Sürünənlər sinfi, təyin olunma metodları
SÜRÜNƏNLƏR və ya REPTİLİLƏR SİNFİ – REPTILIA
Xordalılar tipinin – Chordata Onurğalılar və ya kəlləlilər yarımtipinin – Vertebrata seu Craniata Rüşeym pərdəsi olan onurğalılara – Amniota aid olan SÜRÜNƏNLƏR və ya REPTİLİLƏR SİNFİ – REPTILIA
Sürünənlər quruluş xüsusiyyətlərinə və inkişaflarına görə suda-quruda yaşayanlardan kəskin fərqlənirlər. Dəyirmiağızlılar, balıqlar və amfibilər ibtidai onurğalılar olub, inkişafları bu və ya digər şəkildə su mühiti ilə əlaqədardır.
Sürünənlər ali onurğalılar olub, quru həyat tərzi keçirirlər. Bəzi onurğalıların su mühitində yaşaması sonradan qazanılmış uyğunlaşmadır. Quru həyat tərzi ilə əlaqədar olaraq, sürünənlərin bədəni dəri vəzilərindən məhrum olmuş, qərni pulcuq və ya qalxancıqlarla örtülmüşdür. Bu törəmələr orqanizmdən suyun buxarlanmasının qarşısını alır.Yumurtaları qalın pərdə ilə əhatə olunmuş rüşeym pərdələrinə malikdir.
Sümük skeleti yaxşı inkişaf etmişdir. Bir peysər çıxıntısına malikdir. Bədən temperaturu xarici mühitdən asılıdır. Quruda yaşamaqla əlaqədar olaraq, ətraflar və qurşaqlar qüvvətli və möhkəmdir. Döş qəfəsinin inkişafı ilə əlaqədar olaraq, çiyin qurşağı ox skeleti ilə birləşmişdir. Oma fəqərələri iki ədəddir.
Sürünənlərin baş beyni – ön beyin və beyinciyin inkişaf etməsi ilə əlaqədar olaraq, amfibilərin beynindən iridir. Ön beyin yarımkürələrində boz beyin maddəsi - ikinci beyin tağı və ya neopallium inkişaf etmişdir. Ürək 3 və ya bəzi növlərdə dörd kameralıdır. Ürək və arteriya qövsləri daha çox diferensasiya etmişdir: mədəcik tam olmayan arakəsmə ilə iki hissəyə ayrılmışdır və mədəcikdən üç müstəqil arteriya ayrılır (amfibilərdə bir arteriya çıxır). Tənəffüs orqanları ağciyərlərdir. İfrazat orqanı çanaq (metanefros) böyrəklərdir. Sidik axarları ilə yalnız sidik xaric edilir. Ali onurğalıların hamısında mayalanma daxilidir.
Sürünənlərin sistematikası və taksonomik xüsusiyyətləri İ.Y.Borkin və İ.S.Darevski (1987), xarici quruluşu A.Q.Bannikov (1977) tərəfindən işlənmişdir. Qafqazda və Azərbaycanda A.B.Şelkovnikov (1892-1906) tərəfindən öyrənilmiş, A.M.Ələkbərov (1978) tərəfindən davam etdirilmişdir.
Sürünənləri təyin edərkən təyinat cədvəllərindən istifadə olunur. Təyinetmə zamanı bədən uzunluğu, başın uzunluğu, quyruğun ölçüləri, kəllənin quruluşu nəzərə alınır.
Dostları ilə paylaş: |