“İnsan tərbiyənin predmetidir” əsəri 81 fəsildən ibarət olub 2 hissəni: “Fizioloji hissə”ni və
“Psixoloji hissə”ni təşkil edir. Burada irəli sürülmüş tərbiyəvi məsələlər həm fəlsəfi baxımdan işıqlandırılır,
həm də onların mahiyyəti açıqlanır.
“İnsan tərbiyənin predmetidir” traktatında təlim-tərbiyə nəzəriyyəsini elmi cəhətdən əsaslandıran
Konstantin Dmitriyeviç Uşinski belə qənaətə gəlir ki, pedaqoji təcrübə ayrı-ayrı hallarda bir deyil, bir neçə
səbəbə malik olan çox mürəkkəb prosesdir.
”Əgər pedaqogika insanı hər cəhətdən tərbiyə etmək istəyirsə, o, əvvəlcə insanı hər cəhətdən də öyrənməlidir” müddəasına uyğun olaraq K.D.Uşinski aşağıdakı məşhur fikrini irəli sürür: “Tərbiyəçi insanı
həqiqətdə olduğu kimi bilməli, onun bütün zəif və qüvvətli cəhətləri ilə, bütün gündəlik xırda ehtiyacları və
eləcə də böyük ruhi tələbləri ilə tanış olmalıdır. Tərbiyəçi insanı ailədə, cəmiyyətdə, xalq arasında, bəşəriyyət
içərisində və öz vicdanı ilə üzbəüz durduğu halda öyrənməlidir. O, insanı bütün yaşlarda, bütün siniflərdə,
bütün vəziyyətlərdə, şadlıq və qəmginlik hallarında, yüksələn və alçalan hallarda, bədəncə sağlam və xəstə
olan vaxt, hədsiz ümidlər içərisində və bütün insan təsəllilərinin gücsüz olduğu ölüm yatağında olan zaman
öyrənməlidir. O, ən çirkin və yüksək işlərin meydana çıxması səbəblərini, cinayətlərin və yüksək fikirlərin baş
verməsi tarixini bilməlidir. Yalnız bu zaman o, insan təbiətinin özündən tərbiyə vasitələrini əxz edə bilər bu
vasitələr isə çoxdur”.
K.D.Uşinskiyə görə, səmərəli pedaqogikanın əsas yolu insanı tərbiyə predmeti kimi əsaslı surətdə
öyrənməkdən ibarətdir. Pedaqoq alim K.D.Uşinski “İctimai tərbiyədə xəlqilik haqqında” əsərində yazırdı:
“Hamı üçün ümumi olan tək bircə fitri meyl var ki, tərbiyə ona hər zaman arxalana bilər. Biz buna xəlqilikadı
veririk”.
K.D.Uşinskinin tərbiyə sistemində xəlqilik əsas ideyanı təşkil edir. Bu onun pedaqoji konsepsiyasının
əsas mərkəzidir. K.D.Uşinski xəlqiliyi hər bir xalqın öz tarixinə və həmin xalqın səciyyəvi xüsusiyyələrinə müvafiq kimi
başa düşürdü. Onun fikrincə, gənc nəslin tərbiyəsi xəlqilik üzərində qurulmalı və uşaqlarda milli iftixar hissi
oyatmalıdır.
K.D.Uşinski yazırdı ki, hər xalqın özünəməxsus milli tərbiyə sistemi vardır: ona görə ki, bir xalqın başqa
xalqdan tərbiyə sistemlərini əxz etməsi mümkün deyildir. K.D.Uşinski əxlaq tərbiyəsinə böyük əhəmiyyət
vermişdir. Onun fikrincə, tərbiyənin məqsədi-həm zehni, həm əxlaqi, həm də fiziki cəhətdən inkişaf etmiş və öz zəhməti ilə xalqına fayda verən mükəmməl insan yetişdirməkdir. Tərbiyə insanın formalaşmasında həlledici rol oynayır, insan tərbiyə nəticəsində insan olur. K.D.Uşinski
tərbiyəni yalnız insan cəmiyyətinə xas olan ictimai hadisə hesab etmiş və onu biolojiləşdirməyə çalışan hər
cür təşəbbüsə qarşı çıxmışdır.
K.D.Uşinski gənc nəsildə vətənpərvərlik, xalqa bağlılıq, ictimai vəzifə hissi, insanpərvərlik, əqidədə
möhkəmlik, işgüzarlıq, çətinliklərlə mübarizə üçün yüksək iradə və əzm, əməyə sevgi, doğruçuluq, namuslu
və intizamlı olmaq kimi müsbət əxlaqi keyfiyyətlərin tərbiyə edilməsini vacib sayırdı.
K.D.Uşinski şəxsiyyətin formalaşmasında əməyi mühüm şərt hesab edirdi. O, “Əməyin psixi və tərbiyəvi əhəmiyyəti” adlı məqaləsində əməyi maddi sərvətlər yaradan mühüm şərt adlandıraraq yazırdı: “Əgər tərbiyə
insanı xoşbəxt etmək istəyirsə, onu xoşbəxtlik üçün tərbiyə etməməli, bəlkə də əmək həyatına hazırlamalıdır...
Tərbiyə insanda əməyə adət və məhəbbət inkişaf etdirməlidir”.
Fiziki əməyə böyük əhəmiyyət verən K.D.Uşinski onun zehni əməklə birləşdirilməsini faydalı hesab
89
etmişdir. Onun fikrincə, təlim əməkdir, özü də ağır zehni əməkdir; bu sahədə vərdişi olmayan adam daha
tez yorulur, buna görə də uşaqları zehni əməyə tədricən alışdırmaq lazımdır.
K.D.Uşinski qeyd edirdi ki, ictimai tərbiyə sahəsində hər kəsin öz yeri vardır. Lakin, bu orqanizmdə ən
mühüm üzv müəllimdir, tərbiyəçidir. Tərbiyəvi təsir inkişaf etmiş xarakterin yeni təşəkkül edən xarakterə
təsiri deməkdir, xarakter insanın şəxsiyyətindədir. Ona görə də tərbiyədə hər şey tərbiyəçinin şəxsiyyətinə
əsaslanmalıdır, çünki tərbiyə qüvvəsi ancaq insan şəxsiyyətinin canlı mənbəyindən axır.