XIV Fəsil
AZƏRBAYCANDA MEŞƏ ÖRTÜYÜNÜN
MÜHAFİZƏSİ VƏ BƏRPASI
14.1. Təklif olunan xüsusi mühafizə təbiət obyektləri
Hazırda insanın ətraf mühitə təsirinin gücləndiyi bir dövrdə çox vaxt təbiətdə ekoloji müvazinətin
pozulması müşahidə edilir. Xeyli meşə sahələri məhv edilərək, yaşayış məntəqələri və şum altında istifadə
olunur, otlaqlar sıradan çıxır. Bununla əlaqədar olaraq təbiətin bu və ya digər dərəcədə ilkin vəziyyətdə qalmış
ərazilərinin, obyektlərinin yaxşı qorunub saxlanması günün vacib problemi kimi qarşıya çıxır. Belə sahələrdə
indiyə qədər yoxa çıxmaq qorxusu olan bitki və ya heyvan növləri, bütöv təbii ekosistemlər (landşaftlar), su
mənbələri qalmışdır.
Təbiətin mühafizə edilmə formalarının qarşıya qoyduğu konkret vəzifələri müxtəlif olsa da, məqsəd eyni
olub elmi, tarixi, təsərrüfat və estetik əhəmiyyət kəsb edən bu və ya digər təbii kompleksi, bitki və heyvan
növünü dağılmaqdan, məhv olmaqdan qoruyub saxlamaqdır. Təbiətin qorunub saxlanan formalarından
qoruqları, yasaqlıqları, milli parkları, ayrı-ayrı qiymətli təbiət obyektlərini göstərmək olar.
Qoruqlar təbiətin canlı laboratoriyası sayılır. Qoruq ərazilərində insanın bütün təsərrüfat fəaliyyəti
dayandırılır və orada yalnız mühafizə və elmi tədqiqat işləri aparılır.
Yasaqlıqlar qoruqdan fərqli olaraq hansı təşkilatın ərazisində yerləşirsə, həmin təşkilata baxır (məs. fermer,
meşə təsərrüfatı və s.). Yasaqlıqlarda ovetmə, mal-qara otarma, yer şumlamaya qismən icazə verilə bilər.
Yasaqlıqda bütün təbiət kompleksi deyil, onun ayrı-ayrı komponentləri qorunur.
Respublikamızda flora və faunanın mühafizə olunub saxlanması məqsədilə 5 milli park, 14 dövlət qoruğu
və 18 yasaqlıq yaradılmışdır.
Apardığımız tədqiqatlar nəticəsində respublikamızın müxtəlif təbii zonalarında nisbətən öz ilkin vəziyyətini
saxlamış, lakin məhv olmaq təhlükəsi olan qiymətli meşə obyektləri aşkar edilmişdir. Onların mühafizəsi
məqsədilə yeni qoruq, yasaqlıq və qiymətli meşə obyektlərinin təşkili üzrə tövsiyələr hazırlanmışdır. Aşağıda
respublika ərazisində aşkar etdiyimiz qoruq, yasaqlıq və qiymətli meşə obyektlərinin qısa xarakteristikası verilir.
Dostları ilə paylaş: |