14.7. Qaraçöhrə (Taxus baccata)
Həmişəyaşıl ağac növləri arasında adı Azərbaycanın qırmızı kitabına salınan, üçüncü dövrün relikti
giləmeyvəli qaraçöhrə müstəsna yer tutur.
Dünyada 8 qaraçöhrə növü məlumdur. Bunların iki növü Rusiyada bitir: giləmeyvəli (yaxud Avropa
qaraçöhrəsi) və Uzaq Şərq qaraçöhrəsi.
Azərbaycanda giləmeyvəli qaraçöhrə yayılmışdır. Bu nadir ağac növü vaxtilə, Avropada, Kiçik və Şərqi
Asiyada, Şimali-qərbi Afrikada Atlas dağları, Türkiyə, İran və Suriyada geniş sahələr tuturmuş. Hazırda bu
rayonlarda ona tək-tək və qrup halında rast gəlmək olar. Ədəbiyyat məlumatına əsasən Qafqazda bu qiymətli
ağac növünün kiçik sahələrdə meşəliyinə 110 yerdə təsadüf olunmuşdur (Ruquzov, 1972). Bunlardan ən böyüyü
Batsara meşəsi (800 ha) və 700 ildən çoxdur ki, mühafizə olunan Xostin meşəsi (238 ha) hesab olunur. Batsara
dərəsində indiyə kimi qalmış qaraçöhrə meşəsi ərazinin genişliyinə və ilkin halını saxlamasına görə dünyada ən
gözəl və cazibədar meşə sayılır.
Karpatda 80 yerdə qaraçöhrə ağacının bitdiyi yer aşkar edilmişdir. Krımda isə ona tək-tək və qrup şəklində
rast gəlinir.
Alp dağlarında qaraçöhrə dəniz səthindən 1360-1500 metr, Priney və Karpat dağlarında 1600 metr,
Qafqazda 2100 metr, Tavr dağlarında (Türkiyə) 2300 metrə qalxır.
Qaraçöhrə meşələri Azərbaycanda az sahə təşkil etsə də, bu ağacın yayılma arealı olduqca böyükdür.
Azərbaycanda qaraçöhrə ağacı tək-tək və qruplar halında Böyük Qafqaz dağlarının cənub yamacı rayonlarında
(Balakəndən Şamaxıya qədər), Kiçik Qafqaz dağları rayonlarında (Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Dağlıq
Qarabağ) və Talış dağlarında dəniz səthindən 400-1800 metr yüksəkliklərdə bitir.
Qaraçöhrə ən çox Girdiman ilə Vəndam çayları arasında orta dağ-meşə qurşağında dəniz səthindən 1100-
1600 metr yüksəklikdə bitir. Qərb rayonlarında isə ona ən çox Kiş və Qatex çayı hövzələrində rast gəlinir.
Giləmeyvəli qaraçöhrə uzunömürlü ağacdır. Əlverişli şəraitdə 3 min il və daha uzun ömür sürür.
Qaraçöhrənin oduncağı qonur-qırmızı olduğuna görə onu çox vaxt qırmızı ağac da adlandırırlar. Möhkəm,
gözəl, yaxşı cilalanmış oduncağından mebel, kiçik hədiyyələr, mücrü, gəmiçilikdə sualtı qurğuların
hazırlanmasında və dülgərlik işində istifadə edilir.
Başqa iynəyarpaqlılardan fərqli olaraq qaraçöhrə ağacında qatran yoxdur. Lakin onda efedrin alkoloidi,
toksin, toxumunda 30 faizdən çox yağ, yarpağında toksikatın qlükozası və s. vardır.
Dünya miqyasında qarçöhrə meşələrinin azalmasına, yoxa çıxmasına səbəb yalnız müntəzəm davam edən
insan fəaliyyəti olmuşdur. Qaraçöhrənin oduncağından keçmişdə kaman və oxların düzəldilməsi onun ən
qədimdən istismar olunmasını göstərir.
Antik dövrdə qaraçöhrə bədbəxtlik və kədər ağacı hesab edilmişdir. Qaraçöhrədən düzəldilən tabutlarda
misir fironlarını dəfn etmişlər. Qədim Romada qaraçöhrə ağacının budaqları matəm mərasimlərinin adəti əşyası
olmuşdur. 1983-cü ildə İngiltərədə sualtı arxeoloji tədqiqatı zamanı 1536-cı ildə batan gəmi tapılmışdır, onun
içində qaraçöhrə oduncağından düzəldilmiş 2500 ədəd ox və 139 ədəd kaman olmuşdur. Bir metr uzunluğunda
olan bu iri kamanlar 450 il keçməsinə baxmayaraq sudan və dəniz orqanizmlərindən heç bir ziyan çəkməyib çox
yaxşı vəziyyətdə qalmışdır. Kamanların dəmir ucluqlarından isə əsər belə qalmamışdır. Keçmiş müharibələrdə
minlərlə qaraçöhrə ağacı məhv edilmişdir. Əfsanələrdə deyilir ki, Xust qalasını Krım xanlığının hücumundan
müdafiə etmək məqsədilə Zakarpatye döyüşçüləri qaraçöhrə ağacı oduncağından top güllələri hazırlamışlar.
Belə güllələr ağır, möhkəm və elastiki olub dəydiyi yerdə qalmayaraq sıçrayıb başqa səmtə yönəlmiş və
düşmənə zərbə çalmaqda böyük rol olynamışdır.
Avropada XIV əsrdə gəmiçiliyin inkişaf etdiyi dövrdə qaraçöhrənin kütləvi məhv edilməsinə başlanmışdır.
Ondan ən çox gəmi maçtaları hazırlanırmış. Onun yüksək keyfiyyətli oduncağa malik olması insanları həmişə
303
özünə cəlb etmiş və hər yerdə məhv edilməsinə başlıca səbəb olmuşdur. Respublikamızda qaraçöhrə ağaclarının
azalmasının əsas səbəbi ondan tikinti materialı, üzümlüklərdə şpaler, elektrik dirəkləri, ot tayası üçün payalar,
yarımzirzəmi tikililərdə örtük kimi istifadə edilməsi olmuşdur.
Qaraçöhrə xüsusi gözəl dekorativ görünüşə malik olub həmişəyaşıl iynəyarpaqlı ağacdır. Çətri yumurtavari
silindr şəkilli olub, sıx tünd yaşıl iynələrdən təşkil olunmuşdur. İynəyarpaqları yumşaq, yastı, ucu sivri olub,
uzunluğu 4 santimetr, eni isə 2 millimetr olur. Bu iynələrin üst tərəfi parlaq, tünd yaşıl, alt tərəfi isə açıq yaşıl
rənglidir. Onlar yan budaqlarda növbəli düzülərək ağacın çətrinə qeyri-adi yaraşıq verir. Yarpaqlar ağacda 4-8 il
qalır və tədricən yenisi ilə əvəz olunur. Yaşıl ağacların gövdəsi xırda çatlı, qırmızımtıl-bozdur. Cavan
budaqlarının qabığı isə hamar olub qırmızı-qonur rənglidir. Toxumları xırda, ucu sivri, yumurtavari olub üstü
moruğa oxşar, qırmızı giləvari, lətli təbəqə ilə örtülü olur (ona görə də bu növ, giləmeyvəli qaraçöhrə adlanır).
Hər il bol meyvə gətirir. Gözəl meyvələri avqust və sentyabrda yetişərək uzun müddət yetişmiş halda (noyabra
qədər) ağacın üstündə qalır. Bu xassələrinə görə də o, yaşıllaşdırma işlərində müstəsna qiymətli ağac növü
hesab edilir. Qaraçöhrə qayçılamanı olduqca yaxşı qəbul edir və ona verilən formanı uzun müddət saxlaya bilir.
Qayçı ilə düzəldilən dekorativ çəpərlərin, bardyurların və bəzəkli kompozisiyaların yaradılması üçün ən klassik
növ sayılır. Hələ qədim romalılar qayçılamaqla qaraçöhrədən insan və fantistik heyvan fiqurları yaradırmış
iynələrinin rənginə və çətirinin formasına görə qaraçöhrənin bir sıra dekorativ formaları mövcuddur. Məs: qızılı,
ağ cilli, sütunvari, sallaq, kürəvari, cırtdan, yaşıl, sarı iynəli və s.
Qaraçöhrə hazırda bir çox ölkələrdə bəzək bitkisi kimi becərilir. Lvov, Rostov, Ujqorod, Odessa,
Volqoqrad, Kiyevdə qaraçöhrədən düzəldilən bardyurlar və həndəsi fiqurlar xüsusən qışda olduqca cəlbedicidir.
Bu ağaca bəzən Bakı və Gəncə şəhərlərində yaşıllaşdırmada rast gəlinir. Respublikamızda bu qiymətli ağac
növündən dağ rayonlarında dəniz səthindən 1800 metrə qədər istifadə etmək məsləhətdir.
Yuxarıda göstərilən bioloji keyfiyyətlərini və meşələrinin olduqca azalmasını nəzərə alaraq qədim dövrün
nadir relikt bitkisi sayılan giləmeyvəli qaraçöhrə ağacının bütün dünyada qırılması qadağan edilmişdir. Hazırda
onun meşə sahələri və tək-tək ağacları dünyanın hər yerində qorunur.
Göründüyü kimi, respublikamızda qaraçöhrə sahələri çox azdır. Təbiətin bu qiymətli həmişəyaşıl incisi
Zaqatala və İsmayıllı dövlət qoruqlarında yaxşı mühafizə olunur. Qalan yerlərdə isə qaraçöhrə ağaclarının
qorunmasını qənaətbəxş hesab etmək olmaz. Pirqulu dövlət qoruğunun «Araxçın» sahəsində qaraçöhrə
ağaclarına qonşuluqda yerləşdirilən qoyun fermaları böyük ziyan vurur. Burada qaraçöhrə meşənin yuxarı
sərhədinə qədər qalxıb böyük elmi əhəmiyyət kəsb edir, onun ciddi qorunması olduqca vacibdir. Həmin qoruğun
qonşuluğunda yerləşən «Cənut» meşəsində qaraçöhrə ağaclarına bir tərəfdən mal-qara otarılması, digər tərəfdən
turistlər ziyan yetirir. Geniş ərazidə olan bu qiymətli qaraçöhrəliyin Pirqulu dövlət qoruğuna birləşdirilməsi və
lazımi səviyyədə mühafizə olunması təbiətin qorunması işində günün vacib məsələsi kimi qarşıda durur.
Xaltan qaraçöhrəliyinə insanlar tərəfindən daha çox divan tutulur, burada daim mal-qara otarılır, ağaclar
qanunsuz olaraq kəsilir. Böyük Qafqazın şimali-şərq yamacında mövcud olan bu nadir meşə sahəsi qiymətli
təbiət abidəsi kimi qorunmalıdır.
Talışda Lerik rayonundakı qaraçöhrəlikdə ağacların qanunsuz kəsilməsinə az təsadüf edilir. Lakin sahə
ilboyu mal-qaraya otarılır. Bu isə gələcəkdə bu meşəlik üçün təhlükə törədə bilər. Bu sahəni qiymətli təbiət
abidəsi elan edilib ciddi mühafizə olunmalıdır.
Qeyd edildiyi kimi, Böyük və Kiçik Qafqaz dağları meşələrində qaraçöhrə tək-tək və qrup halında
yayılmışdır. Lakin bu ağacların kəsilməsi hallarına tez-tez rast gəlinir. Odur ki, onlar böyüyüb iri ağac şəklini
ala bilmir. Belə vəziyyətlə heç cür razılaşmaq olmaz. Qoruqlarımızda, meşə təsərrüfatları ərazisində bitən qədim
dövrün yadigar relikti, təbiətin solmaz incisi olan bütün qaraçöhrə ağacları qorunub gələcək nəsillər üçün
saxlanmalıdır.
Dostları ilə paylaş: |