14.6. Ardıc (Yuniperus) meşələrinin mühafizəsi və
artırılması
Ardıcın çoxtərəfli faydalı xassələri insanları qədimdən özünə cəlb etmişdir. Onun oduncağı çürüməyə qarşı
davamlı olmaqla, həm də yüngül və olduqca möhkəmdir. Tikintidə ardıc 400-500 ildən çox qalır. Odur ki, yerli
əhali ardıc oduncağını qədim vaxtlardan tikinti işlərində istifadə etmişdir.
1981-ci ildə Sankt-Peterburq arxeoloqları Qırğızıstanda 2 min il əvvəl kəsilən ardıc ağaclarının hələ indiyə
qədər çürüməyən tirlərini tapmışdır.
Cənubi Tyan-şan, Kopet və Pamir dağları rayonlarında ardıc yeganə tikinti materialı hesab olunur. Hələ
orta əsrlərdə burada dağ-mədən işləri, duluzçuluq və dəmirçilik sənəti də ardıc oduncağından alınan kömürə
əsaslanırdı. Vaxtilə insanlar ardıc oduncağından iş alətləri və ev əşyaları – xış, həvəngdəstə, kasa, yaba, uşaq
beşiyi, masalar, sandıq, yəhər və s. hazırlayırdılar. Əsrimizin 30-cu illərində ardıc oduncağı karandaş
istehsalında, süni mərmər və bədii fanerlərin hazırlanması işində şöhrət qazanır. Bu məqsədlə ardıc oduncağı
xaricə ixrac edilir. Dünyada ad qazanmış «Faber» firmasının buraxdığı karandaş ardıc oduncağından
hazırlanırdı. Məşhur qədim Buxara və Səmərqənd saraylarının örtüyü ardıc ağacı sütunları üzərində dayanır.
Ardıc ağacının tullantısı olmayıb sənayedə onun hər bir hissəsindən istifadə olunur. Çürüməyə olduqca
davamlı olan oduncağı xoş balzamiyli, qırmızı kərpici rəngli, gözəl teksturalı olub yüksək fiziki-mexaniki
xassəyə malikdir, asan mişarlanır, yaxşı yonulur və pardaxlanır. Ondan xarratlıq və rəssamlıq işlərində geniş
istifadə olunur, qələm, musiqi alətləri, suvenirlər və s. hazırlanır. Ardıcdan alınan qətrandan hasil edilən maddə
ağac məmulatını laklamaq üçün çox qiymətlidir.
Ardıc ağacının budaqları, iynələri və qozaları tərkibində 5 faizə qədər efir yağları saxlayır. Az tapılan bu
yağ çox faydalıdır. Ondan təbabətdə çürüyən ağır yaraları müalicə etməkdə, skorbuta (sinqaya) qarşı,
sidikqovucu və ağrını sakitləşdirən dərman kimi müvəffəqiyyətlə istifadə olunur. Ardıcın qozalarından alınan
ekstrakt stafilokok bakteriyalarına qarşı antibiotik xassəyə malikdir.
Bu deyilənlərdən əlavə ardıc ağacının müxtəlif hissələrindən likyor, araq, pivə, şərab, sirop, aseton,
furfurol, qarışqa və sirkə turşusu, qlükoza, aşılayıcı maddələr, boyaq və vitaminlər alınır. İynələrində və
meyvələrində 30-70 mq faizə qədər C vitamini olur. Köhnə SSRİ-də ədviyyə və ətriyyat məmulatları üçün hər il
külli miqdarda (250-300 ton) ardıc qozalarından istifadə edilirdi.
Ardıc meşələrinin səhiyyə-gigiyena və müalicə-profilaktiki əhəmiyyəti əvəzedilməzdir. Onu demək
kifayətdir ki, bir hektar ardıc meşəsi sutka ərzində atmosferə 30 kiloqrama qədər fitonsid adlanan maddələr
buraxır: bu maddələr havanı saflaşdırır və bir sıra mikrobların, bakteriyaların, göbələklərin zərərli təsirindən
qoruyaraq bir şəhərin havasını təmizləmək üçün kifayət edir. Orta Asiya respublikalarında istirahət evləri və
kurortların yaradılması üçün ardıc meşələri olan ərazi olduqca əlverişli hesab edilir.
Şəhər və yaşayış məntəqələri ətrafında yaşıllıqların, xiyabanların salınmasında ardıc növlərindən istifadə
edilməsi həm estetik, həm də gigiyena cəhətdən olduqca sərfəlidir. Respublikamızın məşhur müalicə ocaqları
sayılan Naftalan, İstisu və Abşeron kurortları ərazisinin torpaq-iqlim şəraiti müxtəlif ardıc növlərinin
yetişdirilməsi üçün daha əlverişlidir. Təəssüf ki, hələ indiyə kimi bu qiymətli ağac cinsinin növlərinə lazımi
diqqət yetirilmir.
Ardıc meşələrinin yamaclarda torpaqqoruyucu və dağ çaylarının su rejimini nizamlayıcı rolu onun xalq
təsərrüfatında ən əhəmiyyətli xüsusiyyəti hesab olunur. Odur ki, ardıc meşələrinin qorunub saxlanması günün
vacib problemi kimi irəli sürülür.
24 yanvar 1982-ci il «Pravda» qəzetində «İnsan və təbiət» rubrikası altında «Ardıcın taleyi necə olacaq» və
yenə həmin il mayın 13-də «Pravda» qəzetində «dağları ardıc qoruyub saxlayır» adlı geniş həcmli məqalələr
301
dərc edilmişdi. Həmin məqalələrdə ardıc meşələrinin məhv edilməsi nəticəsində baş verən acınacaqlı
hadisələrdən, bu meşələrin insan həyatında hərtərəfli əhəmiyyətindən, onların mühafizəsinin gücləndirilməsi və
sahəsinin artırılması tədbirlərindən bəhs olunur.
Yuxarıda göstərilən hərtərəfli və böyük xalq təsərrüfatı əhəmiyyətini nəzərə alaraq, ardıc meşələrinin
vəziyyətinin yaxşılaşdırılması və bərpa edilməsi respublikamızda da dövrün irəli sürdüyü ən mühüm tələblərdən
sayılmalıdır. Ardıc meşələrinin bərpa edilməsi tədbirlərini hazırlayarkən meşənin təbii bərpasının öyrənilməsi
mühüm şərtlərdən biridir.
Tədqiqatlar göstərir ki, ardıcın təbii bərpası əsasən qrup halında toxum vasitəsilə ana ağacların çətirləri
ətrafında müşahidə olunur. Bəzən körpə ardıca kötüklərin, daşların kölgə düşən tərəfində rast gəlmək olar. Ardıc
toxumları yalnız əlverişli şəraitə düşdükdə, əsasən meşə döşənəyi və mamır örtüyü olan yerlərdə əmələ gəlir.
Belə yerlərdə torpağın qızmasının qarşısı alınır, toxumlar cücərməyə imkan tapır. Əvvəlcə şişir, bərk hissəsi
çatlayır və cücərir. Birinci il cücərti 2-3 santimetr boy atır. Kök sistemi isə 10-15 santimetr inkişaf edir. İlk
dövrdə cücərtilərin vəziyyəti vegetasiya zamanı düşən yığıntının miqdarından asılıdır. Bozdağ ərazisində iyul-
avqust ayları çox vaxt quraq keçdiyinə görə cücərtilərin 80-90 faizi məhv olur. Rütubətli illərdə isə cücərtilərin
qalma faizi çoxalır.
Təcrübələr göstərir ki, ardıc meşəsinin təbii bərpası, ümumiyyətlə, zəif gedir. Bu əlamət ardıc meşələri
yayılan ərazidə torpağın daşlı və quru olması, morpaq səthinin çox qızması, toxumların çoxunun boş olması,
onların tez-tez həşəratlarla zədələnməsi və ya gəmiricilər və vəhşi heyvanlar tərəfindən yeyilməsi ilə
aydınlaşdırıla bilər.
Ardıc meşələrində təbii bərpaya mənfi təsir göstərən əsas səbəblərdən biri də orada daim mal-qara
otarılmasıdır. Belə ki. mal-qara cücərtiləri tapdalayır və yaxud yeyərək məhv edir. Belə hallarda torpaq bərkiyir,
onun susaxlama və susızdırma qabiliyyəti pisləşir, meşə döşənəyi, ot və mamır örtüyü dağıdılır. Beləliklə, ardıc
meşələri get-gedə seyrəlir və məhv olur. Hazırda meşə təsərrüfatı işçiləri ardıc meşələrində təbii bərpaya kömək
etmək məqsədilə meşə döşənəyinin və mamırın arasında 3-5 santimetr dərinlikdə ardıc qozası əkir və yaxud
torpağı müxtəlif üsullarla yumşaldıb toxum səpirlər və s. Lakin göstərilən tədbirlər istənilən nəticəni vermir.
Odur ki, Orta Asiya respublikalarında 50 ildən çoxdur ki, süni ardıc meşələrinin yetişdirilməsi sahəsində böyük
təcrübə işləri aparılır. Gərgin tədqiqatlardan sonra ardıc meşələrinin yetişdirilməsində müsbət nəticələr
alınmışdır. Bunun üçün qabaqcadan əkin materialı xüsusi suvarılan tingliklərdə yetişdirilir. Tingliklərdə səpmək
üçün ardıcın təzə yığılmış və stratifikasiya olunmuş keyfiyyətli toxumları götürülür. Payızda yığılan qozalar
xəndəklərdə qum və mamırla qarışdırılaraq stratifikasiya edilir. Belə toxumlar erkən yazda səpilir və ya səpin
üçün sonrakı payıza saxlanılır. Payızda səpiləcək toxumlar yay dövründə süzgəclə müntəzəm olaraq 5-6 dəfə
isladılır.
Birinci il tinglikdə ardıc cücərtiləri kölgələndirilir. Bunun üçün onlara gündəyər tərəfdən işıqlı (seyrək)
şitlər qoyulur. İkinci yaşdan sonra kölgələndirmə işi dayandırılır. 3-4 yaşında ardıc şitilləri daimi əkin yerinə
köçürülür. Ardıc şitilləri erkən yazda, bəzən isə payızda əkilir. Əkin 0,3x0,4 metr ölçülü yuvalarda və ya
terraslarda aparılır. Əkindən sonra yuvalar meşə döşənəyi, mamır, peyin və ya ağac kəpəyi ilə 3-4 santimetr
qalınlığında mulçalanır.
Son zamanlar daha məhsuldar ardıc meşələri yetişdirmək üçün yeni üsullar hazırlanır. Tədqiqatçıların ardıc
şitillərinin stəkanlarda yetişdirmə üsulu müsbət nəticə vermişdir. Bu məqsədlə çoxmeyvəli və kəskin iyli ardıc
növlərinin stratifikasiya edilmiş toxumları torf və mikorizalı torpaq tökülən xırda kağız stəkanlara səpilmişdir.
Bu üsulla əldə edilən cücərtilər tinglik sahəsinə nisbətən daha tez böyümüş, güclü kök sistemi əmələ gətirmiş və
daimi əkin yerinə köçürüldükdən sonra da üstün nəticə vermişdir.
Türkmənistan meşəçiləri tərəfindən tinglikdə əkin materialı kiçik polietilen torbalarda və briketlərdə
yetişdirildikdən sonra torpaqla birlikdə meşə əkini sahəsinə köçürülmüşdür. Bu üsulla yetişdirilmiş ardıc şitilləri
2-3 yaşında qapalı kök sistemi ilə əkildikdə 90-100 faiz bitiş alınmışdır. Belə əkində kök sistemində rütubət
yaxşı saxlanılır, zərif kökcüklər zədələnmir və şitillər sürətlə inkişaf edir. Hazırda bu üsuldan geniş istifadə
olunur.
Orta Asiya respublikalarında son zamanlar hər il yüz hektarla yeni məhsuldar ardıc meşəsi salınır. Təkcə
Qırğızıstan meşə təsərrüfatlarında hər il 10 min ədəd standart şitil hazırlanır. İndiyə kimi bu respublikada min
hektardan çox sahədə müxtəlif ardıc növlərindən süni meşəliklər salınmışdır. Özbəkistanda süni ardıc
meşələrinin sahəsi hazırda 2 min hektardan çoxdur Təəssüf ki, hələ indiyə qədər respublikamızda bu qiymətli
meşələrin salınması işi ilə məşğul olunmur. Halbuki Bozdağ, Qobustan, Ceyrançöl, Naxçıvan, Talışın Zuvant
zonalarında ardıc meşələrinin salınmasına böyük ehtiyac vardır.
Respublikamızda cüzi sahə tutan ardıc meşələrinin müasir vəziyyəti, onun qorunması, yuxarıda deyildiyi
kimi, qeyri-qənaətbəxşdir. Əgər biz bu qiymətli sərvəti yaxşı mühafizə etməsək, onlara vaxtında qayğı
göstərməsək, yaxın gələcəkdə dağlarımızın həmişəyaşıl örtüyünü tamamilə itirmiş olarıq.
Qədim dövrün yadigarı sayılan ardıc meşələrini qoruyub saxlamaq üçün aşağıda göstərilən bir sıra tədbirləri
həyata keçirmək lazımdır.
302
1. Türyançayın sol sahilində yerləşən Qəbələ meşə təsərrüfatının ərazisinə daxil olan qiymətli ardıc meşə
massivini Türyançay qoruğu ilə birləşdirmək daha məqsədəuyğun olardı. Qoruqda mühafizə işini daha da
gücləndirmək üçün şose yolu boyunca və mal-qaradan qorunan sahələrin ətrafını tikanlı məftil və ya dəmir torla
hasarlamaq lazımdır. Qanıx çayı boyunca yerləşən ardıc meşələrində qoruq rejimi təşkil etmək vacibdir.
Qışlaqlardan mal-qaranın girməməsi üçün meşənin ətrafında lazımi yerlərdən tikanlı məftillər çəkilməlidir.
Kiçik Qafqazda Həkəriçay hövzəsində mövcud olan ardıc meşə massivi də qoruq elan edilməlidir.
2. Türyançay qoruğunda xarakterik ardıc meşəliyində toxumluq təsərrüfatı və müvəqqəti tinglik sahəsi
yaratmalı, bu təsərrüfatlarda seleksiya yolu ilə davamlı və məhsuldar ardıc formaları aşkar etməli, həşəratlara
qarşı mübarizə tədbirləri işləyib hazırlamalı, yüksək keyfiyyətli ardıc toxumları və əkin materialı əldə etmək
üzrə təcrübələr aparılmalıdır.
3. Respublikamızın müxtəlif coğrafi regionlarında ardıc meşələrində stasionarlar təşkil edilməlidir. Bu
stasionarlarda kompleks elmi-tədqiqat işlərini aparmaqla uzun illərdən bəri ardıc meşələrində baş verən
dəyişiklikləri aşkara çıxarmaq, yeni üsullar tədqiq etmək və ardıc meşələrində gedən spesifik torpaq proseslərini
öyrənmək lazımdır. Əldə edilən kompleks nəticələrdən istifadə edərək, mövcud ardıc meşələrinin qorunub
saxlanması və artırılması üzrə elmi cəhətdən əsaslandırılmış tədbirlər layihəsi hazırlanmalıdır.
Dostları ilə paylaş: |