Qiymətləndirici funksiya əsas funksiya olub, yalnız əxlaqa deyil, digər ictimai şüur formalarına – incəsənətə, dinə, hüquqa, siyasətə və s. də aiddir. Bu funksiyanın xüsusiyyəti hər şeydən əvvəl ondan ibarətdir ki, burada qiymətləndirmə əxlaqi şüurun əsas anlayışları prizmasından – xeyir, şər, ədalət, vicdan, borc və s.-dən keçir.
İdraki funksiya qiymətləndirici funksiya qədər əhəmiyyətli olmasa da onunla uzlaşır. Adətən fərd başqalarının və ya özünün hərəkətlərini qiymətləndirdiyi zaman digər şəxslərin və ya özünün daxili aləmi haqqında natamam da olsa təsəvvür əldə edir.
Dünyagörüşfunksiyası. Fərd cəmiyyətin yaratdığı əxlaqi norma və prinsipləri mənimsəyərək özünə gərək olacaq müəyyən baxış və məsləklər formalaşdırır.
Tərbiyəvi funksiya – əxlaqın əsas funksiyalarındandır. Fasiləsiz, intensiv və məqsədyönlü tərbiyə prosesi olmadan nə cəmiyyət mövcud ola bilər, nə də ayrıca insan şəxsiyyət kimi formalaşa bilər. Tərbiyənin mərkəzində şəxsiyyətin mənəvi özəyini formalaşdıran əxlaq tərbiyəsi dayanır.
Tənzimləyicifunksiya digər funksiyaların özünəməxsus sintezidir. Lakin əxlaq insanların hərəkətlərinin yeganə tənzimləyicisi deyil: din, incəsənət, hüquq, siyasət də bu qəbildəndir. Hüquq, siyasət və estetik şüurdan fərqli olaraq əxlaq, demək olar ki, insan həyatının bütün sahələrini tənzimləyir. Nəhayət, bu funksiya insanın əxlaqi əqidəsinə və ictimai rəyin nüfuzuna, ilk növbədə vicdana əsaslanır. Lakin bütün bunlarla yanaşı əxlaq kifayət qədər gücə malik deyil. Buna saysız-hesabsız cinayətlərin olması, gündəlik həyatdakı kobudluq, nəzakətsizlik və s. misaldr.
Etikanın kateqoriyaları.
Etikanın əsas, ənənəvi kateqoriyaları bunlardır: 1)xeyir və şər; 2)borc və vicdan; 3)şərəf və ləyaqət; 4)xoşbəxtlik və həyatın mənası.
Xeyir və şər. Etikanı bəzən hətta xeyir və şər haqqında təlim də adlandırırlar. Xeyir – hamının arzuladığı, dəyərli, nümunəvi, şər isə məhv edilməli, yolverilməz olandir. Bununla əlaqədar, xeyir, adətən, müsbət – mənəvinin, şər isə əxlaqsızlığın sinonimi olur. Nəyə aid edilməsindən asılı olaraq xeyir daha konkret mənalarda işlənir: xeyirxahlıq, ədalət, fəzilət və s. Şər – xeyirin antipodu, mənfi etik kateqoriyadır. O, mənəviyyatsızlığın, əxlaqa zidd və mühakiməyə səbəb olan hərəkətlərin, bütün mənfi mənəvi keyfiyyətlərin ümumi xarakteristikasıdır. Mənfi mənəvi keyfiyyətlərə antihumanizm, zorakılıq, yalan, alçaqlıq, oğurluq, xuliqanlıq, zalımlıq, satqınlıq, xəbərçilik və s aiddir.
Borc və vicdan anlayışları insanın daxili tələbatlarından irəli gələrək etikada mərkəzi yer tutur. Etikada borc və vicdan anlayışlarının fitri olması barədə baxışlar geniş yayılmışdır. Bu anlayışlar fərdi inkişaf prosesində formalaşır. Bəziləri borc və vicdanı xoşbəxtliyə qarşı qoyur və hesab edir ki, bu zaman insan öz istəyinin əksinə getməli olur: «istəyirəm» və «etməliyəm» anlayışları bir-birinə qarşı çıxır. Lakin bir çox filosoflar hesab edirlər ki, insan öz borcunu yerinə yetirdikdə və ya vicdanla hərəkət etdikdə öz işindən zövq alır, məmnun olur. Məsələn, suda boğulanı xilas edərkən insan öz bahalı geyiminin korlanmasına heyfsilənməməlidir. Bəzən cinayətkarlar «vəzifə borcu» adı ilə öz çirkin əməllərini həyata keçirirlər. Məsələn, faşistlərin törətdikləri antihumanist hərəkətlər buna misaldır. Borcun müxtəlif formaları mövcuddur, məsələn, «vətənpərvərlik borcu», «vətəndaşlıq borcu», «beynəlmiləlçilik borcu», «hərbi borc», «peşə borcu» və s. Lakin insan yalnız cəmiyyət qarşısında deyil, özü və yaxınları qarşısında da müəyyən borca malikdir. Məsələn, «ailə borcu», «yoldaşlıq borcu» və s.