Şərəf və ləyaqət digər kateqoriyalar kimi şəxsiyyət və cəmiyyət arasındakı münasibətləri tənzim edir, insanın özünə qarşı münasibətlərini aydınlaşdırır, insanın mənəvi dəyərlərini ifadə edir, onların əxlaqına təsir edir. Orta əsrlər zadəganlarının ləyaqət və şərəf kodeksində duellər mərkəzi yer tuturdu. Şərəf insanın əxlaqi dəyərlərini onun konkret ictimai vəziyyəti, fəaliyyət növü, ictimai həyatdakı rolu, əxlaqi xidmətləri ilə əlaqədar ifadə edir. Heç bir insan cəmiyyətin bir hissəciyi olduğu halda ictimai rəydən qaça bilməz. Öz növbəsində ictimai əxlaq «kişi şərəfi», «qadın şərəfi», «əsgər şərəfi», «fəhlə şərəfi», «ailə şərəfi», «zavodun şərəfi», «məktəbin şərəfi» və s. anlayışlarla əlaqədardır. Əvvəllər «qəbilənin şərəfi» kimi anlayışlar da mövcud olub. Şərəf insanları bir-birindən fərqləndirərək onların şöhrətində, qazandıqları ad və etibarında öz əksini tapır. Şərəf kimi ləyaqət də insanın özünə qarşı münasibətlərini aydınlaşdırır, insanın davranışını tənzim edir. Ləyaqət – digər adamlardan öz hüquqlarının qorunmasına, özünə qarşı hörmət tələb etməkdir. Ləyaqət insanların bərabərliyi prinsipini əsas tutur.
Xoşbəxtlıq və həyatın mənası.İnsan mənəviyyatının dərinlikləri ilə əlaqədar olan xoşbəxtlik – əxlaqi şüurun əsas anlayışlarından olub, insanın daxilən razı qalmasına uyğun bir haldır. Xoşbəxtlik kifayət qədər güclü, gərgin və müsbət həyəcan olub, öz həyatından yüksək dərəcədə razı qalma halıdır. İnsanlar çox müxtəlif situasiyalarda özlərini xoşbəxt hesab edə bilərlər. Məsələn, yenicə evlənənlər bir çox kəm-kəsirləri olsa belə, özlərini adətən xoşbəxt hesab edirlər. Onları nə dəbdəbəli ev, nə xarici markalı maşın, nə də başqa sərvətlər maraqlandırır. Kasıb sənətkar da, öz əsərləri ilə bağlı müəyyən nailiyyət əldə etdikdə özünü xoşbəxt hesab edə bilər. Rəssamın hər hansı mötəbər sərgidə iştirakı, şairin ilk kitabının çıxması, müğənninin mükafat və ya fəxri ad alması və s. bu qəbildəndir. Göründüyü kimi, xoşbəxtliyə səbəb olan hadisələr uzunmüddətli olmur. Çünki həyatda qaneolma halları daimi deyil. Xoşbəxtlik qısamüddətli olub, şimşəyin çaxma anını xatırladır. Təsadüfi deyil ki, «bal ayı» ifadəsi mövcuddur, «bal beşilliyi» isə gülüş doğura bilər. Sadəcə olaraq, insan öz müvəffəqiyyətlərinə alışır. Mütləq xoşbəxtlik mümkün deyil. Tələbata uyğun olaraq o daim inkişafdadır. Xoşbəxtlik anlarında insan dünyanı da ayrı cür qavrayır. Müxtəllif əxlaqlı adamların xoşbəxtliyi və onu başa düşməsi arasında müəyyən fərqlər mövcud olur. Xoşbəxtlik azad quşa bənzəyir. O olmayan yerdə insanı güclə özünü xoşbəxt hesab etməyə məcbur etmək olmaz. Həzz və xoşbəxtliyin fərqini insanlar nəinki çoxdan başa düşüblər, hətta onu da dərk ediblər ki, hər bir həzz heç də xoşbəxtliyə aparmır. Xoşbəxtlik həzlə müşayiət edilir. Həzsiz xoşbəxtliyi dərk etmək çətindir. Lakin həzz xoşbəxtliyin nə şərti, nə də məzmunu deyil. Xoşbəxtlik haqqında yayılan digər təsəvvür var-dövlətlə bağlıdır. Lakin var-dövlət həmişəmi xoşbəxtlik gətirir? Doğrudur, uğurlu tale, sevinc, maddi və mənəvi baxımdan zəngin həyat xoşbəxtliyin əldə edilməsinə səbəb olan amillərdir. Lakin bunlar xoşbəxtlik üçün yalnız əlverişli şəraitdir, onun səbəbi və məzmunu deyil. Xoşbəxtlik sevinc hissi ilə də çox yaxındır. Sevinc emosional olduğu halda, xoşbəxtlik sakit də yaşana bilər. Xoşbəxtlik çox mürəkkəb anlayış olsa da, onun mövcudluğunun təzahürü olan bir sıra amillərdən danışmaq mümkündür. Obyektiv amillərə təbii şərait (əlverişli iqlim, coğrafi mövqe, təbii fəlakətlərin baş verməməsi və s.) və cəmiyyətin vəziyyəti (müharibə və ya sülh şəraitində yaşaması, qanunların işləməsi, ədalətin bərqərar olması və s.) aiddir. Əgər ölkədə təbii fəlakət baş verirsə, qorxulu epidemiya yayılırsa, vətəndaş müharibəsi gedirsə və s. bu kimi hallar mövcuddursa tam mənada xoşbəxtlikdən danışmağın heç yeri deyil. Əgər ətrafdakı insanlar əzab çəkirsə, qan tökülürsə, hansı xoşbəxtlikdən danışmaq olar? Torpaqları işğal altında olan hansı xalq rahat yaşaya bilər? Xoşbəxtliyin yaranması dövrlə, xalqın adət-ənənələri, mədəni xüsusiyyətləri, siyasi rejimi və s. amillərlə də bağlıdır. Obyektiv amillərə həmçinin insanın sağlamlığı, temperament tipi (məsələn, kimsə tündməcazlığı, hər hansı mənfi xüsusiyyəti ucbatından cəmiyyət, kollektiv, qonşular, qohumlar tərəfindən sevilmir), hətta xarici görkəmi aiddir. İnsanın məşğuliyyəti də bu baxımdan mühüm rol oynaya bilər. Çünki çox vaxt yaradıcılıq uğurları insanda nəinki adicə məmnunluq hissi oyadır, hətta onu yetərincə xoşbəxt edir.
Subyektiv amillərə insanın məsləkləri, əqidə və etiqadı, maraqları, nəyəsə olan həvəsi, əhval-ruhiyyəsi və s. aiddir. Subyektiv amillər çox vaxt müxtəlif hadisələrə fərdin münasibətini formalaşdırır. Bu bir daha o deməkdir ki, biz hadisələri dəyişə bilməsək də, onlara münasibətimizi dəyişməyə qadirik ki, bu da bizi xoşbəxt edə bilər.
İnsanın həyatı yalnız sevincdən yox, kədərdən də ibarətdir. Xoşbəxtlik kimi bədbəxtlik də dərin həyəcanla müşayiət olunur. Lakin xoşbəxtlik fəlsəfi anlayış olduğu halda, bədbəxtlik fəlsəfi anlayış deyil. Psixoloqlardan fərqli olaraq filosoflar bədbəxtlik haqqında müzakirə açmırlar.
Bədbəxtlik – faciədir. Bu zaman insan öz istəklərini həyata keçirmək imkanından obyektiv və ya subyektiv səbəblər üzündən məhrum olur. Bəziləri hesab edirlər ki, iztirab çəkməyən adamlar xoşbəxtdirlər. Bədbəxtlik bəzən bəxti gətirməkdən daha çox, insanın pis xasiyyətli olmasının nəticəsidir. Heç kim səhv buraxmaqdan, günah işlətməkdən, xəstəliyə tutulmaqdan, pis adamların ona vuracağı zərbədən və yaxın adamlarını itirməkdən sığortalanmayıb. Bədbəxtliyin səbəbi də çox vaxt elə bunlar olur. Hər adamın həyatında sevincli və kədərli günlər mövcuddur. Xoşbəxtliklə bədbəxtlik bir-birini istisna etmir. Eyni cəmiyyətdə hamının eyni dərəcədə xoşbəxt olması mümkün deyil. Rəqiblərdən hansınınsa xoşbəxtliyi digərinin bədbəxtliyinə səbəb ola bilər. Çox vaxt insanlar xoşbəxtlikdən danışarkən yalnız şəxsi xoşbəxtliyi nəzərdə tuturlar. Çoxları isə hesab edirlər ki, insan məhz öz borcunu yerinə yetirdikdə xoşbəxt olur.