M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


YENI VƏ MÜASIR DÖVR AZƏRBAYCAN FƏLSƏFƏSI



Yüklə 0,71 Mb.
səhifə26/184
tarix12.04.2022
ölçüsü0,71 Mb.
#55241
1   ...   22   23   24   25   26   27   28   29   ...   184
muhazire FELSEFEyeni (1)

6.YENI VƏ MÜASIR DÖVR AZƏRBAYCAN FƏLSƏFƏSI

Fəlsəfə tarixən ağılın inkişaf etməsinə və onu həqiqətləri dərk etmək üçün araşdırmalar aparmağa sövq edən bir elmdir. Etiraf edək ki, bəşəriyyətin nə şərqlisi qərblidən, nə də qərblisi şərqlidən heç nə ilə üstün deyildir-fəlsəfənin bütün inkişaf tarixində onların bir-birinə olan təsirini aydın görünür. Şərq mədəniyyətin, sivilizasiyanın beşiyi hesab olunur-məhz Şərqin təsiri altında antik dövr Avropa fəlsəfəsi təşəkkül tapmış, bəşəriyyətin sonrakı inkişafında əvəzsiz iz qoymuş mütəfəkkirlər yetişmişdir. Qərbdə xristianlığın qəbul edilməsindən sonra azad əqli düşüncə buxova salındı və fəlsəfə öz tənəzzül dövrünə qədəm qoydu. Qərb yenidən estafeti Şərqə verdi-islam dininin yaranması bəşəriyyətin fəlsəfi düşüncəsində yeni mərhələnin başlanğıcını qoydu-islam məntiqində nəfsə tabe olan ağıl qəbul olunmur, burada ağıl azaddır.

Fəlsəfə azad təfəkkür və əqlin inkişafı, din isə ibadət, ilahi vəzifələri yerinə yetirməkdir. Fəlsəfə insanı müstəqil düşünməyə vərdiş etməyi qarşısına məqsəd qoyur, dinə əqlə əsaslanan fəlsəfi don geyindirdikdə özünün ilahiliyindən və müqəddəsliyindən uzaqlaşa bilər. Həm din, həm də fəlsəfə həssaslıq tələb edir, burada diqqətli olmaq lazımdır-fəlsəfə din, filosof isə peyğəmbər hesab edilsə bundan hər ikisi əzab çəkər. Fəlsəfə bəşər əqlinin məhsuludur, din isə ilahi vəhydir. Dini fəlsəfə səviyyəsinə endirmək də yanlış mövqedir-bu vaxt fəlsəfədə olan cüzi səhv dinin səhvi kimi dərk olunacaq və bu da dini gerilik kimi təqdim edənlərin əlinə əsas verəcəkdir. Azad fikri məhdudlaşdıran sxolostiklər dinə də zərbə vurdular. Fəlsəfədə zəruri olaraq həyata keçirilən islahat məna kəsb edir-bir-birinə zidd fikirlərin qarışması Avropada dini və fəlsəfəni laxlatdı-Avropada renesans dövrü başladı.

Yeni dövr fəlsəfənin inkişafının spesifik mərhələsidir-bu dövr fəlsəfəyə maarifçiliyi ilə imza atmışdır. Maarifçilik, hər şeydən əvvəl bilik  və  mədəniyyətin   ötürülməsi və yayılması  ilə  bağlı  olan  fəaliyyət olmuşdur.  Maarifçiliyin  XVIII  əsrdən  başlayaraq  geniş  vüsət  alması qəbul olunmuşdur-lakin fəlsəfənin formalaşdığı qədim dövrlərdən başlayaraq həm Şərq, həm də Qərbdə bu ideya filosofların fikirlərinin əsasını təşkil etmişdir. Maarifçilər  cəmiyyətdə mövcud olan avamlığın,  adamlar arasındakı savadsızlığın,  ictimai həyatdakı nöqsanların,  siyasi ziddiyyətlərin aradan   qaldırılması  üçün   çalışmışdılar  və buna da  nail  olmuşdurlar. Maarifçilik  ideyaları  Azərbaycanda  da bir  çox  maarifçi-mütəfəkkirlərin  gördüyü işlərdə və fəlsəfi ideyalarında özünü göstərirdi-bu baxımdan maarifçilik  ideyalarının  Azərbaycan  üçün  nəticələri  çox təsirli olmuşdur. XIX əsr Azərbaycan maarifçilik fəlsəfəsi qədim və zəngin ictimai-fəlsəfi fikir tariximizdə, mədəniyyətimizdə millilik və müasirlik meyilləri əsasında yaranmışdır. Azərbaycan maarifçiliyi ictimai fikir tariximizdə mahiyyətcə köklü bir dönüş olmuşdur-o məzmunca yeni bir dövr kimi əvəzsiz yer tutur və olduqca mühüm  əhəmiyyət  kəsb  edir. XIX əsr Azərbaycan xalqının tarixinə ən faciəli, olduqca ziddiyyətli, eyni zamanda təzadlı bir dövr kimi daxil olmuşdur. Bu xalqın Gülüstan və Türkmənçay müqavilələri  ilə torpaqlarının bölüşdürülməsi, ölkədə müstəmləkə rejiminin yaradılması, uzun illər Rusiya ilə bağlılığı bu gün də öz təsirini göstərməkdədir. XX əsrin sonlarında qazanılan müstəqillik nəticəsində tariximiz, eləcə də mənəvi irsimiz haqqında əsl həqiqətləri üzə çıxarıb geniş ictimaiyyətə tam obyektivliyi ilə çatdırmağa imkan yaranmışdır. Azərbaycan fəlsəfi fikir tarixində mühüm mərhələ olan maarifçilik fəlsəfəsinin və bütövlükdə yeni və müasir dövr Azərbaycan fəlsəfəsinin obyektiv araşdırılmasına böyük ehtiyac vardır.

XIX əsr Azərbaycanın ictimai-siyasi və mədəni həyatında fəal oyanışı xatırladan hadisələrlə başladı. Rusiyanın Qafqaz siyasətini fəallaşdırması, xanlıqların Rusiyanın himayədarlığını qəbul etmək uğurunda az qala yarışa girməsi, Xəzəri öz daxili dənizinə çevirmək yolunda Rusiyanın diplomatik canfəşanlığı, İranın zəifləməsi, Türkiyənin yaranmış vəziyyətdən bəhrələnmək istəyinin artması yeni əsrin başlanğıcının siyasi mənzərəsinin mürəkkəbliyinin göstəricisi idi. Əsrin ilk otuz ilində Azərbaycanın siyasi xəritəsini dəyişdirən hadisələr-Rusiya və İran arasındakı məhəllə savaşını xatırladan müharibələrin nəticəsi olaraq bağlanan, Azərbaycanı parçalayan Gülüstan və Türkmənçay sülh müqavilələri uzun illər davam edən müstəmləkəçiliyin əsasını qoydu. Bununla belə Rusiyada gedən siyasi və mədəni proseslər Azərbaycanda da siyasi fəallığa və mədəni yüksəlişə səbəb oldu-Azərbaycanın Rusiyaya inteqrasiyası onun Avropanın qapısını döyməsinə, rus ziyalıları vasitəsi ilə Avropa mədəniyyətinin Azərbaycana gəlməsinə təkan verdi. XIX əsrdə yaranan milli burjuaziyanın maddi dəstəyi ilə Azərbaycanın zadəgan ziyalı təbəqəsi təhsil almaq üçün Şərq ölkələrinə, Rusiyaya və Avropaya gedirdi-təhsil aldıqları ölkələrdə dil və elmlə bərabər həm də həmin ölkələrin mənəvi-mədəni dəyərlərinə yiyələnir, sonradan bu dəyərləri öz milli dəyərləriz və mənəvi ənənələrimizlə birləşdirərək xalqının ideologiyasının və fəlsəfəsinin təşəkkülünə öz töhvələrini verirdilər. Onların xidmətləri hesabına Azərbaycanda Qərbin və Rusiyanın təsiri nəticəsində öz universallığı ilə fərqlənən maarifçilik cərəyanı yarandı. Avropa və Rusiya maarifçiləri kimi Azərbaycan maarifçiləri də ölkədə mövcud olan ictimai-siyasi və mədəni böhrandan çıxış yolunu xalqın maariflənməsində görürdülər. 



XVIII əsrin sonlarında Avropada yaranan, daha sonra Rusiyanın mədəni mühitinə sirayət edən maarifçilik hərəkatı XIX əsrdən başlayaraq Azərbaycan ədəbi-ictimai fikrinə də təsir etmiş, ilk əvvəl A.Bakıxanov, M.Ş. Vazeh, İ. Qutqaşınlı, Q. Zakirin yaradıcılığında öz rüşeymlərini göstərmiş, sonra isə M.F. Axundovun yaradıcılığında sistemə salınmış və inkişaf etdirilmişdir. Rusiya uzun illər ərzində xalqımız üçün siyasi despot rolunu oynamışdır, lakin etiraf etmək lazımdır ki, XIX əsrin mədəni həyatı üçün mühüm əhəmiyyət kəsb edən maarifçilik ideyalarının təhsilimizə, məktəb hərəkatımıza gətirilməsində rus maarifçilərinin xidmətləri böyük olmuşdur. Təbii ki, bu da çarizmin irticaçı, müstəmləkəçi məqsədlərindən irəli gəlmişdir- lakin yerli xalqın dilinin öyrənilməsi, onlar arasında rus dilinin təbliği və bununla əlaqədar qəzalarda rusdilli məktəblərin açılması mütərəqqi bir hadisə, irəliyə doğru bir addım, maarifçiliyin yayılmasına töhvə kimi qiymətləndirilməlidir.  

 XIX  əsr Azərbaycanın tarixinə olduqca  dərin  məna kəsb  edən,  onun mədəni həyatında   mühüm  əhəmiyyət  daşıyan  bir  dövr  kimi daxil  olmuşdur-Azərbaycanın şimalının Rusiyanın tərkibinə birləşdirilməsi nəticəsində ictimai və siyasi  həyatda böyük  canlanma baş verənmiş, sosial ziddiyətlərin aradan  qaldırılmasına  yönəlmiş  tədbirlər həyata keçirilmişdir. XIX  əsr taleyüklü  məsələlərin  həll  olunması  baxımından da diqqəti cəlb edir-Rusiya xammal mənbəyi kimi baxdığı Azərbaycanın iqtisadi inkişafı üçün bir sıra tədbirlər həyata keçirmiş, ölkəyə xarici investisiyaların qoyulması yönümündə mühüm işlər görmüşdür-ölkənin mədəni həyatında da canlanma müşahidə olunmağa başladı.

XIX əsr Azərbaycan ictimai fikrində maarifçiliyin üç inkişaf mərhələsi keçdiyi qəbul olunur: birinci mərhələ kimi Azərbaycanın parçalanma dövrünün son illərini və 30-40-cı illəri əhatə etdiyi, A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazeh kimi mütəfəkkirlərin simasında meydana çıxdığı göstərilir-bu mərhələdə Azərbaycan maarifçiliyi hələ çox zəif, ibtidai və rüşeym halında olmuşdur, milli şüurla bağlı bəzi xüsusiyyətləri, yəni xalqa, vətənə məhəbbət, azadlıq ideyalarının tərənnümü, maarifi yaymaq və s. ilə ancaq çox az nisbətdə rus maarifçilərinə yaxınlaşa bilmişdir. Maarifçiliyin inkişafının ikinci mərhələsinin 50-60-cı illəri əhatə etdiyi qeyd olunur-bu zaman Azərbaycan maarifçiliyinin M.F.Axundovun simasında yetkinləşdiyi qəbul olunur. Üçüncü dövrün 70-90-cı illərə təsadüf etdiyi bildirilir-bu dövrdə maarifçilik H.Zərdabi, N.Vəzirovun simasında inkişaf etmiş və əsrin sonunda kapitalizmin inkişafı ilə əlaqədar olaraq öz qabaqcıl mövqeyini itirməyə başlamışdır.

XIX əsrin birinci yarısında Azərbaycanın intellektual mədəni mühiti formalaşdıran amillərin təhlili vacib məsələdir-bu dövrdə Azərbaycanda intelektual-mədəni mühitin formalaşmasında dünyəvi Azərbaycan və rusdilli məktəblər, o cümlədən Peterburq va Moskvadakı ali məktəblər mühüm rol oynamışdır. Bu dövrdə Qərbi Avropa və rus elminin müxtəlif yollarla Azərbaycana daxil olması burada yeni intellektual mühit yaradırdı-nəticədə, yeni tipli ziyalılar, maarif və mədəniyyət xadimləri formalaşır, eyni zamanda, köhnə ziyalıların bir çoxunun mənəvi aləmi də müəyyən mənada yeniləşirdi. XIX əsrin intellektual-mədəni mühitinin ən uğurlu cəhətlərindən biri Azərbaycan dilində ədəbiyyatların işıq üzü görməsi oldu. Azərbaycan uzun illər İranın, Türkiyənin, Rusiyanın hakimiyyəti altında olmuşdur: İran hökmranlığı zamanı yazı işləri fars dilində, Türkiyə hakim olduqda türk dilində aparılmış, ruslar da dövlət işlərinin rus dilində aparılmasına üstünlük vermişdir. Bu da azərbaycanlıların ədəbiyyatdan məhrum olmasına gətirib çıxarmışdır-Azərbaycan dilində olan bəzi əsərlər isə ya başqa dillərdən tərcümə edilmiş, ya da fars, türk və ərəb sözləri ilə dolu anlaşılmaz bir dildə yazılmışdır-bu əsərlər, bu tərcümələr əsasında Azərbaycan dilinin ruhunu anlamaq, incəliklərini başa düşmək qeyri-mümkün olmuşdur.

Azərbaycan maarifçilik fəlsəfəsinin mədəni əsaslarının  və ölkənin sosial-siyasi vəziyyətinin Qərb və Rusiya maarifçiliyindən və bu ölkələrin ictimai durumundan bir sıra fərqli  xüsusiyyətləri olmuşdur. Bu  dövrün  maarifçilərinin  dinə münasibəti çox  fərqli  idi-bu fərqi yaradan real obyektiv səbəb isə rus çarizminin Azərbaycan xalqını dinindən, dilindən və milli mədəniyyətindən ayırmaq və onu etnik assimilyasiyaya uğratmaq siyasəti idi. Etnik varlığını qoruyub saxlamaq hər bir xalq üçün öz din, dil və mədəniyyəti ilə bağlılığını itirməmək demək idi. Dil və mədəniyyətdən fərqli olaraq, Azərbaycan maarifçiləri dinə münasibətdə müxtəlif mövqelərdə dayanırdılar-bu münasibət din xadimlərinin Rusiya müstəmləkə sisteminə münasibətindən və maarifçi ideoloqların şəxsi dünyagörüşlərindən asılı idi. Bütün bu məsələlər, proseslər  Azərbaycanın   elmi-fəlsəfi  görüşlərinin   inkişaf  edib formalaşmasına da təsir etmişdir.

Azərbaycanın  maarifçi  mütəfəkkiri, alimi,  vətənpərvər tarixçisi,  ictimai   xadimi,   şairi,  yazıçısı, filosofu, tərcüməçisi, Azərbaycan  və  onun  tarixi  üçün önəmli  yerə  malik olan  bir  sıra  əsərlərin müəllifi Abbasqulu ağa Bakıxanov XIX əsr Azərbaycan maarifçilik fəlsəfəsinin ilk təmsilçisi olmuş, təbiət elmləri, tarix, məntiq, filologiya və s. sahələr üzrə əsərlərin müəllifidir. A.Bakıxanovun   Azərbaycan maarifçiliyinin ilk dövrünə aid fəlsəfi görüşləri “Əxlaqın tərbiyələnməsi”, “Nəsihətlər kitabı”, “İşıqların yerləşdiyi yer”, “Camalın aynası”, həmçinin məşhur “Gülüstani-İrəm", “Qüdsinin bağı”, “Qüdsinin qanunları” əsərlərində öz əksini tapmışdır. Bakıxanovun ensiklopedik biliyə malik olması, şəxsi elmi axtarışları, Azərbaycan və Şərq mədəniyyəti və fəlsəfəsi ilə yanaşı, rus və Avropa ictimai fikri, fəlsəfi ənənələri ilə tanışlığı onun fəlsəfi dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. Fəlsəfəsinin əsas qayəsini maariflənmə yolu ilə kamil şəxsiyyət yetişdirmək, ədalətli cəmiyyət qurmaq təşkil edən Bakıxanovun irsində kamilləşmənin iki yolu- sufizmdən gələn mistik (tərki-dünyalıq yolu ilə Allaha qovuşmaq) və dünyada mədəni-fəlsəfi inkişafla bağlı zəka, elm-kimi yolları göstərilir. Bu yollar Mahmud Şəbüstəri, Yusif Qarabaği və başqalarının irsində də göstərilir-bu iki yol A.Bakıxanovun kamilləşmə konsepsiyası üçün təməl olmuşdur. Əsrinin elmi nailiyyətlərindən çıxış edən mütəfəkkir mənəvi təkmilləşmədə elmə, elmlə praktikanın bağlılığına və mövcudatın rasional dərkinə xüsusi əhəmiyyət verirdi.  Bakıxanovun fəlsəfi və etik görüşləri əsasən “Əxlaqi kamilləşmə” və “Nəsihət kitabı” əsərlərində daha geniş öz əksini tapmışdır-burada fəlsəfi və etik kateqoriyaların tərifi, onların nisbiliyi verilir, mövcudatda səbəbiyyət, inkişaf və qanunauyğunluğun problemlərindən danışılır. Bu problemlərin kamilləşən insan tərəfindən həll edilməsinin mümkünlüyünü qəbul edən Bakıxanov məhz bu rasional dərk yolu ilə vahid ailə saydığı bəşəriyyətin xoşbəxtliyə çatmasına inanırdı.  Bakıxanov sufizm təmayüllü dünyagörüşünə malik olmuşdur-onun fikrincə, həqiqi xoşbəxtlik mistik kamilləşmə yolu ilə vəhdəti dərketmə və fəna yolu ilə İlahi əbədiyyətə qovuşmaqdır. Bakıxanov ictimai görüşlərində kamil insan və təkmil cəmiyyət konsepsiyasından çıxış edirdi-o sübut etməyə çalışırdı ki, dünya nizamının əsasını sosial bərabərsizlik təşkil edir.

Bakıxanovun fəlsəfi dünyagörüşü üçün islama uyğunlaşdırılmış klassik fəlsəfə xarakterikdir. Onun fikrincə, hikmət kimi qəbul edilən fəlsəfənin məqsədi təhsili təkmilləşdirmək və xalqı maarifləndirməkdir. Bakıxanova görə varlıq dünyada olan bütün şeyləri tam əhatə etmək nöqteyi-nəzərdən ağıl, şeyləri nizamlamaq mövqeyindən qələm, ilkin və son olması baxımından isə işıq və ya nurdur. Bakıxanov xeyirxahlığın, yaxşılığın, bir sözlə bütün müsbət əxlaqi keyfiyyətlərin ölçüsü kimi ədalət və insafı qəbul edirdi.

Azərbaycan mədəniyyəti tarixinə görkəmli şair, maarifçi-demokrat filosof, tarixçi-alim, hərbi xadim və zəmanəsinin qabaqcıl ziyalısı kimi daxil olmuş Bakıxanov bütün yaradıcılığı boyu elmi tədqiqatla da məşğul olmuşdur-onun elmi əsərlərində məntiq, psixologiya, fəlsəfə, dilşünaslıq, astronomiya, coğrafiya, toponimika, tarix, etika-əxlaq və digər elm sahələrə aid müasir dövrdə də əhəmiyyətini saxlayan çoxlu ideyalar vardır. Bakıxanovun “Qanuni-Qüdsi” əsəri fars dilinin qramatikasına həsr olunmuş, “Gülüstani-İrəm” isə Azərbaycan tarixinin öyrənilməsi üçün dəyərli mənbə, təbiətşünaslıqda bu gün də əhmiyyətini saxlayan əsərdir. “Riyaz ül-qüds”, “Təhzibül-əxlaq”, “Kitabi-nəsayeh”, Eyn-ülmizan”, “Kitabi-əskəriyyə” və s. əsərlərində və “Mişkat ül-ənvar” poemasında dini-fəlsəfi və əxlaq-etik görüşləri öz əksini tapmışdır. XIX əsrin 30-cu illərindən sonra Bakıxanovun yaradıcılığında dini, sufi təlimləri təsiri xeyli zəifləyir, mütəfəkkir həyat hadisələrini realist mövqedən təhlil edir, həyatı ziddiyyətləri ilə birlikdə təsvir etməyə üstünlük verir. Bakıxanov təbii-tarixi və coğrafi hadisələrə elmi obyektivliklə yanaşır, onlar haqqında əsasən həqiq biliyə istinad etməklə danışır-bu onun elmi dünyagörüşünün xarakterik xüsusiyyətidir. Naturalist-materialist mövqedən çıxış edə filosof bütün cisim və şeylərin dörd ünsürün-od, su, hava, torpağın-vəhdətindən ibarət olduğunu qeyd etmiş, “təbii nizamin” “müvazinətin”, “səbəbiyyətin” mövcud olduğunu qəbul etmişdir. Bakıxanov Allahı hər şeyə qadir olan, böyük ixtiyar sahibi kimi göstərmiş, lakin bu ali varlığın mahiyyətini tam dərk edə bilməmiş, onun dərk olunmasının insan üçün əlçatmaz olduğunui vurğulamışdır. Bakıxanov gənclərə müracitlə edərək faydasız sözə əməl etməməyə, pis vəziyyətə düşən, bədbəxt adama gülməməyə çağırır, yaxşı adamlarla dostluq etməyi, yalan danışmamağı tövsiyyə edir. Gənclər üçün elm öyrənməyin bütün işlərdən vacib olduğunu qeyd edən filosof onlara yüngül olmamağı, qəzəbli olan vaxtı özlərini saxlamağı, heç kimə paxıllıq eləməyi məsləhət görür-onun fikrincə, paxıllıq qabilliyətin olmamağından irəli gələn bəladır. Tamahkar, həris adam həmişə fikirli olur, heç nə ilə qane olmur, nə qədər var-dövləti olsa da, güman edir ki, bütün bunlar azdır. Filosof gəncləri  şöhrətpərəstlikdən  əl  çəkməyə, təvazökarlığa  meyl  etməyə çağırır-hər  bir  insanla  xoş  rəftar  etməyi vacib etik norma hesab edir, ədalətsizliyə qarşı mübariz olmağı, ona  yol verməməyi vicdan məsələsi kimi qəbul edir, əməyi  sevməyi,  əmək  adamlarına  hörmət  bəsləməyi müsbət keyfiyyət kimi qabardır, vətənə qarşı  məhəbbəti isə hər kəsin borcu hesab edir. 

Azərbaycanda   maarifçilik  fəlsəfəsinin  yüksək  mövqedə  dayanmasının   əsas səbəbkarlarından  olan Mirzə Fətəli Axundov Kainatda qarşılıqlı əlaqənin, asılılığın, səbəb və nəticənin, hissə ilə tamın vəhdətini qeyd edir, hərəkəti yalnız yerdəyişmə və kəmiyyət dəyişiklikləri kimi qəbul etmişdir-zaman daxilində kəmiyyət dəyişikliklərin dairəvi hərəkət daxilində baş verməsini söyləmişdir. Başqa sözlə desək, Axundov yüksələn xətt üzrə inkişaf ideyasını qəbul etməmişdir. Mütəfəkkirin fəlsəfi əsərlərində materializm və rasionalizmin şərhi, onların müdafiəsi idealizm, ilahiyyat və aqnostisizm prinsiplərinin tənqidi ilə paralel aparılmışdır. Axundova görə, Kainat əsasında ayrı-ayrı hissəciklərdən, atomlardan ibarət maddi substansiya dayanır-bu maddi substansiya əvvəli və sonu olmayan kamil, bütöv və vahid bir varlıqdır. Zaman və məkan bu maddi substansiyanın zəruri atributlarıdır. Maddi varlıq daim hərəkətdədir, özünə xas olan qanunauyğunluğa əsaslanır və onların mövcudluğu dünyanın əsasını təşkil edir. Axundov həm yaradan, həm də yaradılan Kainatın, maddi varlığın dərk olunmasını-insan hissləri, əqli və müxtəlif elmlər vasitəsilə dərkini qəbul edirdi. Mütəfəkkirin dünyagörüşündə həm dialektika, həm də mexanistik baxışlar birgə mövcud olmuşdur.

M.F.Axundovun fəlsəfi yaradıcılığının ideya mənbələrinin əsasını həm qabaqcıl rus, həm Şərq, həm də Avropa fəlsəfəsi və mədəniyyəti təşkil etmişdir. Axundov müsəlman Şərq fəlsəfəsi vasitəsilə qədim yunan fəlsəfəsini və Roma mədəniyyətini öyrənmiş və onlara öz münasibətini bildirmişdir. Onun fikrincə, fəlsəfənin qarşısında dayanan əsas vəzifələrdən biri real faktlara əsaslanaraq insan zəkasının rolunu yüksəltməkdir. Axundovun baxışlarına görə dünya öz təbiəti etibarı ilə maddidir-bizi əhatə edən təbiətin müxtəlif predmet və prosesləri vahid və hər şeyi əhatə edən maddi substansiyanın müxtəlif təzahürlərindən ibarətdir.  Ruhun ölməzliyi ideyasını qəbul etməyən Axundovun fikrincə, həm şüur, həm də ruh materiyadan asılıdır, materiyanın məhsullarıdır. İdraka gəldikdə isə, Axundov idrakı ətraf aləmin insan şüurundakı inikası hesab etmiş, təbiəti isə idrakın predmeti kimi qəbul etmişdir. Filosof dünyanın dərk edilməsində bilavasitə hissi yəqinliyi əsas götürmüş, duyğuları, hiss üzvlərini idrakın atributu hesab etmiş, onlarsız idrakın olmasını qeyri-mümkün saymışdır. Axundova görə, görülməyən, duyulmayan, müşahidə olunmayan heç bir şey yoxdur. Axundovun dinə münasibəti də birmənalı olmamışdır-onun fəlsəfi irsində dinin tənqidi təhlili mühüm yer tutur. Din xadimlərinin əməllərinin dinin mahiyyətinə zidd olduğunu vurğulayan mütəfəkkir dinin özünü yox, daha çox din xadimlərinin savadsızlığını, adamları cəhalətə sövq etmələrini tənqid etmiş, dinlə elmin bir-birinə uyğun olmadığını, onların bir araya sığmadığını, mollaların hesabına dinin yalana, elmin isə doğruya əsaslandığını göstərmiş, dinin struktur vahidlərinin təhlili əsasında onun mahiyyətini təhlil etmiş, onu maarifşilik mövqeyindən izah etmişdir.

M.F.Axundovun fəlsəfi dünyagörüşünün formalaşmasına qədim və orta əsr Şərq və Azərbaycan fəlsəfəsinin, Qərbi Avropa filosoflarının, xüsusilə Spinoza, Holbax, Feyerbaxın, XVIII əsrin digər fransız maarifçiləri və rus inqilabçı-demokratlarının təsiri olmuşdur. Axundovun fəlsəfi baxışları, maarifçi ideyaları ortodokosal islamın ideoloji əsasları sayılan sxolastika və mistikanın hələ də güclü olduğu bir mühitdə formalaşıb inkişaf etmişdir. Əsərlərində dini fanatizmi, cəmiyyətdəki despotizmi, teologiyanı tənqid edən Axundov dünyaya elmi materialist yanaşmanı əsaslandırmağa çalışmışdır-“Kəmalüddövlə məktubları”, “Hakimi-ingilis Yuma cavab”, “Mollayi-Ruminin və onun təsnifinin cavabında”, “Aldanmış kəvakib”, “Con Stüart milli azadlıq haqqında”, “Babilik əqidələri” və digər fəlsəfi əsərləri və məqalələrini bu məqsədə xidmət etmişdir.

Axundov siyasi baxışlarında cəmiyyətdə hökm sürən ədalətsizliyin tənqidinə geniş yer vermişdir-o hökmdarları xalqla bir olmağa, özlərini xalqdan ayırmamağa çağırırdı. Böyük mütəfəkkir yazıçı, filosof, maarifçi və inqilabçı-demokratın dünyagörüşü Azərbaycanın ictimai-siyasi və fəlsəfi fikir tarixində mühüm mərhələ hesab oluna bilər. Dini idealizm və cəhalətin hökm sürdüyü bir şəraitdə Azərbaycanda fəlsəfi materializm bayrağını ucaltmaq, despotizm və fanatizmə qarşı mübariz mövqe nümayiş etdirmək, demokratiya və hüquq bərabərliyi uğrunda kəskin və ardıcıl mübarizə aparmaq, cəmiyyətdə inqilabi-demokratizm əqidəsinin formalaşmasına kömək etmək onun xidmətləri kimi qəbul oluna bilər.



Axundov maarifçilik və demokratik baxışlarını 1857-ci ildə yazdığı “Aldanmış kəvakib” povestində və 1860-cı ildə yazmış olduğu “Kəmalüddövlə məktubları” fəlsəfi traktatında vermişdir. “Kəmalüddövlə məktubları”nda şahzadələrin ölkələrində hökm sürən ağır vəziyyətlə barışa bilmədikləri, ölkələrinin mədəni geriliyinə acıdıqları, düçar olduqları fəlakətlərdən xilas olmaq üçün yollar axtardıqları qeyd olunur. Axundov şahzadələr Kəmalüddövlə və Cəlalüddövlə obrazlarını yaradaraq onların öz ölkələrində hökm sürən ədalətsizlikləri aradan qaldırmaq məqamında təsvir etmişdir-burada onun artıq dünya maarifçilərinin ümumbəşəri prinsiplərindən çıxış etməsi aydın görünür. Əsərdə maarifçilik ideyalarına dərindən bələd olan müəllif dini dünyagörüşün tənqidi məsələsinə də yer ayırmışdır.

Axundov həm müəllimlik fəaliyyəti dövründə, həm də sonrakı illərdə Azərbaycan maarifinin böhranlarını aradan qaldırmaq üçün yollar axtarmış, pedaqoji baxımdan olduqca əhəmiyyətli işlər görmüşdür. Müəllim-metodik fəaliyyəti, dərslik hazırlamaq niyyəti ilə Axundov 1839-cu ildə “Əlifba” dərsliyini tərtib etməyə başlamışdır-bu dərsliyi 1857-ci ildə hazırladığı yeni əlifba layihəsi əsasında daha da təkmilləşdirmiş və tamamlamışdır. M.F. Axundovun maarifçilik fəaliyyətinin əsasını yeni əlifba uğrunda apardığı 30 illik mübarizə təşkil edir. Ərəb əlifbasının dəyişdirilməsi uğrunda Axundovun mübarizəsi milli və beynəlmiləl xarakter daşıyır. Ömrünün yetkin dövrünün əsas hissəsini bu mübarizəyə həsr edən böyük vətənpərvər həm də ərəb əlifbasında yazan xalqların, o cümlədən öz xalqının ana dilində təhsili uğrunda, doğma dildə kitab və mətbuatın yaranması, milli maarifin və mədəniyyətin inkişafı uğrunda mübarizə aparmışdır. Axundovun pedaqoji baxışları çoxcəhətli olmuşdur-onun maarifçi görüşlərində uşağın ailədə tərbiyəsi məsələsi mühüm yer tuturdu-böyük mütəfəkkir ailə tərbiyəsi haqqında sadəcə fikir söyləməmiş, öz qənaətlərini özünə, öz ailəsinə tətbiq etmişdir-ədibin 13 övladı olsa da onlardan yalnız qızı Nisə xanım və oğlu Rəşid yaşamışdır. Mütəfəkkirin oğlu Rəşidə tərbiyə baxımından ünvanladığı məktubları bütün gəncliyə ünvanlanan tövsiyyə kimi qəbul etmək olar-oğlu Rəşidin təhsil və tərbiyəsinə xalqının tərəqqisi və yüksəlişi kimi baxmışdır. Qızı Nisə xanımı bütün qohumların ondan öz döndərməsinə baxmayaraq Tiflis Qızlar Gimnaziyasında oxutması, XX əsrin görkəmli maarifçisi Rəşid bəy Əfəndizadəni hərbiçi olmaqdan çəkindirərək Qori Müəllimlər Seminariyasının müsəlman şöbəsində oxumağa göndərməsi dahi ədibin təhsilə, maarifə verdiyi ən böyük qiymət kimi dəyərləndirilə bilər.

Dövrün cəhalətinə, mövhumatına və fanatizmə qarşı mübarizə, elmin və maarifin inkişafı uğrunda çalışmaq, Avropanın mədəniyyətini Azərbaycanda yaymaq, şəxsiyyətin azadlığına nail olmaq Axundovun maarifçi baxışlarının əsas qayəsini təşkil edirdi. Axundovun bütün əsərlərində qaldırdığı mühüm ictimai problemlər demək olar ki, bütün müsəlman aləminin həyat tərzi, dünyagörüşü ilə bağlı problemlər idi-bu baxımdan onlar umumbəşəri əhəmiyyət kəsb edirdi. Axundov öz maarifçi görüşləri ilə bəşəriyyətə xidmət etmiş, xalqların maariflənməsini, tərəqqi yolu ilə irəliləməsini təbliğ etmiş, xalqların dostluğunu və qardaşlığını alqışlamış, insanların azad və xoşbəxt yaşaması uğrunda çıxış edən bir vətənpərvər kimi özünü göstərmişdir-bu keyfiyyətlərinə görə o dünya ədəbiyyatının ölməz korifeyləri sırasına öz adını qızıl hərflərlə yazmışdır. Axundova görə, dünyada insan üçün ən böyük ləyaqət hissi özündən sonra yaxşı ad qoyub getməkdir-bu da yalnız yaxşı əməllər sayəsində mümkün ola bilər.

Azərbaycanın maarifçi filosofu Axundov xalqın iqtisadi-mədəni həyatında mövcud olan problemləri yaxşı duyur, xalqların tərəqqisinə çalışır, bərabərliyi insan tərəqqisinin özülü hesab edirdi. Axundov mənəvi, milli və ictimai bərabərlik ideyalarını dialektik vəhdətdə və qarşılıqlı əlaqədə təhlil edir, azadlıq və hüquq, hakimiyyət və maarif problemini həm fərd, şəxsiyyət, həm də cəmiyyət və xalq miqyasında irəli sürürdü. Şərqdə dinin tüğyan etdiyi, fikir və düşüncənin buxovlandığı, plüralizminin olmadığı qaranlıq mədəniyyətində Axundov ilk dəfə olaraq sekulyarlaşma sözünü tələffüz etmiş, dinin siyasətdən ayrı olmasının zəruriliyini qeyd edmiş, öz nəzərlərini konstitusiya quruluşunun təsdiqləndiyi Avropa ölkələrinə istiqamətləndirmişdir. Axundov Şərqin müsəlman mütəfəkkirləri arasında ilk olaraq konstitusionalizm ideyalarını dəstəkləyən mütəfəkkir olmuşdur. Axundov öz xalqını savadlı görmək istəyirdi-bu baxımdan, ilk növbədə, Azərbaycan xalqı tərəfindən yeni əlifbanın, latın əlifbasının qəbul edilməsini vacibliyini xüsusi vurğulayırdı. Axundov əlifba islahatını elmi cəhətdən əsaslandırmış, praktiki olaraq, yeni əlifbanın qəbul edilməsi uğrunda-Şərqdəki mədəni inqilab uğrunda mübarizə aparmışdır. Axundovun dünyagörüşü Şərq fəlsəfəsi ilə yanaşı, XVII-XVIII əsrlər Avropa materialistlərinin baxışları əsasında formalaşmışdır-o kəskin şəkildə Qərb idealizminin, təsəvvüfün, Şərq aristotelçiliyinin, babilər məzhəbinin mistik nəzəriyyələrinə qarşı çıxırdı. Axundov məşhur altı komediyasını yaratmaqla yalnız Azərbaycan ədəbiyyatında deyil, bütövlükdə Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoymuşdur-Azərbaycan teatrı onun ölməz komediyaları zəminində yaranmışdır.

1876-cı ildə ruslar Azərbaycan maarifinə əvəzsiz simalar bəxş etmiş Qori Müəllimlər Seminariyasını açmışlar-onun müsəlman şöbəsinin açılması uğrunda mübarizəni isə Axundov Hüseyn Əfəndi Qayıbovla birgə aparmışdır. Şöbə Axundovun ölümündən bir il sonra, 1879-cu ildə açılmışdır-bu xidmət Axundovun maarifçilik görüşlərinin, demokratik arzularının zirvəsidir. Bu xidmətə görə Axundovu Azərbaycan müəllimlərinin ulu babası adlandırmaq olar. Axundov sistemli maarifçiliyin əsasını qoymuş, onun milli zəmində hərəkata çevrilməsinə nail olmuşdur-o özündən sonra yetişən ədib və dramaturqların bu istiqamətdəki fəaliyyətinə müsbət təsir göstərmişdir. Axundovla başlayan və XIX əsrin II yarısı-XX əsrin əvvəllərində inkişaf edən maarifçilik dövrü öz bədii-estetik fikri, zəngin milli xüsusiyyətləri, əlvan koloriti, tipik realist özünəməxsusluğu ilə dünya mədəniyyətində öz yerini tuta bilmişdir.

Azərbaycanın materialist filosif-mütəfəkkiri, maarifçi-demokratı, təbiətşünas-darvinçi alimi, istedadlı publisisti, qadın təhsilinin ilk carçılarından biri olan Həsən bəy Məlikov Zərdabinin (1842-1907) millət yolundakı tarixi xidmətlərini yüksək qiymətləndirmiş və onu “Qafqaz müsəlmanlarının atası”, “Zaqafqaziya müsəlmanlarının milli oyanışının ilk bələdçisi”, “Zaqafqaziya müsəlman ziyalılarının müəllimi və mənəvi atası” adlandırmış, “Müsəlmanlar arasında Avropa təhsili alan ilk azərbaycanlı” kimi qəbul etmişlər. Zərdabi şüurlu həyatının 40 ildən çoxunu doğma xalqın maariflənməsinə, onun mədəni xalqlar səviyyəsinə yüksəlməsinə, ana dilində dünyəvi təhsil ocaqlarının yaradılmasına, milli ziyalıların yetişdirilməsi işinə həsr etmişdir. Böyük maarifçi mütəfəkkirin fikrincə, maarifdən, elmdən məhrum olan xalq işıqdan məhrumdur, o inkişaf etmiş millətlər arasında doğma millətinin də imzasını görməyi arzulamış, həyatını xalqının elm, maarif, təhsil yolunu işıqlandırılmasına həsr etmişdir. Onun Zərdabi “Torpaq, su və hava”, “Barama qurdunun saxlanması” və s. əsərlərində, “Əkinçi”qəzetində və digər mətbu orqanlarda təbiətşünaslığa və tibbə dair çap edilmiş məqalələrində ayrı-ayrı elm sahələrinə aid materialist dünyagörüşü mövqeyindən təhlil edilən çoxlu və zəngin məlumatlar vardır. Digər maarifçi mütəfəkkirlər kimi Zərdabinin də dünyagörüşünün formalaşması və inkişafına Şərq, Rusiya və Avropa mədəniyyətini dərindən mənimsəməsi, xüsusilə XIX əsrin mütərəqqi materialist təbiətşünaslığı, maarifçilik və inqlabi-demokratizm ənənələrinin böyük təsiri olmuşdur. XIX əsrin II yarısı-XX əsrin əvvəllərində Azərbaycan ictimai-siyasi və mədəni fikir tarixinin təkrarolunmaz simalarından olan Zərdabinin milli maarifçilik, milli oyanış, milli dirçəliş ideyalarının gerçəkləşməsi yolundakı xidmətləri misilsizdir. Mütəfəkkir alimin coxcəhətli fəaliyyətində maarifçilik, ana dilində təhsil, qadın təhsili, xalqın maariflənməsi, milli özünütanıma və özünüdərketmə ideyaları əsas yer tutur.

Təbiətşünas alim və mütəfəkkir mövcud hakim dairələrinin təzyiq və təqiblərinə baxmayaraq xalqı maarifləndirmək, ona öz hüquqlarını başa salmaq məqsədi ilə Azərbaycan dilində ilk qəzet və ilk milli teatr yaratmış, Azərbaycan müəllimlərinin ilk qurultayının çağırılmasının təşəbbüsçüsü olmuşdur.  Zərdabi xalqın “etnik özünümühafizəsi” problemini daha çox qabartmış, bunun üçün xalqın maariflənməsinin vacibliyini göstərmiş, bu məsələdə dil, mədəniyyət və din fenomenlərinə xüsusi diqqət yetirmişdir.  Zərdabiyə görə, maarifdən təcrid olmaq xalqın məhvi deməkdir, buna görə də xalqın mənlik şüurunu oyatmaq, onu xurafatdan xilas etmək, mövhumat və cəhalətin elm və maarifə zidd olduğunu xalqa başa salmaq qarşıda dayanan ən mühüm məsələlərdən biridir. Xalqı milli qırğına təhrik edən erməni millətçilərini mətbuatda kəskin tənqid etmək o dövrdə cəsarətli addım hesab edilə bilər-multikultural dəyərlərə üstünlük verən dövrün ziyalılarından fərqli olaraq Zərdabi milli və dini ayrıseçkiliyi təbliğ edənlərə qarşı daha kəskin mövqe nümayiş etdirmişdir. dirdi.  Zərdabi cəmiyyətdə mövcud olan sosial bərabərsizliyə insanların elmi və mənəvi kamilləşməsi ilə son qoyulacağına inanırdı, o maarif zəminində siniflər arasında ümumi dil tapmağın vacibliyini dəfələrlə vurğulamışdır. Bütün yaradıcılığı boyu xalqın havadarı və müdafiəçisi olmuş Zərdabi  əsərlərində yalnız sosial və iqtisadi məsələləri qoymur, həm də onların elmi həllinə xüsusi diqqət yetirirdi. Zərdabinin cəmiyyətə baxışları ziddiyyətli olmuşdur-o, kəndli ideoloqu kimi çıxış edirdi-cəmiyyətdəki sosial ədalətsizlikləri, zülm və əsarəti şiddətli tənqid etmiş, ictimai dəyişiliklər, inqilabi hərəkatlarla bağlı maraqlı fikirlər söyləmişdir-bütövlükdə isə cəmiyyətə baxışlarında idealizmdən uzaqlaşa bilməmişdir.

XIX əsrin görkəmli mütəfəkkiri, maarifçi-alimlərindən biri, yaradıcılığı ilə Azərbaycan və rus mədəniyyətlərini təmsil edən Qazan və Peterburq universitetlərinin professoru Mirzə Kazım bəy bir çox  Avropa dillərini bilmiş, rus şərqşünaslığının banilərindən olmuş, XIX əsr Asiya və Avropanın elmi dairələrində şöhrət qazanmışdır. Onun mədəniyyət fəlsəfəsinə, Şərqin ictimai-siyasi və fəlsəfi cərəyanlarına, o cümlədən İslam tarixinə və Quranın təfsirinə, mənəviyyat və qnoseologiya problemlərinə, dilin inkişaf qanunauyğunluqlarına dair əsərləri elmi dəyəri, geniş əhatəliyi və orijinallığı ilə fərqlənmişdir. Xürafatın əleyhinə çıxan, maarifə və elmi yüksək qiymət verən Mirzə Kazım bəy “Bab və babilər” əsərində təbiətin bir-birindən fərqli, öz qanunlarına tabe üç-maddi, mənəvi və ruhi-aləmdən ibarət olmasını qeyd etmiş, təfəkkürün mənşəyinin gizli qüvvə, insan mənəviyyatının isə azad iradə ilə bağlılığını göstərmişdir. Mirzə Kazım bəyin “Firdövsiyə görə mifologiya”əsərində müxtəlif bölgə mifləri haqqında maraqlı təhlilləri, “Şamil və müridizm”,“Bab və babilər” kitablarında isə sosial zülmə və xarici istibdada qarşı olan Şamil hərəkatı və babiliyin İslam bölgəsi təriqətləri ilə bağlı fəlsəfi, sosial, dini və etik baxışlarının elmi şərhi  verilmişdir.

XIX əsrin I yarısında A.A.Bakıxanov və Mirzə Kazım bəylə yanaşı milli özünüdərk prosesinə müəyyən töhfələr vermiş mütəfəkkirlərdən biri olmuş İsmayıl bəy Qutqaşınlının gördüyü ən mühüm milli əməllərdən biri də, 1835-ci ildə fransız dilində qələmə alaraq Varşavada nəşr etdirdiyi “Rəşid bəy və Səadət xanım” əsəri məzmununa görə, özündən əvvəlki ədəbiyyatlardan xeyli dərəcədə fərqlənmiş, XIX əsrdə millətin gerçək, real həyatını əks etdirmişdir.

Gələcək nəslin taleyində müəyyən iz buraxmış, müasiri olduğu cəmiyyətin problemlərinə reallıqdan baxan maarifçi-filosofu Mirzə  Şəfi  Vazehin ən çox diqqət yetirdiyi məsələ cəmiyyətin dinə münasibəti problemi olmuşdur. Vazeh təəssüflə qeyd etmişdir ki, din alimləri islamla bağlı əsil həqiqəti həmişə millətdən gizlətmişlər. Apardığı müşahidələrə əsaslanaraq belə qənaətə gəlmişdir ki, ruhanilərin anlaşılmayan duaları və moizələri xalqın əzabını daha da artırır-mütəfəkkir dini təbliğ edən şairlərə də qulaq asmağın mənasız olduğunu açıq şəkildə bildirməkdən çəkinməmişdir. Vazeh xalqın ruhanilərə, müctəhidlərə deyil, vətənpərvər, millətsevər insanlara ehtiyacı olduğunu bildirir. Bəlkə də buna görə Gəncə məscidlərinin birində M.F.Axundova dini elmləri öyrədərkən Vazeh onu ruhani olmaq fikrindən daşındıra bilmişdir. Maarifçi-filosofun Tiflisdə  təşkil  etdiyi  “Divani hikmət” ədəbi məclisi,  maarifçiliyin  inkişafı  və  cəhalətin  tənqidi  baxımından  yazdığı satiraları  özünəməxsusluğu  ilə  seçilir. XIX əsrin birinci yarısında ədəbi  fəaliyyətlə məşğul  olan görkəmli şair, qeyri-adi taleyi olan pedaqoq Vazehin şəxsiyyəti və yaradıcılığı, Şərq və Qərb sivilizasiyalarının müdrikliyini özündə üzvi şəkildə birləşdirən poetik irsi onu Şərq poeziyası klassikləri pleyadasının parlaq nümayəndələrindən biri hesab etməyə əsas verir.

Azərbaycan türkcəsində şeirlər yazan, türk dilinin saflığının qorunması uğurunda mübarizə aparan, cəmiyyətdəki nöqsanları, geriliyi tənqid edən Qasım bəy Zakirin fikrincə, artıq onun dövründə xalın mənəvi dünyasına zərbə vuran mollaya, qaziyə, ruhaniyə heç kim inanmır. Milli şair olan Zakirin Axundova mühüm təsiri olmuşdur-Axundov bir neçə komediyasını Zakirdən eşitdikləri əhvalatlar əsasında qələmə almışdır. Xalqının dilini, onun ağır maddi durumunu çox yaxşı bilən Zakirin Mirzə Fətəliyə yazdığı məktublarında özünün həqiqi milli şair olduğunu bir daha əyani şəkildə göstərmişdir.

Beləliklə, Qutqaşınlı, Vazeh və Zakir öz yaradıcılıqlarında həm dövrlərinin problemlərinə gerçək kontekstdən yanaşmaları və dini xurafatı daha cəsarətlə tənqid etmələri (Vazeh), həm müəyyən qədər də olsa, təmiz Azərbaycan türkcəsində yazmaları (Zakir), həm də Qərb mədəniyyətinin müsbət cəhətlərini təbliğ etmələri (Qutqaşınlı) ilə fərqlənmişlər. Təbii ki, bütün bunlar o dövr üçün cəsarətli addım, bir yenilik idi. Bu maarifçi-mütəfəkkirlər keçmişin mühafizəkar adət-ənənələrindən tamamilə qurtula bilməsələr də, onlara qarşı çıxa bilməklə bu adət-ənənələrə tamamilə bağlı olaraq da qalmadıqlarını nümayiş etdirmişlər. Onlar təmsil etdikləri mədəniyyəti inkar etməsələr də, həmin mədəniyyətin qüsurlarını cəsarətlə ifşa etmiş, bu mədəniyyətin bir yerdə dayanıb qalması ilə də razılaşmamışdırlar. Bu məqsədə xidmət edən mütəfəkkirlər öz yaradıcılıqlarında birbaşa olmasa da, dolayısı ilə, yeri gələndə artıq yeni dövrün tələblərinə cavab verməyən, mühafizəkar dini və milli adət-ənənələri tənqid edir, onlara dövrün tələblərinə uyğun yeni rəng qatmağa çalışırdılar. Təbii ki, görülən bütün bunlar isə milli özünüdərk prosesinə müsbət təsir göstərir, xalqın, millətin qarşısında yeni bir səhifə açırdı.

Din arxasında  sığınaraq  xalqı  aldadan   mollaları,  ruhaniləri   öz şeirlərində kəskin tənqid  edən  Seyid Əzim Şirvaninin  yaradıcılığında ictimai mahiyyət daşıyan satiraları mühüm yer tutur-onu öz dövrünün dahi realist şairi kimi məşhurlaşdıran da məhz bu satiralardır. Seyid Əzimin dövrün ictimai eyiblərinə qarşı ifşaedici münasibəti onun satiralarında aydın şəkildə ifadə edilmişdir. Şairin “Əkinçinin hadisəsi”, “Padşah və əkinçi”, “Şamaxının yeni bəyləri haqqında həcv”, “Köpəyə ehsan”, “Yerdəkilərin göyə şikayəti” və s. kimi əsərlərində xalqın qanını soran istismarçı siniflər, bəy və mülkədarlar, çar məmurları, xalqı avamlıq və fanatizm girdabında saxlayan din xadimləri tənqid obyekti kimi götürülərək ifşa edilmişdir.

XVIII əsrin sonundan XIX əsrin ortalarınadək olan dövrdə Azərbaycan ictimai-fəlsəfi fikrinin müəyyən xüsusiyyətlərini aşağıdakı kimi ümumiləşdirmək məqsədəuyğundur:

*birincisi, Azərbaycanın Rusiya tərəfindən ilhaq edilməsi nəticəsində yaranan ziddiyyətli meyllər, ideyalar bu dövrün ictimai fikrində özünü aydın şəkildə göstərirdi-ictimai-fəlsəfi fikirdə köhnə feodal ictimai münasibətlərini, milli ənənə və milli sərvətləri qoruyub saxlamağa meyl, “milli özünəməxsusluğu” hifz edən baxışlar qalmaqda idi;

*ikincisi, bu dövrdə ictimai-fəlsəfi fikirdə hələ də islam ehkamçılığının, müsəlman ilahiyyatının güclü təsiri xüsusilə hiss olunmaqda idi;

*üçüncüsü, XIX əsrdə Azərbaycan ictimai-fəlsəfi fikrində maarifçilik ideyaları da əmələ gəlmiş və XX əsrin əvvəllərində o daha da qüvvətlənmişdir. Azərbaycan maarifçiliyini əsasən XIX əsr hadisəsi hesab etmək tarixi həqiqətə daha çox uyğundur-Azərbaycan maarifçiliyinin öz inkişafına görə iki mərhələyə bölmək olar: birinci mərhələ-XIXəsr-bu mərhələdə maarifçilik idealları feodal-təhkimçilik üsul idarəsinin maariflənmə yolu ilə islah edilməsi, insaniləşdirilməsi, dini fanatizm, mövhumat, cəhalətin, feodal əsarətinin kəskin tənqid edilməsi və aradan qaldırlması ilə ifadə olunrdu. Azərbaycan maarifçiliyinin ikinci mərhələsi-XIX əsrin sonu və XX əsrin əvvəllərinin əhatə edir-bu dövrün maarifçiliyi daha çox radikalizmlə, inqilabi demoratik ideyalarla qovuşması ilə, həyat proqramlarını daha qətiyyətli taktiki metodlara həyata keçirməyə meylli olması ilə fərqlənir;


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin