4.3. Qərar qəbulunu dəstəkləyən sistemlərin təsnifatı
QQDS-in vahid qəbuledilmiş tərifi olmadığı kimi, müfəssəl təsnifatı da yoxdur. Müxtəlif müəlliflər müxtəlif təsnifat təklif edirlər.
İstifadəçi səviyyəsində QQDS-ləri üç qrupa bölürlər: passiv, aktiv və kooperativ sistemlər. Passiv QQDS qərar qəbulu prosesinə kömək edir. Lakin hansı qərarın qəbul edilməsi haqqında təklif verə bilmir. Aktiv QQDS hansı qərarın qəbul edilməsi barədə təklif verir. Kooperativ QQDS qərar qəbul edən şəxsə sistemin təklif etdiyi qərarı dəyişdirməyə, tamamlamağa və yaxşılaşdırmağa imkan verir, sonra isə bu dəyişilikləri yoxlamaq üçün sistemə ötürür.
Konseptual səviyyədə müəyyən əlamətlərin oxşarlığı baxımından QQDS-ləri aşağıdakı kimi təsnif edirlər[4]:
-verilənlərə yönəlmiş QQDS (Data-driven DSS);
-modellərə yönəlmiş QQDS (Model-driven DSS);
-biliklərə yönəlmiş QQDS (Knowledge-driven DSS);
-sənədlərə yönəlmiş QQDS (Dokument-driven DSS);
-kommunikasiyalara yönəlmiş QQDS (Communikations-driven DDS);
-funksional və ya ümumi təyinatlı QQDS (General Purpase DSS);
-WEB-əsaslı QQDS (WEB-Based DSS).
QQDS-də emal olunan verilənlərin təyinatından asılı olaraq onları iki tipə bölürlər: rəhbərliyin informasiya sistemi və qərar qəbulunu dəstəkləyən system.
Rəhbərliyin informasiya sistemi (Execution İnformation System-EİS)-cari situasiyaya dərhal reaksiya verən operativ sistemdir. Onlar əsasən hazırlıqsız istifadəçilər üçün nəzərdə tutulur. Odur ki, bu cür sistemlərdə interfeys sadə olur, həll olunan məsələlərin sayı məhdud olur və tipik sorğular emal olunur. Sorğuların cavabı kimi alınan hesabatlar əlverişli formada təqdim olunur. Bəzi mənbələrdə bu tip sistemlərə static DSS deyilir[6].
Qərar qəbulunu dəstəkləyən system (Decision Support System-DSS)-verilənlərin analizini və tədqiqatını yerinə yetirən çoxfunksiyalı sistemdir. Bu cür sistemlərdə verilənlərin məqsədyönlü emalı aparılır və alınan nəticələrdən qərar qəbulu prosesində istifadə edilir. EİS-dən fərqli olaraq, DSS predmet sahəsi haqqında biliyə malik olan və müasir kompyuter texnologiyalarından istifadə etməyi bacaran istifadəçilər üçün nəzərdə tutulur. Bu sistemlər süni intellect asistemlərinə xas olan xüsusiyyətlərə malikdirlər. Bildiyimiz kimi, süni intellect sisteminin vacib komponentlərinə intellectual interfeys, biliklər və verilənlər bazaları daxildir. DSS-in də tərkibində bu komponentlərin olması vacib hesab olunur. Qeyd edək ki, son vaxtlar QQDS dedikdə DSS nəzərdə tutulur. Bu tip sistemlərə dinamik DSS deyilir[6].
Modellərə yönəlmiş sistemlərdə verilənlərin analitik emalı riyazi, cədvəl və qrafik modellərdən istifadə etməklə aparılır. Həmin modellərdən idarəetmə məsələlərinin həllində istifadə edilir.
Biliklərə yönəlmiş sistemlərdə adətən verilənlər bazası və anbarı ilə yanaşı, biliklər bazası da olur. Həmin bazada əvvəlcədən hazırlanmış qərar variantları saxlanır və oradan konkret situasiyaya uyğun faktlara cavab verən qərar variantı çıxarılır.
Sənədlərə yönəlmiş QQDS müxtəlif formatlı elektron və ya qeyri-elektron sənədlərlə əməliyyat aparır.İdarəetmə qərarları həmin sənədlərdən götürülən informasiyanın analizi əsasında formalaşdırılır.
Kommunikasiyalara yönəlmiş sistemlər ümumi problemin həlli ilə məşğul olan iki və daha çox istifadəçinin işini dəstəkləyir. Bu cür sistemlərə başqa sözlə qrup DSS (Qroup DSS) deyilir.
Funksional və ya ümumi təyinatlı sistemlər passiv QQDS qrupuna daxildirlər.Burada verilənlərin analitik emalı prosesi aparılır və müəyyən qanunauyğunluqlar aşkar edilir, lakin qərar qəbul edilməsi haqqında təklif verilmir.
VEB-əsaslı QQDS İnternet mühitində reallaşdırılır və burada Web-texnologiyaların verdiyi bütün imkanlardan istifadə edilir.
VEB-texnologiyalarının istifadə səviyyəsinə görə QQDS-ləri iki sinfə bölürlər: umumsistem və avtonom.
Ümumsistem QQDS şəbəkə mühitində böyük həcmli verilənlər anbarları ilə işləyir və çoxlu istifadəçilərə xidmət edir.
Avtonom QQDS isə bir kompyuterdə reallaşdırılır və bir istifadəçiyə xidmət edir.
Dostları ilə paylaş: |