Tənəffüs şöbəsinə ağ ciyərlər, bronxlar, traxeya köks qəfəsi daxildir. Tələffüz nəfəslə sıx əlaqədardır. Nitq, nəfəs vermə aktında baş verir. Bu zaman hava axını eyni zamanda, həm səs yaradıcı, qaz mübadiləsi, həm də artikulyasiya funksiyası daşıyır. Danışıq zamanı nəfəs alma və vermə adi, susqunluq vəziyyətindən kəskin fərqlənir. Danışan zaman insanın nəfəs alması qısa, nəfəs verməsi isə sürəkli olur. Nitq tənəffüsünün daha bir fərqli cəhəti vardır ki, danışıq zamanı nəfəs vermədə qarınboluşğunun və qabırğalararası daxili əzələləri də iştirak edir. Bu nəfəs vermənin dərin və sürəkliliyi, səsli nitqin yaranmasını təmin edir.
Səs şöbəsi qırtlaq və səs tellərindən ibarətdir. Qırtlaq enli qısa boru olub, qığırdaq və yumşaq toxumadan əmələ gəlmişdir. O, boyunun ön hissəsində yerləşir. Yuxarıdan qırtlaq udlağa, aşağıdan isə nəfəs borusuna (traxeyaya) keçir. Qırtlaqla udlaq arasında qırtlaq qabığı yerləşir. O, qığırdaq toxumasından əmələ gəlib, dilçək və ya ləçək formasında olur. Qırtlaq qabığı ön səthi dilə, arxa hissəsi isə udlağa doğru uzanır. Qırtlaq qabığı udma hərəkətlərində aşağı düşüb qırtlağa girişi bağlayaraq oraya qida, tüpürcək və yad cisimlərin düşməsindən qoruyan tıxac rolunu oynayır.
Səsin yaranması zamanı səs telləri yumulmuş vəziyyətdə olur. Nəfəsvermə nəticəsində hava axını həmin yumulmuş səs tellərinin büküşləri arasından keçərək onları bir qədər kənara itələyir. Səs telləri özünün elastikliyi və səs keçidini daraldan vəziyyətinə qayıdır. Beləliklə də, yumulma və açılma o vaxta qədər davam edir ki, səs törədən hava axınının təzyiqi dayandırılsın. Başqa sözlə, fonasiyada (səslənmə) səs tellərinin rəqslənməsi, köndələn istiqamətdə, yəni yuxarı və aşağıya deyil, daxilə və xaricə tərəf hərəkət edir. Nəticədə, səs tellərinin rəqslənməsi ətraf mühitə ötürülərək danışıq səsi kimi qavranılır.
Dostları ilə paylaş: |