Qeyd. Müasir Azərbaycan dilində -arkən2, -mışkən4 feili bağlama şəkilçisinin formalaşmasında iştirak edən -kən (-ikən) hissəciyi vurğusuz tələffüz olunur: oxuyárkən, oxumúşkən, deyə´rkən, demi´şkən və s.
5.4.5. -ma2, -mə2, -m inkar şəkilçisi vurğusuz tələffüz olunur: oxúmadı, bi´lmədi; oxúmayacaq, bi´lməyəcək, oxúmur, bi´lmir və s.;
Qeyd. Xəbər şəklinin indiki zamanından fərqli olaraq, qeyri-qəti gələcək zamanda inkar şəkilçisi (-m) işlənmiş heca vurğulu tələffüz olunur: oxumáram, bilmə´rəm; oxumázsan, bilmə´zsən və s.
5.4.6. ilə bağlayıcısının və qoşmasının şəkilçiləşmiş -la2 [-nan2] forması, -mı4 sual ədatı vurğusuz tələffüz olunur: torpağímla, ölkə´mlə, atámla anám; oxudúnmu, bildi´nmi; oxuyúrmu, bili´rmi və s.
5.5. Sözdən xitab kimi istifadə olunduqda vurğu əvvəlki hecalara keçə bilər: Azərbaycán – Azə´rbaycan, Vətə´n – Və´tən və s.
Fonetik hadisələr
Dil vahidlərinin fonetik qabığında müxtəlif çalarlıqda təzahür edən hadisələr ümumiləşmiş halda fonetik hadisələr adlanır. Onlar iki qrupa ayrılır: şifahi danışığa aid olanlar və yazılı dil üçün orfoqrafik norma kimi məcbur sayılanlar. İkinci halda fonetik hadisələr qanun hesab olunur,şifahi nitqdəki fonetik hadisələr məcburi yox, ixtiyaridir.
Müasir Azərbaycan dilində, əsasən,aşağıdakı fonetik hadisələr vardır:
1. Uyuşma ( assimilyasiya)
2. Səs fərqləşməsi ( dissimilyasiya)
3. Səs artımı ( proteza)
4. Səsdüşümü ( eliziya)
5. Yerdəyişmə (metateza)
Uyuşma. Tələffüz zamanı bir səsin yanaşı səsə təsir edib öz məxrəcinə uyğunlaşdırmasına və ya həmcinsləşdirməsinə uyuşma deyilir. Məsələn, mən sözünü götürək. Bu sözə -dən şəkilçisi artırıldıqda sözün sonundakı n səsinin təsiri ilə şəkilçinin əvvəlindəki d səsi n səsinə keçir. Buna görə də həmin söz məndən əvəzinə, mənnən şəklində tələffüz edilir.
Azərbaycan dilindəki assimilyasiya hadisəsi istiqamətinə, keyfiyyətinə və digər cəhətlərinə görə müxtəlif və rəngarəngdir.
Assimilyasiyanın istiqaməti
Assimilyasiya istiqamətin görə iki cür olur: irəli assimilyasiya və geri assimiliyasiya.
Dostları ilə paylaş: |