324
Qrunt suyu torpaq səthinə yaxın olan, şorlaşma getməyən və zəif duzlu torpaqlarda
irriqasiya qoruyucu
meşə zolaqlarını qoşalaşdırılmış (ikiləşdirilmiş) cərgələrlə salmaq faydalıdır.Belə əkinlərdə tinglər şırımın hər
iki tərəfində və ya qarşı-qarşıya əkilir. Meşə zolaqlarının kənar cərgələrində meyvə, kol və ya alçaq boylu
ağaclar, kanal tərəfdəki cərgələrdə isə kök sistemi dərin gedən, transpirasiya xüsusiyyəti yükək olan, ucaboylu,
uzunömürlü və tezböyüyən ağac cinslərinin əkilməsi faydalıdır. Əkin cərgələrinin uzunluğunu 100 (meyilli
yerlərdə 25-30 m) metrdən artıq götürmək məsləhət görülmür. Tinglər çalaya şaquli istiqamətdə qoyulmalı, kök
sisteminin torpaqla təmasda olmasını təmin etmək üçün əvvəlcə çalaya azca torpaq tökməli, sonra ting çalaya
qoyulmalı, çala torpaqla doldurulmalı və bitkinin ətrafı taptalanmalıdır. Bütün cərgələr düz xətt boyunca
əkilməlidir.
Tinglərin yaxşı böyüməsi və qoruyucu xüsusiyyətlərini artırmaq üçün ilk növbədə onlara vaxtaşırı qulluq
göstərmək lazımdır. Qulluq işlərinə əkinin (səpinin) aparıldığı gündən suvarmaqla başlamaq lazımdır. İlk
suvarmadan sonra torpaq müəyyən qədər çökür, bəzi nüsxələr şaquli vəziyyətini itirir (əyilir, yıxılır, bəzən
köklərin üstü açılır). Ona görə belə bitkiləri əvvəlki vəziyyətinə qaytarmaq və köklərin üstünü torpaqlamaq
vacibdir. Əks halda bitkilərin gövdəsi düz inkişaf etmir, bitmə faizi aşağı olur.
Kür-Araz ovalığında qrunt suyu səthə yaxın yerləşən sahələrdə əkinin 1-2-ci illəri vegetasiya dövründə 6-7,
qrunt suyu dərində olan sahələrdə isə 8-10 dəfə suvarma aparmaq lazım gəlir. İlk suvarma əkin qurtaran kimi, 2-
ci suvarma 10-15 gündən, 3-cü və sonrakı suvarmalar 25-30 gündən bir aparılır. Hər 2-3 suvarmadan sonra
cərgələr arasında alaq otlarına qarşı mübarizə və bitkilərin ətrafında torpağın yumşaldılması tədbirləri
görülməlidir. Bu tədbirlər suvarmadan 1-4 gün sonra və 2-3 suvarmadan bir təkrar olunur. Alaq otlarına qarşı
mübarizə tədbirləri ağacların çətirləri birləşən dövrə qədər aparılır.
Respublikada fəaliyyət göstərən irriqasiya meşə təsərrüfatları yaradıldığı ildən suvarma şəbəkələri ətrafında
2 min hektardan artıq sahədə qoruyucu meşə zolaqları salınmışdır. Bu zolaqların çoxunun çətirləri birləşərək
meşəlik şəklini almış, lakin onlarda müvafiq xidməti meşə qırıntıları aparılmır.
S.M.Məmmədov (1971) Yuxarı Qarabağ kanalı boyu geniş tədqiqatlar apararaq orada irriqasiya meşə
zolaqları yetişdirmək üçün torpaq sahələrini 8 qrupa ayırır:
I qrup meşə zolağı salmaq üçün yararlı deyil. Bura filtrasiya suları basan sahələr, texniki səbəblər, relyef
şəraiti və yüksək duzluluğa malik olan torpaq sahələri aiddir. Yüksək duzlu torpaqlarda meşə yetişdirmək üçün
onlar duzlardan yuyularaq sağlamlaşdırılmalıdır. Lakin qrunt suyunun səthə yaxın yerləşməsi buna maneçilik
göstərir. Yalnız yüksək kapital qoyuluşunun köməyilə drenaj qurğuları yaratmaqla meşə zolağı salmaq işinə nail
olmaq mümkündür.
II qrupa aid torpaqlarda kanallardan filtrasiya sularının sızması üzündən meşə zolaqları salmaq üçün yararlı
sayılmır. Bunun qarşısının alınması üçün kanalın dib və döş hissələrində beton və ya digər sukeçirməyən
materiallardan özlük yaradılmalıdır. Lakin bu tədbir də yüksək kapital qoyuluşu tələb edir.
III qrupa meşə zolağı salmaq üçün yararlı olmayan planlaşdırılması tələb olunan relyef şəraiti ilə bağlıdır.
Sahənin planlaşdırılması böyük həcmdə torpaq işlərinin görülməsini tələb edir, bu isə iqtisadi cəhətdən sərfəli
deyildir.
IV qrupa kanal boyu yerləşən hidrotexniki qurğular (su ötürücülər, dükerlər, akveduklar, körpülər və s.)
kanalın istismarı xidməti binalar, ətraf təsərrüfat sahələri aiddir. Belə sahələrin çoxunda yaşıllaşdırma aparılmış,
bağ, üzümlük və s. salınmışdır.
V-VI qrupa ikinci növbədə meşə zolaqları salınacaq sahələr daxildir. Belə sahələr az həcmdə planlaşdırılma,
mürəkkəb olmayan, az xərc tələb olunan meliorativ tədbirlərin (filtrasiya və qrunt sularının kənarlaşdırılması
istiqamətində) aparılmasını tələb edir.