IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
570
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
REGİONAL İNKİŞAFDA DÖVLƏT İNVESTİSİYALARININ ROLU
Aliyə DADAYEVA
Qafqaz Universiteti
aliya.dadayeva@gmail.com
AZƏRBAYCAN
Təbii və iqtisadi resursların ölkə coğrafiyası üzərindəki paylanması mütləq mənada bərabərlik
təşkil etmədiyindən, inkişaf da mütləq mənada tarazlı baş vermir. Dinamik bir quruluşa sahib olan
inkişaf prosesinə istiqamət verən sosial-iqtisadi faktorların coğrafiya üzərində fərqli sıxlıqlarda
paylanması regionlararası inkişaf fərqliliklərinin səbəbi olaraq ortaya çıxmaqdadır və bu fərqliliklərin
aradan qaldırılması üçün edilən işlər və həyata keçirilən siyasətlər regional inkişafın əsasını təşkil
etmişdir.
Regionlar arasındakı bu fərqliliklərin yaranmasının 3 əsas səbəbi mövcuddur. Bunlar təbii və
coğrafi tarazsızlıq, iqtisadi tarazsızlıq və sosial tarazsızlıq amilləridir.
Mövcud tarazsızlıqlar və problemlər regional inkişafa istiqamətli siyasətlərin yaradılması
vacibliyini də meydana gətirmişdir. İqtisadiyyatın və eyni zamanda regionların böyümə sürətlərini
artırmaq, məşğulluq və gəlir ilə əlaqədar problemləri aradan qaldırmaq və bu həlli sabit saxlamaq,
iqtisadi resursların regionlar arasında tarazlı və nisbi olaraq bərabər dağılımını təmin etmək və bununla
da regionlar arasındakı gəlir və rifah səviyyələrinin tarazlaşdırılması, regionların sağlam iş və yaşam
şərtlərinə sahib olmalarını təmin etmək regional inkişaf siyasətinin əsas məqsədlərindəndir.
Regional inkişaf siyasətində regionlararası inkişaf fərqliliklərinin aradan qaldırılmasına yönəlmiş
bir sıra vasitələrini qeyd etmək olar. Bunlardan biri də dövlətin regionların inkişafına yönləndirdiyi
investisiyalardır. Bunlar dövlət investisiyaları və infrastruktur investisiyaları olaraq nəzərə alınır.
Şübhəsiz heç bir iqtisadi fəaliyyətin olmadığı az inkişaf etmiş regionlarda sənayeləşmənin başla-
dılması üçün o regiona ilk öncə dövlətin getməsi qaçılmaz bir zərurətdir. Dövlət regiondakı istehsal
potensialını hərəkətə keçirmək üçün zəruri addımlar atmalıdır. Hər bir ölkədə dövlət az ya da çox ama
mütləq iqtisadiyyata müdaxilə etmək, hətta bəzi sənayeləri də şəxsən nəzarəti altına almaqdadır. Geri
qalmış bir regiona dövlətin istehsalçı kimi gedib orada canlılıq yaradacaq investisiyalar yatırması
günümüzdə bazar iqtisadiyyatı tətbiq edən ölkələrdə də görülür. Dövlət siyasətinin eyni məqsədə
xidmət edən vasitələrindən olan dövlət investisiyalarının və subsidiyaların (inkişaf və təşviq fondları,
faizsiz ya da aşağı faizli kreditlər, dövlət zəmanəti, gömrükdən azad edilmə və s.) ortaq istifadəsi
regional inkişafdakı müvəffəqiyyətin təsir sahəsini daha da genişləndirir. Mövcud dövlət siyasətləri
yüksək bacarıq təcrübəsinə sahib insan resurslarının yetişdirilməsi, araşdırma-inkişaf etdirmə (R&D)
və iş həyatına istiqamətli digər infrastrukturların keyfiyyəti, rabitə və nəqliyyat imkanlarının təmin
edilməsi, şirkətlərin quruluşu və işləyişinə bağlı sadə və proqnozlaşdırıla bilən tənzimləmələr, vergi
yükündəki asanlıqlar və digər təşviq mexanizmləri və dövlət investisiyaları ilə müəyyən bölgələri
investor baxımından daha cazibədar hala gətirmək gücünə malikdir.
Respublikamızda son illər qəbul edilən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" və "Azərbaycan Respublikası regionlarının 2009-2013-
cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində regionlara xeyli investisiyalar
qoyulmuşdur. Bu proqramların uğurlu icrası ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək
artıma səbəb olmuş, sosial-iqtisadi inkişaf sahəsində qeyd olunmuş tədbirlərin həyata keçirilməsi
əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində mühüm rol oynamışdır.
Ötən 10 il ərzində həyata keçirilən regional inkişaf siyasəti ölkənin makroiqtisadi göstəricilərinin
sürətlə yaxşılaşmasına səbəb olmuşdur. Belə ki Ümumi Daxili Məhsul 3,2 dəfə, adambaşına ÜDM-in
həcmi 2,8 dəfə, qeyri-neft sektoru 2,6 dəfə artmışdır və ölkəmizdə orta illik iqtisadi artım 12,9 % təşkil
etmişdir. Xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, idxal 4,1 dəfə, qeyri- neft ixracı isə 4,7 dəfə
artmışdır.
"Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014" hesabatına əsasən Azərbaycan iqtisadiyyatı
rəqabət qabiliyyəti səviyyəsinə görə 39-cu, MDB-də 1-ci olmuş və ilk dəfə dünyanın "yuxarı orta
gəlirli" və "yüksək insan inkişaflı" ölkələri qrupuna daxil olmuşdur. "Fitch Ratings", "Standart &
Poor's" və "Moody's" kimi nüfuzlu reytinq agentlikləri Azərbaycana investisiya kredit reytinqi vermiş
və Azərbaycan Qafqaz ölkələri arasında investisiya reytinqinə malik yeganə ölkə olmuşdur.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
571
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
2003-cü ildə ölkə iqtisadiyyatına qoyulmuş investisiyaların ümumi həcminin yalnız 26,8 faizi
daxili mənbələrdən maliyyələşirdisə, artıq 2013-cü ildə ölkə iqtisadiyyatına qoyulan daxili investi-
siyaların xüsusi çəkisi artaraq 62,5 faizə çatmışdır.
Regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində
2004-2013-cü illərdə daxili investisiyalar 14,6 dəfə, qeyri-neft sektoruna investisiyalar 12,9 dəfə
artmış, regionlara bütün mənbələr hesabına 50,7 milyard manat vəsait yönəldilmişdir.
Hal-hazırda "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı" çərçivəsində tədbirlər həyata keçirilir. Regional inkişafın stimullaşdırılmasına
yönəldilən tədbirlərin icrası ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya
qoyuluşunun artmasına, qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin
və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, yeni müəssisələrin açılmasına və
açılmış yeni iş yerləri nəticəsində əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin
azaldılmasına təkan verir.
Regional siyasətlərin həyata keçirilməsində mövcud idarəetmə təşkilatının bu siyasətin ehti-
yaclarına cavab verə bilməsi ümumiyyətlə asan deyildir. Bu səbəblə, regional inkişaf planlarının
hazırlanması və həyata keçirilməsi üçün yeni bir regional təşkilatlanmağa getmək lazımdır. Bir çox
ölkələrdə olduğu kimi regional inkişaf planlarını hazırlamaq və həyata keçirmək, regionun rəqabət
gücünü artırmağa istiqamətli işlər görmək, regionun infrastrukturunu inkişaf etdirmək, regiona
investisiya çəkmək, məşğulluğu və işçi qüvvəsinin məhsuldarlığını artırmaq, davamlı inkişafa töhfə
vermək üçün regional təşkilatların, agentliklərin yaradılması zəruridir.
RƏQABƏT MÜHITINDƏ TOXUCULUQ MÜƏSSISƏLƏRININ
INKIŞAF PERSPEKTIVLƏRI
Ceyhun VƏLIYEV
Sumqayıt Dövlət Universiteti
semed26@gmail.com
AZƏRBAYCAN
Rəqabət və rəqabət gücü anlayışlarının iqtisadi ədəbiyyatda çox sayda tərifi olmasına baxmayaraq
ortaq bir yanaşmaya rast gəlinmir. Ümumiləşdirilmiş şəkildə rəqabət, iqtisadi fəaliyyətlərin səmərəli
şəkildə davamı üçün lazımlı olan və strateji əhəmiyyətə malik olan bir ünsür kimi xarakterizə olunur.
Əslində rəqabətə məhdud resursların daim artan ehtiyacları qarşılama vəziyyəti səbəbiylə ortaya çıxan
bir hadisədir. Rəqabət gücü isə firma, yaxud müəssisənin milli ya da beynəlxalq bazarlarda rəqabət
gücünə sahib olması, yerli və ya xarici rəqiblərə qarşı qiymət, keyfiyyət, vaxtında çatdırma və satış
sonrası xidmət kimi amillər baxımından hal - hazırda və gələcəkdə onlara bərabər və ya onlardan daha
üstün olma vəziyyətidir. Başqa cür desək, rəqabət gücü ölkələrin sərbəst və yerləşmiş bazar şərtləri
daxilində real gəlirlərin artırılması, məhsul və xidmətləri beynəlxalq bazarlara çıxara bilməsi və bu
proseslərdə müvəffəqiyyətli ola bilməsidir. Rəqabət gücünün əldə edilməsində ən əhəmiyyətli məqsəd,
ölkə vətəndaşlarının real gəlirlərini artıraraq müəyyən bir həyat səviyyəsinə çatmalarının təmin
edilməsidir. Ölkələrin rəqabət gücü Ar-Ge fəaliyyətlərinin inkişaf səviyyəsinə, yüksək texnologiyalı
məhsul istehsalına və potensial insan gücünə bağlı olaraq dəyişir. Bir ölkənin beynəlxalq bazarlarda
rəqabət gücü qiymət rəqabəti və struktur elementləri tərəfindən müəyyənləşdirilir. Qiymət rəqabəti,
real məzənnələr, nisbi mövqe inkişafları, vahid ödənişlər və ixrac mənfəəti margin ilə ölçülür, struktur
elementləri məhsuldarlıq, makroiqtisadi imkanlar ilə satış sonrası xidmətlər və uyğun standartlar kimi
keyfiyyət amillərindən ibarət olur.
Hazırda bazarlarda rəqabət gücünü təyin edən ən əhəmiyyətli amillər arasında xərclər, keyfiyyət
və marketinq fəaliyyətləri yer almaqdadır. Qiymət xarici rəqabətdə dar mənada keyfiyyətə əsaslanan
rəqabət olaraq adlandırılmaqdadır. Xarici bazarlarda ixrac edə bilmək üçün xərclər qədər keyfiyyətli
mal istehsalı da zəruridir. Çünki dünya bazarlarında artan rəqabətin ortaya çıxardığı ən əhəmiyyətli
məsələlərdən biri də keyfiyyətdir. Xarici bazarlarda keyfiyyətli məhsullar satmaq istəyən müəs-
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
572
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
sisələrin beynəlxalq təşkilatlardan keyfiyyət standartları alması da əhəmiyyət verilməsi lazım olan
istiqamətlərdən biridir. Keyfiyyətin artırılması daha yaxşı və daha çox ixtisaslı əmək, texnologiyalar
və istehsal səviyyəsində daha üstün təşkilatları tələb edir. Ən yaxşı məhsul və proseslərin təqlid
edilməsinin yanında araşdırma və inkişaf etdirmə ilə yenilik və ixtiralar keyfiyyətin ən əhəmiyyətli
qaynağıdır. Keyfiyyət amili ilə ölkələrin inkişaf səviyyəsi, məhsulların keyfiyyətilə qiyməti, xərci,
məhsuldarlığı, ixrac imkanları, bazar payı kimi xüsuslar arasında əlaqə var. Bu baxımdan ixrac edilən
məhsulun satışında marketinq xüsusilə əhəmiyyət kəsb edir. İxrac edən firmalar, reklam, sərgi, təslim
sonrası xidmətlər və s. bu xidmətə aiddir.
Marketinq fəaliyyətlərini sıx olaraq istifadə edənlər rəqiblərlə rəqabət etməkdədirlər. Xarici
bazarlarda rəqabət gücünün artırılmasında daha səmərəli marketinq strategiyalarının hazırlanması
vacibdir, əks halda məhsullar keyfiyyətli olsa da onu tanıtma fürsəti olmayacaq.
Toxuculuq sənayesi məhsulları dünya bazarında ciddi rəqabətlə üzləşən və iqtisadi inkişafda
özünəməxsus yeri olan ən mühüm sahələrdən biridir.Bu sahə məhsulları müxtəlif lif növlərinin əvvəl
iplik halına gətirilməsi, ardından da müəyyən naxışlarda və rənglərdə birləşdirilməsi sayəsində parça
və son məhsul əldə edilməsi mərhələlərindən ibarət olan dünyadakı ən köhnə istehsal fəaliyyət-
lərindəndir. Toxuculuğun yüngül sənayenin bir qolu olaraq ortaya çıxması sənaye inqilabı ilə
İngiltərədə başlamışdır. Toxuculuq hazır geyim, dəri və dəri məhsullarının istehlakçıya çatdırılma-
sında bir-birilə yaxın olan proseslərlə əlaqəlidir. Toxuculuq xüsusilə hazır geyim sektorunun tədarük
zəncirində iştirak edərək onun mühüm bir hissəsi olmuşdur. Hər iki sfera çox zaman toxuculuq sektoru
olaraq tək bir ad altında qiymətləndirilməkdədir.
Toxuculuq və geyim ticarətində gedərək artan beynəlxalq rəqabət səbəbiylə, sahib olduqları bazar
paylarını qorumaq istəyən inkişaf etmiş ölkələr, yeni tutum artımı yaratmadan istehsal proseslərinin
modernləşdirilməsinə istiqamətlənən investisiya qoyuluşu həyata keçirməkdədirlər. İnkişaf etmiş
ölkələr reallaşdırdıqları sərmayələrlə bir tərəfdə istehsalın məhsuldarlığının artımını təmin edir, digər
tərəfdən isə Ar-Ge fəaliyyətləri nəticəsində toxuculuq məhsullarının elastiklik, yanmazlık, asan
ütülənəbilən kimi xüsusiyyətlərini inkişaf etdirərək əlavə dəyəri yüksək olan məhsulların istehsalına
nail olurlar.
Qeyd edilənlər baxımından rəqabət gücü anlayışı bütün sektorlarda olduğu kimi toxuculuq və
hazır geyim sənayesində də son dərəcədə əhəmiyyətlidir. Toxuculuq və hazır geyim sektorunda
rəqabət gücünü bol xammal və sıx, ucuz əmək müəyyən edir. Xüsusilə də hazır geyim sektorunun sıx
iş gücünə ehtiyac duyması və ölkədən ölkəyə dəyişən işçi ödənişlərinin səviyyəsi bu sahədəki rəqa-
bətin istiqamətini müəyyən edir. Bu amillərin yanında istehsal xərclərinə təsir edən digər təməl
göstəricilərdən biri də enerji istehlakı xərcidir. Toxuculuq məhsulları istehsalında bol miqdarda su
istehlakı, ölkədən ölkəyə dəyişən su istehlakı qiyməti də istehsal xərclərinə ciddi təsir etməkdədir.
Toxuculuq istehsalında göstərilən təməl xərclər xaricində ölkədən ölkəyə dəyişən torpaq qiymətləri və
tikinti xərcləri dolayı da olsa rəqabət gücünə təsir edir .Toxuculuq və hazır geyim sektorunda rəqabət
gücünü birbaşa ya da dolayısı ilə təsir edən əsas maya dəyəri ilə birlikdə çıxarılan məhsulun key-
fiyyəti, texnoloji səviyyəsi, moda və markaların yaradılması, fabrik təşkilatı, ixtisaslı işçi saxlama,
iplik hamarlıq və keyfiyyət, bazar şərtlərinin yaxşı tanınması, marketinq və bazara yaxınlıq sektordakı
rəqabət güclərinə təsir edən digər əhəmiyyətli amillər təşkil edir. Odur ki, beynəlxalq rəqabət
mühitində hər bir amilin nəzərə alınması şərtilə toxuculuq sferasında müsbət və səmərəli nəticələr əldə
etmək mümkündür.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
573
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
ŞƏKİ-ZAQATALA REGİONUNUN EKOLOJİ-İQTİSADİ
PROBLEMLƏRİ
Nəsimi ƏHMƏDOV
AMEA İqtisadiyyat İnstitutu
nasimi_akhmedov@yahoo.com
AZƏRBAYCAN
Müasir dövrdə ölkədə ekoloji təhlükəsizlik təmin olunmaqla ətraf mühitin çirklənməsinin
minimuma endirilməsi və mühafizəsinin tənzimlənməsi məqsədilə davamlı inkişaf prinsipləri üzrə
mütərəqqi üsulların tətbiq edilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii
sərvətlərdən səmərəli istifadə etmək, alternativ, tükənməyən enerji mənbələrindən yararlanmaq və
enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiy-
mətləndirilməsi, həlli yollarının müyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndi-
rilməsi, eləcə də milli potensial imkanlardan istifadənin təmin edilməsi Azərbaycanda dövlətin ekoloji
siyasətinin əsas istiqamətlərini təşkil edir.
Ölkədə iqtisadiyyatın inkişafı və əhalinin sosial-mədəni səviyyəsinin yüksəldilməsi ilə yanaşı,
təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji tarazlığın qorunması məqsədilə Azərbaycan Respub-
likasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına
dair Milli Proqramlar, bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair milli strategiya və
fəaliyyət planı təsdiq edilmişdir. Bu proqramların və Azərbaycanda həyata keçirilən ekoloji siyasətin
əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistem-
lərin, iqtisadi potensialın qorunması və təbii sərvətlərdən səmərəli istifadə edilməsi ilə davamlı
inkişafın təmin edilməsindən ibarətdir.
Yeraltı və yerüstü sərvətlərdən istifadə etməklə özünün maddi tələbatını təmin edən cəmiyyətdə
ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə edilməsi mühüm vəzifələrdən biridir.
İnsanlar tərəfindən tam dəyişdirilmiş antropogen landşaftlarda təbiətin mühafizəsi daha vacibdir.
Əlverişli relyef və iqlim şəraiti ilə əlaqədar olaraq Şəki-Zaqatala iqtisadi rayonunda Qanıx-Əyriçay
vadisindəki təbii landşaftların xeyli hissəsi təsərrüfat fəaliyyəti nəticəsində antropogen landşaftlara
çevrilmişdir. Buna baxmayaraq, Böyük, Qafqazın cənub yamacındakı bu bölgə Azərbaycanda antro-
pogen təzyiqə qismən az məruz qalmışdır. Azərbaycanın Böyük Qafqaz rayonunun havanı oksi-
genləşdirmə imkanı ildə 30 mln tondur. Burada geniş sahəli meşələrin olması, atmosferi çirkləndirən,
təbiətə və insana ziyan yetirə bilən sənaye müəssisələrinin çox az fəaliyyət göstərməsi mühüm rol
oynayır.
Ötən əsrin ikinci yarısında Balakən və Zaqatala rayonlarının dağlıq hissələrində geniş geoloji-
kəşfiyyat işlərinin aparılması nəticəsində ətraf təbii mühitə xeyli ziyan vurulmuşdur. Filizçay, Kasdağ,
Katex, Saqator və Kasmalada bu işlər qısa müddət ərzində başa çatdırılmış olsaydı, bu yataq və
təzahürlərin sahəsində təbii landşaftların transformasiyası baş verməz, texnogen-sənaye landşaftların
belə mənzərəsi yaranmazdı. Burada təbii landşafta mənfi təsir edən əsas amillərdən biri dağ-mədən
qazmalarının ağız hissəsinin əsasən uçurulmuş olmasıdır. Bu şəraitin gərginləşməməsi və daha da
yaxşılaşması üçün kompleks tədbirlərin görülməsi vacibdir. Regionda nisbətən intensiv çirklənmələr
yataq sahələrində əmələ gəlmişdir. Böyük ehtiyata malik olan Filizçay kolçedan-polimetal yatağının
istismarının ətraf mühitə neqativ təsirlərinin qarşısının alınması, mümkün çirklənmələrin azaldılması
şərti ilə onun yaxın gələcəkdə işlədilməsi mümkün ola bilər.
Şəki-Zaqatala iqtisadi rayonunun ən mühüm tükənməyən sərvətlərindən biri olan meşələrin
mühafizəsi ən vacib məsələlərdəndir. Meşələr biosferin əsas komponenti kimi ətraf mühitin
sabitləşdirilməsi və yaxşılaşdırılmasında mühüm əhəmiyyətə malikdir.
Ekoloji mühitin sağlamlaşdırılmasını strateji məqsəd kimi qarşısına qoyan Azərbaycan
Respublikası Beynəlxalq Konvensiyalara qoşulmaqla bu sahədə əsas hədəfləri müəyyənləşdirmişdir.
Regionda torpaqqoruyucu, sutəmizləyici, iqlimsaflaşdırıcı əhəmiyyətə malik olan yaşıllıqların,
meşə zolaqlarının nəinki daha sərfəli olan geniş massivlərdə, həmçinin əhalinin sıx məskunlaşdığı
yaşayış məntəqələrində də salınması mühüm əhəmiyyət kəsb edir.
Tədqiqatlar göstərir ki, Şəki-Zaqatala rayonunda qədim dövrdə indiki düzənliklər, dərə-yarğanlar,
çay vadilərinin ərazisində geniş sahəli ağaclıq-kolluqlar və otlaqlar mövcud olmuşdur. Dağ yamacları
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
574
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
və dağətəyi düzənliklərdə rast gəlinən palıd, qovaq, qarağac, göyrüş, dağdağan və digər bitkilərin
itirlməsinin qarşısının alınması lazımdır.
Hələ yaxın keçmişə qədər Qanıx-Həftəran vadisində üstünlük təşkil etmiş meşələrdən hazırda
ayrı-ayrı kiçik sahələr qalmışdır. Burada nisbətən hündür yerlərdə uzunsaplaq palıd meşələri qruplar,
vadinin cənub hissəsində işə qızılağac və yalanqoz qrupları bitir. Bəzi yerlərdə təbii dəmirağacına da
rast gəlinir. Şəki-Zaqatala regionunda olan qiymətli ağac növlərindən palıd, qoz, şabalıd, fıstıq, və s.
maddi qazanc əldə etmək və istilik enerjisinin alınması məqsədilə müxtəlif dövrlərdə qırılmış və
sayları sürətlə azalmışdır.
Ərazinin yeraltı su mənbələrindən istifadənin onun torpaq sahəsinə, qrunt sularının səviyyəsinə,
yerüstü bitki örtüyünə, çaylara mənfi təsir göstərməsi mümkündür. Regionda olan çayların qidalandığı
yeraltı su ehtiyatları həm də Oğuz-Qəbələ su kəmərinə sərf olunur. Son illərdə bölgədəki Əlican çayı
qurumuşdur. Eyni zamanda, burada baş vermiş təbii dağıdıcı hadisələr, xüsusilə zəlzələlər də su
ehtiyatlarının azalmasına, kəhrizlərin qurumasına səbəb olmuşdur.
Regionda ekoloji tarazlığa və təbii landşaftlara antropogen təsirlərlə yanaşı, təbii proseslər də təsir
göstərir. Sellər və daşqınlar sürüşmələrə və uçqunlara, dərələrin dərinləşməsinə, yeni dərələrin və su
şırımlarının yaranmasına, torpaqların eroziyasının sürətlənməsinə səbəb olur. Balakən-Zaqatala filiz
rayonunda güclü dərə-yarğan və yamac müstəvisi boyu torpaqların eroziyası prosesləri baş verir.
Meşələrin kütləvi qırılması nəticəsində torpaq eroziyası prosesi inkişaf edir ki, bu da təsərrüfat
sahələrinə ciddi ziyan vurur. İqtisadi rayonda meşə zolağının yayıldığı sahələrdə eroziyaya uğramış
torpaqlar 45-50% təşkil edir. Şəki, Qax, Qəbələ, Oğuz rayonlarında meşələr intensiv qırılmağa məruz
qaldığına görə, bu rayonlarda torpaq eroziyası prosesi daha geniş yayılmışdır. Tədqiqatlar göstərir ki,
regiondan keçən Əyriçay hər il Mingəçevir gölünə 8 mln ton çöküntü gətirir.
Böyük Qafqazın cənub yamacında 140 hektar sahəyə malik olan dağ otlaqlarının, yaşıllıqların
istifadəsi zaman mal-qaranın otarılma normalarının pozulması nəticəsində ərazinin 100 min hektardan
çox hissəsi daşlı-çınqıllı, qayalı-çılpaq ərazilərə çevrilmişdir. Onlar yüksək ekoloji gərginliyə malik
olan sahələr kimi kənd təsərrüfatı dövriyyəsindən çıxarılmışdır.
Son illərdə meşələrin intensiv qırılması nəticəsində alçaq dağlıq ərazilərdə sel ocaqları
formalaşmışdır. Eroziya proseslərinin qarşısının alınması üçün torpaqlardan səmərəli istifadə edilməli,
qoruq rejimi tətbiq olunmalıdır. Regionda eroziya prosesi ən çox Qax rayonunda (117,5 min ha) və ən
az Zaqatala rayonunda (102,6 min ha) təşkil etmiş, şiddətli eroziyaya məruz qalmış torpaqlar ən çox
Şəki və Qəbələ rayonlarının (130,8 min ha) payına düşmüşdür. İqtisadi rayonda su eroziyası daha çox,
külək eroziyası isə ən az yayılmışdır.
Araşdırmalara görə, son illərdə regionun çay hövzələrində antropogen təsir nəticəsində eko-
hidroloji şərait dəyişmiş, sel axınlarına qarşı səmərəli mübarizə aparılmamışdır. Kəskin düşmə
əmsalına malik olan dağ çaylarının kinetik enerjisindən istifadə etməklə kaskad sel anbarları və Su
Elektrik Stansiyaları yaratmaqla regionda qiymətli meşələrin qırılmasının qarşısını almaqla yanaşı,
alternativ təbii sərvətlərdən enerji əldə etmək və sel təhlükələrinin vurduğu zərəri aradan qaldırmaq
olar.
Beləliklə, Şəki-Zaqatala regionunda təbii sərvətlərdən istifadənin səmərəliliyinin yüksəldilmə-
sində, davamlı inkişafın təmin edilməsində onun təbii sərvət və ekoloji potensialı mühüm əhəmiyyət
kəsb etdiyindən, gələcəkdə iqtisadi və ekoloji problemlərin həlli istiqamətində kompleks tədbirlərin
həyata keçirilməsi bölgənin inkişafına imkan yarada-caqdır.
Dostları ilə paylaş: |