ESTETİK ŞÜUR VƏ ESTETİK FƏALİYYƏT
Estetik şüurun hər bir komponenti özü-özlüyündə konkret psixi hadisə və ya prosesdir. Bütün psixi hadisələrin üç böyük qrupa – psixi proseslərə, psixi hallara və psixi xassələrə bölünür. Psixi proseslərə idrak prosesləri aiddir. İdrak prosesləri 2 qrupa bölünür: hissi idrak prosesləri və məntiqi idrak prosesləri. Hissi idrak proseslərinə duyğular, qavrayış, diqqət, hafizə və təsəvvürlər aiddir. Məntiqi idrak yalnız insana məxsus olan nitq, təfəkkür və təxəyyül proseslərindən ibarətdir.
İnsanın hər bir fəaliyyəti onun tələbatları əsasında formalaşır. Estetik fəaliyyət, bu baxımdan estetik tələbatlarla bağlıdır. Estetik fəaliyyətin əsas məqsədi - maddi mühitin estetik təşkilidir. Maddi mühit sahəsində böyük rol oynayan məişət estetikasının insanın həyatı üçün mühüm əhəmiyyəti var. Hər bir insan, hər ailə öz yaşayış yerinin estetik görkəmini özü yaradır. Məişət estetikasına həmçinin süfrənin bəzədilməsi də aiddir. Bu zaman süfrənin rənginin, materialının, qabların seçilməsi və düzülməsi, bunların hazırlanmış mərasimə uyğunlaşdırılması (məsələn, toy süfrəsi, ad günü süfrəsi, iftar süfrəsi, yas süfrəsi, «həri» süfrəsi və s.) mühüm rol oynayır ki, bu da xüsusi estetik zövq tələb edir.
Məişət estetikasının problemlərindən biri də insanın özüdür. İnsan xarici görkəmi ilə əlaqədar dekorativ kosmetikaya, saç və geyimə, onların dəbə uyğunlaşdırılmasına xüsusi fikir verir. Dəbin ən çox nüfuz etdiyi sahələrdən biri geyimdir.
Estetik fəaliyyətin nisbətən cavan növü sayılan dizayn müasir sənayenin qanunauyğunluqları ilə şərtlənərək əməyin və ümumiyyətlə estetik mədəniyyətin ayrılmaz hissəsinə çevrilir. XIX əsrin sonu - XX əsrin əvvəllərində sənaye istehsalı sahəsində yaranan bu yeni fəaliyyət sahəsi insanların həm maddi, həm də mənəvi tələbatlarını ödəməyə doğru yönəlmişdir.
MÖVZU 5
İNCƏSƏNƏTİN NÖVLƏRİ VƏ FUNKSİYALARI. YARADICILIQ PROSESİ
Plan:
1)İncəsənət növlərinin təsnifatı
2)İncəsənətin funksiyaları
3)Yaradıcılıq prosesi
Artıq uzun illərdir ki, estetikada incəsənətin növlərinin təsnifatı aşağıdakı kimi qəbul edilib, yəni incəsənətin 14 növü var, bunlar 3 qrupa bölünür:
I qrupa aid olanlar “statik” və ya “məkanlı” növlər adlanaraq, görmə ilə qavranır: 1) memarlıq; 2) heykəltəraşlıq; 3) rəngkarlıq; 4) qrafika; 5) dekorativ-tətbiqi sənət; 6) bədii fotoqrafiya. II qrupa aid olanlar “dinamik və ya “zamanlı” növlər olub, eşitmə ilə qavranır. 1) bədii ədəbiyyat; 2) musiqi. III qrupa aid olanlar “sintetik” və ya “məkan-zamanlı” növlər olaraq, həm görmə, həm də eşitmə ilə eyni zamanda qavranır: 1) teatr; 2) kino; 3) xoreoqrafiya; 4) televiziya; 5) estrada; 6) sirk.
İncəsənətin funksiyaları.
Həyatı bədii obrazlarla əks etdirən incəsənət, çoxfunksiyalı təbiətə malikdir. Məsələn, elmlə yanaşı, incəsənət də insanlara hər hansı elmi biliklə əlaqədar informasiyanın çatdırılmasını təmin edir, əxlaqla yanaşı insanların tərbiyəsində iştirak edir. İncəsənət həmin işləri özünəməxsus şəkildə həyata keçirdiyi üçün nə incəsənət həmin fəaliyyət növlərini, nə də bu fəaliyyət növləri incəsənəti əvəz edə bilməz. Çünki incəsənət əyləndirərək öyrədir və ya tərbiyə edir. Yəni incəsənət drakı və tərbiyəvi funksiyalarla yanaşı, estetik və hedonis (zövq) funksiyalara da drakır. Əgər incəsənət insanı yalnız əyləndirirsə, yalnız tərbiyə edirsə və ya yalnız informasiya verməklə kifayətlənirsə, onda o, elmi, pedaqoji təlimi və ya sırf əyləncə xarakterli fəaliyyəti xatırladardı. Göründüyü kimi, incəsənət bu sahələri tamamlayır. Bu sahələrə xas olan drakı və tərbiyəvi funksiyalar isə incəsənətin spesifik funksiyası olan estetik funksiyanı tamamlayır. Eyni zamanda, estetik funksiya da müstəqil fəaliyyət göstərmir, digər funksiyalarla müşayiət olunur.
İncəsənətin cəmiyyətdə rolu, yəni onun sosial funksiyaları bu günədək diqqət mərkəzində olan problemlərdəndir. Müxtəlif müəlliflər incəsənətin sosial funksiyalarının sayını müxtəlif cür şərh edir, bunların sayını süni surətdə şişirdərək, hətta 50-yə çatdıranlar da olur. Son dövrlərdə çıxmış kitab və məqalələrdə də bu funksiyaların adı və sayı müxtəlifdir. Beləliklə, incəsənətin əksər müəlliflər tərəfindən qəbul edilən funksiyaları bunlardır: 1)estetik funksiya; 2)drakı funksiya; 3)tərbiyəvi funksiya.
Bunlardan, estetik funksiya əsas, digərləri köməkçidir. Həm drakı, həm də tərbiyəvi funksiya məhz estetik funksiyaya tabedir və onun fonunda mövcuddur. Çünki gerçəkliyə estetik münasıbətin ən yüksək forması olan incəsənət məhz estetik funksiya hesabına insanların estetik idealını, estetik hisslərini, estetik tələbatlarını, estetik maraqlarını, estetik zövqünü formalaşdırır.
Nə drakı, nə də tərbiyəvi funksiya incəsənətin əsas məqsədi deyil, çünki, əvvəla, incəsənət biliyi elm qədər öyrədə bilməz, ikincisi, elə çıxmasın ki, incəsənətlə ünsiyyətdə olmazdan əvvəl insanlar “tərbiyəsiz” olur və guya yalnız incəsənətlə təmasdan sonra “tərbiyələnir”. Lakin incəsənət bütün hallarda insanlara emosional, estetik təsir göstərir, estetik həzz yaratmaqla öyrədir və tərbiyə edir.
İdraki funksiya. İncəsənət həyat haqqında müəyyən biliyin daşıyıcısı olmaqla insanları bu və ya digər şəkildə, az da olsa məlumatlandırır. Əgər tarixi janrda təsviri sənət əsərləri, bədii ədəbiyyat, tamaşalar, filmlər və s. olmasaydı tarix dərslərində öyrəndiklərimiz və ya mətbuatdan oxuduqlarımız nə dərəcədə kifayət və qənaətbəxş olardı? İncəsənət həmin tarixi hadisələri gözümüz önündə canlandıraraq onları əyaniləşdirir və beləliklə də elmi biliklərimizi bir növ tamamlayır. Dəqiqliyinə və digər xüsusiyyətlərinə görə incəsənət elmi əvəz edə bilməsə də həmin mövzu ilə bağlı müəyyən təsəvvür yarada bilir. İncəsənət vasitəsilə insanlar digər dövrlərin və xalqların həyat tərzi, geyimi, adət-ənənələri, elmi və dini təsəvvürləri, məişəti və s. barədə məlumat əldə edə bilirlər.
İncəsənətin tərbiyəvi funksiyasının xüsusiyyəti onun məhz hiss olunmadan təsir etməsidir. Bu ona bənzəyir ki, insan gəzməyi, danışmağı, sonra gözəlliyi qavramağı, daha sonra xeyirxahlığı, düzgünlüyü sevməyi tədricən öyrənir. İncəsənətin drakı funksiyası kimi tərbiyəvi funksiyasının da gücü ondadır ki, burada tərbiyə prosesi məcburi deyil.
İlk dəfə sənət nəzəriyyəsi ilə məşğul olan pifaqorçular hesab edirdilər ki, incəsənət insanı saflaşdırır. Aristotel estetikaya katarsis (“affektlərlə”, hisslər vasitəsilə mənəvi təmizlənmə) anlayışını gətirdi. Faciə qəhrəmanlarının şücaətini görən tamaşaçı dərin hisslər keçirir və bu, onun daxilən təmizlənməsinə kömək edir.
Bəzən incəsənət didaktikaya – ibrətamiz hekayələrə, təmsillərə müraciət etsə də, bu onun əsas və yeganə məqsədi olmur.
İncəsənətin tərbiyəvi funksiyası tərbiyənin bütün sahələrini əhatə edir: əxlaq tərbiyəsi, estetik tərbiyə, siyasi tərbiyə, hüquq tərbiyəsi, dini tərbiyə, intellektual tərbiyə, vətənpərvərlik tərbiyəsi, əmək tərbiyəsi, fiziki tərbiyə, ekoloji tərbiyə və s. Halbuki, əksər hallarda “tərbiyəvi funksiya” səhvən “əxlaq tərbiyəsi” ilə eyniləşdirilir. Hətta bəziləri “peyzajda tərbiyəvi funksiya varmı?” sualına mənfi cavab verərək, yenə də əxlaq tərbiyəsini nəzərdə tutur və peyzajın estetik tərbiyəyə xidmət etməsini unudur. Peyzaj bəzən drakı funksiyaya da malik olur. Bu zaman biz təsvirdəki görüntülər əsasında təqdim olunan mənzərə haqqında müəyyən məlumat alırıq. Təsvirdəki konkret ərazidirsə, biz həmin şəhərin və ya kəndin bir kadrını görürük.
Yaradıcılıq prosesi əsasən 4 mərhələdən ibarətdir: 1)gerçəklik; 2)sənətkar; 3)bədii əsər; 4)resipiyent.
Gerçəkliyin elə bir sahəsi yoxdur ki, incəsənət onu bu və ya digər şəkildə əhatə edə bilməsin: təbiət, əmək, məişət, insanlar arasındakı münasibətlər, insanın daxili aləmi və s. Bir sözlə, həyat bütün zənginliyi ilə bədii təsvir obyekti ola bilir.
Yaradıcılıq prosesinin ikinci mərhələsi olan sənətkar anlayışı geniş məfhum olub, rəssam, bəstəkar, şair, yazıçı, dramaturq, xoreoqraf, rejissor, memar, heykəltəraş və digər peşə sahiblərini bildirir. Həyat materialının incəsənətə çevrilməsi sənətkarın istedad və fantaziyası hesabına başa gəlir. Sənətkar gerçəklikdən, yəni təbiət və cəmiyyətdən götürdüyü materialı öz fikir süzgəcindən keçirərək ona yeni ruh verir.
Yaradıcılıq prosesinin üçüncü həlqəsi olan incəsənət, yəni bədii əsər bir sıra xüsusiyyətlərinə görə digər müəlliflərin (alim, filosof) məhsullarından fərqlənir. Bu xüsusiyyətlərdən başlıcası odur ki, ictimai şüur formalarından (elm, fəlsəfə, əxlaq, hüquq və s.) fərqli olaraq incəsənət gerçəkliyi bədii obrazlar vasitəsilə əks etdirir. Heç bir ictimai şüur forması insanın taleyini, xarakterini, şəxsi keyfiyyətlərini, daxili aləmini, psixi vəziyyətini, eləcə də, gerçəklikdəki gözəllik və eybəcərliyi, ülvilik və rəzilliyi, faciəvilik və komikliyi, qəhrəmanlığı, canlı və cansız təbiəti, ictimai həyatı və s.-ni incəsənət qədər göstərə bilmir. İncəsənətin digər spesifik xüsusiyyəti estetik funksiyaya və emosional təbiətə malik olmasıdır ki, bu da incəsənəti daha cəlbedici edir, resipiyentdə incəsənətlə ünsiyyətə tələbat yaradır. İncəsənətin maraqlı xüsusiyyətlərindən biri də onun şərtiliyidir. İncəsənətin əyani şəkildə göstərə bilmədiyini resipiyent özü təsəvvür edir.
Nəhayət, yaradıcılıq prosesinin dördüncü, sonuncu mərhələsi bədii məhsullarin mənəvi istehlakçısı olan resipiyentdir. Resipiyent – oxucu, dinləyici və tamaşaçıdan ibarət olaraq incəsənətin müxtəlif növlərinin (yəni, oxucu – bədii ədəbiyyatın, dinləyici musiqinin, tamaşaçı isə teatr, kino, sirk, balet, digər bədii tamaşaların, memarlıq, təsviri və dekorativ-tətbiqi sənət əsərlərinin) istehlakçısıdır. Resipiyent yaradıcılıq prosesində sonuncu həlqə olduğu üçün sənətkarın əməyini məhz o tamamlayır. Auditoriyanı sənətkar formalaşdırmalıdır. Yəni sənətkar resipiyentin səviyyəsinə enməməli, əksinə, öz zövqü, dünyagörüşü, istedadı, bacarığı, ağlı və əxlaqı ilə resipiyenti öz səviyyəsinə çatdırmalıdır.
MÖVZU 6
“ BƏDİİ OBRAZ”
Plan:
1)Obyektiv və subyektiv cəhətlər
2)Bədii ümumiləşmənin formaları
Sənətkar bədii əsəri bədii obrazların köməyilə yaradır. Bədii obraz – incəsənətin əsas komponentidir.
“Bədii obraz” dedikdə bəziləri səhvən söhbətin yalnız insandan getdiyini zənn edir. Lakin gerçəkliyin hər hansı cisim və ya hadisəsi incəsənətdə bədii obraza çevrilə bilər. İnsan incəsənətin əsas da olsa, yeganə problemi deyil. Bir çox sənət əsərində insan təsviri ümumiyyətlə yoxdur. Məsələn, hətta sözlü musiqi əsərlərində insanın cismani təsviri qətiyyən mümkün deyil. Memarlıq, dekorativ-tətbiqi sənətin bir çox sahələri, təsviri sənətin natürmort, peyzaj kimi janrları bu qəbildəndir.
İncəsənətin müəyyən növləri, məsələn, teatr, kino, bədii ədəbiyyat, süjetli rəsm əsərləri, heykəltəraşlıq insanın həyatını daha ətraflı təsvir edə bilər. Təbiət və cəmiyyət hadisələrinin, həyatın müxtəlif təzahürlərinin – dənizin, meşənin, baharın, qışın, gündüzün, gecənin də obrazları ola bilər.
Hər bir bədii obrazın öz struktur elementləri, müəyyən tərkib hissələri vardır. Belə ki, bədii obrazda obyektiv və subyektiv, real və ideal, rasional və emosional cəhətlər vəhdətdə olur. Obyektiv cəhət – sənətkarın real həyatdan götürdüyü hər bir şey – cisimlər, hadisələr, xarakterlər, ziddiyyətlər, insanın mənəvi aləmi və s.-dir. Subyektiv cəhət – sənətkarın öz əlavələri, yəni hiss və düşüncələri, maraqları, həmin sahədə biliyi, təxəyyül və fantaziyası, arzuları, təsvir edilən cisim və ya hadisəyə öz subyektiv münasibəti, verdiyi qiymət, estetik idealı, dünyagörüşü və s.-dir.
Bədii obraz – bədii ümumiləşmənin nəticəsidir. Ümumiləşmə zamanı obyektə aid yalnız ən maraqlı və vacib cəhətlər seçilir, ikinci dərəcəli, az əhəmiyyətli, maraqsız tərəflər ixtisar edilir. Həmin obraz digər mənbələrdən alınan və ya sənətkarın yaddaş ehtiyatında olan, müxtəlif elementlərin sintezindən yaranan informasiya ilə zənginləşdirilir. Bütün bunlar sənətkarın şəxsi həyat təcrübəsinə əsaslanır. Sənətkarın məharəti öz diqqətini cisim və hadisələrin ən mühüm və maraqlı cəhətlərində cəmləşdirə bilməkdir. Bu cür seçmə və ümumiləşdirmə incəsənətin bütün növlərinə xasdır.
Bədii ümumiləşdirmənin 3 forması var: 1)tipikləşmə; 2)ideallaşma; 3)fərdiləşmə.
Tipikləşmə. Bizim hər birimiz yalnız özümüzə məxsus olan xarici simaya və daxili aləmə malikik. Lakin bununla yanaşı, bizim xarakterimizlə, peşəmizlə, ictimai vəziyyətimizlə, milliyətimizlə, dini mənsubiyyətimizlə, yaşayış yerimizlə, maraqlarımız və s. ilə bağlı ümumi cəhətlər mövcuddur. Buna görə də sənətkar bir insandan danışarkən onun simasında bir çoxlarına xas xüsusiyyətləri, əlamətləri ümumiləşdirə bilir. Bədii obrazda belə ümumiləşdirməyə tipikləşmə deyilir. Başqa sözlə, tipikləşmə, konkret-fərdi obrazda bir çox hadisələrə və ya insanlara xas xüsusiyyətlərin təsvir üsuludur. Hətta əsərin qəhrəmanının real prototipi məlum olduqda belə, biz həmin obrazı həyatdakının eyni, təkrarı kimi qəbul etmirik.
Tipikləşməyə daha çox bədii ədəbiyyat, teatr və kinoda təsadüf edilir. İncəsənətin bu növlərində tipik obrazlar yaratmaq daha asandır. Təsviri sənətdə də bu mümkündür, xüsusən, karikatura janrı tipaj yaratmaq üçün daha münasibdir.
Tipikləşmənin fərdiləşmədən fərqi odur ki, onun prototipi, adətən, konkret olmur. Belə obraz gerçəkliyin müxtəlif tərəflərini, həyatın xarakterik cəhətlərini, cisim və hadisələrin əhəmiyyətli xüsusiyyətlərini özündə birləşdirərək onları ümumiləşdirir. Tipikləşmə “necədir?”, “necə olub?” suallarına cavab verir. Naturalistlər tipikləşməni qəbul etmirlər. Onların fikrincə, incəsənət həyatı “güzgüdəki kimi”, necə varsa, elə də təsvir etməli, sənətkar özündən heç nə artırmamalıdır. Əgər yazıçı “xəsis” obrazı, aktyor “sərxoş” obrazı yaradırsa, sözsüz ki, bir deyil, bir neçə xəsis və ya sərxoş müşahidə edilməlidir.
İncəsənətin müxtəlif növlərində tipikləşməyə aid nümunələr göstərmək olar. Məsələn, bədii ədəbiyyatda M.F.Axundovun Hacı Qara obrazı, Məcid Şamxalovun “Qayınana” əsərində Cənnət xala obrazı, heykəltəraşlıqda Fuad Əbdürrəhmanovun “Azad qadın” heykəli, rəssamlıqda Mikayıl Abdullayevin “Racastan qadınları” (“Hindistan” silsiləsindən), Tahir Salahovun “Təmirçilər”, Əzim Əzimzadənin “Varlı evində toy”, “Kasıb evində toy” və s. əsərlərini göstərmək olar.
İncəsənətin bəzi növlərində tipik obrazlar yaratmaq mümkün deyil, məsələn, musiqidə, memarlıqda, peyzaj janrında və s. “Satirik binalar” - əlbəttə ki, olmur.
İdeallaşma həyatın yalnız “müsbət” deyil, “mənfi” tərəflərinin də qabarıq şəkildə göstərilməsidir. “İdeal” sözü həyatda yalnız “yaxşı” cəhətlərə aid olsa da, incəsənətdə “mənfi ideal” kimi həm də “pis” anlayışını əhatə edir. “Mənfi ideallaşma” zamanı həyatın şit, bayağı tərəfləri “dəhşətli” və ya “gülməli” şəkildə ümumiləşdirilir.
Bəzən əsərlərin təhlili zamanı ideallaşma ilə tipikləşmə uzlaşır və bunları ayırmaq bir qədər çətin olur, çünki hər ikisində obraz kifayət qədər şişirdilir. Lakin tipikləşmə kəmiyyət baxımından şişirtmədirsə (yəni bir neçə adamın xüsusiyyətlərinin bir adamda cəmlənməsi), ideallaşma keyfiyyət baxımından şişirtmədir (bir adamda “müsbət” və ya “mənfi” keyfiyyətlərin əndazədən artıq göstərilməsi). İdeal tələbə, ideal övlad, zalım və ya mərhəmətli şah obrazları həm ideallaşma, həm də tipikləşmə kimi yaradıla bilər.
İdeallaşmanın tipikləşmədən fərqi ondadır ki, ideallaşmada personajların elə xüsusiyyətləri ön plana çəkilir ki, bu adamlar canlı yox, qeyri-həyati sxem kimi görünürlər. Əgər tipikləşmədə adamlar, hisslər, hadisələr “necədir” və ya “necə olub” kimi təsvir edilirsə, ideallaşma “necə olmalıdır” və ya “necə ola bilərdi” suallarına cavab verir. Yəni, əslində, “həyatda belə deyil”, amma “belə olmalıdır” və ya “belə də ola bilərdi”. Sənətkar öz idealına uyğun olaraq obrazların “müsbət” və ya “mənfi” xüsusiyyətlərini şiddətləndirir.
Adətən, sənətkar öz idealını əsərinin “müsbət” qəhrəmanında konkretləşdirir. İncəsənət tarixində belə misallar çoxdur. Məsələn, Məlikməmməd, Koroğlu, ideal məhəbbət qəhrəmanları olan Leyli, Məcnun, Romeo, Cülyetta və s. Lakin bəzən müəyyən tarixi şəxslər, məsələn, İ.Stalin “şəxsiyyətə pərəstiş” siyasətinə görə, məhz “mənfi” xüsusiyyətləri gizlədilərək, həddindən artıq idealizə edilir və hətta əfsanəviləşdirilirdi. Lakin heç bir sünilik zamanın sınağına davam gətirə bilmir.
İdeallaşmada subyektiv cəhət üstünlük təşkil edir, yəni sənətkar öz qəhrəmanını “bəzəmək” üçün məhdudiyyət hiss etmir. Belə obrazlar müəllifin təxəyyülü, fantaziyası, arzuları, şəxsi münasibətləri, dünyagörüşü və s. ilə yetişir, məsələn, A.Dantenin “İlahi komediyasında”kı Beatriçe surəti kimi. ideallaşma "mənfi" də ola bilər. Bu zaman müəllif həmin obraza aid mənfi xüsusiyyətləri daha da qabardır. "Mənfi” ideallaşmaya misal kimi isə “İblis”, “Qar kraliçası” əsərlərinin eyni adlı personajlarını göstərmək ola bilər.
Fərdiləşmə - bir qisim obrazların prototiplərinin çox vaxt real şəxs olması ilə bağlı olur. Bu baxımdan, portret janrı fərdiləşməyə daha çox uyğun gəlir. Adətən portretlər real şəxslərlə əlaqədar olur. Portret janrına incəsənətin bir sıra növlərində təsadüf edilir: heykəltəraşlıqda, rəssamlıqda, hətta bədii ədəbiyyat, teatr və kinoda.
Dostları ilə paylaş: |