Dəstə Yırtıcılar – Carnivora
Dəstəyə az və ya çox dərəcədə heyvani qida ilə qidalanan heyvanlar daxildir. Əksər növləri diri heyvanlarla, bir çox halda isə cəmdəklə qidalanırlar. Bədən formasına və ölçülərinə görə müxtəlifdir (uzunluğu 14 sm-dən 3 m-ə, kütləsi 100 q-dan 1 t-a qədər). Kəsici dişləri xırda, köpək dişləri güclü, azı dişlərinin kənarı iti, çeynəmə səthi qabarıqdır. Üst çənədə yalançı azı dişlərinin axırıncısı, alt çənədə isə birincisi yırtıcı diş adlanır (şəkil 239).
Yırtıcılarda növdaxili əlaqələrin mürəkkəbləşməsi fərdlərin bir-biri ilə əlaqə və davranışlarına əsaslanan müvəqqəti və daimi qrupların və ya ailələrin əmələ gəlməsinə səbəb olur (şəkil 240).
Bu heyvanlarda eşitmə və qoxu orqanları daha yaxşı inkişaf etmişdir. Qoxu orqanının yaxşı inkişaf etməsi qidaaxtarma, növdaxili və növarası əlaqələrin tənzimlənməsində xüsusi əhəmiyyətə malikdir. Dəstəyə 240 növ daxildir.
İtlər fəsiləsi (Canidae). Orta böyüklükdə, inkişaf etmiş, qaçmağa uyğunlaşmış və ətraflarında içəriyə çəkilməyən caynaqları olan heyvanlardır. Bütün növlər barmaq üzərində sürətlə qaçmağa uyğunlaşmışlar. Gövdənin yarısına bərabər olan sallanmış quyruğa malikdirlər. Yırtıcı dişlər yaxşı inkişaf etmişdir. Əksəriyyəti heyvani qida ilə qidalanır və öz şikarını uzun müddət təqib edirlər. Vəhşi növlər ildə bir dəfə çoxalır, əsasən yuvalarda yaşayır və hər yerdə yayılmışlar.
Canavarlar hər yerdə yayılmış yırtıcılardır (şəkil 240). Canavar (Canis lupus) yuva qurmur, gizli yerlərdə bala doğurlar. Maldarlığa ziyan vururlar. Rəngləri adətən, bozdur, belin ortası ilə öndən arxaya doğru qaramtıl zolaq uzanır. Kəllə uzunsovdur, üz hissəsi daralmışdır. Canavarın diş düsturu aşağıdakı kimidir:
Tülkülər cinsi (Vulpes) orta ölçülü, uzun gövdəli, nisbətən qısa ətrafları olan heyvanlardır. Adi tülkü (Vulpes vulpes) demək olar ki, hər yerdə yayılmışdır (şəkil 241). Ölçüləri, rəngi və xəz dərisi coğrafi yayılmalarına görə müxtə-lifdir. Yırtıcı dişlər yaxşı inkişaf etmişdir. Köpək dişləri xüsusilə seçilir (şəkil 242). Yuvada 4-8 bala doğurlar. Qidasını siçankimilər, nadir hallarda quş və başqa heyvanlar təşkil edir. Ümumiyyətlə, tülkülər xeyirli heyvanlardır. Quş fermaları olan sahələrdə zərər verirlər. Xəz dərisinə görə birinci yerlərdən birini tutur.
Çaqqal (Canis aureus) Qafqazda və Orta Asiyanın bəzi yerlərində yayılmışdır. Güclü dişi fərd dominant olub ailəyə başçılıq edir. Yırtıcılar arasında nəsil qayğısı bu heyvanlarda özünü kəskin büruzə verir. Canavarlardan fərqli olaraq bu heyvanların balaları iti caynaqlar, güclü dişlər və açıq gözlərlə doğulur.
Yenotabənzər it (Nyctereutes procyonoides) bioloji cəhətdən başqa növlərdən qış yuxusuna getməsilə fərqlənir. Bu növün vətəni Uzaq Şərqin cənub vilayətləri hesab olunur. Avropada müvəffəqiyyətlə iqlimə uyğunlaşdırılmışlar.
Dostları ilə paylaş: |