3-4-Musanın (ə) anası və bacısı
Ən çətin hadisələrin qarşısında davam gətirən və müqavimət göstərən qadınlardan biri də Musanın (ə) anası “Yukabed” və bacısı “Kəlsəmə” (yaxud Kəlimə) idi.
Fir`on rejiminin cəlladları əmr etmişdilər ki, dünyaya gələn bütün oğlan uşaqlarını öldürsünlər. Çünki münəccimlərin dediyinə görə, həmin ildə Fir`onun taxt-tacını aradan aparacaq bir oğlan uşağı dünyaya gələcəkdi. Buna görə də onlar istəyirdilər ki, həmin uşağı öldürməklə bunun qarşısını alsınlar. Gizlin mə`murlar, mamaçalar hər yerdə hazır olub, hər yeri yoxlayaraq nəzarət altında saxlayırdılar. Əgər bir uşaq dünyaya gəlsəydi onu öldürürdilər. On minlərlə günahsız uşaqlar öldürüldülər. Hər bir evdən Bəni İsrail qadınlarının naləsi və ağlamaq səsləri gəlirdi. Qəm-qüssə az yaşlı uşaqların da ölümünə səbəb olurdu. İş o yerə çatdı ki, qibtilərin (Fir`onun tərəfdarlarının) rəisi Fir`onun yanına gəlib, ondan bu barədə fikrinin dəyişməsini istədi. Fir`on əmr etdi ki, bir il uşaqları öldürsünlər, bir il isə əl saxlasınlar. Musanın (ə) qardaşı Harun həmin uşaqların öldürülmədiyi ildə dünyaya gəldi.38 Bəni İsrailə şamil olmuş İlahi lütf və qeybdən gələn yardımlar, Musanın (ə) anasının hamiləliyinin bilinməməsinə kömək oldu. Hətta Musanın (ə) anasının sorağına gəlmiş həkim onu müayinə edərkən onda hamiləliyin əsər-əlamətini görmədi. Musa (ə) dünyaya gəldiyi zaman, onun anasına kömək etmək üçün gəlmiş həkim qadın Musanın (ə) alnındakı nuru gördükdə onun məhəbbəti qəlbinə düşdü və bu barədə heç kəsə bir söz demədi.39
Beləcə, Musa (ə) dünyaya gəldi. Onun anası və bacısı belə bir böhranlı və qorxulu vəziyyətdə Musanı (ə) himayə etdilər və gözlərinin nurunu ölməyə qoymadılar. Ancaq həmin böhranlı vəziyyət hələ də aradan getməmişdi. Hər an onu öldürmək təhlükəsi var idi. Ana övladının nicat tapması barəsində fikirləşirdi. Allah Musanın (ə) anasına: “Musanı əmizdir, öldürülməsi təhlükəsini hiss etsən onu dəryaya (Nil çayına) at və narahat olma! Biz onu sənə qaytaracaq və peyğəmbərlərdən edəcəyik” – deyə buyurdu.40 Ana, dülgər Hizbilin yanına gedib ona dedi: “Bir sandıq düzəlt”.
Dülgər sandığı düzəltdi. Ana sandığı ehtiyatla evə apardı. Uşağını sandığa qoyub Nil çayının yanına gəldi və onu suya buraxdı. Fir`on və həyat yoldaşı bu zaman Nil çayının kənarında idilər. Birdən suda üzən sandığı gördülər. Fir`on həyat yoldaşına dedi: “O sandığı götür və bura gətir”.
Asiyə sandığı sudan götürdü və qapısını açdıqda orada gözəl bir uşaq gördü. Allah həmin anda Musanın (ə) məhəbbətini Asiyənin qəlbinə saldı. Fir`on uşağı görəndə bərk qəzəblənərək dedi: “Necə ola bilər ki, hər yer nəzarət altında ola-ola bu uşaq əldən çıxıb və onu öldürməyiblər?”
Asiyə dedi: “Bu uşaq bir yaşındadır. Sən də əmr etmisən ki, bu ilki uşaqları öldürsünlər. Qoy bu uşaq bizim üçün qalıb gözümüzün işığı olsun. Onu öldürmə, bəlkə bizə xeyri dəydi. Onu övladlığa götürək”.41
Anası isə Musanın (ə) fikrində idi. Qızı, Musanın (ə) Kəlsəmə adlı bacısına dedi ki, sandığın dalınca gedib, əhvalatı ona xəbər versin. Bacısı çətin vəziyyətdə qardaşının dalınca gedərək onun Fir`onun evində olduğunu öyrəndi. Namə`lum halda özünü oraya çatdırdı. Gördü ki, qadınlar sarayda Musanı (ə) əmizdirmək üçün toplaşıblar, ancaq o heç kəsin südünü qəbul etmir. Musanın (ə) bacısı onlara dedi: “Əgər istəsəniz, mən sizə bu uşağı əmizdirə bilən bir ananı tanıtdıraram”.
Axırda Allahın lütfü sayəsində, bacının köməyi ilə uşağı anasının yanına gətirdilər. Musa (ə) anasının iyin hiss etdikdən sonra, südünü əmib, isti ana qucağında yuxuya getdi.
Yazırlar ki, Fir`on ananı hüzuruna çağırıb ona dedi: “Nə üçün bu uşaq təkcə sənin südünü qəbul edir?”
Ana cavabında dedi: “Çünki məndən yaxşı ətir qoxusu gəlir və südüm də dadlıdır. Buna görə də hər bir uşaq mənim südümü götürür”.
Fir`on onun bu sözünə inandı və daha bu barədə maraqlanmadı.42
5-İbrahim Xəlilin (ə) anası
Həzrət Musanın (ə) qeyd olunan macərasına oxşar bir hadisə Həzrət İbrahimin (ə) “Buna” və yaxud “Nuna” adlı anasının da başına gəldi. Nəmrudun gördüyü yuxuya əsasən və ya kahinlərin verdiyi xəbərə görə, o, gələcəkdə bu il doğulacaq uşağın əliylə həlak olacaqdı. Buna görə də o, çoxlu oğlan uşaqlarını öldürərək bir çox evləri matəmə qərq etdi. Bə`zilərinin nəql etdiyinə görə o, yetmiş yeddi mindən yüz minə qədər uşaq öldürdü.43 İbrahimin (ə) cəsur anası belə bir ağır və böhranlı vəziyyətdə, misilsiz şücaətlə özünü Nəmrudun casuslarından gizlətdi və doğum zamanı, adət olmaq bəhanəsi ilə (o zaman adət olmuş qadınların şəhərdən çıxması bir qayda və ən`ənə idi) şəhərdən çıxdı və çöllükdəki dağda mağara tapdı. Mağaraya girdi və İbrahim (ə) elə orada dünyaya gəldi. Bu yorulmaz ana 13 il casusların gözündən uzaq, bə`zən sübh çağları və bə`zən də gecə yarısı özünü mağaraya çatdırararaq oğluyla görüşərdi. Qeybdən İlahi yardımlar onun köməyinə gələrdi. O, Allahla idi, Allah da ona kömək edərdi. Nəhayət o, on üç ildən sonra İbrahimi (ə) xüsusi bir yolla şəhərə gətirdi. İbrahim (ə) yavaş-yavaş bütpərəstlərlə mübarizəyə başladı. O hər gün mübarizəsini gücləndirirdi.44
6-İsmayılın (ə) anası Hacər
Əvvəllər kəniz olmuş Hacər, Həzrət İbrahim Xəlilin (ə) həyat yoldaşı oldu. O, bir neçə dəfə çox ağır və acı hadisələrlə rastlaşdı. Onlardan biri də bu idi ki, Allah İbrahimə (ə) oğlu İsmayılı Məkkənin susuz və yandırıcı çöllüyündəki uca dağların yanında qoymağı əmr etdi. Hacər bu ağır işi, Allahın və Peyğəmbərinin (ə) istəyinə əməl etmək üçün qəbul etdi. Uzun müddət uşağıyla tək-tənha, uca Əbu Qubeys dağının kənarında yaşadı. Ora elə bir yer idi ki, ilk dəfə uşağı susayanda su tapılmadı. Hərçənd ki, sonralar yerdən Zəmzəm bulağı qaynadı və onlar bu sudan istifadə etdilər. Hacər uşağıyla birlikdə mehriban ərindən uzaqda özünü bütün çətinliklərə öyrəşdirdi. İsmayıl boy-buxunlu cavan oğlan olanda, İbrahim (ə) bə`zi vaxtlar onların görüşünə gələrdi. O, Allahın fərmanı və İsmayılın köməyi ilə Kə`bə evini tikdi. Amma bu ev, allahpərəstlik tarixində bu ailənin özündən sonra yadigar qoyduğu axırıncı ev deyildi. Onları tezliklə böyük bir imtahan gözləyirdi; ata-ana öz qoçaq övladı İsmayılı Allah yolunda, Onun razılığı üçün qurban kəsməli idi. Ata və oğul, Hacəri analıq məhəbbətinə xatir bu əhvalatdan xəbərdar etmədilər. Qəlbən Allaha təslim olduqlarına xatir, Allahın əmrini yerinə yetirmək üçün evdən çıxdılar. Hacər bu əvhalatdan xəbərdar oldu. Əgər o adi bir qadın olsaydı, çox narahat olardı. Çünki, qəlbinin bir parçası, ömrünün səmərəsi olan İsmayılı qurban kəsirdilər. Şeytan qoca kişi cildində gəlib əhvalatı ona söyləyəndə o, cavabında: “Heç bir ata oğlunun başını kəsməz” dedi.
Şeytan: “İbrahim (ə) deyir ki, Allah buyurub”.
O zaman bu ixlaslı qadın dedi: “Mənim və İsmayılın min canı da olsa, Allaha fəda olsun. Ey kaş min oğlum olaydı, hamısını Allah yolunda qurban verəydim”.
Sonra əlinə bir neçə daş götürüb, şeytana tərəf ataraq onu özündən qovdu. Şeytan Hacərdən mə`yus olub yolunu itirdi.45
Dostları ilə paylaş: |