DÜNYADAKI BEHİŞTİN ŞƏRTLƏRİ
Ovf Şeybaninin Əyas adlı bir qızı var idi. Ömər ibn Həcər adlı bir oğlan ona elçi göndərdi. Qızın ata-anası ona müsbət cavab verdilər. Gecə qızın ər evinə getmək vaxtı gəlib çatdı. Ana qızını xəlvətə çağırıb, gələcəkdə evdarlıq, övlad və ər qarşısındakı vəzifəsini layiqincə yerinə yetirməsi və xoşbəxt olması üçün ona nəsihət verdi: “Qızım, sən öz doğmalarından ayrılıb özgə evinə gedirsən. Bizdən ayrılıb onlarla oturub-duracaqsan. Sözsüz, gərək ərinin qarşısında təvazökar olasan ki, onunla ünsiyyətin yaxşı olsun. Ərinin mehriban həyat yoldaşı olmasını istəyirsənsə, bu nəsihətlərə yaxşıca qulaq as:
1. Qənaətcil ol, ərinin tapşırıqlarına yaxşıca qulaq as və onları yerinə yetir.
2. Özünə onun üçün bəzək-düzək ver ki, sənə baxanda narahat olmasın.
3. Həmişə ətirli ol ki, sənin qoxun onun üçün ən yaxşı ətir olsun.
4. Yemək zamanı ona qulluq et. Çünki ac insan həyəcan və narahatlıq içində olur.
5. İstirahət etmək istəyəndə ona şərait yarat. Çünki mümkündür ki, yuxusuzluqdan qəzəblənə.
6. O olmayanda onun malını yaxşı qoru, evindən ehtiyatlı ol və övladlarına xidmət et.
7. İşlərində ona kömək et.
8. Onun sirlərini yayma, yoxsa arxayın ol ki, əlindən amanda olmayacaqsan.
9. O narahat olduğu zaman gülmə.
10. Onun sevindiyi zaman qəmgin olma.
Əgər bu nəsihətləri eşidib vaxtında yerinə yetirsən, həyatınız behişt həyatı kimi olacaq”.15
İkinci fəsil
ACI HADİSƏLƏR MÜQABİLİNDƏ SƏBİR ETMƏK
Qur`ani-kərimin ayələrindən, rəvayətlərdən və keçmişdəkilərin hekayələrindən əlavə, öz təcrübələrimiz də göstərir ki, dünya xoşagəlməz və acı hadisələr, bəla, giriftarçılıqlar və müsibətlərə bürünüb. Həzrət Əmirəl-mö`minin Əli (ə) buyurur: “Dünya elə bir evdir ki, bəlalar onu bürümüş, vəfasızlıq və hiylə ilə tanınmışdır. Hadisələri müxtəlif, sakinləri də rahat deyil. Əhvalı dəyişkən, vəziyyəti də ötüb keçəndir. Oradakı həyat məzəmmət olunub, əmniyyət və asayişi də yoxdur. Onun əhalisi həmişə bəla (oxları) hədəfinə çevrilib, daim onlara tərəf atılır və ölümlə onları məhv edir”.16
O Həzrət (ə) Şüreyh Qaziyə (səksən dinarlıq ev aldığına görə) buyurdu: “Bu evin qəbzinin bir nüsxəsini yazıram. O nüsxə belədir: Bu, zəlil bəndənin köçməyə hazır olan ölüdən aldığı, fani olanların məhəlləsində, həlak olanların küçəsində, qürur sarayından bir evdir. Onun dörd tərəfi vardır. Bir tərəfi bədbəxtlik və bəlalardan, ikinci tərəfi acı hadisələr və müsibətlərdən, üçüncü tərəfi süstləşdirici istək və meyillərdən, dördüncü tərəfi isə doğru yoldan, azdırıcı şeytana birləşmiş divardan ibarətdir. Bu evin qapısı da dördüncü tərəfə açılır”.17
İmam Əlinin (ə) bəyanında dünyanın dörd tərəfində bəlalar və müsibətlər olduğunu görürük. Beləliklə aydın olur ki, dünya rifah və asayiş yeri deyil. Orada insan həmişə bəla və giriftarçılıqla mübarizədədir.
GİRİFTARÇILIQLARIN SƏBƏBİ
İndi isə bu giriftarçılıqların səbəbini araşdıraq.
Qur`ana nəzər salanda görürük ki, bu giriftarçılıqların səbəbi bizim keçmişdəki xoşagəlməz əməllərimizdir. Məsələn, Şura surəsinin 30-cu ayəsində buyurulur: “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır və Allah (günahlardan) çoxlarını əfv edər”.
Bu və buna oxşar ayələrdə müsibətlərin səbəbləri kimi keçmişdə baş vermiş günahlar göstərilir. “Rum” surəsinin 41-ci ayəsində buyurulur: “İnsanların öz əlləri ilə etdikləri pis əməllər üzündən suda və quruda fəsad və giriftarçılıq əmələ gələr ki, Allah (bununla) onlara etdikləri bə`zi günahların cəzasını daddırsın və bəlkə onlar (tövbə edib pis yoldan) qayıdalar”.
Bu ayəyə əsasən yerdə və quruda baş vermiş bəlalar həm əməllərin cəzası, həm ibrət almaq və həm də günahkarların tövbə edib Allaha tərəf qayıtmasına görədir. “Bəqərə” surəsinin 155-ci ayəsində buyurulur: “Əlbəttə, Biz sizi bir az qorxu, bir az qorxulu müharibələr, bir az aclıq (qıtlıq), bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. Səbir edənlərə müjdə ver”.
Bu ayəyə əsasən də müxtəlif giriftarçılıq və bəlaların səbəbi insanın imtahan olunmasıdır. “Ənkəbut” surəsinin 2-ci ayəsində buyurulur: “İnsanlar (iman gətirdiklərini) güman edib onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?”
“Fitnə” kəlməsi qızılı oda qoyub, onun xalisini qatqısından ayırd etmək mə`nasını ifadə edir. Daha sonra bu söz hər cür zahiri və batini imtahana da deyilib. Beləliklə, aydın olur ki, insan həmişə fitnə və imtahan arasındadır. Həzrət İmam Əli (ə) giriftarçılıq barəsində buyurub: “Pərvərdigara! Sənə fitnədən (imtahandan) pənah aparıram, deməyin. Çünki imtahan olunmayacaq kəs yoxdur. Lakin hər kəs Allaha pənah aparmaq istəsə, doğru yoldan azdıran fitnələrdən Allaha pənah aparsın. Allah-təala (Qur`anda “Təğabun” surəsinin 15-ci ayəsində) buyurur: “Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız sizin üçün ancaq bir sınaq vasitəsidir”. Bu cümlənin mə`nası budur ki, Allah insanları mal-dövlət və oğul-uşaqla imtahan edir ki, verdiyi ruzidən narazı qalan və şükr edib razı olan kəslər tanınsınlar. Hərçənd ki, Allah insanlara onların özlərindən daha agahdır, lakin bu imtahan və sınaq, mükafat və cəzaya layiq olan əməllərin aşkar olunması üçündür”.18
Digər tərəfdən, rəvayətlərdə bəlaların səbəbi bə`zən imtahan, bə`zən əməlin cəzası, bə`zən də keçmiş günahların bağışlanması, bə`zən isə (Allah övliyalarının bəlaları kimi) mə`nəvi dərəcənin artması kimi qeyd olunur. Bütün ayə və rəvayətlərdən belə nəticə çıxarırıq ki, bəlaların səbəbləri aşağıdakı beş haldır:
Keçmiş əməllərin cəzası.
Pis yoldan qayıtmaq və tövbə etmək vasitəsi.
İmtahan və sınaq. Özünü tanısın ki, imtahanın öhdəsindən necə gələ bilir.19
Keçmiş günahların bağışlanması.
Mə`nəvi məqam və dərəcənin artması.
Beləliklə, biz öz araşdırmalarımızda bəlaların səbəblərini anladıq. Bəla üz verdikdə gərək dözümsüz olmayaq. Əksinə, səbir və müqavimət göstərməklə Allaha xatir özümüzü onların çətinliklərinə öyrəşdirsək və bu yolda polad kimi iradəli olsaq, çox tə`siri olacaq. “Bəqərə” surəsi 155-ci ayənin davamında buyurulur: “Səbir edən şəxslərə müjdə ver”.
“O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman “Biz Allahın bəndələriyik və (öləndən sonra) Ona tərəf qayıdacağıq” deyirlər”.
Allahın lütf və mərhəməti bu cür insanlara şamil olacaq və belə insanlar doğru yolda olanlardır.
Dostları ilə paylaş: |