Son söz əvəzi
Mən heç vaxt Ülvi haqqında bir sətir belə yazmamış-
dım. Düşünürdüm ki, heç yazmayacam da. Duyduqlarıma,
düşündüklərimə qələmin gücü çatmaz deyirdim. Əslində
qələm güclüdür, ancaq güclü əldə və güclü ürəklə. Mən nə
ürəyimdə həmin təpəri, nə də öz əlimdə həmin gücü hiss
edirdim.
Bu gün də o gücü hiss etmirəm. Düzdür, «Gəncliyin
fəlsəfəsini» Ülvini nəzərdə tutaraq, onu düşünərək başlamış-
dım. Yazdım da. Ancaq tək Ülvidən yox. Buna yenə ürək
eləmədim. Amma Ülvi bütün yazının fonunda, kökündə, bu-
dağında, çiçəyindədir. Mozaika kimi bütün yazılarıma
səpələnib. Ancaq bütöv yazıya baxanda onun gəncliyinin
fəlsəfəsini, müdrikliyinin gəncliyini görəcəklər. Mən bu
kitabda Ülvini və ülvi gəncləri addım-addım, sətir-sətir tanıt-
mağa çalışdım. Sonda bir Ülvi dastanının – ülviyyət
dastanının alınacağına ümid edərək.
Ülvi!
Bu, sənin məndən gözlədiyin kitabdır. Bu kitabı sən
istəmişdin, ona görə mən də sənin sevdiyin şairlərə,
filosoflara, sənin seçdiyin mövzulara müraciət etdim. Sən
illər idi gözləyirdin məni. Mənim bu yaşıma və düşüncə
-88 -
səviyyəmə gəlməyimi gözləyirdin. Gəldim və yazdım. Bir
vaxtlar evimizə pianino alınanda sənin gözəl ifana baxıb:
«məni də öyrət», – deyə xahiş elədim. «Əlimə bax, özün
öyrən», – dedin. Elə də elədim. İndi də elə oldu. Mən yalnız
sənin «əlinə baxdım». Sən isə yalnız kənardan baxıb, yerinə
düşən düzgün «notları» axtarmağıma baxıb yüngülcə
gülümsədin, qımışdın. Sonralar pianinoda ifamdan razı
qalırdın. Yəqin burda da səni razı salan «notlar» vura
bilmişəm.
- 89 -
Dostları ilə paylaş: |