aparılmışdır. Uzunluğu 500 m olan 5 terrasın kəsmə və tökmə hissələrində toxumlar 5 və 8 sm dərinliyində
basdırıldı. 8255 səpilmiş püstə toxumunun 6400 ədədindən cücərti alındı (cücərmə faizi 77,6%). Toxumun
müxtəlif illərdə səpilmə dərinliyindən asılı olaraq, cücərmə faizi fərqlənmişdir. 8 sm dərinliyə səpilən
toxumların cücərmə faizi 5 sm dərinliyə basdırılan toxumlardan çox olmuşdur. 1968-ci ildə səpilmiş püstə
toxumları 33, 1969-cü ildə 31, 1971-ci ildə 33, 1976-cı ildə isə 34 gün müddətində cücərmişdir. Bütün varian-
tlarda terrasın tökmə hissəsində toxumlar kəsmə hissəyə nisbətən 2-3 gün tez cücərmişdir. Belə qanunauyğunluq
Şamaxı, Zəngilan və Ağsu rayonlarında apardığımız təcrübələrdə də müşahidə olunmuşdur. Bunun əsas səbəbi
tökmə hissəyə günəş şüasının çox düşməsi, torpaqda temperaturun yüksək olması və aerasiyanın yaxşı
getməsidir. Tökmə hissədə torpağın yumşaqlığı və onun qida maddələri ilə yaxşı təmin olunması bitiş faizinin
yüksək olmasına və bitkilərin normal inkişafına şərait yaradır.
Şamaxı rayonunda 1976-cı ilin yaz və payız dövrlərində toxumların cücərməsi müxtəlif olmuşdur. Dəniz
səviyyəsindən 950 m yüksəklikdə aparılan səpində toxumlar 42,6%, yaz səpinində isə 96,9% cücərti vermişdir.
850 m hündürlükdə payız səpinindən 25% cücərti alınmışdır. Payız səpinində cücərmə faizinin az olması
toxumların həşəratlar tərəfindən məhv edilməsilə əlaqədardır.
Zəngilan rayonunda 1976-1977-ci illərin payızında (noyabrın ortasında) aparılan püstə toxumlarının
səpinindən yüksək cücərti faizi alınmışdır. Yaz səpinində (mart) isə cücərmə faizi az (30%-35%) olmuşdur.
Payız səpinində terrasın tökmə hissəsində cücərmə faizi 85-86,3%, kəsmə hissəsində isə 66-67% olmuşdur,
1976-cı ilin dekabrında aparılan püstə toxumu səpinindən 86,5%, 1977-ci ilin dekabrında isə 68,9% cücərti
alınmışdır. Ümumiyyətlə, tədqiqat aparılan rayonlarda payız səpini daha yaxşı nəticələr vermişdir. Bu dövrdə
aparılan səpinin daha effektli olması üçün toxumların zərərvericilərdən qorunması mühüm şərtdir. Müşahidələr
göstərdi ki, terraslarda püstənin ilk cücərmə dövründən başlayaraq, kök sistemi güclü inkişaf edir, bitkinin mil
314
kökü torpağa sürətlə işləyir. Torpaq səthinə ilk dəfə nazik ağımtıl gövdə yönəlir, hələ səthə çıxmamış onun uc
hissəsində xırda sarımtıl açıq –yaşıl rəngli yarpaqcıqlar əmələ gəlir. Onlar 2-3 sm böyüyərək, iri mişar dişli yar-
paq formasını alır. Bu yarpaqların arasından isə ilk nazik zoğlar inkişaf edir.
Fenoloji müşahidələrimiz göstərdi ki, Şamaxı rayonu şəraitində püstə cücərtiləri iyunun 25-30-na qədər boy
atır, sonra isə böyüməsi olduqca ləng gedir, bəzən isə dayanır. Dəvəçi rayonu şəraitində püstənin böyüməsi iyu-
nun 10-15-nə, Zəngilan rayonunda isə iyunun 5-10-na kimi davam edir. Bütün regionlarda yamacın şimal və
şimal-şərq hissələrində püstənin böyüməsi yamacın digər tərəflərinə nisbətən sürətlə gedir.
Birinci boyatma prosesi dayanan kimi püstə bitkisində xırda tumurcuqlar əmələ gəlir. Sakitlik dövründə
gövdədə odunlaşma, yarpaqlarda isə qalınlaşma (sərtləşmə) gedir. Bu zaman yarpaqların rəngi açıq yaşıldan
tünd qonura çevrilir. Püstədə ikinci boyatma sentyabrın ikinci ongünlüyündə başlayır və zəif gedir. Şamaxı
rayonunda dəniz səviyyəsindən 850 m hündürlükdə ikinci boyatma oktyabrın ikinci yarısında, 950 m
hündürlükdə isə oktyabrın birinci ongünlüyündə dayanır. İkinci boyatma dövründə püstə ağacları yalnız 6-8 sm
böyüyür.
Tədqiqat işləri göstərdi ki, püstənin boy atması ekoloji şəraitdən, toxumun saflığından və iriliyindən,
həmçinin səpilmə dərinliyindən asılı olaraq müxtəlif sürətlə gedir. Şamaxı rayonunda dəniz səviyyəsindən 850
m yüksəklikdə püstə ağacları normal böyümüşdür. Dəvəçi rayonunda 15 yaşlı püstə ağaclarının boyu 2,5-3,0 m
olmuşdur.
Püstənin boyatmasına torpağın nəmliyi də böyük təsir göstərir. Avqust və sentyabr aylarında torpaqda
nəmlik az olduğundan püstənin böyüməsi dayanır. Terraslarda nəmliyin nisbətən çox olması püstənin normal
boy atmasına şərait yaradır.
Dəvəçi, Zəngilan və Şamaxı rayonlarında terrasların tökmə hissəsində bitkilərin böyüməsi kəsmə hissəsinə
nisbətən yüksək olmuşdur.
Püstə yetişdirilən terraslarda rütubəti saxlamaq məqsədilə sahə daş və alaq otlarından təmizlənir.
Sahədə nəmliyi qorumaq üçün başlıca aqrotexniki tədbirlərdən biri də terras yatağının şumlanaraq yumşaq
halda saxlanmasıdır. Terras yatağı yumşaq olduqda yağış suları ona asanlıqla hopur və nəmliyini artırır. Alaq
otlarını məhv etmək üçün yumşaltma işi martda və aprelin əvvəlində aparılmalıdır.
Dəvəçi rayonunda terraslarda əkilən püstə ağacları ilk dəfə 8 yaşında meyvə vermişdir. Lakin erkək
nüsxələr çox olduğundan sahədən az məhsul götürülmüşdür. İlk məhsul terrasın tökmə hissəsində yaxşı inkişaf
etmiş ağaclarda müşahidə edilmiş və hər ağacda 200-500 q meyvə olmuşdur. Sonrakı illərdə məhsul verən
ağacların sayı çoxalmışdır. Çox quraq keçən illərdə terraslarda rütubət az olduğundan püstə ağacları az meyvə
gətirir.
Qeyd etmək lazımdır ki, hazırda Abşeron müstəsna olmaqla respublikamızın digər dağ və dağətəyi
regionlarında geniş miqyasda badam bağlarının salınması işinə diqqət verilmir, respublikamızda Dəvəçi,
Şamaxı, Zəngilan və Ağsu rayonları ərazisində Krımdan gətirilən qiymətli badam sortlarını terraslarda
yetişdirməklə elmi-tədqiqat işləri aparılmışdır. Bu məqsədlə həmin rayonlarda təcrübə sahələrində (terraslarda)
Dreyk, Krım, daş badam, Nikita-62, Nikita gecçiçəkaçan, Yalta, şahzadə və digər badam sortlarının toxumla
səpini və şitillərlə əkini aparılmışdır. Müşahidələr göstərdi ki, terrasların tökmə hissəsində cücərmə və bitiş faizi
kəsmə hissəyə nisbətən xeyli yüksək olur.
Tədqiqatlar göstərdi ki, bir qayda olaraq terrasın tökmə hissəsində kəsmə hissəsinə nisbətən badam yaxşı
boy atır.
Tədqiqat aparılan 3 rayonda toxumla və şitillə becərilən badam sortları 4-5 yaşında məhsul vermişdir.
Şamaxı rayonunda toxumla becərilən daş badam və Krım sortları meyvə verməmişdir. Lakin bu sortlar Zəngilan
və Dəvəçi rayonlarında meyvə gətirmişdir. Şamaxı rayonunda həmin sortların bar verməməsi onların başqa sor-
tlara nisbətən tez çiçəkləməsi ilə əlaqədardır.
Tədqiqatlar göstərir ki, Dəvəçi rayonunda 15 yaşlı badam ağaclarında 6-7 kq, Zəngilan rayonunda 8 yaşlı
badam ağaclarında 2-3 kq, bəzən isə 5-6 kq meyvə olmuşdur. Şamaxı rayonunda 1982-ci ildə Krımdan
gətirilmiş badam ağaclarından 1-2 kq meyvə yığılmışdır. Badamın kök sisteminin xarakteri onun eroziyaya
uğramış torpaqlarda yaxşı davam gətirməsi və normal inkişaf etməsinə şərait yaradır. Badamın bol və güclü
inkişaf edən əmici kökləri torpaq hissələrini bir-birilə yaxşı bərkidir, onda dənəvər struktur yaradır.
Terraslarda torpağa və bitkilərə yüksək aqrotexniki qayğı göstərildikdə bol məhsul əldə etmək olar. Bunlar-
dan ən başlıcası terras çəkilib qurtardıqdan sonra onun yatağının 30-35 sm dərinliyində şumlanması, daşlardan
təmizlənməsidir. İkinci yumşaltma işi səpin və ya əkindən qabaq aparılmalıdır (15-20 sm dərinlikdə).
Terraslarda cücərtilər alındıqdan 1-2 ay sonra bitki olan çalaların ətrafı alaq otlarından təmizlənməli, torpaq
yumşaldılmalıdır. Bitkilərə aqrotexniki qulluq işlərindən biri də ağacların artıq budaqlarının kəsilib götürülməsi
və ona forma verilməsidir. Təcrübə sahələrində 3 yaşından başlayaraq ağaclarda budama işləri aparılmış və on-
lara forma verilmişdir. Məlum olduğu kimi, badam bitkisində çoxlu qarışıq zoğlar əmələ gəlir, onların uzunluğu
40-50 sm-ə çatır. Budama zamanı bu zoğların əksəriyyəti kəsilir. Meyvə zoğlarında yalnız 7-8 ədəd tumurcuq
saxlanılır. Ağaclarda tozlamanı təmin etmək üçün sahəyə arı ailələrinin köçürülməsi məsləhətdir.