ƏXLAQIN MAHİYYƏTİ VƏ ƏSAS FUNKSİYALARI Tarixi inkişafın hər bir pilləsində insanlar müəyyən davranış normaları, prinsipləri, qaydaları, adət və ənənələr, dəblər yaratmışlar. Cəmiyyətin təşəkkül tapdığı ilk günlərdən insanlar bir-birilə münasibətlərini tənzim etmək üçün yaratdığı bu birgəyaşayış qaydalarına riayət edir, öz hərəkətlərində nəyin pis, nəyin yaxşı olduğunu, hansı hərəkətin bəyənilib-bəyənilmədiyini xeyir və şər kateqoriyaları vasitəsilə qiymətləndirmişlər.
İctimai şüurun qədim formalarından olan əxlaq insanlar arasındakı münasibətləri əks etdirir. Əxlaq insanların bir-birinə, dövlətə və cəmiyyətə olan münasibətlərini nizama salır, ictimai həyatın bütün sahələrində insanların hərəkətlərini tənzimləyir. Məsələn, əməkdə, məişətdə, siyasətdə, elmdə, ailədə, ictimai yerlərdə və s. Bunların hər birində o, müxtəlif rol oynayır. Bütün bu sahələrdə əxlaqla yanaşı insanların hərəkətlərinin digər tənzimləyiciləri də var. Məsələn, dövlətin hüquq normaları və dekretləri, istehsalatdakı qanun-qaydalar, təşkilatın nizamnamələri və təlimatları, vəzifəli şəxslərin göstərişləri, dini-ritual xarakterli qaydalar, takt, etiket, ədəb, davranış qaydaları, idman və digər oyunların şərtləri, nəqliyyatın idarə olunma qaydaları, sanitar-gigiyena normaları və s.
Hər bir dövrün və cəmiyyətin özünəməxsus əxlaq qaydaları, prinsip və normaları
olur. Zaman keçdikcə, cəmiyyət inkişaf etdikcə əxlaq qaydaları da dəyişir.
Əxlaq – gerçəkliyi dərketmə vasitəsi olub, insanın praktik-mənəvi dünyagörüşüdür. Əxlaqi münasibətlər əxlaq haqqında elm olan etika tərəfindən öyrənilir.
Əxlaq insanı birgəyaşayış şəraitində yaşamaq qabiliyyətləri baxımından xarakterizə edir. Əxlaqın məkanı – insanlar arasındakı münasibətlərdir. İnsanın güclü və ya ağıllı olmasını müəyyən etmək üçün onu digər insanlarla münasibətdə görmək və ya müqayisə etmək vacib deyil, çünki bu, fərdin özünəxas xüsusiyyətləridir. Lakin insanın nə dərəcədə xeyirxah, əliaçıq, mehriban olmasını və bu kimi digər xüsusiyyətlərinin şahidi olmaq üçün onu məhz başqaları ilə ünsiyyət prosesində görmək zəruridir.
Əxlaqın mahiyyətini daha yaxşı başa düşmək üçün onun əsas funksiyalarını da nəzərdən keçirmək lazımdır. Əxlaqın funksiyaları içərisində ən əsasları bunlardır: 1) qiymətləndirici; 2) idraki; 3) dünyagörüş; 4) tərbiyəvi; 5)tənzimləyici.