Jurnal Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində qeydiyyatdan keçmişdir



Yüklə 14,92 Mb.
Pdf görüntüsü
səhifə6/20
tarix16.02.2017
ölçüsü14,92 Mb.
#8497
1   2   3   4   5   6   7   8   9   ...   20

Ədəbiyyat 
1.
 
Q.Səfərov, N.Əliyev, S.Cəlilova. Maliyyə menecmenti: əsas anlayışlar, məsələlər
işgüzar situasiyalar və testlər. Səh 6. 
2.
 
Azərbaycan Respublikasının Dövlət Neft Fondunun rəsmi saytı: www.oilfund.az 
3.
 
S.A.Abbasov. Pul axınlarının idarə edilməsi mexanizminin təkmilləşdirilməsi. 
“Vergilər” jurnalı, 6/2012 

 
128
A.İ.Şirinova, E.E.Seyidov
 
 
4.
 
Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi saytı: www.cbar.az 
5.
 
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəsmi saytı: www.finance.gov.az 
 
        EFFECTIVENESS OF PROPER MANAGEMENT  
           OF FINANCIAL RESOURCES 
 
A.I.Shirinova, E.E.Seyidov 
 
SUMMARY 
 
This article deals with the main features of the sources of formation of financial 
resources of the state, the role of financial planning and financial management in 
enterprises and companies. The authors also highlight the special role of the State Oil 
Fund of the Republic of Azerbaijan in the management of financial resources. 
 
           ЭФФЕКТИВНОСТЬ ПРАВИЛЬНОГО УПРАВЛЕНИЯ  
              ФИНАНСОВЫМИ РЕСУРСАМИ 
 
               А.И.Ширинова, Э.Э.Сеидов 
 
             РЕЗЮМЕ 
 
В  статье  речь  идёт  об  основных  особенностях  источников  формирования 
финансовых  ресурсов  государства,  роли  финансового  планирования  и  управления 
финансами  на  предприятиях  и  фирмах.  Также  подчеркнута  особая  роль 
Государственного  Нефтяного  Фонда  Азербайджанской  Республики  в  управлении 
финансовыми ресурсами. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
113
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ 
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY
 
 
2015 - № 41
 
 
 
 
ANANIN YENİ DOĞDUĞU UŞAĞINI QƏSDƏN ÖLDÜRMƏSİ 
 ƏMƏLLƏRİNƏ GÖRƏ CİNAYƏT MƏSULİYYƏTİNİN TARİXİ İCMALI 
 
          G.E.Səlimzadə 
          Bakı Dövlət Universiteti 
                                         Bakı AZ1148, Akademik Z.Xəlilov küçəsi 23 
                                                            e-mail: rzabey@mail.ru 
 
Açar sözlər:  uşaq qatilliyi, yeni doğulmuş körpə, doğuş zamanı, doğuşdan dərhal sonra, insan 
həyatı, məsuliyyətin differensiasiyası 
Keywords: infanticide, newborn child, at the time of delivery, immediately after birth, human life, 
differentiated responsibility 
Ключевые  слова:  детоубийство,  новорожденный  ребенок,  во  время  родов,  сразу  же  после 
родов, жизнь человека, дифференциация ответственности 
 
Digər hüquq sahələrində olduğu kimi, cinayət hüququnda da tarixi-müqayisəli 
tədqiqat metodunun tətbiqi mühüm əhəmiyyətə malikdir. Hadisə və ya prosesin keçmişini 
bilmədən onun mövcud durumunun qiymətləndirilməsi və perspektiv inkişafı haqqında 
təsəvvürlərin müəyyən edilməsi çətin olur. Qeyd etmək lazımdır ki, cinayət hüququ 
nəzəriyyəsində ananın yeni doğduğu uşağını qəsdən öldürməsi cinayət tərkibinin də daxil 
olduğu həyat əleyhinə olan cinayətlər, onların qanunvericilikdə tənzimlənməsi məsələləri 
vaxtaşırı diqqət mərkəzində olmuşdur. Bu, təbii ki, ilk növbədə  həmin cinayətlərin qəsd 
obyektinin mühümlüyü ilə  əlaqədardır. Bəşəriyyətin inkişafının ilk tarixi mərhələlərində 
adam öldürmə  əməlinə münasibət birmənalı olmasa da, səmavi dinlərdə, o cümlədən 
qanunvericilik aktlarında bu əməl həmişə qadağan olunmuş davranış kimi təsbit 
olunmuşdur. 
       
Məlum olduğu kimi, müsəlman hüququnun əsas mənbəyini Quran təşkil edir. 
Qurani-Kərimdə buyrulur: «Heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Bu 
səhvən (xəta üzündən) olduqda müstəsnadır. Hər kəs bir mömini səhvən öldürərsə, o 
zaman o, mömin bir qul azad etməli və öldürülmüş şəxsin ailəsi qanbahasını sədəqə olaraq 
bağışlamadıqda onlara (ölən  şəxsin varislərinə) tam şəkildə qanbahası verməlidir.  Əgər 
öldürülən şəxsin özü mömin olduğu halda sizə düşmən olan tayfadandırsa, o vaxt öldürən 
şəxs mömin bir qul azad etməlidir. Əgər öldürülən şəxs sizinlə əhd (müqavilə) bağlamış 
bir tərəfdən olarsa, o zaman onun ailəsinə qanbahası verməklə  bərabər, mömin bir qulu 
dəxi azad etmək lazımdır. Hər kəs azad etməyə qul tapa bilməsə, o, Allah tərəfindən 
tövbəsinin qəbul edilməsi üçün bir-birinin ardınca (arası  kəsilmədən) iki ay oruc 
tutmalıdır. Allah hər  şeyi biləndir və hikmət sahibidir! Hər kəs bir mömin şəxsi qəsdən 
öldürərsə, onun cəzası  əbədi qalacağı  cəhənnəmdir. Allah ona qəzəb və  lənət edər, 
axirətdə onun üçün böyük əzab hazırlar!» (ən-Nisa Surəsinin 92-93-cü ayələri). 
      
Qurani-Kərimdə mömin şəxsin qəsdən öldürülməsinə görə həmçinin qisas hüququ 
nəzərdə tutulmuşdur: «Ey iman gətirənlər! Qəsdən öldürülən şəxsdən ötrü sizin üçün qisas 
almaq hökmü qərara alındı (vacib oldu). Azad şəxsi azad şəxsin, qulu qulun, qadını 
qadının əvəzində öldürə bilərsiniz. Qanbahası müqabilində bağışlanmış qatil ilə adətə görə 

 
114
G.E.Səlimzadə
 
 
yaxşı rəftar edilməlidir. Bağışlanmış qatil də yaxşılıqla qan sahiblərinə «diyə» (qanbahası) 
verməlidir. Bu (qisası qanbahası ilə  əvəz etmək hökmü), Rəbbiniz tərəfindən sizin üçün 
bir yüngüllük və mərhəmətdir. Bundan (diyə müqabilində bağışlamaqdan)  sonra  təcavüz- 
karlıq edən (qatili öldürən və ya onun qohum-qardaşı ilə düşmənçilik edən)  şəxsi 
qiyamətdə şiddətli əzab gözləyir!» (əl-Bəqərə surəsinin 178-ci ayəsi). 
       
Qeyd  etmək lazımdır ki, insan cəmiyyətinin inkişaf tarixinin ilk mərhələlərində 
uzun müddət talion qaydaları ədaləti, tənləşdirici bərabərliyi təmin edən vasitə kimi tətbiq 
olunmuşdur. Bu prinsipə (məsələn, talionun növü kimi çıxış edən qan intiqamına) həm də 
səmavi dinlərin müqəddəs kitablarında - Qurani-Kərimdə, Bibliyada rast gəlinir. Feodal 
quruluşunun süqutu, burjua inqilablarınadək olan dövrə kimi talion qaydaları  həmçinin 
dövlətlərin cinayət qanunvericiliklərinin (Qədim Misirdə «Ölülər küliyyatı», Babilistanda 
«Xammurapi məcəlləsi», Yunanıstanda «Drakon» qanunu, Romada «XII cədvəl», 
Hindistanda «Manu qanunu» və s.) əsasını  təşkil etmişdir. Talion qaydalarında cavab 
hərəkət reaksiyasına yol verilərkən fərdin  şəxsiyyəti, taleyi nəzərə alınmırdı. Məsələn, 
atanın təqsirinə görə onun övladları, nəvələri, nəticələri və sonradan gələn digər varisləri 
cavab verməli olurdu. Başqa sözlə, qan intiqamının qurbanı olan şəxs heç bir təqsiri 
olmayan şəxs də ola bilrdi. Burada insanın konkret fərdi deyil, qan qohumluğu ilə əlaqədar 
bu və ya başqa kollektivə mənsub olması həlledici rol oynamışdır (5, s.9-10).  
       
İlk cinayət qanunvericiliyi aktlarında adam öldürmə  əməli qadağan olunmuş  və 
cəzalanmalı  əməl kimi nəzərdə tutulsa da, onun tövsifedici əlamətləri təbii ki, 
fərqləndirilməmişdir. Cinayət qanunvericiliyinin sonrakı inkişaf mərhələlərində  əsasən 
zərərçəkmişin cəmiyyətdə tutduğu mövqeyindən asılı olaraq adam öldürmənin tövsifedici 
əlamətləri müəyyən edildi. Hakim ailə üzvlərinin, onlarla birgə yaşayan  şəxslərin
imperator və onun soyadını daşıyanların, mühafizəsini həyata keçirənlərin, din 
xadimlərinin və s. kateqoriya şəxslərin öldürülməsinə görə daha ağır cəzalar nəzərdə 
tutuldu. Adam öldürmənin məsuliyyəti ağırlaşdıran halı kimi həmçinin valideynlərin 
uşaqları tərəfindən öldürülməsi fərqləndirilirdi; bu, valideynlərin uşaqlarına həyat verməsi 
ilə izah olunurdu.   
      
Ümumiyyətlə, cəmiyyət həyatında qohumluq münasibətlərində olan şəxslərin bir-
birlərinə qarşı cinayət, xüsusən qətl əməlləri törətmələrinə münasibət fərqli olmuşdur. Bu 
probem təkcə hüquqi baxımdan deyil, həm də dini və ictimai problem kimi diqqəti cəlb 
etmişdir. Belə  əməllər sırasında valideynlərin öz uşaqlarını, tarixi inkişafın sonrakı 
mərhələlərində isə ananın yeni doğduğu uşağını öldürməsi  əməlləri xüsusi yer tutur. 
Qədim dövrlərdə valideynlərin övladları üzərində müstəsna, hətta onların həyatı üzərində 
sərəncam vermək hüququ omuşdur, övladlar valideynlərinin mülkiyyət hüququnun 
obyekti olmuşdur. Valideynlərin uşaqlarını öldürmələri cinayət sayılmamışdır. Antik 
dövrün hətta Aristotel, Platon, Sizeron kimi mütəfəkkirləri belə valideynlər tərəfindən 
övladların öldürülməsi  əməlləri yolverilən sayılmışdır (7, s.8). Bəşəriyyətin inkişaf 
tarixinin ilk dövrlərində isə yeni doğulmuş eybəcər uşaqların öldürülməsi nəinki cinayət, 
hətta adi hal sayılmışdır. Rusiya kimi dövlətdə yalnız I Pyotrun 1704 və 1718-ci il tarixli 
fərmanları ilə (ölüm cəzası təhdidi ilə) eybəcər doğulmuş uşaqların öldürülməsi qadağan 
edilmişdir. Fərmanlara görə eybəcər uşaqların doğulması gizlədilməməli, bu haqda kilsəyə 
məlumat verilməli idi. Rusiya İmperiyasının 1845-ci il Qanunnaməsində isə eybəcər, fiziki 
qüsurlu doğulmuş uşaqlarını öldürən valideynlərin bütün hüquq və imtiyazlardan məhrum 
edilməklə Sibirə sürgün olunması cəzası müəyyən olunmuşdu (13,  s.160). 
 

 
115
G.E.Səlimzadə
 
 
Bəzi ölkələrdə  uşağını öldürə bilmək hüququ hər iki valideynə yox, yalnız ataya 
məxsus olmuşdur. Məsələn, qədim Romada uşağın atası  tərəfindən öldürülməsi cinayət 
sayılmamışdır, ananın nikahdan kənar  əlaqədən doğduğu uşağını öldürməsi isə lex 
Cornelia ilə  cəzalandırılmışdır. Romada imperator hakimiyyəti dövründə bu əməl lex 
Pompeja de parricidiis ilə  cəzalandırılmışdır. Qədim Misirdə hesab olunurdu ki, həyatı 
verən şəxs onu geri aldığına görə ölüm cəzasına məruz qala bilməz. Lakin burada övladını 
öldürən valideyn üç gün üç gecə  uşağının meyidini xüsusi keşikçilərin nəzarəti altında 
qucağında saxlamalı idi (18, s.80).  
       
Cəmiyyət inkişaf etdikcə bu növ əməllərə münasibət də dəyişməyə başladı və bu 
məsələdə  səmavi dinlərin müstəsna rol oynadığı qeyd edilməlidir. Xüsusən xristianlıq 
möhkəmləndikcə onun ictimai və dövlət həyatına müdaxiləsi güclənir, Avropa ölkələrində 
dini ideologiya dövlət səviyyəsinə yüksəlir. Feodal münasibətləri möhkəmləndikcə kilsə 
Qərbi Avropa dövlətlərində böyük səlahiyyətə və sərvətə (iri torpaq sahələrinə) yiyələnir. 
Dünyəvi hakimiyyəti dini hakimiyyət ilə qovuşur və bu, birbaşa öz əksini 
qanunvericilikdə tapır. Məsələn, orta əsrlər Almaniyasının huquq abidələrindən sayılan 
Sakson güzgüsü qanununun 1-ci maddəsində göstərilir: «Tanrı xristinalığın qorunması 
üçün Yer kürəsinə iki qılınc göndərmişdir. Bunlardan birincisi Papanın rühani qılıncıdır, 
ikincisi isə imperatorun dünyəvi qılıncıdır. İmperator öz qılıncı ilə Papaya qarşı çıxanları 
susdurmalıdır» (17, s.116). Beləliklə, orta əsr Avropa feodal dövlətlərinin cinayət hüququ 
dini ideyaların təsiri altında formalaşır. Məhz dinin dövlət hakimiyyətinə  təsiri 
gücləndikcə  əvvəlcə qanuni nikahdan doğulan uşaqların valideynləri tərəfindən 
öldürülməsi, bundan sonra nikahdan kənar doğulan uşaqların ata-anaları  tərəfindən 
öldürülməsi, daha sonra isə valideynlərin yeni doğulmuş  uşaqlarını  hər hansı motiv 
üzündən öldürmə əməlləri cinayət kimi qiymətləndirilməyə başlanır.  
       
Feodalizm ictimai quruluşunun ilk mərhələsindən fərqli olaraq sonrakı dövrlərində 
dini  əxlaqın təsiri altında bəhs etdiyimiz əməllərə neqativ münasibət formalaşır. Din 
uşağın nikahdan kənar əlaqədən doğulmasını günah saydığından, kilsənin təsiri ilə XIII–
XIV  əsrlərdən başlayaraq XVIII əsrə  qədər ümumilikdə Avropa ölkələrinin 
qanunvericiliyində bu növ əməllərə görə sərt cəza tədbirləri nəzərdə tutulmağa başlandı. 
Məsələn, Fransanın 1270-ci il tarixli qanunu ilə  uşağını öldürən valideyn tonqalda 
yandırılırdı. Almaniyada İohan fon Şvarsenberq tərəfindən hazırlanmış, cinayət və 
cinayət-prosessual hüquq münasibətlərini tənzim edən 1507-ci il Bamberqsk 
qanunnaməsində ananın dünyaya sağlam gətirdiyi üşağını öldürməsi üstündə diri-diri 
torpağa basdırılması  cəzası müəyyən olunmuşdu. Bamberqsk qanunnaməsi sonradan 
1532-ci ildə imperator V Karl tərəfindən ümumimperiya cinayət qanunnməsi kimi qəbul 
edilmiş Constitutio Criminalis Carolinanın hazırlanmasında  əsas mənbə kimi istifadə 
olunmuşdu. Feodalizmin son dövrünün mükəmməl hüquq abidələrindən sayılan 
Karolinada xeyli cinayətlərə görə yalnız ölüm cəzası müəyyən edilmişdi. Karolinaya 
əsasən kişi cinsindən olan şəxs  əvvəlcədən düşünülmüş niyyət ilə bir başqa  şəxsi 
zəhərləyib öldürdükdə, şaqqalama üsulu ilə ölüm cəzasına, bu cinayəti törədən qadın içə 
suda boğulma cəzasına məruz qalmalı idi. Qadın artıq həyat əlamətləri qazanmış və bədən 
üzvləri formalaşmış  uşağını öz iradəsi ilə  qəsdən və gizli şəkildə öldürüdükdə çubuqla 
ölüncə döyülərək diri-diri torpağa basdırılmalı idi. Hamilə qadının  orqanizmindən  qəsdən 
və pis niyyətlə canlı dölün zorakılıqla və zəhərli qida və ya su verməklə  çıxarılmasında 
təqsirkar olan kişi başı  qılıncla kəsilməklə, qadının özü isə suda boğulmaqla ölüm 
cəzasına məruz qalırdı (9).  

 
116
G.E.Səlimzadə
 
 
Ölkəmizin uzun illər tərkibində olduğu Rusiya dövlətinin qanunvericiliyin- də bəhs 
etdiyimiz  əməlin tənzimlənməsinə  gəlincə isə, onu qeyd edə bilərik ki, burada Avropa 
ölkələrinin qanunvericiliyindən fərqli olaraq həmin əmələ görə xeyli dərəcədə yüngül cəza 
tədbirləri nəzərdə tutulmuşdu. XI əsrin hüquq abidəsi olan knyaz Yaroslavlın 
Nizamnaməsində ananın yeni doğduğu uşağı qəsdən öldürməsi əməli artıq digər növ adam 
öldürmə  və abort əməllərindən fərqləndirilmişdi. Nizamnaməyə  əsasən nikahdan kənar 
əlaqədən doğduğu uşağını  və ya dölünü zorakılıqla öldürən ana kilsə  məhkəməsi 
tərəfindən mühakimə olunaraq kilsə evində həbs cəzasına məruz qalırdı (12, s.149).  
       
Sonradan  xristian  dininin  təsiri altında Rusiya qanunvericiliyi uşaqların 
hüquqlarının müdafiəsi ilə bağlı ciddi dəyişikliyə məruz qaldı. Belə ki, Rusiyanın 1649-cu 
il Qanunnaməsində bu növ əməli törətmiş  təqsirkar qadının digərlərinə ibrət olsun deyə 
heç bir aman və güzəşt olmadan dar ağacından asılmaqla öldürülməsi cəzası  nəzərdə 
tutulmuşdu. Onu da qeyd etmək lazımdır ki, bu cəza növünun yalnız nikahdan kənar 
əlaqədən doğduğu uşağını öldürən qadın barəsində tətbiqi mümkün idi. Qanuni nikahdan 
doğduğu uşağını öldürən vadideynlər (ata və ya ana) isə bir il müddətinə  həbsxanada 
saxlama cəzasına məruz qala bilərdi. Valideynlərini öldürən uşaqlar barəsində isə, əksinə, 
ən ağır cəzanın (edamın) tətbiqi nəzərdə tutulmuşdu. Bu, Rusiyada həmin dövrdə 
valideynlərin uşaqlarının həyatı üzərində  sərəncam vermək hüqununun hələ  də 
saxlanılması ilə  əlaqədar idi. Rusiyada həmin hüquq yalnız 1832-ci il qanunu ilə  ləğv 
edildi. Rusiyanın 1832-ci il Qanunlar Külliyatında ananın bətnində olan uşağını öldürməsi 
əməli qəsdən adam öldürmənin ağırlaşdırıcı hallarının növü kimi təsbit olunmuşdu (18, 
s.82). 
         Rusiya  İmperiyasının 1845-ci il Cinayət və  İslah cəzaları haqqında 
Qanunnaməsində (1885-ci il dəyişiklikləri də daxil olmaqla) birbaşa qəsd ilə törədilən və 
bu cür qəsd ilə törədilməyən adam öldürmə  əməlləri  fərqləndirilmiş,  əvvəlcədən 
düşünülmüş niyyət ilə törədilən qəsdən adam öldürmə  və belə niyyət olmadan törədilən 
qəsdən adam öldürmə  əməlləri ayrı-ayrı maddələrdə  təsbit olunmuşdu (1454 və 1455-ci 
maddələr). Valideynlərin, qohumların, ağa və onun ailə üzvlərinin öldürülməsi 
məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərdə tutulmuşdu. Rusiya cinayət qanunvericiliyi 
tarixində ilk dəfə olaraq məhz bu Qanunnamədə (1451-ci maddənin 2-ci hissəsində) 
qadının nikahdan kənar  əlaqədən doğmuş olduğu uşağını öldürməsi  əməli imtiyazlı 
cinayət tərkibi kimi müəyyən edildi. 
         Cinayət qanunvericiliyində  bəhs etdiyimiz əmələ görə  məsuliyyətin 
yüngülləşdirilməsi təsadüfi deyildi. Belə ki, XVIII əsrin axırları  və XIX əsrin 
əvvəllərindən elmi əsaslarla ananın yeni doğduğu uşağını öldürməsi əməllərinə görə sərt 
cəzanın tətbiqinin düzgün olmadığını ifadə edən mövqelərin sayı artmağa başlamışdı. Belə 
ki, həmin dövrdə tibb elminin inkişafı ilə artıq müəyyən edilmişdi ki, uşaq doğan qadının 
psixikasında doğuş  ağrıları ilə  əlaqədar dəyişikliklər, sarsıntılar baş verir və bu proses 
ananın  şüuru ilə  əhatə olunan iradəvi fəaliyyətinə  təsirsiz ötüşmür. XVIII və XIX əsrlər 
həmçinin Avropada kapitalist münasibətlərinin inkişaf etdiyi, ictimai həyatda və hüquqi 
mədəniyyətdə ciddi irəliləyişlərin baş verdiyi dövr sayılır. Bu dövr tarixə 
“maarifləndirmə” dövrü kimi daxil olmuş və məhz bu dövrdə müasir Avropa millətlərinin 
formalaşması prosesi başa çatır.  İngiltərədə  C.Lokk,  Almaniyada  A.Feyerbax,  H.E.Les- 
sinq,  İ.V.Höte,  İ.Kant, Fransada Volter, Didro, Russo, İtaliyada Ç.Bekkaria kimi 
mütəfəkkirlər yetişir. Bir  sözlə, tibb elmi və ümumi ictimai inkişaf prosesində  əldə 
olunmuş nailiyyətlər ananın yeni doğduğu uşağını öldürməsi  əməlinə  münasibətin  dəyiş- 

 
117
G.E.Səlimzadə
 
 
məsinin əsasını təşkil edir. 
         Məşhur alman kriminalisti, klassik cinayət hüququ məktəbinin görkəmli 
nümayəndəsi,  əsərlərində cinayət tərkibi, təqsir, cinayətə  cəhd, cinayətdə  iştirakçılıq və 
cinayət hüququnun digər mühüm institutları ilə bağlı möhkəm fundamental əsaslar 
yaratmış, 1813-cü il Bavariya Cinayət Qanunnaməsinin müəllifi Anselm Feyerbax (1775-
1833) hesab edirdi ki, qadınlıq şərəfinin itirilməsi qorxusu üzündən ananın yeni doğduğu 
uşağını öldürməsi ona yüngül cəzanın təyin edilməsinə əsas verir (15, s.22). 
      
Qərbi Avropada intibah dövrünün son böyük filosoflarından sayılan  İmmanuel 
Kant (1724-1804) ədalət və  məhkəmə hakimiyyəti ideyasını müdafiə etməklə yanaşı, 
adam öldürmə  əməllərinə görə talion prinsipinin tərəfdarı kimi çıxış edir, təkcə bu növ 
cinayətlərin icraçılarına deyil, sifarişçi və köməkçilərinə  də ölüm cəzasının təyin 
edilməsini təklif edirdi. Filosof yalnız iki növ adam öldürmə əməlləri (dueldə öldürmə və 
uşağını öldürmə) barəsində tam qərarlı olmadığından ölüm cəzasının tətbiqini istisna 
edirdi. İ.Kanta görə hər iki növ adam öldürmə zamanı təqsirkar şəxs öz şərəfini (birində 
hərbi, digərində isə qadınlıq  şərəfini) qoruduğundan və ali hakimiyyət nikahdan kənar 
uşaq doğan qadınların rüsvay olmamaq, hərbçilərin təhqir olunduqları zaman duel təklif 
etməmələrinin isə yoldaşları  tərəfindən qorxaxlıq kimi qiymətləndirilməmək kimi 
amillərin qarşısını almaq iqtidarında olmadığından onlara ölüm cəzasının təyin edilməsi 
düzgün deyildir. Nikahdan kənar doğulan uşaq dünyaya qanundan kənar gəldiyindən 
qanunun müdafiəsindən də kənarda qalmalıdır. Filosofa görə o, cəmiyyət tərəfindən sanki 
qadağan olunmuş mal kimi lənətlənmişdir, ona görə  də  cəmiyyət onun mövcudluğunu 
inkar edə bilər. Qadının nikahdan kənar  şəkildə hamilə qalması ilə üzərinə düşən 
rüsvayçılıq heç bir qanun ilə aradan qaldırıla bilməz (6). 
       
Böyük  hüquq  mütəffəkkiri Çezare Bekkaria (1738-1794) özünün məşhur 
«Cinayətlər və cəzalar haqqında» traktatında (1764-cü il) göstərirdi ki, qanunlar təkbətək 
döyüşə (duelə - G.S.) çağırışı qəbul edənləri ölümlə təhdid etsə də, adətlərə qarşı çıxmaq 
ölümdən də  dəhşətli olduğundan bütün səylər boşa çıxırdı. Ləyaqətli adam bilirdi ki, 
başqalarının ehtiramından məhrum olarsa, o, ictimai varlıq üçün dözülməz olan vəziyyətə 
– büsbütün tənhalığa məhkum ediləcək və ya istehzalar, habelə  təhqirlər üçün hədəfə 
çevriləcəkdir (2, s.36-37). İtaliyalı mütəfəkkir uşaq qatilliyini öz zəifliyinin və ya 
zorakılığın qurbanı olan qadının məruz qaldığı labüd ziddiyyətin nəticəsi hesab edirdi: 
«Ona rüsvayçılığı  və ya öz xoşbəxtliyini duymaq qabiliyyəti olmayan varlığı öldürməyi 
seçmək lazımdır.  O,  bu  qətli, onu və  bədbəxt körpəsini gözləyən labüd əzablardan necə 
üstün tutmasın? Bu cinayətin qarşısını almaq üçün ən yaxşı vasitə, qüsurları  fəzilət 
bürüncəyi ilə örtmək mümkün deyilsə, həmin qüsurlara qarşı mübarizə aparan, zəifliyi 
istibdaddan qoruyan qanunlardır». Bu cinayətin layiq olduğu ədalətli vahiməni zəiflətmək 
istəməyən mütəfəkkir sonda belə  nəticəyə  gəlmişdir: “cinayətin qarşısını almuq üçün 
qanun, həmin  şəraitdə millət üçün yol verilən  ən səmərəli vasitələrdən istifadə 
etməyənədək, cinayətə görə cəza ədalətli (və ya həmçinin zəruri) sayıla bilməz” (2, s.97).  
       
İxtisasca hüquqşunas olmasına baxmayaraq, daha çox siyasət və jurnalistika 
fəaliyyəti ilə məşğul olmuş, Yakobin klubunun məşhur üzvü, inqilabi tribunal tərəfindən 
edam olunmuş fransız Birisso de Varvil Jak Pyer (1754-1793) ananın yeni doğmuş olduğu 
uşağını öldürməsinin səbəbini cəmiyyətdə mövcud olan qanun və hakim  əxlaq  normaları-
nın nikahdan kənar  əlaqədən yaranan hamiləlikləri pisləməsi ilə izah edirdi. Onun 
qənaətinə görə  cəmiyyət ya hər cür hamiləliyə hörmət ilə yanaşmalı, ya da bu növ 
əməllərə görə məsuliyyət yumşaq olmalıdır (15, s.22). 

 
118
G.E.Səlimzadə
 
 
Məşhur ingilis hüquqşunası  və sosioloqu, J.J.Russonun ictimai müqavilə 
nəzəriyyəsini tənqid edən,  Ş.Monteskye və Ç.Bekkaria ideyalarını isə davam etdirən 
İyeremiya Bentam (1745-1832) əsərlərində cinayətkarın özünəməxsus modelini 
yaratmışdı. O, hesab edirdi ki, təbiət insanı iki ali hakimiyyətə – əzab və  həzzə tabe 
etmişdir. Onlar bizim nə etməli olduğumuzu müəyyənləşdirir, insanlar sözdə onların 
nəhəngliyini inkar edə bilərlər,  əməldə isə  həmişə onlara tabe olacaqlar. İnsan cinayəti 
törətməzdən əvvəl, onun özü üçün müsbət və mənfi nəticələrini qiymətləndirir. Ana məhz 
həmin iki ali hakimiyyətin təsiri altında yeni doğduğu uşağını öldürərkən bakirəlik adının 
qorunmasını uşağının həyatından üstün tutur (8). 
      
Fransada 1994-cü ilə kimi qüvvədə olan 1810-cu il Cinayət Məcəlləsi (Napaleon 
Məcəlləsi) 1789-cu il İnsan hüquqları  bəyannaməsinin ideyaları (yalnız zərərli  şey 
qadağandır, qadağan olunmamış  hər  şeyə icazə verilir və s.) əsasında hazırlanmışdı. 
Məcəllənin ikinci bölməsinin I fəslində şəxsiyyət əleyhinə cinayətlər təsbit olunmuşdu. Bu 
hissədə yerləşən 299 və 302-ci maddələrdə valideynlərin və uşaqların öldürülməsinə görə 
məsuliyyətin həlli öz əksini tapmışdı. Qanunda hər iki növ adam öldürmə  əməlləri 
arasında fərq qoyulmayaraq bu əməlləri törətmiş şəxslər barəsində ölüm cəzasının tətbiqi 
nəzərdə tutulmuşdu (16). 
       
Fransada  bəhs etdiyimiz əmələ görə ölüm cəzası yalnız 1901-ci ildə tam aradan 
qaldırıldı.  İngiltərədə isə valideynlərin uşaqlarını öldürmələri  əməllərinə görə ölüm 
cəzasının tətbiqindən daha gec, 1922-ci ildə imtina edildi. Həmin dövrdə Türkiyə, 
Yaponiya, Misir və s. dövlətlərdə isə qeyd olunan əmələ əvvəlki münasibət mövcud idi. 
Avropanın aparıcı ölkələrində isə ananın yeni doğduğu uşağını öldürməsi  əməlinin artıq 
imtiyazlı cinayət tərkibi kimi fərqləndirilməsinə başlanılmışdı. Maraqlıdır ki, Rusiya 
İmperiyasında bu proses daha tez başlamışdı. Qeyd etdiyimiz kimi, 1845-ci il Cinayət və 
İslah cəzaları haqqında Qanunnaməsində ananın yeni doğmuş olduğu uşağını öldürməsi 
əməli artıq imtiyazlı cinayət tərkibi kimi fərqləndirilmişdi. Qanunnamənin 1451-ci 
maddəsi aşağıdakı  məzmunda müəyyən edilmişdi: «ananın rüsvay olmaması  və ya 
qorxması üzündən nikahdan kənar  əlaqədən doğduğu uşağını öldürməsi - iki ilədək 
müddətə  həbsxana və ya sürgün cəzası ilə  cəzalandırılır» (13, s.408). Göründüyü kimi, 
qanunnamə bu əməlin törədilməsini bilavasitə qadının nikahdan kənar  əlaqədən uşaq 
dogması ilə əlaqələndirmişdir. 
         İnqilabaqədərki Rusiya kriminalistləri arasında cinayət hüququnda hüquqi və 
sosioloji araşdırmaların uzlaşdırılması ideyasının ilk müəlliflərindən olan M.N.Qernet 
(1874-1953) hesab etmişdi ki, cinayət qanunvericiliyinin sonrakı inkişafı tövsifedici və 
imtiyazlı cinayət tərkibləri anlayışlarından imtina edilməsi istiqamətində gedəcəkdir. 
Rusiyada qadın cinayətkarlığının öyrənilməsində M.N.Qernetin tədqiqatları həm faktoloji, 
həm də  nəzəri təhlil baxımından mühüm əhəmiyyətə malik olmuşdur. O, 10 il (1897-
1906-cı illər) ərizində Rusiyada bəhs etdiyimiz cinayətlərin statistik vəziyyətini öyrənmiş 
və müəyyən etmişdir ki, həmin illərdə Rusiyada təxminən 130 milyon əhali yaşamışdır, 
1897-ci ildə 245, 1988-ci ildə 248, 1899-cu ildə 128, 1900-cü ildə 182, 1901-ci ildə 241, 
1902-ci ildə 224, 1903-cü ildə 220 nəfər, 1904-cü ildə 206 nəfər, 1905-ci ildə 188 nəfər, 
1906-cı ildə 159 nəfər qadın bu cinayəti törətmişdir. M.Şarqorodskinin tədqiqatları ilə mə-  
lum olur ki, Rusiyada 1910-cu ildə 48, 1911-ci ildə 77, 1912-ci ildə 80, 1913-cü ildə 96 
bunöv cinayət törədilmişdir (11). 
       
Göründüyü kimi, ayrı-ayrı illəri çıxmaq şərti ilə Rusiyada bu cinayətin törədilmə 
sayında ümumən azalma prosesi baş  vermişdir.  A.N.Popov  bunun  səbəbini  həmin  vaxt  

 
119
G.E.Səlimzadə
 
 
Rusiyada andlı iclasçılar məhkəməsinin fəaliyyəti, bu məhkəmənin yalnız qeyri-qanuni 
nikahdan doğduğu uşağını öldürən qadınları mühakimə etməsi, digər qadınlara isə bəraət 
verməsi ilə izah etmişdir. Biz müəllifin fikri ilə qismən razılaşırıq. Çünki Rusiyanın həmin 
dövrdə qüvvədə olan cinayət qanunvericiliyində qanuni nikahdan doğduğu uşağını öldürən 
ana üçün deyil, yalnız qeyri-qanuni nikahdan doğduğu uşağını öldürən ana üçün 
məsuliyyət müəyyən olunmuşdu. Bu səbəbdən qanuni nikahdan doğduğu uşağını öldürən 
anaların ümumiyyətlə həmin cinayət üzrə mühakimə olunmaları mümkün deyildi. 
      
Biz  müəllifin qeyd edilən cinayətlərin törədilmə sayında azalmanın səbəbini 
andlılar məhkəməsinin  fəaliyyəti ilə bağlaması fikri ilə isə razıyıq. Çünki uşağını öldürən 
qadının cinayətin törədilməsində  təqsirliliyi məsələsi andlılar məhkəməsi tərəfindən həll 
olunurdu və  həmin illərdə  məhkəmələrin bu cinayət üzrə məhkum etdiyi qadınların sayı 
bəraət verdiyi qadınların sayından az olmuşdur. Belə ki, 1897-ci ildə 94 qadın məhkum 
olunmuşdursa, bəraət almış qadınların sayı 151 nəfər olmuş, 1898-ci ildə bu rəqəmlər 
müvafiq olaraq 78 və 170, 1889-cu ildə 68 və 60, 1900-cü ildə 66 və 116, 1901-ci ildə 96 
və 145, 1902-ci ildə 74 və 150, 1903-cü ildə 66 və 154, 1904-cü ildə 40 və 166, 1905-ci 
iildə 44 və 144, 1906-cı ildə 35 və 124 nəfər olmuşdur (11). Göründüyü kimi, həmin 
dövrdə  bəhs etdiyimiz cinayətə görə  məhkum olunmuş qadınların sayı  bəraət almış 
qadınların sayından xeyli az olmuşdur. 
         XX əsrin əvvəllərinə kimi cinayət qanunvericiliyinin ümumi quruluşu, normaların 
məzmunu və s. meyarlara görə Avropanın aparıcı dövlətlərinin müvaviq qanunvericilik 
aktlarından geridə qalan Rusiyada 1903-cü ildə hüquq texnikası, cinayət hüquq 
institutlarının formulə edilməsi nöqteyi nəzərindən xeyli dərəcədə mükəmməl olan 
qanunnnamə  qəbul edildi. Ədəbiyyatda haqlı olaraq göstərildiyi kimi, 1903-cü il 
Qanunnaməsi Avropa cinayət məcəllələrinin təsirini özündə  əks etdirməklə o dövrün 
cinayət hüququ nəzəriyyəsi səviyyəsində olmuşdur (1, s.54). Qanunnamədə güclü ruhi 
həyəcan vəziyyətində  qəsdən adam öldürmə, zəruri müdafiə  həddini aşmaqla adam 
öldurmə, zərərərçəkmişin mərhəmətlilik  niyyəti ilə öldürülməsi əməlləri imtiyazlı qəsdən 
adam öldürmə  əməllərinə aid edilmişdi. Qanunnamədə nikahdan kənar  əlaqədən doğan 
qadınların psixi vəziyyətinin yüngülləşdirici hal kimi nəzərə alınması da prinsip etibarı ilə 
öz əksini tapmışdı. Belə ki, Qanunnamənin 461-ci maddəsində nikahdan kənar əlaqədən 
doğduğu uşağını doğuş vaxtı öldürən anaya islah evlərində həbs cəzasının təyin edilməsi 
nəzərdə tutulmuşdu (14, s.275). 
          Sovet  hakimiyyətinin neqativ cəhətləri ilə yanaşı üstün xüsusiyyətləri də qeyd 
edilməlidir. Belə ki, Rusiyada 1917-ci il oktyabr inqilabından sonra bolşeviklərin 
hakimiyyətə  gəlməsi və onun ardınca çar Rusiyası imperiyasının  əyalətlərində, o 
cümlədən Azərbaycanda sovet hakimyyətinin qurulması ilə qadına və onun hüquqlarının 
mühafizəsinə diqqət artırıldı, analığın müəyyən edilməsi məsələsi qadınların öz ixtiyarına 
verildi. Sovet Rusiyasında, bir tərəfdən, qanunvericilikdə bu növ əməllərə görə  sərt 
məsuliyyət müəyyən olunmuş, digər tərəfdən isə  təcrübədə  həmin  əməllərə görə adətən 
yumşaq cəza tədbirləri tətbiq olunmuşdur. Belə ki, RSFSR-in 1922-ci il və 1926-cı il 
Cinayət Məcəllələrinə  əsasən bu əməl ağırlaşdırıcı hallarda törədilən qəsdən adam 
öldürmə cinayəti kimi (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı 
öldürmə əlaməti ilə) tövsif olunmuşdur. Bəhs  etdiyimiz  əmələ  görə  həmin  Məcəllələrdə  
ayrıca normada məsuliyyət müəyyən olunmamışdır. RSFSR-in qanunvericiliyinə uyğun 
olaraq Azərbaycan Respublikasının 9 dekabr 1922-ci il tarixli ilk Cinayət Məcələsi və 3 
dekabr 1927-ci il tarixli ikinci Cinayət Məcəlləsində də ananın yeni doğduğu  uşağını  qəs-  

 
120
G.E.Səlimzadə
 
 
dən öldürməsi  əməli ağırlaşdırıcı hallarda törədilən qəsdən adam öldürmə cinayəti kimi 
tövsif olunmuşdur. 
       
Bununla  belə, RSFSR Ali Məhkəməsinin Cinayət-Kassasiya Kollegiyası 
tərəfindən 1926-cı ildə  məhkəmələrə verilmiş 2 saylı  təlimat məktubunda aşağıdakı 
halların hər hansı biri mövcud olduqda bu cinayəti törətmiş qadınlara minimal müddətə 
azadlıqdan azadlıqdan məhrum etmə  cəzasının və ya şərti məhkum etmənin tətbiq 
olunması tövsiyə olunmuşdu: 1) ananın, onun özünü və uşağını aclığa məruz qoyan kəskin 
maddi ehtiyac içində olması; 2) ana və  uşağının gələcəyi üçün dözülməz həyat  şəraiti 
yaradan nadan əhatənin təzyiqi altında  əsaslı surətdə ayıblıq hisslərinin keçirilməsi 
faktının olması; 3) doğuşdan irəli gələn xəstəlik vəziyyətinin olması  və ya uşağın ana 
tərəfindən tənha surətdə, heç kəsin köməyi olmadan doğulması (11). 
       
Qeyd etmək lazımdır ki, RSFSR Ali Məhkəməsi və Xalq Ədliyyə Komissarlığının 
27 avqust 1935-ci il tarixli məktubunda məhkəmələrə SSRİ  zəhmətkeşlərinin maddi 
təminatı və mədəniyyətlərinin yüksək inkişaf etdiyi nəzərə alınaraq valideynləri tərəfindən 
uşaqlarının öldürülməsi  əməlinə maddi ehtiyacın və ya aşağı  mədəniyyət səviyyəsinin 
olması motivləri ilə şərti məhkum etmənin və ya digər növ yüngül cəza tədbirlərinin təyin 
edilməsinin düzgün olmaması tövsiyyə olunmuşdu. RSFSR Ali Məhkəməsi Cinayət-
Kassasiya Kollegiyasının qeyd olunan təlimatında ananın yeni doğduğu uşağını  qəsdən 
öldürməsi cinayətində iştirak edən ataların əməllərinin tövsifi ilə də bağlı müddəalar təsbit 
olunmuşdu və onlar aşağıdakılardan ibarət idi: 
      
1)  bu  növ  cinayətlərdə  uşağın atasının  şəxsiyyəti və cinayətdəki rolu 
araşdırılmalıdır: ata ananı  həmin cinayəti törətməyə  təhrik etmişdirmi və ya ona bu 
cinayətdə  hər hansı  şəkildə kömək etmişdirmi; atanın uşağın doğulması  və anası 
tərəfindən öldürülməsi barədə məlumatı olmuşdurmu, ana cinayətin törədilməsinə kömək 
üçün uşağın atasına müraciət etmişdirmi, ata bundan imtina edib ana və uşağı köməksiz 
vəziyyətdə qoymuşdurmu? 
      
2) istintaq zamanı uşağın atasının bəhs edilən cinayətdə iştirak etməsi (təhrikçi və 
ya köməkçi olması) müəyyən edildikdə, onun əməli CM-nin 17-ci maddəsinə istinad 
edilməklə  ağırlaşdırıcı hallarda törədilən qəsdən adam öldürmə cinayəti kimi tövsif 
olunmalı və ona kifayət qədər sərt sosial müdafiə tədbirləri (həmin dövrdə cinayət cəzası 
ifadəsindən deyil, sosial müdafiə tədbirləri ifadəsindən istifadə olunmuşdur – G.S.) təyin 
edilməlidir. Çünki belə hallarda cinayətin ictimai təhlükəliliyinin  əsas yükü onun fiziki 
icraçısı olan ananın üzərinə deyil, təhrikçi və ya köməkçi qismində  iştirak etmiş atanın 
üzərinə düşür. 
      
3)  bəhs edilən cinayətdə atanın təhrikçi və ya köməkçi qismində  iştirak etməsi  
müəyyən edilmədikdə, lakin atanın qadının ondan uşaq doğacağı  və maddi vəziyyətinin 
yaxşı olmaması barədə  məlumatlı olması, özünün maddi vəziyyətinin imkan verməsinə 
baxmayaraq qadının ona yardım göstərməsi ilə bağlı xahişini rədd etməsi müəyyən 
edildikdə, ata RSFSR CM-də (1926-cı il) uşaqların saxlanılması üçün vəsaitlərin 
ödənilməsindən qəti  şəkildə imtina etmə, valideynlərin uşaqların yetkinlik yaşına 
çatmalarınadək olan vaxta kimi hər hansı köməklik göstərmədən tək qoymaları üstündə 
məsuliyyət nəzərdə tutan 158-ci maddəsi ilə məsuliyyət daşıyacaqdır (10, s.65).  
         İkinci Dünya müharibəsi illərində sovet hüququ məlum səbəblərdən, o cümlədən 
xeyli sayda uşağın öz valideynlərini itirmələri, hərbi qulluqçular tərəfindən uşaqlarının və 
arvadlarının maddi təminatsız və köməksiz qoyma hallarının az olmaması ilə  əlaqədar 
müəyyən dəyişikliklərə məruz qaldı. Belə normativ aktlardan biri də keçmiş SSRİ Ali  So-  

 
121
G.E.Səlimzadə
 
 
vetinin Rəyasət Heyətinin 8 iyul 1944-cü il tarixli «Hamilə qadınlara çoxuşaqlı  və  tək 
analara dövlət yardımının artırılması, ana və  uşaqların hüquqi cəhətdən mühafizəsinin 
gücləndirilməsi, «Qəhrəman ana» şərəfli adının müəyyən edilməsi və «Analıq  şərəfi» 
ordeni və «Analıq medalı»nın təsis edilməsi haqqında» fərmanı oldu. Fərman  ər-arvad 
arasında nikah münasibətlərinin tanınması  məsələsində dövlətin münasibətini prinsipial 
surətdə dəyişdi; faktiki nikah münasibətlərinin rəsmi qeydə alınmış nikah münasibətləri ilə 
bərabər tutulması  vəziyyəti aradan qaldırıldı, yalnız rəsmi qeydə alınmış nikah 
münasibətlərinin ər-arvad arasında hüquq və vəzifələr doğurması müəyyən edildi. Nikah 
yalnız məhkəmə  tərəfindən ləğv edilə bilərdi. Fərman nikahdan kənar doğulan uşaqlar 
barəsində atalığın vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlarda ərizə vermək yolu 
ilə müəyyən olunmasını  ləğv etdi. Nikahdan kənar doğulmuş  uşaqlar nikahda olan 
valideynlərdən törəmiş  uşaqların malik olduqları eyni hüquqlara bu şərtlə 
bərabərləşdirilirdi ki, əgər ata onların anası ilə nikaha daxil olarkən uşaqlar atanın özünün 
xahişi ilə vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlarda onun adına yazılsınlar (4, 
s.31).  
       
Dövlət bu fərmanla faktiki nikah münasibətlərini tanımaqdan imtinak etməklə
əslində hərbi xilmətə çağrılanadək bu növ münasibətlərdə olmuş və nikah münasibətlərini 
vətəndaşlıq vəziyyəti aktlarını qeydə olan orqanlarda qeyd etdirməmiş  və ya qeyd 
etdirməyə imkan tapmamış  və müharibədə  həlak olmuş  hərbi qulluqçuların uşaqlarına 
pensiya ödəmək öhdəliyindən azad olmaq məqsədini güdmüşdür. Çünki bu zaman faktiki 
nikahdan doğulmuş  uşaq və onun anası  hərbi qulluqçunun pensiyasını deyil, həmin 
pensiyadan xeyli az olan müavinət almaq almaq hüququna malik olurdu. Ananın rəsmi 
nikah münasibətində olmadığı  şəxsdən doğduğu uşağın atalığının müəyyən edilməsi və 
həmin  şəxsdən uşağın saxlanılması üçün aliment tələb etmək iddiası ilə  məhkəməyə 
müraciət etmək hüququnu ləğvini nəzərdə tutan bu fərmanla həmçinin nikahdan kənar 
doğulan uşaqların faktiki ataları olan şəxslərin bəhs etdiyimiz cinayətdə hər hansı şəkildə, 
xüsusən təhrikçi və ya köməkçi qismində iştirak etmələrinə vadar edən əsas səbəblərdən 
biri aradan qaldırılmış oldu. 
      
1958-ci  il  25  dekabr  tarixli  «SSR  İttifaqı  və müttəfiq respublikaların cinayət 
qanunvericiliyi  əsasları»na uyğun 1959-1961-ci illərdə müttəfiq respublikaların yeni 
Cinayət Məcəllələri qəbul olundu. RSFSR-in 1960-cı il CM-də də ananın doğuş vaxtı öz 
uşağını öldürməsi əməlinə görə müstəqil normada məsuliyyət nəzərdə tutulmadı. Rusiyada 
bu Məcəllənin qüvvədə olduğu dövrdə həmin əməllər sadə qəsdən adam öldürmə cinayəti 
kimi tövsif olunmuşdur (103-cü maddə ilə). Rusiyadan fərqli olaraq müttəfiq 
respublikaların  əksəriyyətində (Azərbaycan, Özbəkistan, Türkmənistan, Ukrayna, 
Moldova, Latviya, Litva və s.) həmin dövrdə qeyd etdiyimiz “Əsaslara” uyğun olaraq 
qəbul olunmuş Cinayət Məcəllələrində bu əməl müstəqil norma şəklində, yüngülləşdirici 
hallarda törədilən qəsdən adam öldürmə cinayəti kimi təsbit olunmuşdur. Azərbaycan 
Respublikasının 1960-cı il 8 dekabr tarixli qanunu ilə qəbul edilən və 1961-ci il martın 1-
dən qüvvəyə minən üçüncü Cinayət Məcəlləsinin 96-cı maddəsində bəhs etdiyimiz əmələ 
görə məsuliyyət nəzərdə tutan norma aşağıdakı məzmunda müəyyən olunmuşdu:  «Ananın  
yeni doğduğu uşağı doğum vaxtı və ya bilavasitə doğumdan sonra qəsdən  öldürməsi  -  üç 
ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır».  
       
Azərbaycan Respublikasının 1999-cu il 30 dekabr tarixli qanunu ilə qəbul edilən 
və 2000-ci il sentyabrın 1-dən qüvvəyə minən sonuncu Cinayət Məcəlləsində  də qeyd 
etdiyimiz əməl yüngülləşdirici hallarda törədilən qəsdən adam  öldürmə  cinayətlərinin  bir  

 
122
G.E.Səlimzadə
 
 
növü kimi təsbit olunmuş  və  həmin  əmələ görə  məsuliyyət nəzərdə tutan 121-ci maddə 
aşağıdakı məzmunda müəyyən olunmuşdur: «Ananın yeni doğduğu uşağı doğuş vaxtı və 
ya doğuşdan dərhal sonra qəsdən öldürməsi - üç ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır». CM-nin 121-ci maddəsinin məzmununun uğurlu şəkildə formulə edilib 
edilməməsi məsələsinə toxunmadan (çünki bu məsələ hazırkı məqalənin predmetinə daxil 
deyildir), qanunvericilikdə bəhs etdiyimiz əməlin  imtiyazlı cinayət tərkibi kimi müəyyən 
edilməsini düzgün mövqe sayırıq.  
 
Yüklə 14,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin