Qeyd. Azərbaycan əlifbasında [x'] səsini ifadə edən ayrıca hərf olmadığı üçün həmin səs şərti olaraq y samitinin kar qarşılığı kimi qəbul edilmişdir.
2.12.2. bu qəbildən olan sözlərdən sonra samitlə başlayan şəkilçi və ya söz işləndikdə də k samiti [x'] kimi tələffüz olunur: çiçəklər [çiçəx'lər], çiçək dərdim [çiçəx' dərdim], diləksiz [diləx'siz], dilək tutmaq [diləx' tutmax], ərikdən [ərix'dən], ərik mürəbbəsi [ərix' mürəbbəsi], körükdə [körüx'də], körük basmaq [körüx' basmax] və s.;
2.12.3. belə sözlərdən sonra saitlə başlayan şəkilçi işləndikdə, k samiti yazıda olduğu kimi tələffüzdə də [y] səsinə keçir: çiçəyin [çiçəyin], diləyimiz [diləyimiz], əriyə [əriyə], körüyü [körüyü] və s.;
2.12.4. belə sözlərdən sonra saitlə başlayan söz işləndikdə, k samiti [y] kimi tələffüz olunur: çiçək ətri [çiçəy ətri], döşəküzü [döşəyüzü], ərik ağacı [əriy ağacı], kəklikotu [kəkliyotu] və s.;
2.12.5. Azərbaycan mənşəli təkhecalı sözlərin sonundakı k samiti [ke] kimi tələffüz olunur: bərk [bərk], börk [börk], görk [görk], tək [tək], tük [tük], türk [türk] və s. Belə sözlərdən sonra saitlə və ya samitlə başlayan şəkilçi və ya söz işləndikdə də k samiti [ke] kimi tələffüz olunur: bərk odun [bərk odun], börkdə [börkdə], görk üçün [görk üçün], türkün [türkün], türklər [türklər], türk dövlətləri [türk dövlətləri], türk ordusu [türk ordusu] və s.;
2.12.6. ərəb və fars mənşəli təkhecalı və çoxhecalı sözlərin sonundakı k samiti [ke] kimi tələffüz olunur: çirk [çirk], əmlak [əmlak], idrak [idrak], mübarək [müba:rək], şərik [şərik], tədarük [tədarük], tərk [tərk] və s. Belə sözlərdən sonra saitlə və ya samitlə başlayan şəkilçi və ya söz işləndikdə də k samiti [ke] kimi tələffüz olunur: çirkli [çirkli], şərikli çörək [şərikli çörəx], tərk etmək [tərk etməx], əmlakdan [əmlakdan], əmlakımız [əmlakımız], əmlak ortağı [əmlak ortağı], əmlak toxunulmazlığı [əmlak toxunulmazlığı] və s.
2.13. Rus və Avropa mənşəli iki və daha çox hecalı sözlərdə k hərfi özündən sonra incə sait gəldikdə [ke] kimi (anket, buket, okean və s.), qalın sait və samit gəldikdə isə [ka] kimi tələffüz olunur: ekran [ek'ran], koronavirus [karonavirus], aktual [ak’tual] və s.
Dostları ilə paylaş: |