Qeyd. Rus və Avropa mənşəli təkhecalı sözlərin sonundakı k samiti [ka] kimi tələffüz olunur: bank [bank'], fakt [fak't], feyk [zeyk], tank [tank] və s.
3. Şəkilçilərin tələffüzü
Bəzi şəkilçilər müəyyən şərait və məqam daxilində yazılışından fərqli tələffüz olunur ki, bu deyiliş tərzi orfoepik norma kimi qəbul edilir.
Şəkilçilərin orfoepik tələffüzünə aşağıdakıları göstərmək olar:
3.1. Üçüncü şəxsin təkini bildirən -dır4 xəbərlik şəkilçisi [-dı4] kimi tələffüz olunur: ağıllıdır [ağıllıdı], doludur [doludu], gözəldir [gözəldi], gözləməlidir [gözdəməlidi], istəyəsidir [isdiyəsidi], səfərdədir [səfərdədi], üstünlükdür [üsdünnüx'dü], yaxınlıqdadır [yaxınnıxdadı], yaxşıdır [yaxşıdı] və s.
3.2. İkinci şəxsin cəmini bildirən -sınız4 xəbərlik şəkilçisi [-sız4] kimi tələffüz olunur: bacısınız [bacısız], böyüksünüz [böyüx'süz], gəlirsiniz [gəlirsiz], gözəlsiniz [gözəlsiz], qohumsunuz [qohumsuz], qorxursunuz [qorxursuz], ölçürsünüz [ölçürsüz] və s.
3.3. Zərf düzəldən -la2 şəkilçisi, həmçinin ilə bağlayıcısı və qoşmasının şəkilçiləşmiş -la2 forması [-nan2] şəklində vurğusuz tələffüz olunur: atamla anam [atamnan anam], bacımla [bacımnan], cəsarətlə [cəsa:rətnən], qələmlə [qələmnən], namusla [namusnan], sürətlə [sürətnən], telefonla [telefonnan] və s.
Qeyd. İlə bağlayıcısı və qoşması saitlə bitən sözlərə qoşulduqda, [-ynan], [-ynən] kimi tələffüz olunur: atası ilə [atasıynan], dostu ilə [dostuynan], gözü ilə [gözüynən], nənəsi ilə babası [nənəsiynən babası] və s.
3.4. -dan2 çıxışlıq hal şəkilçisi m, n hərfləri ilə bitən sözlərə qoşulduqda, [-nan2] kimi tələffüz olunur: adamdan [adamnan], bədəndən [bədənnən], gözümdən [gözümnən], meydandan [meydannan] və s.
3.5. A, ə saitləri ilə bitən çoxhecalı sözlərə y bitişdirici samiti ilə başlayan qrammatik şəkilçilər (-ya2, -yır4, -yar2, -yan2, -yacaq2, -yası2, -yaraq2, -yarkən2, -yıb4, -yınca4 və s.) qoşulduqda, bu saitlər özündən əvvəlki hecaya uyğun qapalı saitlə ([ı], [i], [u], [ü]) tələffüz olunur: almayacaq [almıyacax], anaya [anıya], bağlayır [bağlıyır], başlayar [başdıyar], dəvəyə [dəviyə], gözləyəsidir [gözdüyəsidi], kölgəyə [kölgüyə], oxşayan [oxşuyan], oynayınca [oynuyunca], söyləyən [söylüyən] və s.
3.6. L samiti ilə başlayan bəzi şəkilçilər d, n, r, s, ş, t, z samitləri ilə bitən sözlərə qoşulduqda, şəkilçinin ilk samiti assimilyasiyaya uğrayaraq fərqli tələffüz olunur:
3.6.1. -lı4 şəkilçisi [-dı4], [-rı4], [-nı4] kimi tələffüz olunur: atlı [atdı], canlı [cannı], dəyərli [dəyərri], duzlu [duzdu], qanadlı [qanatdı], qanlı [qannı], qarlı [qarrı], səsli [səsdi], söyüdlü [söyütdü], sözlü [sözdü] və s.;
3.6.2. -lıq4 şəkilçisi [-dıx4], [-rıx4], [-nıx4] kimi tələffüz olunur: birlik [birrix'], daşlıq [daşdıx], qaranlıq [qarannıx], memarlıq [me:marrıx], pərtlik [pərtdix'], sərtlik [sərtdix'], uzunluq [uzunnux], yazlıq [yazdıx] və s.;
3.6.3. -la2 şəkilçisi [-da2], [-ra2], [-na2] kimi tələffüz olunur: banlamaq [bannamax], dərmanlamaq [dərmannamax], düyünləmək [düyünnəməx'], hazırlamaq [hazırramax], təmizləmək [təmizdəməx'] və s.;
3.6.4. -lan2 şəkilçisi [-dan2], [-nan2], [-ran2] kimi tələffüz olunur: alqışlanmaq [alqışdammax], canlanmaq [cannammax], cəsarətlənmək [cəsa:rətdəmməx'], tumarlanmaq [tumarrammax], zəhərlənmək [zəhərrəmməx'] və s.;
3.6.5. -laş2 şəkilçisi [-daş2], [-raş2], [-naş2] kimi tələffüz olunur: cavanlaşmaq [cavannaşmax], dərdləşmək [dərtdəşməx'], fikirləşmək [fikirrəşməx'], qatarlaşmaq [qatarraşmax] və s.;
3.6.6. -lar2 şəkilçisi [-dar2], [-rar2], [-nar2] kimi tələffüz olunur: alətlər [a:lətdər], atlar [atdar], buludlar [bulutdar], dənizlər [dənizdər], əsgərlər [əsgərrər], qızlar [qızdar], mislər [misdər], narlar [narrar], oğlanlar [oğlannar], sərhədlər [sərhətdər], səslər [səsdər] və s.;
3.6.7. -laq şəkilçisi [dax] kimi tələffüz olunur: duzlaq [duzdax], qışlaq [qışdax], otlaq [otdax] və s.
3.7. Feildən isim və ya sifət düzəldən -ki, -kü; -kin, -kün; -kən şəkilçiləri kar samitlə bitən sözlərə qoşulduqda, şəkilçidəki k samiti [g] kimi tələffüz olunur: döyüşkən [döyüşgən], itkin [itgin], kəskin [kəsgin], küskün [küsgün], səpki [səpgi], sürüşkən [sürüşgən], sürtkü [sürtgü] və s.
3.8. Q samiti ilə bitən şəkilçilər (-ıq, -uq; -aq, -q; -lıq, -luq; -laq; -caq; -cıq; -araq; -acaq; -anaq və s.) söz sonunda və ya samitlə başlayan digər şəkilçidən əvvəl işləndikdə, [x] kimi tələffüz olunur: bolluq [bollux], bozaraq [bozarax], daraq [darax], dayanacaq [dayanacax], oyuncaq [oyuncax], saçaq [saçax], tozanaq [tozanax], yaylaq [yaylax] və s.
3.9. K samiti ilə bitən şəkilçilər (-ik, -ük; -ək, -k; -lik, -lük; -lək; -cək; -cik, -cük; -ərək; -əcək; -ənək və s.) söz sonunda və samitlə başlayan digər şəkilçidən əvvəl işləndikdə, [x'] kimi tələffüz olunur: bəzək [bəzəx'], biçənək [biçənəx'], döşək [döşəx'], evcik [evcix'], əlcək [əlcəx'], əzik [əzix'], gələcək [gələcəx'], gəlincik [gəlincix'], işlək [işdəx'], sönərək [sönərəx'], sönük [sönüx'], şənlik [şənnix'], üzlük [üzdüx'], yelləncək [yelləncəx'] və s.
3.10. M və n samitləri ilə bitən sözlərdən sonra işlənən -dan2 çıxışlıq hal şəkilçisi [-nan2] şəklində tələffüz olunur: qardaşımdan [qardaşımnan], məndən [mənnən], oğlandan [oğlannan], ondan [onnan], sözümdən [sözümnən], üzümdən [üzümnən], vətəndən [vətənnən] və s.
3.11. C samiti ilə bitən -ınc4; -qac2, -ğac2; -c və s. şəkilçilər söz sonunda və samitlə başlayan digər şəkilçidən əvvəl işləndikdə, [ç] kimi tələffüz olunur: gülünc [gülünç], inanc [inanç], qazanc [qazanç], sayğac [sayğaç], sevinc [sevinç], süzgəc [süzgəç], tıxac [tıxaç], tutqac [tutqaç] və s.
3.12. Qoşa kar samitlə bitən təkhecalı sözlərdən (həkk, şəkk, xətt və s.) sonra saitlə başlayan şəkilçi və ya söz işləndikdə, qoşa kar samitin ikincisi cingiltili tələffüz olunur: şəkkin[şəkgin], şəkk etmək [şəkg etməx], həkk olunmaq [həkg olummax], xəttin [xətdin], xəttat [xətdat], xətt üstündə [xətd üsdündə] və s.
3.13. Müxtəlifcinsli samitlərlə bitən elm, fəhm, həcm, hökm, rəhm, rəsm, sehr, səhm, sədr, üzr, üzv, zəhm, zülm kimi ərəb mənşəli təkhecalı sözlərə samitlə başlayan şəkilçi qoşulduqda, tələffüz zamanı söz kökündəki samitlər arasına qapalı sait əlavə edilir: elmli [elimli], hökmdar [hökümdar], hökmsüz [hökümsüz], rəhmli [rəhimli], sehrli [sehirri], sədrlik [sədirrix′], səhmdar [səhimdar], üzrsüz [üzürsüz], üzvlük [üzüvlüx'], zəhmli [zəhimli] və s.
3.14. İdi, imiş hissəcikləri saitlə bitən sözlərə qoşulduqda, [-ydı], [-ydi], [-ymış], [-ymiş] şəklində tələffüz olunur: dərməli idi [dərməliydi], dərməli imiş [dərməliymiş], qazası idi [qazasıydı], qazası imiş [qazasıymış] və s.
3.15. -stan (-ıstan, -istan, -ustan, -üstan) şəkilçilərindəki t kar samiti [d] kimi tələffüz olunur: Ərəbistan [Ərəbisdan], gülüstan [gülüsdan], Qazaxıstan [Qazaxısdan], Monqolustan [Monqolusdan], Türküstan [Türküsdan] və s.
3.16. -dıqda, -dikdə, -duqda, -dükdə; -dıqca, -dikcə, -duqca, dükcə; -araq, -ərək şəkilçilərindəki q hərfi [x] kimi, k hərfi isə [x'] kimi tələffüz olunur: dincəldikcə [dincəldix'cə], gəldikdə [gəldix'də], qalaraq [qalarax], gördükcə [gördüx'cə], oxuduqca [oxuduxca], öyrənərək [öyrənərəx'] və s.
Dostları ilə paylaş: |