Yenotlar fəsiləsinə (Procyonidae) orta ölçülü heyvanlar daxildir. Onlar pəncə üzərində gəzən qısa ətraflara, uzun və bəzən isə ilişən quyruğa malikdirlər. Yırtıcı dişlər zəif inkişaf etmişdir. Şimali və Cənubi Amerika yenotların təbii arealı hesab olunur. Bir növü Himalay dağlarında yayılmışdır. Azərbaycanda Amerika yenotu (Procyon lotor) növü iqlimə uyğunlaşdırılmışdır.
Bu meşə heyvanı olub, ağaclara asanlıqla dırmana bilir. Yuvalarını çox vaxt ağac koğuşlarında qururlar. Qidası olduqca müxtəlifdir. Xarakterik xüsusiyyəti qida qəbul etməzdən əvvəl qidanı suya salmaqdır. Qiymətli xəz dərili heyvandır.
Ayılar fəsiləsinin (Ursidae) nümayəndələri pəncə üzərində hərəkət edən, ağır gövdəli, qısa quyruqlu heyvanlardır. Şimal yarımkürələrində yayılmışlar. Kəllənin alın və peysər hissələri çox enlidir, azı dişləri böyükdür. Başı enli, boynu qısa və yoğundur (şəkil 244). Tipik nümayəndələri qonur ayı (Ursus arctos), qara və ya Himalay ayısı (Selenarctos tibetanus), ağ ayıdır (Thalassarctos maritimus). Ağ ayı Şimal Buzlu okeanın sahillərində və adalarında yaşayaraq, suitilərlə qidalanır. Qış yuxusuna getmirlər.