına nifaq salmaq məqsədi ilə ölkədə millətçi bir siyasət aparırdı, əhali arasında fars irqinin aliliyinin təbliğatını aparırdı.

Sovetin “Asiya və Afrika” məcmuəsində KQB-nin 50 illiyi xatirinə bir məqalə dərc olunmuşdu. Orada KQB-nin bir şücayətindən, hünərindən, bir sirli hadisədən danışılırdı.

İkinci Dünya müharibəsi vaxtı rus İranı zəbt etmək fikrinə düşdü. Əsgərlər itkisinə yol verməmək üçün bir KQB cəsusu Pəhləvi (Ənzəli) limanına göndərildi. İranın qeneralları bu liman şəhərinin bir mehmanxanasında yerləşdirilmişdilər. Bu adam bir qeneralın otağına girib özünü bir rus cəsusu kimi təqdim edib, masanın üstünə pulla dolu olan bir çanta qoyur. Sonra deyir ki, sovet ordusu Ənzəli limanına hücum edəcək, elə ki, bu limanın tutulması labüd bir şeydir. Biz istəyirik ki, bu həmlədə əsgər itkisi olmasın. Bu pulu götürün, sovet gəmiləri gələndə sizin toplar susmalıdır, onlara atəş etməməlidir. Qeneral buna razı oldu və pulları götürdü.

Təbrizdə bir kitab dükanının pəncərəsində şüşənin arxasında üzərində o vaxtkı dövlət başçısının şəkli olan bir saat gördüm. İçəri girib satıcıdan soruşdum ki, üzərində İmam Xomeyninin şəkli olan saatınız varmı? O cürəsini almaq istəyərdim. O, isə yoxdur, dedi. Və əlavə etdi bizə o lazım deyil, bu lazımdır. Yə’ni demək istəyirdi ki, biz bu adama, islahatçı başçıya üstünlük veririk. Dükanda, divarda Stalinin şəkli asılmışdı. Buna çox təəcübləndim. Soruşdum ki, Stalinin şəklini nə üçün burada asmısınız. Cavab verdi, bu kişi bizim babamızdır. Heç anlaya bilmədim ki, bu gic köpək oğlu, Stalini nə üçün “baba” adlandırdı? O kişi çox da müsəlmana oxşamırdı, ola bilər ki, Təbrizin bir yəhudisi idi. Axı yəhudilər kommunizm məfkurəsini şüursuz kütlə, əhali arasında yaymağı sevirlər.

ATAM
Atam, Mirzəbəyev Mirzə İsfəndiyar oğlu, 1906-cı ildə Qubanın (Birinci) Nügədi kəndində anadan olub. Atasını hələ kiçik yaşında itirmişdi. Anasının adını unutmuşam. Birlikdə iki mərtəbəli daş evdə yaşayırdılar. O ev sovet vaxtına qədər dururdu. Qardaşı, ailəsi ilə ayrı bir evdə yaşayırdı. Bu iki ailənin birlikdə istifadə etdikləri bir su dəyirmanı da var idi. Uşaqlıqda onu da görmüşdüm. Dəyirmandan pul çıxmırdı – kənd camaatı buğdanın üyüdülmə haqqını pulla deyil, buğda ilə ödəyirdi.

Atamgilin iyirmi baş qaramalı var idi. Bundan başqa beş hektar böyüklükdə bağları və iyirmi-beş hektar dağ sahələri də var idi. Atam ora mallarını aparıb otladırdı. Qardaşının təsərrüfatı və torpaqları ayrı idi. O vaxtlarda bu varlılıq sayılmazdı.

Mən atamdan soruşmuşdum. Bəs o vaxt varlı kimə deyirdilər? Atam başa saldı ki, Dağıstanın varlı bəyləri var idi ki, onların hərəsinin sürüsündə bəlkə yüz min qoyunu var idi. Danışır ki, bu bəylərin qoyun sürüləri yaylağa-qışlağa gedəndə gəlib kənddən keçirdilər. Bir bəyin sürüsü kəndin içindən keçəndə, bu keçid, bir həftə sürürdü. Kəndçilər isə vaxtdan, bu imkandan istifadə edirdilər. Hərəsi bir neçə qoyunu buynuzundan çəkərək öz həyətlərinə salırdı. Hər sürünün yüzlərlə çobanı olmasına baxmayaraq, onlar bu cür oğurluqların qarşısını ala bilmirdilər, bu mümkin deyildi.

Atamdan soruşmuşdum, bizdəmi bəylərdən olmuşuq. O, dedi, yox, Mirzəbəyev soyadıdır, başqa bir şey deyil.

Bir dəfə səhər vaxtı anası evdən çölə çıxanda görür ki, onların inəyi gecədən bəri bir canavarı buynuzu ilə ağaca dirəyib və qurdun ölməsinə baxmayaraq inək qorxudan buynuzunu ağacdan çəkmirdi.

Atam dörd-beş yaşında olanda baqqal dükanından balaca bir tapanca almışdı. O vaxt silah alıb-satmağa icazə var idi, silah gəzdirmək adi bir şey sayılırdı. Atamdan soruşdum ki, tapancanı neyləyirdin? Dedi, onunla sərçə vururdum. Görünür ki, atam son beşik olduğu üçün anası onu ərköyün böyüdürdü, dələdüz hərəkətlərinə barmaq arası baxırdı.

Kənd uşaqları ağacın nazik budağını qırır və ona sap bağlayıb, bir qurğu düzəldirdilər. Qurğuları möhkəm bururdular, sonra isə onları kəndə gələn saqqallı yəhudi kişilərinə atırdılar. O qurğu onların sakkallarına bərk dolaşırdı. Elə ki onlar bu qurğuları qoparmaq üçün saqqallarının bir hissəsini kəsməli olurdular. Bu uşaqları çox əyləndirirdi.

Atama görə, uşaqlar kənddə bir hacıleylək görəndə qışqırardılar, “Hacıleylək, hacc haqqına, bircə damağıvı şaqqıldad!” Quş isə buna cavab olaraq dimdiyini yuxarı qaldırıb, boqazından şaqqıldılı bir səs çıxarırdı.

Bə’zən, kəndə vəzifəli bir rus mə’muru yanında da iki kazak gəlirdi. Onda hamı qaçıb evlərində gizlənirdi. Camaat bilirdi ki, indiki bu adam kəndə gəlib, deməli kimisə həbs edəcək. Bu rusun döşündə onun vəzifəsini bildirən qalın qızıl boyunbağı var idi. Kənd camaatı onu “Mirzə Yavan” deyə çağırırdı. Atam dedi ki, sonralarda başa düşdüm ki, “Yavan”, əslində, “İvan” olmalıdır. Bu, o mə’murun adı idi.

Atam çox heyfsilənərək gənc yaşlı baçısının öldürəlməsindən danışdı. Bir dəfə baçısı əri ilə evdə oturanda bayırdan kimsə ərini səsləyir. Əri ona deyir ki, arvad, qapıya sən get, aç. Qorxuram ki, bu mənim düşmənlərimdir. Qorxma, get bax, sənə bir şey etməzlər. Əfsus ki, atamın bacısı qapıya çıxanda onu əri hesab edib, vururlar.

Kənddə bir adam təzə üsullu bir məktəb açmışdı. O, həm də müəlimlik edib, orada uşaqlara yazı-pozu öyrədirdi. Atamgilin məktəb pulunu verməyə imkanları yox idi. Elə ki, atam o pulu qazanmaq üçün altı ay ərzində Quba bazarına gedib yumurta satdı. Qubaya gedən kəndçilər onu pulsuz-parasız araba ilə şəhərə aparırdılar. Pul yığıb, oxumaq pulunu ödəyəndə, müəllim onu partada öz qızının yanında oturtdu. O, çox gözəl bir qız idi.

Təhsil bir, yoxsa iki il çəkdi. Atam orada ərəb əlifbasını öyrəndi və bütün ömrü boyu bu köhnə əlifbadan istifadə edirdi. O, deyirdi ki, bu əlifbadan istifadə etmək ona daha rahat gəlir.

Bəy uşaqları tənbəl idilər, dərs oxumurdular. Atam onlara ev tapşırığlarıını yazıb verirdi. Onlar isə bunun əvəzinə ona, yeməyə evdən gətirdikləri qoğalları verirdilər.

Kənddə teatr da var idi. Atam orada Cavidin “İblis” tamaşasını görmüşdü. Danışırdı ki, səhnə döşəməsinin bir yerindən tüstü qalxanda və oradan bağıra-bağıra İblis çıxanda tamaşaçılar vahiməyə düşmüşdülər, bərk qorxmuşdular.

Bir dəfə səhər çağı atam malları dağa otlamağa aparmışdı. Orada görür ki, sahələrinin otu yeyilib qurtarıb, amma yanaşıda olan bəyə məhsus sahənin otu çox yaxşıdır. O, malları bəyin sahasinə keçirdir. Bir azdan uzaqda bəyin atla onun tərəfinə çapdığını görür. Atama çatanda bəy atını şaha qaldırıb, qışqırır “Hey, sən!”. Atam isə cavabında deyir, nədir, ay dayı? Bəy isə qamçısını havada yelləyərək, bu sözə çox yığcam bir şəkildə cavab verir, qışqırür, “Qamçıdır, köpək oğlu!”.

Atam dedi ki, bəy bunu yaxşı eləmədi. Axı mən balaca uşaq olmuşam, anlamamışam. Mən atama bir söz demədim, amma ürəyimdə bəyə bəraət qazandırdım. Uşağam, başa düşmədim deyərək yekə adamı aldatmaq istəyirdin. Axı bu sahə başqasına məxsusdur, onu ki başa düşürdün. Oğurluğ, oğurluğdur. Bəy də oğruya lazımlı bir cavab verdi. Əgər bəy bu cür sərt hərəkət etməsə qısa bir zamanda kəndçilər, kasıb-kusub onun bütün var-yoxunu talayardılar.

Atamın bir yaxın qohumu var idi, dəyəsən dayısı oğlu idi. Bir dəfə dağ cığırı ilə gedəndə, bir kolun arxasında gizlənmiş bu cavan onu səsləyir. Atam ona yanaşır. Cavan oğlan dedi, tüfəngimi sənə tuşlamışdım. Az qalmışdı ki, vurum. Yaxşı ki, son anda səni tanıdım. Oturub bir az söhbət etdilər. Atam başa düşdü ki, bu adam karvan kəsir, quldurluqla məşğul olur.

Bir başqa vaxt atam bir həyətdə kişilərlə birlikdə oturanda o oğlan da onların yanına gəlib əyləşir. Çiynində tüfənqi də var idi. Onun üstü-başı, toz-torpağ içində idi. Birdən onlara xəbər gəldi ki, kənddə kimsə bir nəfəri güllə ilə vurub, öldürüb. Oğlanın hərəkətlərindən atam hiss etdi ki, o adamı vuran elə bu, atamın dayısı oğlu olub. Atam anladı ki, bu adam həm də qoçuluqla məşgul olur, hətta pulla adam da öldürür. Ancaq bunu üzə vurmadı, ürəyində bir sirr kimi saxladı.

Amma bu cavanın axırı pis oldu. O, bir varlı adamın, bəyin gənc arvadını qaçırdmışdı. Sonra onu özünə arvad edərək, dağda bir komada, yanında saxlayırdı. Bir dəfə bir evin qarşısından keçəndə bir kişi, evin yiyəsi onu içəri də’vət edir. Deyir ki, sənə hörmət etmək istəyirəm, yemək-içmək verəcəyəm. Oğlan içəri girib süfrənin başında oturur. Rahat yemək üçün silahını-sürsatını çıxarıb yanına qoyur. Onun başı yeməyə qarışanda, arxa qapıdan həmin o bəyin adamları içəri girib onun başını kəsirlər. Meyidini isə evin yaxınlağındakı arxa atırlar. Atamın qohumları onun meyidini orada tapanda hadisənin necə baş verdiyini başa düşdülər. Meyidi aparıb basırdılar.

Rusiyada inqilab baş verəndən sonra çar ordusunda xidmət edən erməni bölmələri Qafqaza üz tutdular. Atam mənə demişdi ki, erməni hərbi dəstələri Qubanı tutmaq üçün iki dəfə həmlə etmişdilər. O, ermənilərin birinci, uğursuz həmləsinin şahidi olmuşdu. Bu döyüşü öz gözləri ilə görmüşdü. Atam o vaxt on-on iki yaşında uşaq idi. Erməni ordu hissəsinin şəhərə yaxınlaşmasının xəbəri camaata çatanda vilayətin geniş xalq kütləsi bundan heç bir narahatçılıq hissi keçirmədi. “Erməni bizə, kasıb-kusuba bir şey eyləməz, çünki bizim heç bir şeyimiz yoxdur. Qoy ermənilərdən varlılar, bəylər qorxsunlar. Ermənilərə varlıların sərvəti, qızıl-gümüşü lazımdır”, dedilər.

Atamın danışdığına görə ermənilərə yeganə müqavimət göstərənlər Dağıstanın varlı bəyləri olub. Bu bəylər öz nökərlərinə tüfənglər paylayıb onları şəhərin təpə hissəsində yerləşdirdilər. Ermənilər isə çox aşağıda, çayın o biri tərəfindən şəhərə yaxınlaşmağa başladılar. Onların hər cür silahı var idi – top, pulemyot və s. Ermənilər körpünün üstünə çıxanda, bizimkilər onlara atəş atdılar. Onda ermənilər güllədən qorunmaq üçün özlərini körpünün altına saldılar. Onun altından çıxa bilmirdilər. Hər haçan ki, körpünün altından erməni əsgərinin başı görünürdü bizimkilər onu nişan alırdılar.

Bizim tərəfin döyüşçülərinin keçəpapaqları var idi. Döyüşçülər bu papaqları tüfəngin başına keçirib, onları səngərlərdən yuxarı tuturdular. Ermənilər isə bu papaqlara nə qədər atırdılarsa bunun onlara xeyri olmurdu. Orada külli miqdarda erməni qırıldı. Ermənilərin qanından çayın üstü al rəngə boyanmışdı. Bu həmlə boşa çıxdı, ermənilər geri çəkildilər. Ancaq bir müddət keçəndən sonra, bir neçə gündən (və ya aydan) sonra ermənilərin ikinci həmləsi uğurlu olmuşdu.

Elə o vaxtlarda kənddə onun dayısına cavan bir erməni əsgəri rast gəlir. O, pəxlivan cüssəli bir adam idi. Əsgərin ona yanaşdığını görəndə kişi hirslənib onun tüfəngini əlindən çəkib götürür, üzünə də möhkəm bir şapalaq vurur. Erməni əsgər ağlayaraq oradan qaçır.

İnqilabdan sonra qardaşı kommunist olur. Bolşeviklər bəylərə pis baxırdılar, sürgün edir, bə’zən də güllələyirdilər. Buna görə qardaşı özünün və bütün qohumlarının soyadlarını dəyişdirir “Mirzə”ni saxlayıb, “bəy” sözünü atır. Daha sonra atamı Tiflisə aparıb təzə açılan Qafqaz Kommunist Universitetində oxumağa qoyur. Atam orada rus dilini öyrənir, gürcü uşaqlarından daha yaxşı oxuyan tələbə olur. O vaxtın tələblərinə görə sənədlərində özünü yalandan muzdur (batrak) kimi qeyd edir. Çünki sovet hakimiyyəti dövründa aşağı təbəqənin nümayəndələrinin qabağa getməyə, yaxşı vəzifə tutmağa daha çox imkanı var idi.

Orada oxuyanda bir gün müdür tələbələrə gəlib deyir ki, yığışın, dağlara, bir quldur dəstəsinə qarşı vuruşmağa, gedəcəyik. Atam dedi, qorxudan bütün tələbələrin altı oturacağa yapışdı.

Şüra hökuməti kəndçilərin başını bişirirdi, təbliğ edirdi ki, onlar kolxozlara girsinlər. Təbliğatları bu cür idi. Bəylərin böyük sürülərinin, ilxılarının hamısını mənimsəmişık, kolxozlara yığmışıq. Siz də əlinizdəki mal-qara ilə kolxoza girsəniz bütün bu sürülər sizin olacaq. Bunu eşidəndən sonra kəndçilər kolxozlara daxil olmağa həvəslənirdilər.

Bəylərin adamları dəstələr düzəldib dağlara çəkilmişdilər. Var-yoxları əllərindən alındığına görə bu dəstələr qisas alırdılar, əllərinə keçən komunistləri öldürürdülər. Bir gün, kommunist olduğuna görə atamı tutub boğazını kəsdilər və ölmüş bilib bir çuxura atdılar. Çuxurda səhərə kimi qaldı. Atam görürdü ki, yuxarda itlər onun yerə tökülən qanını yalayırdılar. Səhər onu tapıb Qubaya hospitala apardılar. Müsəlman həkimlər qohumlara dedilər ki, bu adam çox qan itirib, yaşamayacaq, öləcək. Ancaq bir təcrübəli yəhudi həkim, mən onu sağaldacağam, dedi.

Böğazı kəsildiyinə görə atam xörək yeyə bilmirdi. Yəhudi onun boğazının kəsilmiş yerinə nazik boru keçirdib oradan xörəyi içəri tökürdü. Həkim, onu, bu şəkildə iki-üç aya sağaltdı. Ancaq o yaranın yeri qaldı, getmədi.

Atam Kommunist Universitetinin ilk mə’zunlarından biri olduğu üçün ayrı-ayrı vaxtlarda iki vilayət komitəsinin sədri olub. Bağırov vaxtı, müharibədən qabaq Bakıda Mərkəzi Komitədə də işləyib, orada vəzifəsi var idi. Yüksək vəzifələr tutanda o, çox şıq qeyinir, bahalı ingilis yun parçalarından kostyumlar tikdirirdi.

Bir dəfə Mərkəzi Komitənin bir kabinetində iş yoldaşı ilə təklikdə oturanda deyib ki, görəsən Stalin ölsə onun yerinə kim keçəcək? Bu adam bərk qorxub, bir söz demədən otağdan çıxır. Gedib xəbərçilik edir, atamın sözünü rəhbərliyə çatdırır. Bunun ardınca partiya komitəsinin yığıncağı çağırılıb atamın işinə baxıldı. Orada bir nüfuzlu rəhbər işçinin atama yardımı dəydi, bu ciddi məsələ ört-basdır edildi.

Atam Mərkəzi Komitədə işləyəndə yaxınlıqda, filarmoniyanın üzbəüzündə yerləşən keçmişdə bir bəyin mülkü olan evdə mənzil almışdı. Sonradan başqa yerə köçür, birinci arvadı ilə Nizami kinoteatrının qarşısında yerləşən “modern” üslubunda tikilən gözəl bir evdə üç otaqlıq mənzıldə yaşadı.

Atamın sözünə görə Bağırov tez-tez filarmoniyaya, teatrlara gedib müğənnilərə, artistlərə fikir verirdi. Kimdən xoşu gəlmirdisə, onu Şura hökumətinin düşməni adlandırıb tutdururdu. Teatrdan, konsertdən sonra o adamları filarmoniyanın, teatrların qapısında qara maşın gözləyirdi. Onları maşına basıb aparırdılar. Bağırov onların birisinə deyirdi, indi ki, sən padşahı, sultanı və xanı bu cür gözəl şəkildə canlandırırsan, deməli bizim adam deyilsən, fəhlə-kəndli quruluşunun düşmənisən. Başqasına, sən Osmanlı ləhcəsində danışırsan, deməli pantürkist təmayüllü adamsan. Onları Sibirə göndərtdirirdi.

Atam həm də İrəvanda radiyoda, türkdilli şöbədə işləyirdi, mədəniyyət işlərinə baxırdı. Bir gün gənc Niyazi onun yanına gəlib, bir simfoniya bəstələdiyindən danışdı. O, vaxt Niyazini hələ heç kəs tanımırdı. O, istəyirdi ki, atam ona bu məsələdə bir köməklik göstərsin. Atam partiya işçisi olub ki, mədəniyyət məsələrindən başı çıxmırdı. O, notlara baxdı və heç nə anlamadı. Belə olanda Niyazı bəstələdiyi simfoniyanı ağzı ilə çalmağa başladı. Qutarandan sonra atam ona dedi ki, bir həftədən sonra gəlin, onda biz bu simfoniya bərəsində öz qərarımızı verərik.

Niyazı gedəndən sonra atam katibəyə deyir ki, deyəsən bu adamım başı çatışmır, bir də gəlsə qeri qaytarın, deyin ki, müdür idarədə yoxdur.

Niyazi məşhur adam olanda, atam artıq təqaüdə çıxmışdı. Niyazi hər dəfə küçədə atamla rastlaşanda, ona salam verirdi. Atam dedi ki, yaxşı adamdır. Mən İrəvanda ona qarşı yaxşı rəftar etmədim, amma o, mənim bu pisliyimi unudaraq üzə vurmadı.

Atam həm də Bakıda tibb institutunda tarix dərsi müəllimi kimi işləmişdi. O səbəbdən ki, onun bütün dişləri qızıl qapaqlarla örtülmüşdü, tələbələr ona ad qoymuşdular – “qızıl diş müəllim”.

Atamın doktorluq dissertasiyasının müdafiəsi 1941-ci ilin 22 iyununa tə’yin olunmuşdu. Bir yəhudi alim onun bu elmi tədqiqat işinə yaxşı rə’y vermişdi. Elmi işin adı “İnqilab hərəkatında solculuq təmayülləri” idi. Fəqət tale’sizlikdən o günü müharibə başladı və atam daha alim adını ala bilmədi.

Müharibəndən çox-çox sonralara qədər atamın yanına tez-tez doktorluq həvəsində olan adamlar gəlir və o dissertasiyanı ondan pulla almaq istəyirdilər. Atam hər dəfə onlara rədd cavabını verirdi.

Mən bu elmi işi oxumuşdum. Atam onu sadə, anlaşılan bir rus dilində yazmışdı. Görmək olurdu ki, o, bunu başqaları kimi ordan-burdan köçürtmək yolu ilə deyil, oxuduğu kitablardakı fikirləri yaxşı anlayayıb və öz süzgəcindən keçirdikdən sonra, təzədən öz sözləri ilə yazmışdı. Yahudi alim bu elmi işin haşiyəsində yazmışdı ki, atam Plexanovu və başqalarını tənqid edəndə bunu Leninin və Stalinin əsərlərinə istinad edərək etmışdı. Halbuki o, Plexanov kimilərin özlərinin yazdığları əsərləri oxumamışdı. Fəqət, axırda əlavə etdi ki, ümumiyyətlə bu iş yaxşı yazılıb və alimliyə namizad olan bu şəxs bir tarixçi kimi, bir yerli kadr kimi respublika üçün dəyərli bir adamdır.

İkinci Dünya muharibəsi başlayanda sovet ordusu İranın şimal ərazilərini zəbt etdi. Atam məs’ul partiya işçisi olduğundan orduda komandir tə’yin olundu. Bir hospital və onu qoruyan əsgər hissəsi onun əmri altında idi.

Sovet ordusu bir güllə atmamış belə o əraziləri tuta bildi. İranlılar ruslardan elə bərk qorxmuşdular ki, təzə amerika maşınlarını yolların qırağına atıb qaçmışdılar. Sovet əskərləri maşınların yanından keçdikcə, şəhərdə aparıb satmaq məqsədi ilə, onların təkərlərini, güzgülərini, sükanlarını, ümumiyyətlə, hər şeyini “dənləyib” özləri ilə aparırdılar.

Vuruşma, döyüş olmadığı halda əsgərlər arasında böyük itkilər var idi. Ölənlər arasında müsəlmanlar yox idi, hamısı ruslar idi. Görünür ki, bu itki isti iqlimin səbəbəbindən olurdu. Bir də milçəklərdən. Bir cür milçək var idi ki, kimi dişləsə, ölürdü. Bu itkilər də ancaq rus əsgərlər arasında olurdu.

Bir dəfə atama tapşırığ gəldi ki, ona tabe’ əsgərlər bir məntəqədən başqasına getsinlər. Kimsə atama kəsmə yolunu məsləhət etdi. Ancaq bu kəsmə yol səhradan keçdiyi üçün onlar mənzil başına dörd saat gec gəlib çıxdılar. Bu işə görə atam töhmət aldı.

Atam İranda, orada keçirdiyi iki il ərzində kefə baxırdı. Sovet İttifaqında camaat aclıq, korluq çəkəndə, İranda bolluq idi. Bizim əsgərlər İranın bazarlarında çeşidli ərzaq məhsullarını, fərqli-fərqli adlarını bilmədikləri əcaib meyvələri görəndə mat-məətəl qalırdılar.

Atam hospitalla birlikdə İranın cürbəcür şəhərlərində olub: Ərdəbildə, Təbrizdə, Rəşddə və Tehranda. Tehranda İran zabitlərinin hospitalında yerləşəndə görmüşdü ki, oranın bütün döşək ağları ipəkdən idi.

Atam şəhər restoranlarında yemək yeyirdi. Sovet zabiti olduğuna görə iranlılar ondan pul almağa cürət etmirdilər. Atam bu iki il ərzində hər gün dükanlara gedib bazarlıq edirdi, pul verməyib böyük miqdarda ərzağı alıb hospitala aparırdı, öz tabeçiliyində olan adamlarla birlikdə kef məclisləri qururdu. Onun bir rus köməkçisi də bu məclislərə qoşulurdu. Atama xəbər verirdilər ki, bu rus bizimlə birlikdə yeyib-içəndən sonra xəlvətə çəkilib atama qarşı “donos” yazırdı, xəbərçilik edirdi. Lakin atam buna e’tinazsızlıqla yanaşırdı. Atamın şoferi tez-tez deyirdi ki, yoldaş komandir, mənə icazə verin onu küçədə tutub, öldürüm. Müharibədir, haradan biləcəklər ki, kim öldürüb. Atam buna razı olmurdu, deyirdi, eybi yox, qoy nə qədər istəyir yazsın.

Tehranda olanda sovet səfirliyində də olurdu, şəhər valisi ilə də tanış olmuşdu. Bir dəfə şəhər valisi onu yanına çağırdı. Dedi, dünən valilikdə qonaqlıq vermişdim, xarici səfirləri də qonaq çağırmışdım. Sovet səfirinin arvadı bizim binanın piləkənində yıxılıb ayağını sındırmışdı. Qorxuram buna görə sizin rus səfiriniz məni cəzalandırsın. Sizdən çox xahiş edirəm ki, səfəratxanaya gedib bu bədbəxt hadisəyə görə mənim adımdan səfirdən üzr istəyəsiniz.

Atam şəhər valisinə ürək-dirək verdi. Dedi, qorxmayın, mən gedib bu məsələni həll edərəm. O, rus səfirin yanına gedib, onunla bu məsələ barəsində danışdı. Səfir onu inandırdı ki, bu qəzada şəhər valisinin heç bir qünahı yoxdur. Gedin onu rahat edin.

Səfir atama səfirlikdə iş vermək istəyirdi. O, atama dedi, siz iranlılarla yaxşı dil tapa bilirsiniz. Onlar sizə e’tibar edirlər. Səfirlikdə qonaqlıq düzəltmək işini sizə tapşıracağam. Səfirlikdə keçirilən belə məclislər çox ciddi, vacib bir işdir. Biz orada cürbəcür səfirlərlə, iranın nazirləri və sərdarları ilə görüşüb tanış oluruq. Sizin isə belə məclislər qurmağa yaxşı bacarığınız var.

Ancaq atam bu təklifi rədd etdi. Axı, onun Bakıda daha böyük vəzifələri olub.

Atam Tehranda bir dəfə dəlləyə üzünü qırxdırmağa getmişdi. İranlı dəllək sovet zabitinin üzünü qırxdığı üçün bərk qorxmuşdu, əlləri əsirdi. Atam isə onun bu vəziyyətini görüb, dəlləyin onun boğazını kəsəcəyindən qorxurdu.

Bir başqa gün dəlləkdə saçını vurduranda, onun küçədə durmuş hərbi maşınına bir iranlının maşını dəyib, onu balaca əzmişdi. İranlı, maşının sovet zabitinə məxsus olduğunu biləndə dəhşətə gəlmişdi, elə düşünürdü ki, buna görə onu güllələyəcəklər. Atamın ayağına düşüb, “Ağa, məni əfv edin, bu qəsdən olmayıb”, deyərək, yalvarırdı. Sonra dedi, sizin maşınızı öz hesabıma tə’mir etdirəcəyəm. Tə’mir olunana qədər mənim maşınımdan istifadə edin. İranlının maşını Amerikanın “Şevrole”si idi. Atam şoferi ilə bir həftə bu gözəl maşında gəzdi.

Atam o iki il ərzində farsca bir kəlmə belə öyrənə bilməmişdi. Fəqət bir dəfə dedi ki, kibrit satan iranlı uşaqlar küçədə bu cür qışqırırdılar “Kibriti bixətər, səxti şurəvi”. Yə’ni ki, “xətərsiz kibrit, sovet istehsalı”.

Tehranda karxana sahibi varlı bir iranlı qadını atama vurulmuşdu. Ona dedi ki, gəlin siz Bakıya qayıtmayın, İranda, burada mənim yanımda yaşayın. Nikah edək, ər-arvad olaq.

Atam razı olmadı.

Sovet ordu hissələri Tehrandan çəkiləndə küçədə duran iranlılar ədəbsiz hərəkətlər edirdilər. Arxalarını çevirərək və dombalaraq, paltolarının ətəklərini qatlayıb əllərini ilə ombalarına vururdular, belə etməklə sovet əskərlərinə acıq verirdilər. Yə’ni ki, “A rus, ala, ye bunu, tutdun İranı!”.

Fəqət Təbrizdə rəftar başqa cür idi. Görünür təbrizlilər təşviş içində idilər. Çünki, ruslar orada kommunist bir hökümət qurmuşdular. Təbrizlilər başa düşürdülər ki, rusun ordusu çəkiləndən sonra bu kukla hökuməti hökmən dağılacaq, İranın qoşunu şəhərə girəndə bu ayrılma tərəfdarları cəzalandırılacaq, dar ağaclarından asdırılacaqlar.

Vətənə qayıdanda NKVD atamı tutub Tiflis həbsxanasına atmışdı. O, “xalq düşmanı” kimi ittiham olunmuşdü. Odurdu ki, atam cənnətdən, cəhənnəmə düşdü.

Tiflis həbsxanasının bir kabinetində gürcü müstəntiq atamın qarşısına masanın üzərinə üst-üstə yeddi-yəkkiz qalın qovluqlar qoyur. Onların içindəki kağızların hamısı hospitaldakı rusun yazdığı “donos”lar idi. O, cürbəcür əməllərinə görə ittiham olunurdu. Məsələn, bir ittiham o olub ki, müharibə zamanı atam tez-tez Türkiyə radiosuna qulaq asırdı. Başqa ittiham o idi ki, atam hospitalda yığıncaq toplayıb bir-neçə qadın işçinin hamilə olma halını müzakirə etmişdi. O, bu iş üçün bu qadınları tənqid edəndə demişdi ki, siz nə üçün bu işə belə yüngülcəsinə yanaşırsınız. Kim bilir bəlkə bu müharibə heç iki il deyil, dörd il çəkdi. Onda nə edəcəksiniz?

Bu işin pisliyi onda idi ki, Stalin sovet xalqına və’d etmışdi ki, müharibə uzağı iki il çəkəcək. Halbuki atamın sözündən elə çıxır ki, o, rəhbərin bu sözünə şübhə ilə yanaşıb.

Başka bir “donos”da atamın İranın hospitalarında kef məclisləri qurduğundan danışılırdı. Ondan başqa atam həm də ittiham olunurdu ki, onun tabeçiliyində olan əsgərlər Tehranın dükanlardan xalçalar oğurlamışdılar.

Bir dəfə həbsxanaya Moskvadan bir rus qeneralı gəlir, bir kabinetdə atamla təkbətək danışır. General dedi ki, mən Tiflisə məhz sənin məsələyə oxşar işlər üçün gəlmişəm. Bu cür sün’i bir şəkildə qaldırılmış işləri tədqiq edib, ifşa etmək üçün. Lakin atam təsdiq etdi ki, bu iş əsla yalançı ittihamlar üstündə qurulmayıb, özünün qünahkar olduğunu e’tiraf etdi. Atamın bu e’tirafı qeneralı hirsləndirdi və o, söyüş söyməyə başladı. Dedi ki, mən sənə kömək etmək, səni buradan buraxdırmaq istədiyim halda gör sən nə etdin.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin