Xordalılar tipi – Chordata
I. Kəlləsizlər yarımtipi – Acrania
Başıxordalılar sinfi – Cephalochordata
II. Tunikalılar (Sürfəsixordalılar) yarımtipi – Tunicata seu Urochordata
Assidilər sinfi – Ascidia
Salplar sinfi – Salpae
Appendikulyarilər sinfi – Appendiculariae
III. Onurğalılar və ya kəlləlilər yarımtipi – Vertebrata seu Craniata
Çənəsizlər qrupu – Agnatha
─ Pteraspidomorflar sinfi – Pteraspidimorphi
─ Sefalaspidomorflar sinfi – Cephalospidimorphi
Dəyirmiağızlılar sinfi – Cyclostomata
Çənəlilər qrupu – Gnatostomata
Rüşeym pərdəsi olmayan onurğalılar – Anamnia
Balıqlar sinifüstlüyü – Pisces
─ Zirehli balıqlar sinfi – Placodermi
─ Çənəqəlsəməlilər sinfi – Aphetohyoidei (Acanthodii)
Qığırdaqlı balıqlar sinfi – Chondrichtyes
Sümüklü balıqlar sinfi – Octeichtyes
Dördayaqlılar sinifüstlüyü – Tetrapoda
Suda-quruda yaşayanlar və ya amfibilər sinfi – Amphibia
Rüşeym pərdəsi olan onurğalılar – Amniota
Sürünənlər və ya reptililər sinfi – Reptilia
Quşlar sinfi – Aves
Məməlilər sinfi – Mammalia (Theria)
Nəsli kəsilmiş heyvan qruplarının qarşısında ” ─” işarəsi qoyulmuşdur.
Xordalı heyvanlar quruluşuna görə bir-birindən kəskin fərqlənsələr də, tip üçün səciyyəvi olan ümumi xüsusiyyətlərə malikdirlər:
1.Ox skeleti - əvvəlcə bel teli və ya xorda (chorda dorsalis) kimi inkişaf edir. Bu orqan bütün onurğalılarda ox skeleti kimi ya ömürlük qalır, ya da inkişafın ilk mərhələsində əmələ gəlib, sonrakı ox skeleti finksiyasını daşıyan orqanla – onurğa ilə əvəz olunur. Xorda quruluşuna görə elastiki, vakuollaşmış hüceyrələrdən ibarət olub, embrional inkişaf zamanı bağırsaq borusunun bel nahiyəsindən əmələ gəlir. Deməli, xorda entodermal mənşəlidir. Xordanı birləşdirici toxuma pərdəsi əhatə edir. Əksər onurğalı heyvanlarda fərdi inkişaf dövründə xorda itir, yerində ayrı-ayrı fəqərələrdən ibarət onurğa sütunu əmələ gəlir. Onurğa və bütün skelet törəmələri (xordadan başqa) mezodermal mənşəlidir.
2.Mərkəzi sinir sistemi – boş boru şəklində olub, ox skeletinin üstündə yerləşir. Sinir borusunun boşluğu nevrosel (neurocoel) adlanır. Mərkəzi sinir sisteminin boru şəklində olması demək olar ki, bütün xordalılar üçün xarakterikdir. Yalnız tunikalıların yetkin fərdləri müstəsnalıq təşkil edir. Demək olar ki, bütün xordalılarda sinir borusunun ön şöbəsi böyüyüb baş beyni, dal hissəsi isə onurğa beynini əmələ gətirir. Bu halda daxili boşluq baş beynin mədəciyi şəklində saxlanılır. Sinir borusu, rüşeymin bel tərəfindən inkişaf edir və ektodermal mənşəlidir.
3.Həzm borusu xordanın alt tərəfində yerləşir. Həzm borusunun ön hissəsi (udlaq) iki cərgədə yerləşən dəliklər vasitəsilə xarici mühitlə əlaqələnir ki, bunlara qəlsəmə yarıqları deyilir. İbtidai formalarda həzm borusunun ön divarında qəlsəmələr yerləşir. Suda yaşayan ibtidai xordalılarda qəlsəmə yarıqları bütün ömrü boyu qalır, qalan xordalılarda isə rüşeymdə əmələ gələrək inkişafın müxtəlif mərhələlərində sonradan itir. Quru onurğalılarının atmosfer havası ilə tənəffüs etməsilə əlaqədar ağciyərlər inkişaf edir.
Xordalılar tipinin bu səciyyəvi əlamətlərindən başqa, xordalıların onurğasız heyvanlarda təsadüf edilən xüsusiyyətləri də vardır. Bu xüsusiyyətlər xordalıların digər heyvanlarla qohumluq əlaqələrini göstərir:
1.Xordalılar dərisitikanlılar və qılçənəlilər kimi ikinciağızlı heyvanlardır (Deuterostomia). İkinci ağız qastroporun (ilk ağız) əks istiqamətində qastrula divarının deşilməsi yolu ilə əmələ gəlir. Qastroporun yerində isə anal dəliyi inkişaf edir.
2.Xordalılarda ikinci bədən boşluğu (selom) əmələ gəlir. Bu əlamət xordalıları dərisitikanlılara, qılçənəlilərə, çiyinayaqlılara, buğumayaqlılara, molyusklara və həlqəvi qurdlara yaxınlaşdırır.
3.İbtidai xordalılarda (xüsusilə rüşeymdə) bir çox orqanlar metamer yerləşir. Mürəkkəb bədən quruluşuna malik ali xordalıların nümayəndələrində metamerlik (əzələlərdə, fəqərələrdə, nefridilərdə) çox zəif nəzərə çarpır. Xordalılarda xarici buğumluluq yoxdur.
4.Bütün xordalılar ikiyansimmetriyalı (bilaterial) heyvanlardır. Bədəndə ikiyansimmetriyanın olması əksər çoxhüceyrəli heyvanlara məxsusdur.
Dostları ilə paylaş: |