2.Natiq öz sözü, cümləsi, düşüncəsi, üslubu ilə danışmalıdır. Özgə dili ilə, hazır cümlələrlə danışmaq nitqin keyfiyyətini aşağı salır.
Norma və variantlılıq. Fonetik, orfoepik və orfoqrafik normalar.
Ünsiyyətin dil strukturu nəzəri cəhətdən mədəniyyətə yiyələnməyin bir aspektidir, hər bir cəmiyyətin ünsiyyət norması mövcuddur, əsas tələbi müəyyən dil vasitələrindən istifadə etməklə mütləq və qeyd-şərtsiz nitq mədəniyyəti qaydalarına əməl etməkdir, nitq mədəniyyətinin normativ aspekti ədəbi dil daşıyıcılarının etik ünsiyyətinin səviyyəsini tələb edir.
Nitq mübadiləsində dil materialından istifadəetmə səriştəsi, ədəbi dili yüksək səviyyədə mənimsəməkdən asılıdır. Ədəbi dil norma problemi ilə sıx bağlıdır. Norma – bütün dil materialını əhatə edir və mövcud variantlığın qarşısını alır. Doğrudur, variantlıq mənaya xələl gətirmir, dil sistemini dəyişmir, lakin nitq mədəniyyətində yüksək ədəbi dilə, leksik-semantik normaya, məna dəqiqliyinə riayət olunması tələb edilir. Nitq mədəniyyətinin normaları yazılı və şifahi nitqin qaydalarından törəmişdir. Düzgün ifadə norması iki aspektdə: yazılı nitqdə sözün hərf tərkibinin normativliyinə riayət olunduğu kimi, şifahi nitqdə orfoepik qanunların gözlənilməsini və funksional səs vahidlərinin normativ səslənməsini, orfoepiyasını, eləcə də variantlığının fərqləndirilməsini tələb edir.
Ədəbi dil müvafiq xüsusiyyətlərə malikdir.Ədəbi dil:
- milli dilin dialekt layı, onun işlənmə sahəsi ilə, müəyyən ərazi və ya sosial qruplarla əlaqədar deyil;
- polifunksionallığa – formalaşmış funksional üslublar sisteminin bütün fəaliyyət sahələrinə xidmət edir;
- nisbi davamlıdır, bu da yazılı nitq normaları ilə təsbit edilir;
- kitab-ədəbi və danışıq-ədəbi dil formalarında mövcuddur;
- variantlığa və dəyişkənliyə meyillidir;
- kodifikasiya edilir və zamanın tələbləri ilə normalaşır;
- normaların sabilitliyi əvvəlki dövrlərlə müqayisə olunur və tətbiqinə şüurlu nəzarət edilir;
- sosial-ideoloji mühitin amilləri ilə müşayiət olunur;
- yüksələn xətt üzrə inkişaf edir.
Norma - dil vasitələrinin məcmusu və müvafiq dövrdə cəmiyyətdə qəbul edilmiş işlənmə qaydasıdır.Norma qanuna salınmış və hamı tərəfindən qəbul edilmiş məcburi qaydalardır. Ədəbi dilin normaları kütləvi xarakterdədir.Yəni hamı tərəfindən anlaşılan, hamının dil ünsiyyəti üçün yaradılır.
Ədəbi dilin normalaşdırılması o deməkdir ki, onun lüğət tərkibi ümumxalq dilinin zəngin söz xəzinəsindən seçilir, ayrılır, sözlərin mənası və işlənmə məqamları, tələffüz tərzi və yazılış qaydası müəyyən prinsiplərə tabe edilir, sözdüzəltmə ümumi ənənəvi qaydada aparılır, ədəbi dil dialektlərə, loru dilə, jarqonlara qarşı qoyulur.
Dilçilikdə norma anlayışı geniş və dar mənada başa düşülür. Geniş mənada norma ənənəvi və kortəbii surətdə yaranan, bu və ya digər növ müxtəlifliyi ilə digərlərindən fərqlənən nitq üsullarıdır. Dar mənada norma ədəbi dildə qanuna salınmış və hamı tərəfindən qəbul edilməsi məcburi olan linqvistik qaydalardır.
Ədəbi dildə normaya verilən tələbləri belə qruplaşdırmaq olar:
1. Norma bu dildə danışan bütün şəxslər üçün vahid və məcburidir. Dil daşıyıcıları, cəmiyyətdəki müxtəlif sosial təbəqə və qrupların nümayəndələri ənənəvi ifadə üsullarına, habelə qrammatika və lüğətlərdə təsbit edilmiş qayda-qanunlara riayət etməlidirlər.
2. Norma mühafizəkardır və onun qanunları istifadə etdiyimiz dilin cəmiyyətdə formalaşmış qayda-qanunlarının saxlanmasına və qorunmasına yönəlmişdir. Bu mühafizəkarlıq dil vahidinin əvvəlki nəsillər tərəfindən qəbul olunmuş istifadəsinə əsaslanır, onların nümayəndələri üçün dilin aydınlığını təmin edir. Norma dildən ənənəvi istifadə qaydalarına əsaslandığı üçün baş verən linqvistik yeniliklərə ehtiyatla yanaşır.
3. Norma zamana uyğundur: sosial şəraitdən asılı olaraq normalar da dəyişir. Ona görə də ədəbi dilin bu və ya digər inkişaf dövründə köhnə və yeni normanın mövcudluğu qaçılmazdır. Norma ədəbi dilin inkişafı ilə müqayisədə gec dəyişir.
4. Norma üçün ünsiyyət şəraitindən asılı olaraq, müxtəlif üsullarla dil ifadəsində dinamik təsirin kommunikativ məqsədəuyğunluğu xarakterikdir.
Variantlıq eyni mənanı müxtəlif formalarda verməkdir. Variantların yaranmasının əsas səbəbi həm daxili, həm də xarici amillərin təsiri ilə dildə baş verən dəyişikliklərdir.
Xarici amillər:
dialektlərin, sosiolektlərin təsiri;
cəmiyyətdə sosial-siyasi dəyişikliklər (leksikada);
elm və texnikanın inkişafı (terminologiyada) ; beynəlxalq əlaqələr (digər dillərlə qarşılıqlı əlaqə).
Daxili amillər:
dil formalarının unifikasiya meyli (analogiya qanunu);
dil sabitliyi meyli (dil ənənəsi qanunu) – dil proseslərinə zidd olan ayrı-ayrı formaların süni şəkildə saxlanması;
dil vasitələrinə qənaət meyli (abreviaturların işlənməsi və ya hallandırılması; AzTU, BDU və s.).
Variantların rəqabəti birinin üstünlüyü, qəbulu ilə nəticələnir və o, normaya çevrilir. Norma dilin inkişaf meyillərinə zidd olduqda tədricən zəifləyir, müəyyən zaman kəsiyində bərabərhüquqlu variantlar yaranır, sonra dəyişir və sabitləşir.
Norma şifahi və yazılı dil arasındakı fərqləri kəskinləşdirməməlidir. Norma variantları da saxlamalı, funksional və üslubi fərqləri aradan qaldırmamalıdır.
Norma ədəbi dildə milli dilin digər dil hadisələri arasında süzgəc, qoruyucu rolu oynayır: ünsiyyət cəhətdən zəruri olmayan vasitələrin ədəbi dildə tətbiqinə yol vermir, bütün təsadüfi, funksional baxımdan düzgün olmayan ifadələri ayırır. Norma - ədəbi dilin qorunması və saxlanmasının təminatıdır; onun mühafizəkarlığı ədəbi dil üçün faydalıdır.