Qeyd. Kar samitlə bitən sözlərə qoşulan fars mənşəli -kar, -keş, -paz şəkilçiləri fars dilindəki leksik mənasını saxladığı üçün (kar “iş”, keş “çəkən”, paz “bişirən”) yazıldığı kimi tələffüz olunur: sənətkar [sənətkar], zəhmətkeş [zəhmətkeş], aşpaz [aşpaz] və s. 2.8. Söz ortasında b, m samitlərindən əvvəl gələn n hərfi [m] kimi tələffüz olunur: dinməz [dimməz], günbəz [gümbəz], sönməz [sömməz], sünbül [sümbül], şənbə [şəmbə], zanbaq [zambax] və s.
2.9. Sonu müxtəlifcinsli ft, xt, st, şt samitləri ilə bitən sözlərin tələffüzündə aşağıdakı qaydalar gözlənilir:
2.9.1. belə sözlərdən sonra samitlə başlayan şəkilçi və ya söz işləndikdə, t hərfi tələffüz olunmur: behiştdən [behişdən], behişt müjdəsi [behiş müjdəsi], xoşbəxtsən [xoşbəxsən], xoşbəxt tale [xoşbəx tale], neftdən [nefdən], neft quyusu [nef quyusu], turist bazası [turis bazası], turistlər [turisdər] və s.; 2.9.2. belə sözlərdən sonra saitlə başlayan şəkilçi və ya söz işləndikdə, t hərfi [d] kimi tələffüz olunur: behiştin [behişdin], behişt arzusu [behişd arzusu], xoşbəxtin [xoşbəxdin], xoşbəxt adam [xoşbəxd adam], neftin [nefdin], neft axını [nefd axını], turistin [turisdin], turist avtobusu [turisd aftobusu] və s.
2.10. Çoxhecalı, habelə bəzi təkhecalı sözlərin sonunda işlənən cingiltili b, c, d, g samitləri aşağıdakı kimi tələffüz olunur:
2.10.1. bu samitlərlə bitən sözlər ayrılıqda işləndikdə, sondakı samit karlaşır: ağac [ağaç], cəld [cəlt], corab [corap], dinc [dinç], fənd [fənt], gənc [gənç], ismarıc [ismarıç], kənd [kənt], qanad [qanat], qəlb [qəlp], rəng [rənk], tüfəng [tüfənk] və s.;
2.10.2. belə sözlərdən sonra samitlə başlayan şəkilçi və ya söz işləndikdə də son samit kar tələffüz olunur: ağacdan [ağaçdan], ağac budağı [ağaç budağı], corablar [coraplar], corab toxuyur [corap toxuyur], qanadsız [qanatsız], qanad çalmaq [qanat çalmax], tüfəngli [tüfənkli], tüfəng qundağı [tüfənk qundağı] və s.;
2.10.3. belə sözlərdən sonra saitlə başlayan şəkilçi və ya söz işləndikdə, son samit yazıldığı kimi cingiltili tələffüz olunur: ağacın [ağacın], ağac altı [ağac altı], corabın [corabın], corab ilməsi [corab ilməsi], qanadın [qanadın], qanad açmaq [qanad açmax], tüfəngin [tüfəngin], tüfəng almaq [tüfəng almax] və s.