30
IKINCI KOMPONENT -- NƏZƏRI HAZIRLIQ (AĞIL)
İdmançının yüksək mübarizə hazırlığının formalaşmasının ikinci
komponentini ağıl və ya düşüncə təşkil edir ki, bunu da onun idmanın
nəzəri hissəsi ilə hazırlığı da adlandırmaq mümkündür [16]. İdmançıların
YMH-na qıraqdan baxmaqla onların fiziki və psixoloji cəhətdən tam hazır
olduqlarını hiss edə, duya bilirsən. Ancaq idmançının YMH-nın ağıl tələb
olunan ikinci komponentinin də tam hazır olması daha vacibdir. Bəzən
idmançıda sanki hər şey yerli-yerindədir, ancaq nəticə etibarı ilə heç bir şey
alınmır. Bəs buna səbəb nədir? Bunu belə izah etmək mümkündür:
Aparılacaq mübarizədə düzgün texniki və taktiki plan qurulmamışdır.
Ağılla əldə olunmuş qələbələr daimidir. Belə idmançılar böyük qələbə
zirvələrində bir neçə dəfə qalaraq bu yerdə onların təsadüfi olmadıqlarını
təsdiqləyirlər.
Ancaq plansız, ağıl işlətmədən, zor və güc hesabına təsadüfi qalib
gələnlər o yerdə yalnız bir dəfə dayanmağa qadirdirlər. Ona görə də ağıl
işlətmədən mübarizədə ardıcıl qələbə gözləmək əbəsdir. Hazırlığın ağıl
hissəsinin özü də sanki 2 hissədən ibarətdir: 1-ci ağıl, 2-ci diqqət. Diqqət bir
növ ağılın qüvvəsidir. Insan nə qədər diqqətli olsa, bir o qədər düzgün qərar
çıxarar, tapşırığı dəqiqliklə yerinə yetirər.
Təsadüfi deyil ki, uşaqlıqdan gördüyümüz hər bir işdə valideynlərimiz
və müəllimlərimiz bizdən diqqətli olmağı tələb etmişlər. Bu gün də
idmanda və digər sahələrdə bizdən yüksək dərəcədə tələb olunan şey — ağıl
və diqqətdir. İdmançıların bir çoxu yarışda ətraf aləmdən, ona mane olan
fikirlərdən sadəcə ayrıla bilmir, bərk əziyyət çəkir. Fikrini toplaya, diqqətini
bir nöqtəyə və ya rəqibə yönəldə bilməyən idmançıya
31
qıraqdan gələn hər qıcıqlandırıcı səbəb mənfi təsir göstərir.
Qıcıqlandırıcı təsirlərdən — zaldakı tamaşaçıları, səs-küyü, qıraqdan
ona lüzumsuz yerə verilən göstərişləri, ata-ananın başqa qohumların
tamaşaçı kimi iştirakını, nəhayət, hakimi və sair səbəbləri göstərmək
mümkündür. Ancaq diqqətini və fikrini bir yerə toplaya bilən idmançı
arenaya daxil olanda ətraf aləmdən ayrılmağı bacarır və yuxarıda göstərilən
təsirlərin heç birini hiss etmir.
Aşağıdakı misala diqqət yetirək: Bir şah özünə vəzir seçmək istəyir.
Əmr edir ki, kim içi südlə dolu qabı qala divarlarının üstü ilə müəyyən
edilmiş yerə qədər dağıtmadan apara bilsə, onu özünə vəzir seçəcək. Çox
adamlar gəlir, lakin heç biri bunu edə bilmir. Sonda yenə bir nəfər gəlir və
deyir: “Qabı verin, mən aparacağam”. O, qabı əlinə götürüb irəliləməyə
başlayır. Şahın əmri ilə qıraqda toplaşmış insanlar qışqırmağa, hay-küy
salmağa başlayırlar. Lakin qabı aparan şəxs heç nə hiss etmirmiş kimi, tam
inamla addımlayır. Şah güllə və top atılmasını əmr edir. Həmin şəxs yenə
də heç bir şey hiss etmirmiş kimi göstərilmiş yerə tam sakit tərzdə, səbrlə
çatıb südü dağıtmadan şahın qarşısına qoyur. Şah bunu görüb deyir: Bu
insan mənə vəzir ola bilər. Həmin şəxsdən bu qədər səs-küy, güllə səsindən
özünü itirməməsinin səbəbini soruşduqda o deyir: Mən səsləri eşitmirdim.
Bu misalda süd dolu adi bir qabın müəyyən olunmuş yerə aparılması
üçün diqqətin və ətraf aləmdən ayrılmaq bacarığının nə qədər vacib
olduğunu görürüksə, deməli, idmanda da diqqət ən böyük və ən vacib
cəhətlərdən biridir. Başqa bir misal: Tokio Olimpiadasının qalibi, tüfəngdən
atəş açan Amerika komandasının üzvü Qeri Anderson atış vaxtı diqqətini o
qədər dərindən gördüyü işə toplayıb və ətraf aləmdən o qədər ayrılıb ki,
qalib çıxdığına görə təbrik üçün ona yaxınlaşanları hələ bir neçə dəqiqə hiss
etməyib və başa düşməyib. O
32
yalnız, müəyyən vaxt keçəndən sonra özünə gəlib və təbrikləri qəbul
etməyə başlayıb. Bununla demək mümkündür ki, insan diqqətini nə qədər
çox toplaya bilərsə, bir o qədər də yüksək nəticə qazanar.
Diqqətini bir nöqtəyə toplamaq bacarığını artırmaq üçün hər gün
bunun üstündə işləmək lazımdır. Bunu aşağıdakı yolla etmək mümkündür:
Fikrini güclə də olsa müəyyən edilmiş əşyanın üzərində toplayırsan. Bunu,
əsasən, saniyəölçən və ya saniyə əqrəbi olan saatın köməyi ilə edirsən.
Deyək ki, fikrin təxminən bir dəqiqə ərzində eyni nöqtədə cəmləşir.
Təcrübə göstərir ki, ilk hazırlıq 20-40 saniyəyə qədər baş tutur. Sonradan
bunu vaxtaşırı çoxaldaraq 5 dəqiqəyə qədər qaldırmaq məsləhətdir. İdman
növündən asılı olaraq məşq zamanı diqqət qaçarsa, bu işi təzədən başlamaq
məsləhətdir. Saniyə göstərənlə 5 dəqiqəyə qədər fikrini toplaya bilərsənsə,
sonradan dəqiqə göstərən əqrəbə baxıb bu işi gücləndirmək lazımdır.
Prosesi bir gündə 3-4 dəfə təkrar etmək məsləhət görülür ki, bunların da hər
birisinin arasında 10-20 dəqiqə fasilə verilməlidir. Hər diqqət toplamağa və
ətraf aləmdən ayrılmağa 3 və ya 5 dəqiqə vaxt ayırmaq məsləhətdir.
Təxminən, bir ay məşq etdikdən sonra diqqəti 5 dəqiqə fasiləsiz eyni bir
nöqtəyə toplamağa nail ola bilərsiniz.
Özünü diqqəti toplamağa öyrəşdirməyin müxtəlif yolları var. Məsələn,
yanan şamı qoyub lotos oturaraq 5 dəqiqə diqqətini ona yönəltmək yaxşı
nəticə verər. Bundan başqa, güzgü qarşısında lotos oturaraq fikri bir
nöqtəyə toplamağı məşq etmək olar. Bu halda mimikamızın da mübariz
görkəm almasını tənzimləmək mümkündür.Hər bir idmançı məşğul olduğu
idman növünə aid diqqətin toplanmasının xüsusiyyətlərini bilib vaxtaşırı
məşq etməlidir.
33
ÜÇÜNCÜ KOMPONENT -- FIZIKI HAZIRLIQ
Fikrimi izah etmək və başa düşmək asan olsun deyə, təsəvvür edək ki,
insan bir maşındır. Bu halda ruhumuz onu hərəkət etdirən enerjidir [6].
Beynimiz onun hərəkətini planlaşdırır. Bədənimizin rolu isə beynimizin və
ruhumuzun planlaşdırdığı işləri yerinə yetirməkdən ibarətdir. Əgər bu
avtomobilin mühərriki təzə, lakin banı tökülürsə, avtomobillə, yəqin ki, çox
uzağa getmək olmaz. Və yaxud əksinə, avtomobilin mühərriki köhnə, banı
təzədirsə, bu halda da çox uzağa getmək mümkün deyil. Sözsüz, bunu hamı
dərk edir ki, hər hissəsi təzə və saz olan avtomobillə istədiyin yerə rahat
çata bilərsən. Bunun kimi də idmanda beynindən və qəlbindən keçirdiyin
taktiki planları bədən yerinə yetirməyə qadir deyilsə, sözsüz ki, bütün
bunlar elə plan olaraq qalacaq. Belə idmançı YMH-nın fiziki komponenti
lazımi səviyyədə olmadığı üçün istədiyi nəticəyə çata bilməyəcək. YMH-
nın fiziki komponenti sırf idman bacarığından ibarət olduğu üçün
idmançıda aşağıdakı hissiyyat və bacarıqlar yüksək səviyyədə olmalıdır:
Güc, möhkəmlik, yüngüllük, sürət, cəldlik, sərbəstlik, dərin tənəffüs, ürəyin
yaxşı işləməsi. Bu cəhətlər idmançının yaxşı fiziki və texniki hazırlığı
zamanı hiss olunur. Beləliklə, idmançı fiziki və texniki cəhətdən nə qədər
hazırlıqlı olsa, onun YMH bir o qədər yüksək olacaqdır. İdmançı YMH
səviyyəsini qaldırmağa nə qədər hərtərəfli hazır olsa, onda müəyyən
dövrlərdə (əsasən, mübarizə vaxtı) YMH halında daxilində ruhunun və
cisminin vəhdətini hiss edir, ona sanki sonsuz enerji gəlir. Üzgüçü sanki
suyu daha sürüşkən hiss edir. Futbolçularda top daha yaxşı “sözə baxır”...
Mən öz çıxışlarıma hazırlaşan vaxtlarda YMH-nı belə hiss etməyə
başlayırdım: Mənə elə gəlirdi ki, o qədər sıçrayışlıyam ki, dayandığım
yerdən içində olduğum zalın tavanına başımla toxuna bilərəm. Bu
yüngüllük və cəldlik hissini keçirdiyim görüşlərdə qalib çıxmağımın birinci
səbəbi kimi görürəm. Mənim
34
mübarizələrimdə istədiyim fəndlər özüm də hiss etmədən alınırdı, mən
ancaq rəqibi körpü vəziyyətində tutduğumu hiss edirdim.
İdmançıların keçirdikləri belə hissiyyatları nəinki hiss etmək, onları
hətta şüurlu surətdə yaratmaq lazımdır. Bu hissiyyatlar idmançıda olur və
keçir. Yaxşı olardı ki, idmançı məşqində və yarışında keçirdiyi
hissiyyatlardan hansının ona yaxşı təsir göstərdiyini öz gündəliyində qeyd
etsin. Bir tərəfdən idmançı ancaq xoş təəssüratlarla yaşamır. Belə də ola
bilər ki, hazırlıq vaxtı onun köhnə zədələri yadına düşür və bu onu narahat
etməyə başlayır. O, keçdiyi müəyyən çətin vəziyyətləri xatırlayaraq
həyəcanlanır. Lakin gündəlikdə yazılmış xoş hissiyyatların və gözəl
çıxışların səbəbini bildikcə idmançı özünü xoşagəlməz duyğulardan
uzaqlaşdıra bilir ki, bu da onun YMH səviyyəsinin qalxmasına çox kömək
edir. Gündəlikdə mütləq göstərmək lazımdır ki, idmançı YMH vəziyyətində
bədənində hansı hissiyyatları keçirir. Məsələn, özünü quş kimi yüngül hiss
edir. Hərəkətləri ildırım sürətlidir. Rəqibi ekran kimi aydın və işıqlı görür.
Bu duyğuları yaşamaqla idmançı ona lazım olmayan hissiyyatları özü də
hiss etmədən özündən uzaqlaşdıracaq. İdmançı gündəliyinə baxdıqca
məşqini və hazırlığını çox bacarıqla, həm də ustalıqla keçirəcək.
Məşqin əsas hissəsindən biri onun hazırlıq hissəsidir. Təəssüflər olsun
ki, məşqçilər və idmançılar məşqin bu hissəsindən lazımınca istifadə
etmirlər. Hazırlıq hissəsinin hesabına nəinki möhkəm, cəld, yüngül, güclü,
dəqiq, həm də hünərli, inamlı, qətiyyətli, sakit və s. olmaq mümkündür.
Hazırlıq hissəsinin köməyi ilə nəinki bədəni, hətta beyni və ruhu da yarışa
və məşqə hazırlamaq olar. Çox hallarda idmançı YMH-nı yaxşı fiziki
hissiyyatlara malik olduğu hallarda hiss edir. Elə idmançılar var ki, özünü
yaxşı hiss etdikdə çıxışa tam hazır olduğunu duya bilir. Məşhur
gimnastlardan biri belə söyləyib: “Əgər mən yarışqabağı gimnastik
həlqələrdə 10 saniyə xaç vəziyyətində sərbəst dayana bilirəmsə, özümü
yarışa hazır hiss edirəm”. Özünə inamın yaranması artıq idmançıda
psixoloji
35
hazırlıq halının olmasını göstərir ki, bu da idmanda çox vacib hissdir.
Dediyimiz kimi, fiziki hazırlıq YMH-nın əsas hissələrindən olsa da, hətta
gözəl və bacarıqlı texniki hazırlıqla birləşsə də, psixoloji hazırlıq yoxdursa,
böyük və məsuliyyətli yarışlardan qalib çıxmaq mümkün deyil.
Indi də YMH-nın hər üç komponentinin (ruhi, əqli və fiziki) müxtəlif
idman növlərində nisbətinə baxaq. Hər bir idman növündə bu
komponentlərin faizi fərqlidir və biz məntiqə əsaslanaraq bunun təxmini
bölgüsünü verə bilərik:
Güllə atanlarda fiziki hissə təxminən 10%, psixoloji 70%, əqli 20%
təşkil edir.
Ştanqçılarda rəqəmləri təxminən belə götürə bilərik: 40% psixoloji,
50% fiziki, 10% əqli.
Güləşçilərdə və ya təkmübarizlikdə bölgünü aşağıdakı kimi aparmaq
mümkündür: 40% psixoloji, 30% fiziki, 30% əqli.
Sözsüz, bunlar təxmini və şərti olaraq götürülmüş rəqəmlərdir. Fikri
tamamlayaraq onu demək olar ki, bütün qələbələrin başında psixoloji
hazırlıq durur və onun durmadan, hər gün artırılmasına nail olmaq lazımdır.
Belə bir misal: Psixoloji və fiziki faktorun insanın davranışında, özünü
aparmasında roluna baxaq. Ağız boşluğuna salınan yanan kibrit çöpünü ağzı
yummaqla söndürmək üsulunu hamı görüb və bilir. Biz öyrənmişik ki, ağız
yumulanda oksigenin ağıza dolması dayandığı üçün yanan kibrit çöpü
dərhal sönməlidir. Bunu etmək üçün insandan heç bir fiziki bacarıq tələb
olunmur. Lakin bu anda insanda intellektual fiziki əməliyyat baş verir.
Məsələ ondadır ki, bizim psixologiyamız bu işi etməyin əksinə olacaq. Belə
ki, bunu etdikdə yanmaq qorxusu var. Bu vaxt insan ağılın sayəsində bu
qorxunu dəf etməlidir. Bu, adi bir iş deyil, çünki biz uşaqlıqdan
öyrədilmişik və hiss etmişik ki, oda əl vurduqda yanmaq, uzun müddət ağrı
hiss etmək qorxusu var. Əgər bunu etməyi qərara alsaq, həmin anda
ağzımızda bir quruluq hiss edəcəyik və qorxu bizə
36
ağzımızı tez və möhkəm bağlamağa mane olacaq. Ağız yaxşı
bağlanmasa, insan ağzını yandıra bilər. Bu halda intellektual və fiziki
faktorlar bir-birinin əksinə gedir və ağzı yanan insanı yenidən bu işi
görməyə məcbur etmək daha da çətinləşir. Lakin bunu etmək mümkündür.
Göstərilən bu təcrübə insanın fiziki imkanlarının və əqlinin vəhdətini
yaratmağın mümkünlüyünü göstərən əyani bir misaldır. Buradan belə
qənaətə gəlmək olar: Bir dəfə zədə almış idmançı özündə sağaldıqdan sonra
belə idman mübarizəsinin gərgin anında bədəni mühafizə edən hisslərin
zədə almaq qorxusunu gücləndirir ki, bu da onun çıxışına mane olur. Bunu
sxematik olaraq belə göstərmək mümkündür: “Gərginlik—Zədə—
Həyəcan—Gərginlik”[1].
Maraqlı burasıdır ki, güclü həyəcan müxtəlif səbəblərdən, məsələn,
məişət problemlərindən, komandadaxili narazılıqlardan və s. yarana bilər.
Həyəcanın artmasıyla idmançıda əzələ gərginliyi əmələ gəlir ki, bu da
mübarizədə tez və cəld koordinasiya tələb edilən vəziyyətlərdə idmançıya
mane olur. Bu gərginlik nəinki təkcə əzələ, hətta ağıl və psixi gərginliklə də
müşayiət olunur ki, bu da idmançının qabaqcadan hazırladığı
avtomatlaşdırılmış hərəkətləri vaxtında və dəqiq yerinə yetirməsinə əngəl
yaradır.
İdmançının pis çıxış etməsinin, yarışda lazımi idman formasında
olmamasının bir səbəbi də daim onu izləyən daxili həyəcandır. Belə
hallarda psixodiaqnostika üzrə mütəxəssislərin məsləhətinə ehtiyac
duyulur. Əgər idmançı bu vəziyyətdən çıxarılmasa, həyəcan, özünə və
məşqçisinə qarşı getdikcə artan inamsızlıq imkan verməyəcək ki, o,
bacarığını və imkanını tam göstərə bilsin.
İdmançıların düşdükləri çətin vəziyyətdən çıxa bilməmələrinin əsas
səbəbi onlara məşqlərdə heç vaxt ruhi, fiziki və əqli anlayışlar haqqında
nəzəri bilik və bacarıqlar aşılanmaması ilə bağlıdır. Adi məşqçi, əsasən,
idmançıya zəif və çatışmayan cəhətlərini izah etməklə öz işini bitmiş sanır.
Təkmübarizlikdə, xüsusən də güləşdə məşqçilər yarışın nəticələrini təhlil
37
etdikdə idmançılara ancaq fiziki qüvvənin və dözümlülüyün zəif
olduğunu görürlər. Əslində, bunlar hamısı psixoloji çatışmazlıqla əlaqədar
olur ki, buna da bir çox məşqçi diqqət yetirmir. Digərləri isə çatışmazlığı
hiss etsələr də, onu aradan qaldırmağın yollarını bilmirlər. Məsələn,
komandanın təlim məşqindən tam hazır qayıtdığını curnalistlərə və ya
rəhbərliyə bildirən məşqçinin sonradan yarışdakı məğlubiyyətin səbəbini
fiziki və texniki hazırlığın aşağı olması ilə əlaqələndirməsi nə qədər gülünc
görünür. Ortaya belə bir sual çıxır: Məşqçi yalanmı danışır? Yox,
idmançılar təlim-məşq zamanı yarış gərginliyi hiss etmədikləri üçün gözəl
texniki və fiziki hazırlıq nümayiş etdirərək məşqçidə komandanın çıxışa
hazır olduğu barədə yanlış fikir formalaşdırmışlar. Məşqçinin 1-ci amil olan
psixoloji təsiri nəzərə almaması onun səhv qərar verməsi ilə nəticələnir.
Əslində, məşqçi yarışdakı müvəffəqiyyətsizliyin səbəbini yenə özü də
bilmədən səhv yozur ki, bununla da hansı ölkədə və yerdə hazırlıq məşqi
keçməsinə baxmayaraq, komandanın vəziyyəti düzəlmir. Buna görə də
psixoloji hazırlıq nəinki yalnız idmançılara, birinci növbədə məşqçilərə
keçirilməlidir ki, onlar idmançıları hər çıxışda qələbəyə hazırlaya bilsinlər.
Müasir dövrün məşqçilərinin bəziləri artıq başa düşüblər ki, əgər idmançını
yarışa ancaq fiziki və texniki cəhətdən hazırlasalar, psixoloji hazırlığa yer
verməsələr, zəhmətlərinin heç bir nəticəsi olmayacaq və idmançıların onlara
olan inamı itəcək. Ümumiyyətlə, məşqçilərin həll olunmamış problemləri
daim ortaya çıxır. Bunlardan idmançının yüksək idman səviyyəsinə
çıxdıqdan sonra ona veriləcək məşqlərin planları, yüksək göstəricisi olan
idmançının nəticəsinin birdən-birə aşağı düşməsi və ya tamam dayanması
kimi problemləri göstərmək mümkündür.
Bu halda qarşıda idmançının məşqlərə daim böyük ruh yüksəkliyi ilə
gəlməsini təmin etmək kimi çətin bir məsələnin həllini tapmaq vəzifəsi
durur. Məsələn, üzgüçü müəyyən mərhələ keçməklə üzməyin sirlərini
öyrənir. Məşqçi ona başa
38
saldıqda ki, sən öz üzərində çalışdıqca bacarığını artıracaqsan, daha
sürətlə üzməyə çalışmalısan. Lakin heç də bütün idmançılar bunu qəbul
etmirlər və çox hissəsi də idmanla vidalaşır. Belə hallar idmanın başqa
növlərində, o cümlədən təkmübarizliyin güləş növündə də baş verir. Belə
ki, idmançı müəyyən dövrdə məşqlərə gəlib əsas fəndləri texniki cəhətdən
öyrəndikdən sonra yeni fəndlər mənimsəmək istəyir. Lakin bilirik ki,
fəndlərin sayı sonsuz deyil, hər məşqdə yeni fənd öyrənmək və öyrətmək
imkan xaricindədir. İdmançıya öyrəndiyi fəndlərdən ustalıqla bəhrələnmək
bacarığının üstündə işləməsinin zəruriliyini izah etdikcə, bu fəndləri
kombinasiya formasında işlətməyin yollarını göstərdikcə o, “hələ çox şey
öyrənməliyəm” fikrini qəbul edir və böyük həvəslə məşqlərə gəlir. İdmançı
məşqlərdə əvvəlki fəndlərdən başqa heç nə öyrənmədikdə isə həvəsdən
düşərək idmanı tərk edir və yaxud başqa növlə məşğul olmağa başlayır.
Seçdiyi idman növünü idmançıya sevdirmək məşqçidən çox böyük ustalıq
və hissiyyat tələb edir. Böyük idman zallarına minlərlə uşaq daxil olur,
lakin qayğısızlıq ucbatından onlar idmanı tərk edir, hətta bəzən pis yollara
da düşürlər. Belə ki, komandada siqaret çəkən varsa, o başqa uşaqları da
buna sövq edib yoldan çıxarır.
Məşqçi idmançıya yalnız seçdiyi idman növünün xüsusiyyətlərini
çatdırmağa çalışmamalıdır, o, bununla bərabər idmançının psixoloji və
əxlaqi hazırlığına da ciddi fikir verməlidir. Burada dahi şairimiz Nizaminin
aşağıdakı misralarını xatırlamaq yerinə düşərdi:
Çox iti beyinlər yatan oldular,
Axırı saxsı qab satan oldular.
Bildirirəm ki, hər il idman zallarımıza gələn uşaqların çox hissəsi
məşqçi qayğısızlığına görə idmandan kənarda qalır. Halbuki, onların çoxusu
dahi idmançı ola bilər. Bəzi məşqçilərimiz istedadlı uşağın olmasını
39
bir lotereya bileti kimi qiymətləndirirlər. Ancaq qəbul edə bilmirlər ki,
istedadı yetişdirmək, onu cilalayıb tozun-torpağın içindən çıxarmağı
bacarmaq lazımdır.
Heç yadımdan çıxmır. 1997-ci ildə “Dinamo” cəmiyyəti mənim 1993-
cü ildə “Yunan-Roma güləşi” üzrə açdığım peşəkar güləş klubu “Igid”i
“Novruz-97” adı altında yeniyetmələr arasında keçirilən açıq birinciliyə
dəvət etdi.
Bu yarışda bizim komandanın 9 çempionu və bir II yeri oldu.
Məşqçilərin belə yüksək nəticənin səbəbini çox həyəcanla soruşduqlarını
görəndə mən onları sakitləşdirib deyirdim: “Mənim açdığım klubun
məhəlləsi yaxşı məhəllədir, ona görə belə istedadlı uşaqlar var”. Mən onlara
deyə bilmirdim ki, idmançılarıma I gün nəzəri dərs, VI gün psixoloji dərs
keçərək, o cümlədən ad günlərini, Yeni il, Novruz və başqa bayramları
qeyd edərək onlarda əsl idmançı birliyi yaratmışam, yetirmələrimə
idmançıya xas olan bütün mübarizə hisslərini və bacarığını aşılamışam.
İdmançıya dərk elətdirmişəm ki, dünyanın hansı yerində olsan da, döşək
sənə doğmadır və onu özününkü saymalısan. Ona görə də bizim balaca
idmançılar “Dinamo”nun zalında iştirak etdikdə meydanın və döşəyin
fərqinə varmadan qələbə hissi ilə öz mübarizələrini başa çatdırdılar. Bu
deyilənlər psixoloji hazırlığın güclü bir amil olduğunun təsdiqidir. Böyük
təəssüflə deyə bilərik ki, hələ bu gün də məşqçilər insanın ancaq ət və
sümükdən ibarət olduğunu fikirləşirlər və ona güc, bir az da texnika
öyrətməklə işlərini bitmiş hesab edirlər.
Məşhur güləş ustalarımızdan biri söhbət əsnasında mənə 80-ci illərdə
ona Moskvada hazırlıq məşqində keçilmiş təlim-məşq planını gətirəcəyini
söz verdi və çox inamla bildirdi ki, bu məşqi uşaqlara keçsəm, daha çox
çempionumuz yetişər. Mən o, məşhur idmançıya heç bir çöz demədim, hiss
edirdim ki, o, təlim-məşq planını yalnız köhnə olmasına görə güclü, qeyri-
adi antikvar əşya kimi qiymətli sanır. Bu gün idmançı və məşqçilərimizin
belə düşünmələri yolverilməzdir.
40
Əvvəla, hər təlim-məşq planı hansısa yarışa hazırlıq üçün və hansısa
konkret komandaya yazılır. Yarış qurtardısa, həmin plan artıq qüvvəsini
itirmiş hesab olunur. O planı hansısa başqa komandaya tətbiq etmək çox
böyük səhvdir. Təəssüf ki, bu praktika hələ də qalır. Çox halda heç bir plan
olmadan idmançını fiziki cəhətdən yormaqla, texniki cəhətdən fəndləri
təkrarlatmaqla təlim məşqlərinin keçirildiyini güman edirlər. Məşqçilərdə
əsasən belə bir fikir formalaşıb ki, hər idmançının müəyyən idman
səviyyəsi var. Əgər bir idmançının səviyyəsi ancaq Bakı çempionu olmaq
dərəcəsindədirsə və bu dərəcəyə onu məşqçi qaldırırsa, deməli, o,
məşqçinin bacarığının səviyyəsi Bakı çempionu səviyyəsindədir.
Məşqçilərin əksəriyyəti düşünürlər ki, onların hamısı dünya çempionu
hazırlamağa qadirdilər, sadəcə, həmin o səviyyəyə uyğun idmançı yoxdur.
Ümumiyyətlə, idmançıların idman arenasında iki cür uduzmalarına təsadüf
etmək mümkündür. Birinci növ uduzmağı belə aydınlaşdırmaq olar:
İdmançı öz rəqibinə xalla uduzur. Bu zaman o, heç bir psixoloji sarsıntı
keçirmədən uduzmağının səbəbini məşqçisi ilə analiz edərək zəif olan
cəhətini möhkəmləndirir. Çox böyük ruh yüksəkliyi ilə məşqlər keçir.
Bununla da özünə inamı artıraraq gələcək yarışlarda qalib gələ bilir. Hətta
əvvəl uduzduğu rəqiblə rastlaşsa belə, cəsarətlə mübarizə aparır və qalib
gəlir.
Ikinci növ məğlubiyyət zamanı idmançı həm xalla, həm də psixoloji
cəhətcə uduzmuş olur. Bu halda idmançının texniki, taktiki və fiziki
hazırlığını nə qədər qaldırsan da, psixoloji inamı geri qaytarmayınca o heç
bir böyük nəticə göstərməyə qadir olmayacaq və əvvəl uduzduğu rəqibə
növbəti qarşılaşmalarda yenə məğlub olacaq. İdmançının psixoloji cəhətcə
sınmasını və ya inamsızlığını ancaq peşəkar psixoloqların köməyi ilə aradan
qaldırmaq mümkündür.
Ümumiyyətlə, idmançının uduzmağını ona faciə kimi təqdim etmək
çox böyük səhv yanaşmadır. Mən öz idman klubumda gənc idmançılara
uduzmağın faciə olmadığını başa
41
salmaqdan ötrü divara aşağıdakı məzmunda bir şüar asmışdım:
“Uduzuruq ki, öyrənək, öyrənirik ki, udaq!”
Bununla mən gənc idmançılara uduzanda da nəyi isə öyrəndiklərini
başa salaraq onlara artıq uduzmağın səbəbini bilən və onu düzəldən güclü
idmançılar olduqları barədə fikir formalaşdırmaq istəyirdim. Bu, idman
aləmində həlli vacib olan aktual məsələdir. Ümumiyyətlə, insan həmişə
çalışıb ki, özünün əqli və fiziki imkanını daim artırsın. Belə bir misal:
Körpə uşaq ayaq açmağa başladıqda bütün diqqətini müavizinətinə,
addımlarının atılmasına toplayırsa, artıq müəyyən vaxt keçdikdən sonra bu
hərəkət onda diqqət və gərginlik tələb etmir. O, öz fikrini daha mürəkkəb
hərəkətlərin mənimsənilməsinə yönəldir. İdmançı da eynilə müəyyən
hərəkətləri mənimsəyib avtomatizmə keçirir, sonra daha mürəkkəb və çətin
hərəkətlərin, fəndlərin öyrənilməsi ilə ustalıq bacarığını artırır. Biz
idmançıların mübarizələrində tək fiziki deyil, eyni zamanda əqli və psixi
əmək sərf etdiklərinin şahidi oluruq. Məsələn, futbolçu topu komanda
yoldaşına ötürəndə tək fiziki qüvvə sərf etmir, o eyni zamanda beynini
işlədir, güləşçi hər fənddə fiziki qüvvə, zehni və psixoloji enerji sərf etmiş
olur. İdmançılar öz idman fəaliyyətlərində heç bir əzələ gərginiyinin
olmasına yol verməməlidirlər. Əks halda o, gərginləşmiş əzələnin və
antaqonist əzələlərin açılmasına daha çox qüvvə sərf etməli olur ki, bunun
da nəticəsində çox tez yorularaq lazımi idman nəticəsini göstərə bilmir.
Əzələ gərginliyi idmançıda, əsasən, psixoloji sıxıntı nəticəsində əmələ gəlir
ki, bu da idmançının psixoloji hazırlığı olmadıqda özünü daha çox büruzə
verir.
Psixoloji sıxıntının bir sıra səbəbləri ola bilər. Bunlardan həddindən
artıq qalib gəlmək arzusu və eyni zamanda uduzmaq qorxusu, yarışın
keçirildiyi yer və səviyyəsi, tamaşaçıların hərəkəti, səs-küyü, doğmaların və
tanışların yarışa baxmağa gəlmələri və sair amilləri göstərmək mümkündür.
İdmançı çıxışa hazırlaşan zaman özünü ətraf aləmdən tamam
42
ayıraraq görəcəyi işdən başqa heç nəyi hiss etməmək bacarığına
malikdirsə, onda o, psixoloji sıxıntılardan uzaq olur. Bəzi idmançılar və
məşqçilər uduzmağın səbəbini daim hakimdə, meydan, yer amillərində və
başqa faktorlarda görürlər. Bu da idmançını hakimlə konfliktə gətirib
çıxarır. Eyni zamanda hakimin hər bir qərarı idmançıya subyektiv görsənir
ki, bunun da nəticəsində idmançıda psixoloji gərginlik və həyəcan artmağa
başlayır. Buna görə də məşqçi heç vaxt məğlubiyyətin səbəbinin hakimdə
olduğunu dilə gətirməməli və idmançının da belə düşünməsinə yol
verməməlidir. Belə bir məsəl var: Rəqibdən tam üstün olmaq lazımdır ki,
hakimi məğlubiyyətin səbəbi kimi göstərə bilməyəsən.
Öz şəxsi təcrübəmdən bir misal gətirim: Bir dəfə mən növbəti yarışdan
sonra uduzan tələbəmə qəsdən belə dedim:
- Səni hakim sıxdı.
İdmançı isə cavabında bildirdi:
- Yox, müəllim, əgər mən lazımı səviyyədə güləşsəydim, hakim məni
istəsə də, sıxmağa qadir ola bilməzdi, əsas özüməm, daha yaxşı hazırlaşıb
çatışmayan cəhətləri aradan qaldıracağam, görək, gələn dəfə rəqib mənim
qarşımda nə edə biləcək.
Hər bir çatışmazlığın səbəbini özündə görməsi idmançını öz üzərində
daha inadla çalışmağa sövq edir ki, bu da onu gələcək uğurlara aparır. Lakin
məğlubiyyətin səbəbi hakimdə axtarılanda həmin idmançı özü haqqında
yüksək fikirdə olaraq özündə heç bir çatışmazlıq görmür. Məşqçi də onun
kimi növbəti yarışda yaxşı hakim olacağını düşünərək özünü sakitləşdirir.
Ancaq belə düşüncəli idmançılara və məşqçilərə heç vaxt yaxşı hakim rast
gəlmir ki, gəlmir.
Ətraf aləmdən ayrılmaq bacarığına bir misal: “Yarışan idmançının
psixologiyası” kitabının müəllifi Robert M.Naydiffer [1] Yaponiyada
keçdiyi hərbi təkmübarizlik kursunda şahidi olduğu bir hadisəni belə nəql
edir: Məşqçi bıçaqla ediləcək hücuma qarşı əks hücumu göstərən vaxt bıçaq
onun əlini bərk
43
kəsdi. Lakin buna baxmayaraq, məşqçi üzündə heç bir dəyişiklik hiss
olunmadan əks hücumu başa vuraraq sakit halda qırağa çəkildi və əlini
sarıyıb məşqi davam etdirdi. Burada məşqçi yüksək psixoloji hazırlığı
nəticəsində nəinki ətraf aləmdən ayrılır, həm də ağrını belə hiss etmir.
Bununla bildirmək istəyirəm ki, əgər məşqçilər tələbələrinin vaxtlarına
və güclərinə qənaət etmədən onların intellektual səviyyələri, psixoloji
hissiyyatları və bacarıqları üzərində daha çox işləsələr, onda idmançıların
fiziki və texniki bacarıqlarının daha da artmasının şahidi olacaqlar.
|