Iv blok mövzu 1 İNCƏSƏNƏt və İCTİMAİ ŞÜurun diGƏr formalari


MÖVZU 7 "İNCƏSƏNƏTDƏ MƏZMUN VƏ FORMA, METOD VƏ ÜSLUB"



Yüklə 264,99 Kb.
səhifə9/10
tarix07.01.2024
ölçüsü264,99 Kb.
#209140
1   2   3   4   5   6   7   8   9   10
4 blok

MÖVZU 7
"İNCƏSƏNƏTDƏ MƏZMUN VƏ FORMA, METOD VƏ ÜSLUB"
Plan:

  1. Məzmun və forma

  2. Metod və üslub

Həyatdakı bütün cisim və hadisələrin müəyyən məzmunu və forması olduğu kimi, incəsənətin də öz məzmunu və forması olur. Məzmun ilkindir, aparıcıdır, forma isə ondan asılıdır və ona xidmət edir. Əgər hər bir əsərin məzmunu orıjınaldırsa, yəni heç bir əsər bir-birinə bənzəmirsə, forma çox vaxt sabit olur. Çünki eyni formadan bir çox müəlliflər istifadə edə bilər. Məsələn, əgər janrı forma kimi götürsək, faciə janrında Antik dövrdən bu günədək nə qədər əsər yazıldığının şahidi olarıq. Məzmun sahəsindəki novatorluq formanı da novatorluğa sövq edir. Məsələn, qədim yunan dramaturgiyasının faciələri ilə Şekspirin və müasir faciələr arasında ümumi cəhətlər və keyfiyyətlər vardır. Lakin bu dünyada dəyişməz heç nə olmadığı üçün forma da əvvəldən axıradək eyni cür qalmır. O da vaxtaşırı müəyyən dəyişikliyə uğrayır. Məsələn, əgər xor Antik faciələrin ayrılmaz hissəsi idisə, sonrakı dövr faciələrində bunu görmürük. Klassisizm dövrü faciələrində olan “məkan-zaman-hərəkət” üçlüyü digər dövrlərdə müşahidə edilmir.
Bədii məzmun. Hər bir bədii əsərin məzmunu real həyatdan götürülür. Lakin istər təbii, istərsə də sosial gerçəklikdən götürülmüş hər hansı material hələ bədii əsərin məzmunu deyil. Həyatdakı məzmun sənətkarın fikir süzgəcindən keçdikdən, onun idealı ilə birləşdikdən sonra bədii məzmuna çevrilə bilər.
Məzmun – mövzu, süjet və ideyanın bədii qovuşmasından formalaşır. Bu, məzmunun tərkib hissələri və ya komponentləridir.
Mövzu “əsər nədən bəhs edir” sualına cavab verir, çünki o, müəllifin əsərdə işıqlandırdığı həyat hadisəsidir. Müəllifi həyatın hansı tərəfləri, insanların hansı əməlləri və münasibətləri maraqlandırırsa, onu da öz əsəri üçün mövzu seçir. Heç də hər şey incəsənətin mövzusu ola bilməz. Bunun üçün o, estetik əhəmiyyətə malik olmalıdır. İncəsənət insanları daha çox narahat edən, mühüm olan mövzulara toxunmalıdır. Eyni bir mövzu incəsənətin müxtəlif növlərinin məzmununa çevrilə bilər. Məsələn, gözəlin vəsfi müxtəlif şairlərin şeirlərində fərqli səslənəcək. Eyni mövzu incəsənətin müxtəlif növlərində də istifadə edilə bilər. Məsələn, Nizami obrazı incəsənətin ayrı-ayrı sahələrində çalışan sənətkarların əsərlərinin mövzusunu təşkil edir: bədii ədəbiyyatda (M.S.Ordubadinin “Qılınc və qələm” romanı), heykəltəraşlıqda (Fuad Əbdürrəhmanovun Bakı və Gəncə şəhərlərində yaratdığı heykəllər), kinoda, teatrda, xalçada, rəssamlıqda və s.
İri həcmli əsərlərdə eyni zamanda bir yox, bir neçə mövzu mövcud ola bilər. Onlardan biri əsas, digərləri köməkçi hesab edilir.
İncəsənətdə ənənəvi mövzular mövcuddur. Buna ümumbəşəri mövzular da deyilir. Bütün dövrlərdə, bütün xalqların incəsənətində istifadə edilən həmin mövzulara məhəbbət, müharibə, qəhrəmanlıq, qısqanclıq, təbiət, siyasi, dini, mifoloji, nadir hallarda fəlsəfi, daha çox isə əxlaqi və s. mövzular aiddir.
Süjet – hadisələrin zaman ardıcıllığı, mövzunun reallaşması və konkretləşməsidir. Ədəbi əsərlərdə və ədəbi-dramaturji əsası olan əsərlərdə süjet davamlı və mürəkkəb olur. Hadisələr bir silsilə təşkil edir. Təsviri sənət əsərlərində də süjet mühüm yer tutur. Rəssam adətən həyatın bir anını təsvr etsə də bu "an" keçmiş və gələcək haqqında təsəvvür yarada bilir. Musiqi əsərlərinin bir qismi - operalar, operettalar, kantatalar, xorlar, mahnılar və s. süjetlidir. Sözsüz yazılan bir sıra simfoniyalar, uvertüralar, poemalar var ki, onların da süjeti, musiqi dramaturgiyası dinləyicilərə bəllidir, məsələn, Qara Qarayevin "Leyli və Məcnun" simfonik poeması. Musiqi əsərlərinin əksəriyyəti, eləcə də dekorativ-tətbiqi sənət və memarlıq əsərlərinin əksəriyyəti isə süjetsiz yaranır.
Süjet əsərlərdəki personajları vahid xəttlə birləşdirir. Süjet müəllifin fikrini ifadə etsə də, məzmunu əvəz etmir. Məzmun və süjet müxtəlif anlayışlardır. Onları eyniləşdirmək düzgün deyil. Məzmun - süjetə nisbətən daha geniş və əhatəlidir.
Mövzular ənənəvi olduğu kimi, süjetlər də ənənəvi ola bilər. İncəsənət tarixində ənənəvi süjetlər geniş yayılmışdır. Məsələn, "Adəm və Həvvanın cənnətdən qovulması" süjeti rəssamlar içərisində həmişə maraq doğurmuşdur.
İdeya - "müəllif nə demək istəyir" sualına cavab verir. Müəllif əsərin mövzusunu və süjetini məhz öz ideyasını həyata keçirmək üçün seçir. İdeya mövzu və süjetdən onunla fərqlənir ki, mövzuda obyektiv cəhət üstünlük təşkil edir, yəni mövzu bütövlükdə həyatdan götürülür. Süjetdə həm obyektiv, həm də subyektiv cəhətlər mövcud ola bilər, hadisələrin bir qismi həyatdan götürülür, bir qismi isə müəllif tərəfindən uydurulur. İdeya isə tamamilə subyektiv xarakter daşıyır. Çünki ideya müəllifin məhz özünün subyektiv münasibətindən irəli gəlir. Müəllif həyatı gördüyü kimi deyil, görmək istədiyi kimi təsvir edir.
İdeya nə qədər subyektiv sayılsa da, onun cüzi də olsa obyektiv tərəfləri də mövcuddur. Yəni elə məsələlər var ki, onlar məhz "bu cür" olmalıdır. Məsələn, ailə münasibətləri ilə əlaqədar əsərlərdə ailənin qorunması, müharibəyə aid əsərlərdə - düşmən üzərində qələbə və s. çoxunun ideyası ola bilər.
Bədii forma - konkret əsərin konkret ifadəsidir. Forma əsərin daxili təşkili və qurğusudur. Forma məzmunla vəhdət təşkil etsə də, o, nisbi müstəqilliyə malikdir. Forma məzmuna "hazır libas" kimi seçilib geyindirilmir.
Məzmunda olduğu kimi, formanın da özünəməxsus komponentləri var. Lakin əgər məzmunun komponentləri olan mövzu, süjet və ideya incəsənətin bütün növlərinə, bütün janrlarına, ayrılıqda hər bir əsərə aiddirsə, incəsənətin ayrı-ayrı növlərinin forma elementləri əksər hallarda müxtəlifdir. Buna incəsənətin "dili" də deyilir. Bunlar həm də incəsənətin bədii-ifadə vasitələri, materiallarıdır. Bədii formanın elementlərinə dil, söz, kompozisiya, janrın quruluşu, ritm, melodiya, ahəng, işıq, kölgə, cizgi, rəng (kolorit), montaj, perspektiv, süjet və s. aiddir. Rəngkarlıqda özünəməxsus forma elementləri - kolorit, rəsm; qrafikada - rəsm; musiqidə - melodiya; heykəltəraşlıqda - həcmlərin münasibətidir və s. Məzmunun komponentləri sırasında adı çəkilən süjet, göründüyü kimi, forma elementləri sırasında da mövcuddur, süjet həm məzmunun, həm də formanın elementidir.
Bədii metod - yaradıcılıq prosesini idarə edən prinsiplər sistemidir. Həyatı olduğu kimi köçürmək - realizm deyil. Bu, naturalizm üçün əsas şərtdir. Tarixən formalaşmış bədii yaradıcılıq metodlarına realizm, romantizm, klassisizm, naturalizm, modernizm və s. aiddir.
Realizm. Realist tarixi janrda sənətkar "zaman səddini" yarıb keçir, qədəm qoyduğu "başqa" tarixi dövrdən sanki müasir dövr kimi bəhs edir. Realist prinsipi surətlərin təsvirini bacardığı qədər yaxın məsafədən göstərməyi, ictimai hərəkəti məhz mövcud məqamda baş verən əhvalat kimi təsvir etməyi nəzərdə tutur, çünki realist yaradıcılıq tipinin hədəfi bu gün ilə bağlı, sənətkara yaxın olan müasir dövrün ictimai münasibətləridir. Sənətdə realist bədii məkan - qonaq və yataq otaqlarının, iş otağı, pansion, daxma, məhbəs kamerası, dövlət idarələri, kilsə binaları, şəhər və kənd relyefi, küçə və həyətyanı sahələrin, hərəkət vasitələrinin və s. təsvirini nəzərdə tutur. Belə bir bədii məkan genişliyini Dikkens, Balzak, Qoqol, Qonçarov kimi ədiblərin, Rembrandt, Kurbe kimi sənətkarların və rəngkarların necə böyük bir təfərrüatla təsvir etdiklərini görmək olar. Realist təfərrüatın təsvirini M.Ə.Sabirin, Cəlil Məmmədquluzadənin, N.Vəzirovun, Ə.Haqverdiyevin yaradıcılığında izləmək mümkündür.
Azərbaycan klassik poeziyasında ilk realist şair Vaqif hesab edilir. XIX əsrdə Zakir realist şeiri daha da qüvvətləndirərək kəskin ictimai satira nümunələri yaratmışdır. XIX əsrin realist yazıçılarından M.F.Axundov, N.Vəzirov, C.Ə.Şirvani həyat həqiqətini doğru əks etdirməyə çalışan bədii söz ustaları olmuşlar. Azərbaycanın digər klassik ədibləri - C.Məmmədquluzadə, Ə.Haqverdiyev, N.Nərimanov, S.S.Axundov bu yolu bacarıqla davam etdirərək öz mövzularını müasir həyatdan götürürdülər.
Realist yazıçı insanların yaşadığı şəraiti, məişəti də realistcəsinə, bütün zəruri incəliklərinə qədər təsvir etməyi bacarmalıdır. Realizm bədii əsəri asan, aydın, xalqın başa düşəcəyi bir dildə yazmağı, hər bir surəti, tipi ona xas olan dillə danışdırmağı tələb etməklə, təmtəraqlı və dəbdəbəli dili rədd edir .
Digər metodlar kimi realizm də həmişə "xalis" şəkildə mövcud olmayıb, digər metodların elementlərindən istifadə edə bilər.
Romantizm - fransızca "romantisme" sözündən olub, ilk dövrlərdə "romancasına", yəni "romanlarda olduğu kimi" mənasında işlədilirdi. Bu, o demək idi ki, romantizm yolu ilə yaradılan ilk əsərlərdə təsvir edilən hadisə və ya surətlərə həyatda yox, ancaq romanlarda, yəni kitablarda təsadüf etmək olar. Romantizm XVIII əsrin axırlarında Qərbi Avropa ölkələrində ciddi inqilabi yüksəliş dövründə meydana çıxmış və XIX əsrin əvvəllərində Rusiya, Şərqi və Cənubi Avropa xalqlarının ədəbiyyatında da özünü göstərmişdir.
Fransada V.Hüqo, J.Sand, İngiltərədə C.Bayron, Almaniyada H.Heyne, Rusiyada A.Puşkin, M.Lermontov, Polşada A.Mitskeviç və b. romantizmin ilk sıralarında dururdular.
Romantizmin əsas mərkəzi Almaniya oldu. Sonradan İngiltərə, Fransa, Polşa və Rusiyanın romantikləri öz ideyalarını məhz alman şair və filosoflarının əsərlərindən götürürdülər. "Romantizm" sözü bədii-estetik anlayış kimi Avropa ədəbiyyatında ilk romantik "məktəb" sayılan "İyen məktəbinə" məxsus alman yazıçıları Avqust və Fridrix Şlegelin, o cümlədən, Novalisin və başqalarının fəaliyyəti sayəsində XVIII əsrin sonlarından etibarən işlənməyə başlanmışdır.
Maarifçilik dövründən sonra gələn romantizm demək olar ki, onun tam əksi idi. Lakin bununla belə, romantizmin özülü məhz maarifçilik dövründə qoyuldu. Onun başlıca nümayəndələri "Veymar klassisizminin" şairləri - Höte, Şiller, K.M.Viland, eləcə də, Lessinq, Herder və Vinkelman kimi alimlər idi. İyen romantizminin estetik manifesti Hofman, Şatobrian kimi ədiblərin yaradıcılığında inkişaf tapmışdır. Daha sonra romantizm ədəbiyyatda C.Bayron, P.Şelli, V.Hüqo, A.Mitskeviç, V.Jukovski, K.Rıleyev, A.Puşkin, Y.Lermontov, rəngkarlıqda T.Jeriko, E.Delakrua, O.Domye, O.Kiprenski, K.Brüllov, İ.Ayvazovski, musiqidə F.Şubert, H.Berlioz, A.Rubinşteyn, K.M.Veber, R.Şuman, R.Vaqnerin yaradıcılığında yeni formalar əldə etdi.
Romantizm - incəsənətin bütün növlərini əhatə edərək, bir cərəyan kimi XVIII əsrin sonu - XIX əsrin əvvəllərində çiçəkləndi.
Romantiklər çox vaxt orta əsrlərin bədii irsindən, xristian ideyalarından bəhrələnərək, öz diqqətlərini insanın daxili aləminə yönəldirdilər. İnsanın mənəvi həyatı incəsənətin əsas mövzusu oldu. Romantiklər üçün gerçəklik irrasional, sirli, insanın ağlına və şəxsi azadlığına zidd olan məkandır.
Romantizm dünyası - qəhrəmanın daxili aləmidir. Sosial həyatın natamamlığı, qeyri-kamilliyi nəticəsində qəhrəmanın bütün dünyanın dərdini çəkməsi onun xarakterində də izsiz qalmır. Romantizm üçün bu xarakter özünəməxsusdur. Romantik qəhrəman öz adi, gündəlik həyatından uzaqlaşdırılaraq, fövqəladə vəziyyətə düşür və bu zaman onun mənəvi qüdrəti bəlli olur. O, təkrarolunmaz şəxsiyyətdir. Dünyadakı natamamlıq onu tənha və məğrur həyat sürməyə vadar edir. Əgər realist qəhrəman geyim, bəzək, pul haqqında fikirləşirsə, romantik qəhrəmanı maddi tələbatlar maraqlandırmır. Romantik qəhrəmanlar, adətən, tək-tənha ömür sürür və mübarizə aparırlar. Onlar zaman və məkanca bizdən uzaq olur, bəzən göylərdə, bəzən kainatın qoynunda, yer üzündə olanlar isə qaibanə, sirli, yad aləmdə yaşayırlar. Öz qəhrəmanlarını sıx meşələrdə, sirli qəsrlərdə, yarımtarixi, yarıməfsanəvi zaman və məkanda təsvir və tərənnüm etmək orta əsr şairlərinə xasdır.
Romantizm üsulu ilə yazan sənətkar realist sənətkar kimi həyatdan seçib götürmür, onu əhatə edən mühitdə təsəvvür etdiyi şəkildə göstərir. Lakin bu heç də o demək deyil ki, yazıçı onu xəyaldan alır, xəyali, əfsanəvi bir surət və ya hadisə kimi təsvir edir. Romantik yazıçı öz obrazı üçün realist yazıçının götürdüyü eyni materialdan istifadə edir, lakin realist sənətkardan fərqli olaraq "bu obraz vardır, mövcud idi" prinsipindən yox, "ola bilərdi, ola bilər" prinsipini güdür.
XIX əsrin II yarısında romantizm metodu tərkibində "mütərəqqi romantizm" və "mürtəce romantizm" cərəyanları fərqlənməyə başladı. Mütərəqqi romantiklər varlığı dəyişdirə biləcək qəhrəmanlar axtarır, öz etirazlarını o qəhrəmanların sözləri ilə bildirirdilər. Belə qəhrəmanlara hələ XIX ərin əvvəllərində C.Bayron, P.Şelli (İngiltərə), Hüqo (Fransa), A.Mitskeviç (Polşa), K.Rıleyev, A.Odoyevski, gənc A.Puşkin, M.Y.Lermontov (Rusiya), H.Heyne (Almaniya), Ş.Petefa (Macarıstan) kimi yazıçıların əsərlərində rast gəlirik. XIX əsrin sonu və XX əsrin əvvəllərində yeni tipli romantiklər yetişir. Yeni tarixi şəraitdə meydana gələn bu romantiklər artıq sadəcə mütərəqqi romantiklər deyildilər, onların yolu inqilabi romantizm adlanırdı. İnqilabi romantizmin ilk ən böyük nümayəndəsi M.Qorki idi. Onun "İzergil qarı", "Şahin nəğməsi", "Fırtına quşu" kimi əsərləri inqilabi romantizmin ilk məhsulları oldu. Romantizmin ikinci cəbhəsinin adı "mürtəce romantizm"dir. Bu sənətkarlar üzünü irəli yox, geriyə, yəni keçib getmiş əsrlərə, dövrünü yaşamış və bir daha geri qayıtmayacaq zəmanəyə çevirirlər. Belə romantiklərin ən başlıca xüsusiyyətləri, hər şeydən əvvəl, müasir dövrdən keçmişə qaçmasıdır.
Klassisizm bir cərəyan kimi XVI əsrin sonunda İtaliyada yaranaraq XIX əsrin 30-cu illərinədək davam etsə də, ən məhsuldar dövrü XVII əsr Fransasıdır. Çünki XVII əsrdə İtaliyada incəsənət daha əvvəlki nüfuza malik deyildi. Bu dövrdə Fransada rəsmi incəsənət barokko olsa da, barokko ilə yanaşı klassisizm və realizm də formalaşırdı. Əgər İntibah dövründə İtaliyada təsviri sənət öndə gedirdisə, klassisizm dövründə Fransada dramaturgiya (P.Kornel, J.Rasin, Molyer, Volter) aparıcı rol oynayırdı. Klassisizmin ən məşhur nəzəriyyəçisi bu janrın prinsiplərini işləmiş N.Bualo öz nəzəriyyəsini "Poeziya sənəti" (1674) traktatında şeir dili ilə şərh etmişdir.
Musiqidə klassisizm özünü daha çox opera janrında büruzə verir. Fransada lirik faciə, İtaliyada opera-seriya buna misaldır. Vyana klassik məktəbinin nümayəndələri - Haydn, Motsart və Bethovenin yaradıcılığı klassisizmin tələblərinə uyğun gəlir.
"Klassisizm" adını bu cərəyana XVIII əsrin sonu - XIX əsrin əvvəllərində romantizm nümayəndələri vermişlər. Latınca "classikus" ("klassikus", yəni nümunəvi) sözündən götürülmüşdür.
Antik mədəniyyətə pərəstiş edən klassisistlər antik ənənələrə pərəstiş edir, onları öyrənirdilər.
Klassisizm bədii metodu dramaturgiyada üç vəhdət qanununa - zaman, məkan və hərəkətın vəhdətinə riayət etməyi tələb edirdi. Əsərdə borc, xüsusən də övladlıq borcu problemi ön plana çəkilməli idi. Əsər qəhrəmanları öz istək və arzularının əksinə də olsa, hətta cinatyət bahasına belə, öz borclarını yerinə yetirməli idilər. Məsələn, Pyer Kornelin "Sid" faciəsinin qəhrəmanları, bir-birini sevən Rodriqo (Sid) və Ximena belə aqibətə məruz qalırlar. Onlar atalarının düşmənçiliyi üzündən çıxılmaz vəziyyətə düşür və övladlıq borcunu yerinə yetirməyi üstün tuturlar. Rodriqo öz atasının tələbi ilə Ximenanın atasını duelə çağırır və onu ölümcül yaralayır. Ximena isə öz atasının ölümqabağı vəsiyyəti ilə Rodriqodan krala şikayət edir. Nəticədə, klassisizm üçün tipik olan konflikt yaranır.
Rus ədəbiyyatında A.S.Qriboyedovun "Ağıldan bəla" əsəri bu üsulla yaradılmış əsərlərin ən səciyyəvi nümunələrindəndir.
Naturalizm XIX əsrin 70-ci illərində Fransada yaranmışdır. Latınca "natura" sözündən olan naturalizm "təbiət", "təbii" deməkdir. Tezliklə Qərbi Avropada geniş yayılan bu metod incəsənətin bir çox sahələrini əhatə edir. Yaradıcılıq metodu kimi naturalizm ilk dəfə məşhur fransız yazıçısı Emil Zolya tərəfindən işlədilmiş, əvvəl Fransada, sonra isə Almaniya, Belçika, İtaliya və başqa Avropa ölkələrində yayılmışdır.
Naturalizm incəsənətdən həyatı olduğu kimi, "necə var - eləcə", hər kiçik detalları ilə təsvir etməyi tələb edir. Naturalizm əsərin məzmununda, eləcə də bədii obrazda subyektiv cəhəti qəbul etmir. Yəni müəllif özündən heç nə artırmamalıdır. Əsərdə təsvir olunan faktlar, hadisələr sənətkarın təxəyyülü ilə təhrif olunmamalıdır. Naturalistlər bədii obrazda tipikləşməni də qəbul etmirlər. Onların fikrincə, bir obrazda bir neçə prototipin xüsusiyyətlərinin cəmlənməsi təbiilikdən kənardır. Müəllif yalnız bir nəfəri müşahidə edib, məhz onu təsvir etməlidir.
Naturalistlərin təsviri yalnız fotoqrafik xarakter daşımır, onlar həm də həddindən artıq xırdaçılığa yol verə bilər, həyatın hansısa real, lakin heç nə həll etməyən, əsas olmayan məqamını şişirdə bilərlər. Ona görə də əksər hallarda onların əsas mövzusu varislik, miras, vərəsəlikdir.
Modernizm bir sıra dillərdə "yeni", "müasir" sözlərindən götürülərək, XX əsrin 20-ci illərindən mövcud olan bədii-estetik sistemdir. Modernizmin çoxlu cərəyan və qolları mövcuddur. Məsələn, modern, ekspressionizm, kubizm, futurizm, konstruktivizm, imajinizm, sürrealizm, abstraksionizm, pop-art, heppeninq, akmeizm, simvolizm, taşizm, dekadentçilik, avanqardizm, absurd teatrı, sentimentalizm və s. Ümumi cəhətlərə malik olmaqla bunların hər birinin həm də müəyyən ideya-estetik və bədii üslub xüsusiyyətləri vardır.
Bədii üslub. Bəzən metod və cərəyanla yanaşı üslub anlayışını da fərqləndirmək çətin olur. "Üslub" daha subyektiv olub, həmin metodda və ya müəyyən dövrdə hansısa metodda yaradan sənətkara aiddir. Bədii üslubdan danışarkən söhbətin konkret nədən getdiyini bilmək lazımdır. Çünki üslubu bir neçə mənada izah etmək olur:
1) Hər hansı dövrə aid olan üslub. Məsələn, "roman", "qotika" deyəndə orta əsrlər, "klassisizm" deyəndə XVII əsr təsəvvür edirik. Çünki hansısa dövrdə müəyyən üslublar öndə getimişdir.
2) İncəsənətin hər hansı növünə aid olan üslub. Məsələn, "roman", "qotika", "ampir", "rokoko" dedikdə - memarlıq, "rokoko" dedikdə həm də musiqi nəzərdə tutulur. "Şeir üslubu", "nəsr üslubu" və ya "dramatik üslub" dedikdə - ədəbiyyat xatırlanır. Əgər birinciyə "filan üslub hansı dövrə aiddir?" sualı uyğun gəlirsə, ikinciyə "filan üslub incəsənətin hansı növünə aiddir?" sualı yaraşır.
3) Hər hansı məktəbin, dövrün üslubu. Məsələn, XIX əsrin axırında Azərbaycanda N.Vəzirov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə əsərlərinin mövzusunu kənddən alır, maarifi, azadlığı təbliğ edib, istismarı, cəhaləti rədd edirdilər. Janr nöqteyi-nəzərindən dramaturgiyaya və ya nəsrə daha çox müraciət edir xalq dilinə əsaslanırdılar.
4) Sənətkarın fərdi yaradıcılıq üslubu, yəni müəllifin adını eşitməsək də, əsərin üslubundan onun kimə məxsus olduğunu anlayırıq, çünki bir çox sənətkarların fərdi yaradıcılıq xüsusiyyətləri, başqalarında rast gəlmədiyimiz, məhz ona məxsus, orijinal cəhətləri vardır. Məsələn, "Üzeyir Hacıbəyovun üslubu", "Fikrət Əmirovun üslubu", "Səttar Bəhlulzadənin üslubu" və s.
5) Konkret əsərin üslubu. Yəni "filan əsər filan üslubda yazılmışdır". Məsələn, Bakıdakı "Səadət sarayı" qotika üslubunda tikilmişdir, Tofiq Quliyevin "Zibeydə" mahnısını Vaqif Mustafazadə caz üslubunda işləmişdir və s.
Bədii cərəyan. Metodların müəyyən cərəyanları mövcud ola bilər. Məsələn, realizmin - "maarifçilik realizmi", "tənqidi realizm", "sosialist realizmi"; romantizmin - "mürtəce romantizm", "inqilabi romantizm" və s. cərəyanları buna misaldır. "Tənqidi realizm", "sosialist realizmi"ni realizm metodunun cərəyanları adlandırsaq da, bəziləri bunları ayrı-ayrılıqda "metod" da adlandırırlar. Yəni "tənqidi realizm metodu", "sosialist realizmi metodu" və s. Bu, həmin ifadələrin "metod", yoxsa "cərəyan" anlayışına aid olması sualını doğurmur, sadəcə bu anlayışların yaxınlığından irəli gəlir. "Cərəyan" olmaqla, onların hərəsi öz dövrünə mənsubdur: "tənqidi realizm" XIX əsrdən, "sosialist realizmi" - XX əsrdən mövcuddur. Metod kimi isə hər ikisi realizm ənənələri üzərində qurulmuşdur.
Bədii metod - əsəri idarə edən prinsiplər sistemi, cərəyan isə - müəyyən dövrdə eyni prinsiplərlə yaradılan incəsənət nümunələridir.

Yüklə 264,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin