İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
30
bölünür. Vegetativ tərəvəzlərin bir yarımqurupu da ədviyyəli göyərtilərdir ki, buraya şüyüd,
nanə, reyhan, tərxun, keşniş, dağ keşnişi, yarpız, dağ nanəsi, cəfəri və kərəvizin yaşıl
yarpaqları aiddir. Respublikamızda 500 növdən artıq yeməli və ədviyyə bitkiləri yayılmışdır.
Bunlar 80 fəsilə, 108 cins daxilində birləşərək, ümumi floranın 11 %-ni təşkil edir.
Qida məhsullarına qatqıların əlavə edilməsi (tünd, acı, turş, ətirli) onların dad və tamını
yaxşılaşdırır, qidanın həzm olunmasını, mənimsənilməsini asanlaşdırır. Belə maddələr
becərilən və yabanı halda yayılan bitkilərin tərkibində olur. Bu bitkilər ətirli ədviyyat bitkisi
adlanır. Ətirli və dadlı maddələr bitkinin müxtəlif hissələrində toplandığına görə onları
aşağıdakı qaydada qruplara ayırmaq olar:
1.
Toxumu istifadə edilən ətirli ədviyyat bitkiləri: Bu qrupa ən çox çətirçiçəklilər, az
miqdarda xaççiçəklilər, dodaqçiçəklilər fəsiləsinə aid olan bitkilər aiddir: cirə, zirə,
keşniş, razyana, qara istiot, ətirli istiot, hil, xardal, küncüd, şənbəllə, güldəfnə;
2.
Yarpağı istifadə edilən ətirli ədviyyat bitkiləri: Dəfnə yarpağı, şüyüd, nanə, acı bolu,
yarpız, cəfəri, kərəviz, çuğundur, keşniş, xiyarotu, cacıq, çaşır, əvəlik, heyva, üzüm,
adaçayı və sairə;
3.
Ətirli ot bitkiləri: Bu bitkilərin torpaq üzərində olan bütün hissələri qidaya qatılır:
reyhan, rozmarin, mərzə, dağnanəsi, yarpız, keşniş, qazayağı, cəfəri, əvəlik, uşqun
(rəvənd), turşəng və sairə;
4.
Çiçək hissəsi istifadə olunan ətirli ədviyyat bitkiləri: Zəfəran, sarıçiçək, nanə,
çödükotu, gülümbahar, sabahgülü, kəklikotu, baldırğan, və sairə;
5.
Kökü istifadə edilən ətirli ədviyyat bitkiləri: Cəfəri, şalğam, cırhavuç, kərəviz, qıtıqotu,
sarıkök, qatran, pıtraq, zəncirotu, zəncəfil, kök, çuğundur, turp və sairə;
6.
Soğanağı istifadə edilən ətirli ədviyyat bitkiləri: Soğan, sarımsaq, səhləb və sairə.
Belə təsnifatı əslində bir o qədər də düzgün hesab etmək olmaz. Çünki eyni bitkinin həm
kökü, həm yarpağı, həm də toxumu istifadə edilir. Ona görə də eyni ədviyyat bitkisinin adı bir
neçə qrupda çəkilə bilər.
Göründüyü kimi, ətirli ədviyyat bitkiləri və onların istifadə olunan hissələri çoxdur və
ona görə də müxtəlif əlamətlərinə əsasən təsnifləşdirilir. Ətirli ədviyyat alınmasına görə altı
qrupa bölünür.
Ədviyyatlar coğrafi yayılmasına, mənşəyinə və ekoloji şəraitinə görə iki qrupa bölünür.
1.
Azərbaycanın yabanı halda yayılan və mədəni şəkildə becərilən ədviyyatlı bitkiləri:
xardal, cirə, zirə, sarıkök, razyana, keşniş, dağkeşnişi, dağnanəsi, nanə, yarpız, qırmızı
istiot, şüyüd, tərxun, zəfəran, sarıçiçək, reyhan, dəfnə, mərzə, cəfəri, kəklikotu,
qıtıqotu, qazayağı, sabahgülü və sairə;
2.
Tropik və subtropik ölkələrdə yayılan və Azərbaycana gətirilən ədviyyatlar: muskat
qozu, vanil, hil, ağ və qara istiot, muskat çiçəyi, mixək, darçın, zəncəfil, ətirli bibər və
sairə.
Yeyinti sənayesi tərəfindən qəbul olunmuş təsnifata əsasən müxtəlif ətirli bitkilərdən
alınan ədviyyatlar dad və ətrinə görə 5 qrupa bölünür:
1.
Zəif ətirli tünd acı ədviyyatlar: qara istiot, ağ istiot, qırmızı istiot, xardal, qatıqotu,
çaşır, acı bolu və sairə;
|